Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏRAF SURƏSİ
Quran. ƏRAF SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iki yüz altı ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Əlif, Lam, Mim, Sad.
2. (Bu) sənə nazil olunmuş elə bir Kitabdır ki, sən onunla (insanları) xəbərdar edəsən və o, möminlər üçün bir öyüd-nəsihət olsun. Ondan ürəyin sıxılmasın.
3. Rəbbinizdən sizə nazil olanın ardınca gedin! Ondan başqalarını dost tutaraq ardınca getməyin. Nə qədər az öyüd-nəsihət eşidirsiniz.
4. Gör nə qədər məmləkət məhv etmişik! Qəzəbimiz onlara gecə ikən və ya günorta yuxusu vaxtı gəldi.
5. Qəzəbimiz onlara gələrkən onların çağırışı yalnız "Biz zalımlar olmuşuq" - deməkdən ibarət oldu.
6. Özlərinə peyğəmbər göndərilənlərdən mütləq sorğu-sual edəcəyik, peyğəmbərlərdən də mütləq sorğu-sual edəcəyik.
7. Biz bilgi ilə onları [hər şeyi] bir-bir nəql edəcəyik. Axı Biz qaib deyilik [hər zaman, hər yerdə varıq].
8. O günü çəki haqdır. Kimlərin mizan-tərəziləri [yaxşı əməllərinin çəkisi] ağır gələrsə, onlar qazanmış olacaqlar.
9. Kimlərin mizan-tərəziləri yüngül gələrsə, onlar ayələrimizə qarşı haqsızlıq etdikləri üçün özlərinə ziyan vuranlardır.
10. Həqiqətən, Biz yer üzərində sizi yerləşdirib möhkəmləndirdik və orada sizin üçün güzəran vasitələri düzəltdik, siz isə az şükr edirsiniz!
11. Biz sizi xəlq etdik, sonra sizi bir şəklə saldıq, sonra isə mələklərə dedik: "Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, İblisdən başqa. O, səcdə edənlərdən olmadı.
12. O, [Allah] dedi: "Mən sənə əmr etdiyim halda səcdə etməyinə nə mane oldu?" O dedi: "Mən ki ondan yaxşıyam; axı Sən məni oddan, onu isə palçıqdan yaratmısan".
13. O, [Allah] dedi: "Düş buradan get! Sənə burada təkəbbürlənmək yaramaz. Çıxsana, sən rəzillərdənsən!"
14. o, dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver".
15. O, [Allah] dedi: "Sən möhlət verilənlərdənsən".
16. o dedi: "Məni yerimdən etdiyinə görə mən də onlara [insanlara] (mane olmaq) üçün Sənin düz yolunun üstündə oturacağam.
17. Sonra mən qarşıdan, arxadan, sağdan və soldan onlara girişəcəyəm və Sən onların çoxunu Sənə şükr edən görməyəcəksən".
18. Allah dedi: "Rüsvay olmuş və qovulmuş halda çıx get buradan! And olsun, onlardan kim sənin ardınca getsə, Mən hamınızı cəhənnəmə dolduracağam!
19. Ey Adəm, sən isə zövcənlə cənnətdə sakin ol. Nə istəyirsiniz yeyin, bir bu ağaca yaxın durmayın, yoxsa zalımlardan olarsınız!"
20. Örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə şeytan onlara pıçıldayaraq dedi: "Rəbbiniz bu ağacı sizə qadağan etmişdir ki, mələk və ya əbədiyaşarlardan olmayasınız".
21. Şeytan onlara: "Həqiqətən, mən sizin nəsihətçinizəm." - deyə and içdi.
22. Beləcə o, onları şirnikləndirərək aldatdı. Onlar ağacdan dadan kimi ayıbları özlərinə göründü və onlar ayıb yerlərini cənnət ağaclarının yarpaqları ilə örtməyə çalışdılar. Rəbbi onlara üz tutub: “Mən o ağacı sizə qadağan etmədimmi və sizə demədimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?" - dedi.
23. Onlar dedilər: "Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən biz ziyana düşənlərdən olarıq".
24. O, [Allah] dedi: "Düşün! Siz bir-birinizə düşmənsiniz. Yer üzərində sizin bir müddət qalacağınız yer və faydalanacağınız şeylər vardır".
25. O, "Siz orada yaşayacaq, orada öləcək və oradan da çıxarılacaqsınız." - dedi.
26. Ey Adəm övladları, ayıb yerlərinizi örtmək üçün sizə geyim və bəzək-düzək endirdik. Təqva libasına gəlincə, bu, daha xeyirlidir. Bu, Allahın ayələrindədir ki, bəlkə onlar [insanlar] anıb öyüd alalar.
27. Ey Adəm övladları! Qoy şeytan sizin valideynlərinizi [Adəm və Həvvanı] ayıb yerlərini özlərinə göstərmək məqsədilə, paltarlarını soyundurub cənnətdən çıxardığı kimi sizi də aldadıb yoldan çıxarmasın. O və onun nəsli sizin onları görə bilmədiyiniz yerdən görürlər. Biz şeytanları iman gətirməyənlərə dost etdik.
28. Onlar bir pis iş tutanda deyirlər "Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub". De: "Allah əsla pis işlər buyurmaz. Doğrudanmı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz?"
29. De: "Rəbbim ədalətli olmağı buyurmuşdur. Hər məsciddə üzünüzü (Ona) tutun və Onun üçün dini saflaşdıraraq Ona dua edin. Sizi ilk dəfə necə yaradıbsa, eləcə də (Ona) qayıdacaqsınız.
30. O, bir dəstəni düz yola yönəltdi, digərinə isə yolunu azmaq nəsib etdi. (Çünki) bunlar Allahı qoyub şeytanları dost tutublar və belə hesab edirlər ki, düz yolla gedirlər.
31. Ey Adəm övladları! Hər məsciddə yaxşı libasla olun, yeyin-için, lakin israf etməyin! Həqiqətən, Allah israfçıları sevmir.
