Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/BƏLƏD SURƏSİ

Quran. BƏLƏD SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyiımi ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 And içirəm bu şəhərə [Məkkəyə],

2 ki, sən bu şəhərdə qalırsan -

3 ataya [Adəmə] və onun övladlarına!

4 Biz insanı məşəqqət içərisində yaratdıq.

5 O elə hesab edir ki, heç kimin ona gücü çatmaz?

6 O deyir: "Mən saysız-hesabsız mal-dövlət sərf etmişəm!"

7 Yoxsa o heç kimin onu görmədiyini zənn edir?

8 Məgər Biz onun üçün iki göz yaratmadıqmı,

9 dil və iki dodaq (yaratmadıqmı)?!

10 Ona hər iki yolu (xeyir və şər) göstərmədikmi?

11 O isə maneəni fəth etməyə girişmədi.

12 Sən haradan biləsən ki, maneə nədir?!

13 O, bir köləni azad etmək

14 və ya aclıq olan günü yemək vermək,

15 yaxın olan bir yetimə,

16 yaxud biçarə bir yoxsula (yemək verməkdir).

17 Sonra isə o, iman gətirən, bir-birilərinə səbr tövsiyə edən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

18 Bunlar (əməl dəftəri) sağ tərəfdən verilənlərdir.

19 Ayələrimizi inkar edənlər isə (əməl dəftəri) sol tərəfdən verilənlərdir.

20 Onlar hər yandan (qapıları) bağlı od içərisində (olacaqlar) !