32. De: "Allahın Öz bəndələri üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar bu dünya həyatında qiyamət gününə sidqlə iman gətirənlər üçündür". Anlayan adamlara ayələri beləcə müfəssəl açıqlayırıq.
33. De: "Rəbbim açıq və gizli edilən pis əməlləri, haqsızcasına edilən günah və zülmü, barəsində Allahın heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmanızı və bilmədiklərinizi Allah barəsində söyləməyinizi qadağan etmişdir".
34. Hər bir ümmətin öz əcəl vaxtı vardır. Əcəl vaxtları gələndə onlar bir an belə nə yubanar, nə də qabağa çıxarlar.
35. Ey Adəm övladları! Əgər özünüzdən olan peyğəmbərlər yanınıza gələrək, ayələrimi danışarlarsa, kim (Allahdan) qorxub düzələrsə, onlara heç bir qorxu olmaz və onlar heç vaxt qəm-qüssə yeməzlər.
36. O kəslər ki, ayələrimizi yalan hesab edirlər və onlara təkəbbürlə yanaşırlar - onlar cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.
37. Allaha qarşı yalan uyduranlardan və ya Onun ayələrini yalan hesab edənlərdən daha zalımı kimdir? Kitabdan onlara öz payları nəsib olacaqdır. Bizim elçilərimiz [mələklərimiz] onların yanına gəlib canlarını alarkən soruşacaqlar: "Allahdan savayı çağırdıqlarınız haradadır?" Onlar: "Bizi qoyub gediblər." - deyərlər və öz-özlərinin əleyhinə şahidlik edərlər ki, həqiqətən, kafir olmuşlar.
38. O, deyəcək: "Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə girin cəhənnəm oduna!" Hər dəfə bir tayfa daxil olarkən digərini lənətləyəcəkdir. Hamısı orada toplaşandan sonra ən son gələnlər əvvəlkilər barəsində deyəcəklər: "Rəbbimiz, bunlar bizi yoldan çıxarıblar, cəhənnəm odundan onlara ikiqat əzab ver!" O, deyəcək: "Hər ikinizə ikiqat (əzab olacaq), ancaq siz bilmirsiniz".
39. Əvvəlkilər sonrakılara deyəcəklər: "Sizin bizdən heç bir üstünlüyünüz olmayıb. Ona görə də qazandığınız (günahların) əzabını dadın!"
40. Həqiqətən, Bizim ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar üçün səma qapıları açılmaz və dəvə iynə gözündən keçməyincə onlar cənnətə girə bilməzlər. Günahkarları Biz beləcə cəzalandırırıq.
41. Onların cəhənnəm odundan döşəkləri və yorğanları vardır. Zalımları Biz beləcə cəzalandırırıq.
42. İman gətirib xeyir işlər tutanlar isə, - Biz heç kəsə gücü çatandan artığını yükləmərik, - onlar cənnətlikdirlər və orada əbədi qalasıdırlar.
43. Biz onlann ürəklərindəki kin-küdurəti çıxaracağıq. Ayaqları altından çaylar axacaq, özləri isə deyəcəklər "Bizə buraya yol göstərmiş Allaha həmd olsun! Əgər Allah yol göstərməsəydi, biz düz yolla gedən deyildik. Rəbbimizin peyğəmbərləri haqq ilə gəlmişdilər". Onlar "Budur sizin üçün cənnət! Tutduğunuz (xeyir) işlərə görə ona varis oldunuz." - deyə çağırılacaqlar.
44. Cənnət əhli cəhənnəm əhlini səsləyərək: "Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini haqq olaraq gördünüzmü?" - deyərlər. Onlar deyərlər: "Bəli!" Onların içərisindən bir haray qopar: "Allahın lənəti olsun o zalımlara ki,
45. onlar (insanları) Allahın yolundan çıxarar, onu əyri etmək istər və axirət gününə inanmazlar!"
46. Onların [cənnətdəkilər və cəhənnəmdəkilər] arasında bir pərdə vardır. Ə'rafın [təpələrin] üzərində isə onların hər birini simasından tanıyan adamlar vardır. Onlar cənnət sakinlərini: "Salam olsun sizə!" - deyə səslərlər. Onlar hələ oraya [cənnətə] daxil olmamışlar, lakin bunun ümidindədirlər.
47. Onların nəzərləri cəhənnəm əhlinə sataşanda isə: "Rəbbimiz, bizi zalımlarla bir yerə salma!” - söylərlər.
48. Ə'raf əhli simalarından tanıdıqları adamları səsləyərək deyərlər: “Nə topladıqlarınız, nə də təkəbbürünüz sizi xilas etdi!
49. "Allahdan mərhəmət görməyəcəklər deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?" (Onlara isə deyiləcək): “Siz cənnətə girin, sizin üçün nə qorxu vardır, nə də siz qəm-qüssə yeyəcəksiniz!"
50. Cəhənnəm əhli cənnət əhlini səsləyərək: "Bizə bir az su və ya Allahın sizə verdiyi ruzidən endirin." - deyər. Onlar deyəcəklər: "Allah ikisini də kafirlərə qadağan etmişdir".
51. O kəslərə ki, onlar öz dinlərini əyləncə və oyun etmiş, bu dünya həyatı isə onları şirnikləndirmişdi. Bu günləri ilə görüşü unutduqları və ayələrimizi inkar etdikləri kimi Biz də bu gün onları unudarıq.
52. Biz onlara bir Kitab gətirdik və onu iman gətirənlərə düz yol və mərhəmət kimi elmlə müfəssəl izah etdik.
53. Onlar məgər onun gerçəklənməsinimi gözləyirlər?! Onun gerçəklənəcəyi gün isə onu əvvəlcədən unudanlar deyəcəklər "Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirdilər. Bizə həyan duran havadarlar varmı? Yaxud geri qaytarılacağıqmı ki, əvvəllər etdiyimiz əməllərdən başqasını edək?“ Onlar özlərinə ziyan vurmuşlar, uydurduqları bütlər isə onları qoyub yox olmuşlar.
54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı günə yaradan, sonra isə ərşdə bərqərar olan Allahdır. O, gündüzü durmadan onu axtaran gecə ilə örtüb bürüyür. Əmrinə tabe olan günəşi, ayı, ulduzları da (O yaratmışdır). Bəli, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah necə də böyükdür!
55. Rəbbinizə yalvarışla, həm də gizlicə dua edin! Həqiqətən, O, hədd aşanları sevmir!
56. Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin! Ona [Аllаһа] qorxu ilə, ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti xeyir əməl sahiblərinə yaxındır!
57. Küləkləri Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən Odur. (Küləklər) dolu buludlar gətirərkən Biz onları ölü [bitkisiz] bir diyara tərəf qovur, ondan su endirir, bununla da hər cür meyvə bitiririk. Ölüləri də beləcə dirildəcəyik ki, bəlkə siz düşünüb ibrət alasınız.
58. Yaxşı ölkənin əkini Rəbbinin izni ilə çıxar, pis (ölkə) üçün isə azacıq bitər. Şükr edən adamlara ayələri beləcə müfəssəl aydınlaşdırırıq.
59. Biz Nuhu öz tayfasının yanına göndərdik. O dedi: "Ey camaatım, Allaha ibadət edin! Ondan başqa sizin bir tanrınız yoxdur. Mən sizin üçün o böyük günün [qiyamətin] əzabından qorxuram".
60. Tayfasının başçıları dedilər: “Biz doğrudan da səni açıq-aşkar yolunu azmış görürük".
61. O dedi: "Ey camaatım! Mən heç də azmamışam. Mən aləmlərin Rəbbindən gələn bir elçiyəm ki,
62. Rəbbimin risalələrini [göndərişlərini] sizə yetirir və sizə nəsihət verirəm. Axı mən sizin bilmədiklərinizi Allahdan öyrənib bilirəm.
63. Sizə xəbərdarlıq etmək üçün, Allahdan qorxmanız üçün və bəlkə mərhəmətə nail olasınız deyə öz içərinizdən olan bir adama Rəbbinizdən bir tövsiyə gəlməsinə məgər təəccüb edirsiniz?!”
64. Onlar isə onu yalançı hesab etdilər. Biz onu və onunla gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən, onlar kor camaat idilər.
65. Ad tayfasına isə qardaşı Hudu (göndərdik). O dedi: “Ey camaatım, Allaha ibadət edin! Sizin Ondan başqa bir tanrınız yoxdur. Allahdan qorxmursunuzmu?"
66. Onun camaatından küfr edənlərin başçıları dedilər: “Biz səni səfehlik içərisində görürük, biz səni yalançılardan hesab edirik!"
67. Hud dedi: “Ey camaatım, mənə səfehlik üz verməyib. Mən aləmlərin Rəbbindən gələn bir elçiyəm ki,
68. Rəbbimin risalələrini sizə yetirirəm. Mən sizin etibarlı nəsihətçinizəm.
69. Sizə xəbərdarlıq etmək üçün öz içərinizdən olan bir adama Rəbbinizdən bir tövsiyə gəlməsinə məgər təəccüb edirsiniz? Xatırlayın ki, O, sizi Nuh camaatından sonra onlara necə xələflər etdi və sizi xilqətcə daha güclü etdi. Allahın yaxşılıqlarını yada salın ki, bəlkə nicat tapasınız!"
70. Onlar dedilər: "Yanımıza gəlmisən ki, ata-babalarımızın ibadət etdiklərindən əl çəkib ancaq Allaha ibadət edək? Əgər düz danışansansa, onda bizi qorxutduğun şeyi gətir görək!"
71. Hud dedi: "Rəbbiniz tərəfindən üzərinizə bir əzab və qəzəb düşmüşdür. Doğrudanmı haqqında Allahın heç bir dəlil nazil etmədiyi, özünüzün və babalarınızın çəkdiyi adlar [bütlər] barəsində mənimlə mübahisəyə girəcəksiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm.”
72. Biz onu [Hudu] və onunla olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
73. Səmud camaatına isə qardaşları Salehi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin? Sizin Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən sizə aşkar bir dəli gəlmişdir; bu, Allahın sizin üçün bir möcüzə olan dişi dəvəsidir. Qoyun o, Allahın yeri üzərində otlasın. Ona pislik etməyin, yoxsa sizi də üzücü bir əzab tutar.
74. Yada salın ki, O, Ad tayfasından sonra sizi onların xələfləri etdi və yer üzərində yerləşdirdi. Siz də onun [yerin] düzənliklərində qəsrlər qurur, evlər üçün dağ-qayanı oyursunuz. Allahın yaxşılıqlarını yada salın, yer üzərində dolaşıb fitnə-fəsad yaymayın!”
75. Onun tayfasından təkəbbür göstərən başçılar tayfanın iman gətirən zəif, əlsiz-ayaqsızlarına dedilər “Bilirsinizmi ki, Saleh öz Rəbbi tərəfindən göndərilmişdir?” Onlar dedilər "Həqiqətən, biz onunla göndərilənə inanırıq“.
76. Təkəbbür göstərənlər dedilər “Həqiqətən, biz sizin inandığınıza inanmırıq!'
77. Onlar həmin dişi dəvəni kəsərək, özlərinin Rəbbinin əmrindən çıxdılar və dedilər “Ey Saleh, əgər sən göndərilən peyğəmbərlərdənsənsə, onda bizə vəd etdiyini [əzabı] gətir görək!"
78. Onlara elə bir zəlzələ üz verdi ki, onlar öz evlərindəcə üzüqoylu düşüb qaldılar.
79. (Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim camaatım, artıq mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət etdim. Lakin siz nəsihət verənləri sevmirsiniz".
80. Lutu da (göndərdik). O, öz camaatına dedi: “Sizdən əvvəl aləmlərdən [məxluqatdan] heç kimin etmədiyi pozğunluğu siz edəcəksiniz?
81. Siz şəhvət düşkünlüyündən qadınların deyil, kişilərin üstünə gəlirsiniz. Bəli, həddini aşmış adamlarsınız!"
82. Onun camaatının cavabı yalnız "Onları yurdunuzdan qovub çıxarın. Axı onlar paklığa can atan adamlardır!" - demələri oldu.
83. Biz onu və arvadından başqa bütün ailəsini xilas etdik. (Arvadı) orada qalanlardan idi.
84. Biz Onların üzərinə güclü bir yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu!
85. Mədyən camaatına onların qardaşı Şüeybi (göndərdik). O dedi: “Ey mənim camaatım! Allaha ibadət edin! Sizin Ondan başqa bir tanrınız yoxdur. Artıq Rəbbinizdən sizə aşkar bır dəlil gəldi. Ölçüyə və çəkiyə tam riayət edin! İnsanlar üçün bir şey çəkib-ölçəndə onu əksik etməyin, yer islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin! Əgər iman gətirmişsinizsə, bu sizin üçün daha yaxşıdır!”
86. Hər yol başında oturub iman gətirənləri qorxudaraq Allan yolundan çıxarmayın və onu [yolu] əyri göstərmək niyyətində olmayın. Yada salın ki, siz az olanda O sizi çoxaltdı. Görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
87. Əgər sizdən bir dəstə mənimlə göndərilənə inanarsa, bir dəstə isə inanmazsa, onda, Allah aramızda hökm verənə qədər səbr edin Axı O, hökm verənlərin ən yaxşısıdır!”
88. Onun tayfasının təkəbbürlü başçıları dedilər "And olsun, ey Şüeyb, səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan qovacağıq, ya da sən mütləq bizim etiqada dönməlisən". O dedi: "Hətta biz (etiqadınıza) nifrət etsək belə?
89. Allah bizi sizin etiqaddan xilas etdikdən sonra biz yenidən ona qayıtmış olsaq Allaha qarşı yalan uydurmuş olarıq. Əgər Rəbbimiz olan Allah istəmədikçə ona qayıtmamız bizim üçün olacaq şey deyildir. Rəbbimiz Öz biliyi ilə hər şeyi əhatə edir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə camaatımız arasında haqq ilə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan!"
90. Onun tayfasının küfr edən başçıları dedilər. "Əgər siz Şüeybin ardınca getsəniz, onda ziyana uğrayarsınız".
91. Onlara elə bir zəlzələ üz verdi ki, onlar öz evlərindəcə üzüquylu düşüb qaldılar.
92. Şüeybi yalançı hesab edənlər sanki orada heç yaşamamışdılar. Şüeybi yalançı hesab edənlər ziyana uğradılar.
93. O, onlardan üz döndərdi və dedi: "Ey mənim camaatım! Artıq mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir adamlara mən necə acıya bilərəm?"
94. Biz bir məmləkətə peyğəmbər göndərmişiksə, onun əhalisini bir müsibətə, bir bəlaya düçar etmişik ki, bəlkə Allaha yalvara.
95. Sonra isə Biz pisliyi yaxşılıqla əvəz etdik ki, onlar çoxalıb desinlər: “Ata-babalarımıza da yaxşı-yaman günlər üz verib". Biz isə, qəflətən onları elə yaxaladıq ki, heç özləri də hiss etmədilər.
96. Əgər həmin məmləkətlərin əhalisi inanıb Allahdan qorxsaydı, Biz onların üzünə öyün və yerin xeyir-bərəkət (qapılarını) açardıq. Lakin onlar yalan hesab etdilər. Biz də onları qazandıqları (günahlara) görə yaraladıq.
97. Həmin məmləkətlərin sakinləri əmin idilərmi ki, Bizim qəzəbimiz onlara gecə vaxtı, onlar yatmış ikən gəlməyəcək?
98. Yaxud həmin məmləkətlərin sakinləri əmin idilərmi ki, səhər çağı onlar əylənərkən qəzəbimiz onları tutmayacaq?
99. Məgər onlar Allahın tələsindən yaxa qurtara bilərdilər? Allahın tələsindən yalnız ziyana düşənlər qurtara bilməzlər.
100. Məgər O, (keçmiş) sakinlərindən sonra onların yerinə varis olanlara göstərmədi ki, əgər Biz istəsəydik günahlarına görə onların da başına müsibət gətirər, ürəklərini möhürlərdik və onlar heç nə eşitməzdilər?
101. Bu məmləkətlərin bəzi əhvalatlarını Biz sənə danışırıq. Peyğəmbərləri onlara aydın dəlillərlə gəldilər, onlar isə əvvəllər yalan hesab etdiklərinə yenə iman gətirən olmadılar. Allah kafirlərin ürəklərini beləcə möhürləyir.
102. Onlann çoxunda əhdə vəfa görmədik. Əksəriyyətini yolundan çıxmış gördük.
103. Onlardan sonra isə Musanı dəlillərimizlə birlikdə Firona və onun əyanlarına göndərdik. Lakin onlar bunları [dəlilləri] inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
104. Musa dedi: “Ey Firon, mən aləmlərin Rəbbi tərəfindən bir elçiyəm.
105. Mən Allah barəsində yalnız haqqı deməliyəm. Həqiqətən, mən sizə Rəbbinizdən aydın dəlillə gəlmişəm. İsrail övladlarını (köləlikdən azad edib) mənimlə göndər".
106. (Firon) dedi: "Əgər sən bir dəlillə gəlmisənsə, düz deyirsənsə onu göstər!"
107. O, əsasını yerə atdı və əsa dərhal aşkar bir ilan oldu.
108. Əlini çıxartdı, dərhal o, baxanlara ağappaq göründü.
109. Firon tayfasından olan əyanlar dedilər “Doğrudan da bu, bir bilikli sehrbazdır,
110. sizi öz torpağınızdan çıxartmaq istəyir. Siz nə məsləhət görürsünüz?"
111. Onlar dedilər: “Ona və qardaşına möhlət ver və şəhərlərə (sehrbazları) yığan adam göndər ki,
112. hər bir bilikli sehrbazı yanına gətirsinlər".
113. Sehrbazlar Fironun yanına gəlib dedilər "Əgər qələbə çalsaq, doğrudan da mükafat bizim olacaq?"
114. (Firon) dedi: "Bəli, onda siz yaxın adamlardan olacaqsınız".
115. Onlar dedilər "Ey Musa, ya sən (əsanı) at, ya da biz ataq".
116. O isə: ”Atın!" - dedi. Onlar atdıqda adamların gözlərini sehrlədilər və onları qorxudaraq böyük sehrbazlıq etdilər.
117. Biz Musaya: "Öz əsanı yerə at!" - deyə vəhy etdik. Birdən o [əsa] onların uydurduqları (caduları) udmağa başladı.
118. Beləliklə də haqq üzə çıxdı və onların etdikləri puç oldu.
119. Onlar orda məğlub olub kor-peşiman qayıtdılar.
120. Sehrbazlar isə diz çöküb səcdə etdilər.
121. Onlar dedilər: "İman gətirdik aləmlərin Rəbbinə,
122. Musanın və Harunun Rəbbinə!"
123. Firon dedi: "Mən sizə izn verməzdən qabaq ona iman gətirdiniz? Həqiqətən, bu bir hiylədir ki, əhalisini çıxartmaq üçün onu bu şəhərdə qurdunuz. Siz biləcəksiniz!
124. Mən sizin əl-ayaqlarınızı çarpaz şəkildə kəsdirəcəyəm, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!"
125. Onlar dedilər: "Həqiqətən, biz öz Rəbbimizə tərəf dönürük.
126. Sən yalnız Rəbbimizin ayələri bizə gələrkən onlara iman gətirdiyimizə görə bizdən intiqam alırsan. Rəbbimiz, üstümüzə səbr yağdır və bizi müsəlman [Allaha təslim] olaraq öldür!"
127. Firon tayfasının başçıları dedilər: "Doğrudanmı sən Musanı və tayfasını buraxacaqsan ki, yer üzündə fitnə-fəsad törətsinlər və o, səni və tanrılarını bir yana atsın?" O [Firon] dedi: "Biz onların oğullarını qırıb, qadınlarını isə diri saxlayacağıq. Biz onlara qələbə çalacağıq!"
128. Musa öz tayfasına dedi: "Allahdan kömək diləyin və səbr edin! Həqiqətən, yer Allahındır, onu Öz bəndələrindən istədiklərinə miras verir. Son nəticə isə müttəqilərin xeyrinədir!“
129. Onlar dedilər “Biz, axı sən bizə gəlməzdən əvvəl də incidilmişik, sən bizə gələndən sonra da". O dedi: "Ola bilsin ki, Rəbbiniz sizin düşmənlərinizi məhv etsin və görsün ki, siz nə edəcəksiniz!"
130. Biz Firon tayfasını ağır illərə və məhsul qıtlığına düçar etdik ki, bəlkə onlar yadda saxlayıb ibrət götürələr.
131. Əgər onlara bir yaxşılıq gələrsə onlar deyərlər: "Bu, bizim üçündür". Onlara pis işlər üz verdikdə isə, Musanı və onunla olanları bədxahlıq quşu [əlaməti] hesab edərlər. Əslində isə onların (uğursuzluq əlaməti olan) bu quşu Allahdandır, lakin onların çoxu bunu bilmir.
132. Onlar dedilər: "Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, biz sənə inanan deyilik!"
133. Biz müfəssəl dəlillər olaraq onlara tufan, (əkinlərinə) çəyirtkələr, (bitki və heyvanlarına) həşəratlar, (həyatlarını dözülməz edən) qurbağalar və qan [xəstəliklər] göndərdik. Lakin onlar təkəbbür göstərdilər və günahkar adamlardan oldular.
134. Onlar əzaba məruz qaldıqda isə dedilər: "Ey Musa, Rəbbini sənə vardiyi (peyğəmbərlik) naminə bizim üçün çağır. Əgər sən bu əzabı üzərimizdən götürsən, and içirik ki, biz sənə hökmən inanacaq və İsrail övladlarını səninlə göndərəcəyik".
135. Biz, çatacaqları müəyyən (yaş) dövrünə qədər onların üzərindən əzabı götürdükdə onlar dərhal əhdi pozdular.
136. Biz də intiqam alaraq onları dənizdə qərq etdik, ona görə ki, onlar Bizim ayələrimizi yalan hesab edir və onlara etinasız yanaşırdılar.
137. Biz xeyir-bərəkət verdiyimiz yerin şərq və qərb tərəflərini zəif, əlsiz-ayaqsız adamlara miras etdik. Səbr etdiklərinə görə İsrail övladları barəsində sənin Rəbbinin xoşniyyət sözü həyata keçdi. Biz Fironun və onun tayfasının qurduqlarını və tikib ucaltdıqlarını yerlə yeksan etdik!
138. Biz İsrail övladlarını dənizdən keçirtdik və onlar öz bütlərinə ibadət edən bir tayfaya rast gəldilər. Onlar dedilər: "Ey Musa, onların tanrıları kimi bizə də bir tanrı düzəlt!" O dedi: "Doğrudan da siz cahil adamlarsınız!
139. Bunların (ibadət etdikləri bütlər) məhv ediləcəkdir və gördükləri işlər boşa çıxacaqdır".
140. O dedi: "Sizin üçün Allahdan başqa bir tanrımı axtarım, bir halda ki, O, sizə aləmlər üzərində üstünlük vermişdir?"
141. Biz ki, sizi Firon tayfasından xilas etdik. Onlar sizə ağır əzab verir, oğullarınızı qıraraq qadınlannızı diri saxlayırdılar. Sizin üçün bu, Rəbbinizdən böyük bir sınaqdır!
142. Biz Musa ilə otuz gecəliyə vədələşdik, sonra isə buna on (gecə) də əlavə etdik, beləliklə də onun Rəbbinin təyin etdiyi vaxt qırx gecədə tamam oldu. Musa öz qardaşı Haruna dedi: "Camaatımın içərisində məni əvəz et. Onları islah et və fitnə-fəsad törədənlərin yolu ilə getmə!"
143. Musa təyin etdiyimiz vaxtda gəldi və Rəbbi onunla danışdı. O dedi: “Rəbbim, Özünü mənə göstər ki. Sənə baxım!" O dedi: "Məni görməzsən, lakin bu dağa bax; əgər o, öz yerində qala bilərsə, onda sən Məni görərsən". Rəbbi dağa görünən kimi, onu parça-parça etdi. Musa özündən gedərək yerə sərildi. O, özünə gəldikdə dedi: "Sənə təriflər olsun! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!"
144. (Allah) dedi: "Ey Musa! Mən Öz risalələrim və kəlamım üçün insanlar arasından səni seçdim! Sənə bəxş etdiklərimi götür və şükr edənlərdən ol!"
145. Lövhələrdə [Tövratda] Biz onun üçün hər şeydən bir öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və (dedik): "Bunlardan möhkəm yapış və öz camaatına da əmr et ki, bunların ən yaxşısından yapışsınlar". Mən sizə azğınların məskənini [cəhənnəmi] göstərəcəyəm!
146. Haqsız olaraq yer üzündə təkəbbürlü olanları Mən Öz ayələrimdən yayındıracağam. Onlar hər hansı bir möcüzəni görsələr də ona inanmazlar, doğru yol gördükdə onu tutmazlar, azğınlıq yolu gördükdə isə ondan yapışarlar. Bu, ona görədir ki, onlar ayələrimizi yalan hesab edir və onlara etinasızlıq göstərirdilər.
147. Bizim ayələrimizi və axirətə qovuşacaqlarını yalan hesab edənlərin əməlləri boşa çıxdı. Məgər onlar tutduqları əməllərdən başqa bir şeyə görəmi haqq alacaqlar?
148. Musanın tayfası, ondan [o gedəndən] sonra, öz bəzək şeylərindən böyürtüsü olan bir buzov heykəlini düzəldib özlərinə tanrı götürdü. Bəs onlar görmürdülər ki, o, nə onlarla danışır, nə də onlara düz yol göstərir? Onu özlərinə tanrı götürdülər və zalım oldular.
149. Peşman olub əlləri yanlarına düşəndə və artıq yoldan çıxdıqlarını görəndə dedilər: "Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, hökmən ziyana düşənlərdən olacağıq!"
150. Musa qəzəbli və təəssüflü halda öz camaatının yanına qayıtdıqda dedi: "Məndən sonra necə də pis iş tutmusunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?" O, lövhələri yerə atdı və qardaşının saçından yapışıb onu özünə tərəf dartdı. O isə dedi: "Anam oğlu! Bu camaat məni əldən saldı, az qala məni öldürəcəkdilər. Məni bədnam edib düşmənləri sevindirmə, məni bu zalım adamlarla bir tutma!"
151. (Musa) dedi: "Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətin içərisinə sal. Axı Sən rəhm edənlərin ən rəhmlisisən!"
152. Buzovu tanrı edənlərə onların Rəbbindən bir qəzəb və bu dünya həyatında zillət üz verəcəkdir. İftira deyənləri Biz belə cəzalandırırıq!
153. Pis əməllər tutub, sonra tövbə edərək iman gətirənlər həqiqətən, sənin Rəbbin bundan sonra bağışlayandır, rəhmlidir!
154. Musanın qəzəbi sakitləşəndə lövhələri götürdü. Onlardakı yazıda öz Rəbbindən qorxanlar üçün düz yol və mərhəmət var idi.
155. Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçdi. Onlara sarsıntı üz verdikdə o dedi: "Rəbbim, əgər Sən istəsəydin, onları mənimlə birlikdə əvvəlcədən məhv edərdin. Məgər içərimizdən olan səfehlərin ucbatından bizi də məhv edəcəksən? Bu, yalnız Sənin sınağındır. İstədiyin kəsi bununla yoldan çıxarar, istədiyin kəsə düz yol göstərərsən. Sən bizim himayəçimizsən. Bizi bağışla və bizə rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!
156. Bizim üçün bu dünyada da, axirətdə də yaxşı əməllər yaz! Biz Sənə üz tutduq!" (Allah) dedi: "Mən istədiyim kəsi Öz cəzama məruz qoyuram, mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxanlar, zəkat verənlər və Bizim ayələrimizə inananlar üçün yazacağam.
157. O kəslər üçün ki, onlar, haqqında özlərindəki Tövrat və İncildə yazılmış olduğunu gördükləri elçinin - ümmi [yazıb oxumağı bilməyən] peyğəmbərin ardınca gedirlər; o, onlara yaxşı işlər buyurar və xoşagəlməz əməlləri qadağan edər, təmiz şeyləri onlara halal, murdar şeyləri isə haram edər, üzərlərindəki yükü və qandalları onlardan götürər. Ona inanan, kömək göstərən, tərəfdar olanlar və onunla nazil edilmiş Nurun [Quranın] ardınca gedənlər məhz bunlar qazananlardır!"
158. De: "Ey insanlar! Mən sizin hamınıza göylərin və yerin hökmünə sahib olan Allahın elçisiyəm. Ondan başqa bir tanrı yoxdur. O, dirildir də, öldürür də. İman gətirin Allaha və Onun elçisinə - o ümmi [yazıb oxuya bilməyən və ya məkkəli] peyğəmbərə ki, Allaha və Onun kəlamlarına inanır. Onun ardınca gedin ki, bəlkə düz yol tapasınız!"
159. Musanın tayfasından elə bir dəstə var idi ki, haqq yolunu tutmuş və bunda ədalətli olmuşlar.
160. Biz onları on iki nəslə - millətə böldük. Biz Musaya onun camaatı ondan içməyə su istədikdə Biz ona vəhy etdik: "Əsanla daşa vur!" Oradan on iki çeşmə qaynayıb çıxdı. Hər dəstə ondan öz su götürəcəyi yeri tanıdı. Buludlarla onların üzərinə kölgə saldıq, onlara qüdrət halvası və bildirçin endirdik. "Sizə verdiyimiz gözəl ruzilərdən yeyin." -dedik. Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm etdilər!
161. O zaman onlara deyildi: "Bu şəhərdə [Qüdsdə] yaşayın və orada istədiyinizdən yeyin! "Hittə" ["Günahları bağışla"] - deyin və səcdə edərək qapıdan girin ki, Biz də günahlarınızı bağışlayaq. Biz xeyir əməl tutanların (mükafatını) artıracağıq.”
162. Onlardan haqsızlıq edənlər özlərinə deyilmiş sözü başqası ilə əvəz etdilər. Biz də o zalımlara etdikləri zülmə görə göydən bir cəza göndərdik.
163. Sən onlardan dəniz sahilindəki kənd barəsində soruş. O zaman şənbə günü onlar həddi aşmışdılar. Şənbə günləri balıqları suyun üzərində dəstələrlə gəlirdilər, şənbədən başqa günlərdə isə onların yanına gəlmirdilər. Biz onları etdikləri azğınlığa görə beləcə sınayırdıq!
164. O zaman onlardan bir dəstə dedi: "Allahın məhv edəcəyi və şiddətli əzaba düçar edəcəyi adamlara nə üçün nəsihət edirsiniz?" Onlar [nəsihət verənlər] dedilər: "Bu, sizin Rəbbiniz yanında üzrxahlıq etmək üçündür ki, bəlkə onlar Allahdan qorxalar".
165. Onlar yadlarına salınmışı [nəsihəti] unutduqda Biz pis əməllərdən çəkindirənləri xilas etdik, zalımlan isə etdikləri azğınlığa görə pis bir əzabla yaxaladıq.
166. Elə ki onlar qadağan barəsindəki (nəsihəti) qulaq ardına vurdular, Biz onlara: “Həqir meymunlar olun!” - dedik.
167. O zaman sənin Rəbbin qiyamət gününə qədər ən pis əzab verəcək kəsləri onların üzərinə göndərəcəyini bildirdi. Həqiqətən sənin Rəbbin tez cəza verəndir və həqiqətən O, bağışlayandır, rəhmlidir!
168. Biz yer üzərində onları dəstələrə böldük; aralarında əməlisalehlər də, başqaları da var idi. Biz onları yaxşı-yamanla sınadıq ki, bəlkə onlar (haqqa) dönələr.
169. Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu dünya həyatının ötəri şeylərini anaraq deyirdilər: "Bizim üçün bağışlanar!" Buna bənzər başqa şeylər də onlara gələrdisə onlar onu da götürərdilər. Kitabda onlardan məgər əhd alınmamışdı ki, Allah barəsində yalnız haqqı deyələr? Halbuki onlar özləri də orada onları öyrənmişdilər. Axirət evi müttəqilər üçün daha xeyirlidir. Məgər siz bunu anlamırsınız?
170. Kitabdan yapışanlar və namaz qılanlar isə, axı Biz xeyir iş görənlərin haqqını itirmərik!
171. O zaman Biz dağı [Turu] bir kölgə kimi onların üzərinə qaldırdıqda onlar elə zənn etdilər ki, o, onların üstünə düşür. Sizə bəxş etdiyimizdən [Tövratdan] möhkəm tutun və onda olanları yada salın ki, bəlkə Allahdan qorxasınız!
172. O zaman sənin Rəbbin Adəm oğullarının belindən gələnlərin törəmələrini əmələ gətirdi və onların özlərini özlərinə şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - demişdi. Onlar: "Bəli, biz şəhadət veririk." - demişdilər. (Bu ona görə idi ki,) siz qiyamət günü: "Bizim bundan xəbərimiz yox idi. " - deməyəsiniz.
173. Yaxud deməyəsiniz ki: "Axı hələ ata-babalarımız keçmişlərdə (Allaha) şərik qoşublar. Biz də onlardan sonra gələn bir nəsilik. Doğrudanmı Sən bizi batil iş görənlərin əməllərinə görə məhv edəcəksən?"
174. Ayələri Biz belə müfəssəl izah edirik ki, bəlkə onlar (haqqa) dönələr.
175. Onlara o kəsin xəbərini çatdır ki, Biz ona ayələrimizi bəxş etmişdik, o isə onlara inanmayıb bir kənara atmışdı. Şeytan onu özünə tabe etmiş və o, yolunu azanlardan olmuşdu.
176. Əgər istəsəydik Biz onu ayələrimizlə yüksəldərdik. Lakin o, yerə [dünya nemətlərinə] meyl saldı və öz həva-həvəsinə uydu. Onun məsəli itin məsəlinə bənzər; onun üstünə getsən də ləhləyir, onu tərk etsən də ləhləyir. Bizim ayələrimizi yalan hesab edənlərin məsəli bax belədir. Belə əhvalatlar danış ki, bəlkə onlar bir fikirləşələr.
177. Ayələrimizi yalan hesab edənlərin məsəli necə də pisdir! Onlar öz-özlərinə zülm ediblər.
178. Kimə ki Allah yol göstərir, o, düz yolla gedir, kimləri ki, O, yolundan çıxardır, onlar ziyana düşənlərdir.
179. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq; onların ürəkləri var, lakin onlarla anlamırlar, gözləri var, ancaq onlarla görmürlər, qulaqlan var, fəqət onlarla eşitmirlər. Onlar heyvan kimidirlər, hətta daha çox azmışlar. Onlar qəflətdədirlər.
180. Allahın gözəl adları vardır, Onu bunlarla çağırın və onun adları barəsində küfr edənləri tərk edin! Onlar tutduqları əmələ görə cəzalanacaqlar.
181. Bizim yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, onlar haqq yola aparır və bununla ədaləti gözləmiş olurlar.
182. Ayələrimizi yalan hesab edənləri, haradan (gəldiyini) heç özləri də bilmədən, tədricən (əzaba) salacağıq.
183. Mən onlara möhlət də verəcəyəm; axı Mənim tələm möhkəmdir.
184. Məgər onlar düşünüb-daşınmadılar ki, onların həmqəbiləsində [Məhəmməd peyğəmbərdə] dəli-divanəlikdən bir əlamət yoxdur? Həqiqətən o, ancaq aşkar xəbərdarlıq edəndir.
185. Görəsən onlar göylərin və yerin səltənətinə, Allahın xəlq etdiklərinə və əcəllərinin gəlib çatmaqda olduğuna bir baxmazlarmı? Bəs ondan [Qurandan] sonra onlar hansı sözə inanacaqlar?
186. Allahın azdırdığı kəsə düz yol göstərən olmaz. O, onları öz azğınlıqları içərisində kor-koranə dolaşmaqda qoyar.
187. O saat [qiyamət] haqqında "Nə vaxt qopacaqdır?" - deyə səndən soruşarlar. De: "Onun xəbəri Rəbbimdədir, onu [qiyaməti] öz vaxtında yalnız O edəcəkdir. O, göylərdə və yerdə elə ağır bir yükdür ki, sizə qəflətən gələcəkdir". Onlar səndən elə soruşurlar ki, sanki sən ondan xəbərdarsan. De: "Həqiqətən, onun xəbəri Allahdadır, lakin insanların çoxu bunu bilməz".
188. De: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir ziyan verə bilmərəm. Əgər qeybi bilsəydim, onda daha çox xeyir qazanardım və mənə pislik toxunmazdı. Mən isə iman gətirən adamlara yalnız xəbərdarlıq edən və müjdə gətirənəm".
189. Odur sizi bir candan xəlq edən və ünsiyyət bağlayıb rahatlanmaq üçün ondan onun zövcəsini də yaradan. O, zövcəsi ilə yaxınlıq etməklə o [zövcə], yüngül bir yüklə yükləndi [hamilə oldu] və onunla bir müddət gəzib dolandı. Elə ki, o [zövcə] ağırlaşdı, hər ikisi Rəbbi olan Allaha dua etdilər: "Bizə sağlam bir (övlad) bəxş etsən, Sənə şükr edərik!"
190. Allah onlara sağlam bir (övlad) bəxş etdikdə isə Onun onlara bəxş etdiyində Özünə şəriklər tapdılar. Allah onların qoşduqları şəriklərdən yüksəkdədir!
191. Məgər onlar özləri xəlq olunduqları halda, heç bir şeyi xəlq etməyə qadir olmayanı Allaha şərik qoşarlar?
192. Halbuki onlar [bütlər] nə onlara, nə də özlərinə kömək edə bilirlər.
193. Əgər siz onları düz yola dəvət etsəniz də onlar sizin ardınızca gəlməzlər. Onları dəvət etsəniz də, yaxud dinməz dursanız da heç bir fərqi yoxdur.
194. Həqiqətən, Allahdan savayı çağırdıqlarınız [tapındıqlarınız] sizin kimi bəndələrdir. De: “Çağırın onları, əgər haqlısınızsa, qoy onlar sizə cavab versinlər!”
195. Məgər onların gəzməyə ayaqları, ya tutmağa əlləri, ya görməyə gözləri, yaxud da eşitməyə qulaqları var? De: "Şərik qoşduqlarınızı çağırın, sonra isə mənə qarşı hiylə işlədin; heç mənə möhlət də verməyin!
196. Həqiqətən, mənim himayəçim Kitabı nazil edən Allahdır və O, əməlisalehlərin himayəçisidir.
197. Sizin Ondan savayı çağırdıqlarınız nə sizə, nə də öz-özlərinə kömək edə bilərlər".
198. Siz onları doğru yola çağırsanız, onlar eşitməzlər; (Ey Məhəmrnəd), onların sənə baxdığını görürsən, əslində isə onlar görmürlər.
199. Bağışlama (yolunu) tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!
200. Əgər şeytandan sənə bir vəsvəsə [şər fikir] təlqin olunsa, Allaha sığın! Həqiqətən, O, eşidəndir, hər şeyi biləndir.
201. Allahdan qorxanlara bir vəsvəsə toxunarsa (Allahı) yada salarlar, beləliklə də (haqqı) görmüş olarlar.
202. Onların qardaşları [şeytanlar] isə onlardakı azğınlığı gücləndirir, sonra isə heç azaltmırlar da.
203. Əgər onlara (istədikləri vaxtı) bir ayə gətirməsən onlar deyərlər: "Bir ayə quraşdırsana!" De: "Həqiqətən, mən yalnız öz Rəbbim tərəfindən mənə vəhy olunanların ardınca gedirəm. Bu [Quran], Rəbbinizdən aşkar dəlillərdir, iman gətirənlər üçün düz yol göstəricisi və mərhəmətdir".
204. Quran oxunarkən ona qulaq asın, səssizcə dinləyin, bəlkə sizə rəhm oluna!
205. Səhər-axşam yalvarışla, qorxu ilə, səsi qaldırmadan Rəbbini qəlbində yad et, qafillərdən olma!
206. Həqiqətən, sənin Rəbbinin dərgahında olanlar [mələklər] Ona ibadət etməkdə təkəbbür göstərməzlər, şəninə təriflər deyər və Ona səcdə edərlər.