Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/BƏQƏRƏ SURƏSİ
Quran. BƏQƏRƏ SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iki yüz səksən altı ayədən ibarə Mədinə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Əlif. Ləm. Mim.
2. O (Quran) elə kitabdır ki, onda heç bir şübhə yeri yoxdur, müttəqilər üçün düz yol göstəricisidir.
3. O kəslər üçün ki, onlar qeybə inanır, namaz qılır və onlara əta etdiyimiz ruzidən (pay) verirlər.
4. O kəslər üçün ki, onlar sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilmişlərə (Tövrat, İncil və s.) iman gətirir və axirətə inanırlar.
5. Onlar öz Rəbbi tərəfindən (göstərilən) düz yoldadırlar, onlar uğur qazanmışlardır.
6. Həqiqətən də küfr edənlərə xəbərdarlıq etsən də, etməsən də iman gətirməzlər.
7. Allah onların ürəklərini və qulaqlarını möhürləmişdir, gözlərində isə pərdə vardır. Onları böyük əzab gözləyir.
8. İnsanlardan elələri vardır ki, "Biz Allaha və axirət gününə iman gətirdik" – desələr də, iman gətirən deyildirlər.
9. Onlar Allahı və iman gətirənləri aldatmağa cəhd edirlər. Onlar ancaq öz-özlərini aldadırlar, heç özləri də duymurlar.
10. Onların ürəklərində bir mərəz vardır. Allah onların mərəzini daha da artırmışdır ! Yalan dedikləri üçün də onları üzücü bir əzab gözləyir.
11. Onlara: "Yer üzündə fitnə-fəsad törətməyin !" dedikdə, "Biz ki, yalnız xeyir iş tutanlarıq !" söyləyirlər.
12. Əslində isə onlar fitnə-fəsad törədənlərdir, lakin özləri bilmirlər, belə deyilmi ?!
13. Onlara: "İnsanlar iman gətirdikləri kimi siz də iman gətirin !" dedikdə, onlar: "Məgər biz də səfehlər iman gətirdiyi kimi iman gətirməliyik ?" söyləyirlər. Əslində onlar özləri səfehdirlər. Lakin onlar bunu anlamırlar.
14. İman gətirənlərlə rastlaşanda onlar: "Biz iman gətirmişik" deyərlər, öz şeytanları ilə bir xəlvətə çəkiləndə isə "Biz ki, sizinləyik, (onları) onları ancaq ələ salırıq" söyləyirlər.
15. Allah isə onlarla istehza edər və öz azğınlıqları içərisində dolaşmalarını daha da artırar.
16. Bunlar düz yolu verib əyri yolu alanlardır. Onların bu alış-verişi xeyir gətirmədi və onlar doğru yol tutan olmadılar.
17. Onların məsəli o od qalayanın əhvalatına bənzəyir ki, od onun ətrafını işıqlandıranda Allah onların işığını apararaq onları gözləri görə bilməyəcək zülmətlər içərisində buraxdı.
18. Onlar kar, lal və kordurlar, artıq geri dönməzlər.
19. Ya da onlar səmadan zülmətlər, göy qurultusu və şimşəklə yağan leysana düşənlərə bənzəyirlər ki, ildırım (çaxması ilə) ölmək qorxusundan barmaqları ilə qulaqlarını tıxarlar. Allah kafirləri hər tərəfdən haqlayandır.
20. İldırım az qala onların gözlərinin (işığını) aldı. (Şimşək) onlar üçün (yolu) işıqlandırdıqca onlar gedir, üzərlərinə zülmət çökdükcə isə dayanıb dururdular. Əgər Allah istəsəydi, onları eşitmə və görmədən məhrum edərdi. Axı Allah hər şeyə qadirdir !
21. Ey insanlar ! Sizi və sizlərdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə təqva sahibi olasınız.
22. O ki yer üzünü sizin üçün döşəmə, göyü isə tavan etdi, səmadan su endirərək, onunla sizin üçün məhsullardan ruzi yetirdi. Siz də (heç nəyi) Allaha tay tutmayın. Axı siz bunu bilirsiniz !
23. Əgər bəndəmizə nazil etdiyimizə sizin bir şübhəniz varsa, onda ona bənzər bir surə gətirin. Əgər haqlısınızsa, o zaman Allahdan başqa şahidlərinizi çağırın !
24. Əgər bunu etməsəniz – heç zaman da edə bilməyəcəksiniz, onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan özünüzü qoruyun !
25. İman gətirənlərə və xeyirli işlər görənlərə belə bir müjdə ver ki, dibindən çaylar axan cənnət bağları onlar üçündür. Oradakı meyvələrdən ruziləndikcə onlar deyəcəklər: "Bu ki, əvvələr bizə verilmiş ruzilərdəndir." Ancaq onlara o vaxt (buna) bənzərləri verilmişdi. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalasıdırlar.
26. Doğurdan da Allah ağcaqanad və ondan böyük şeyləri misal gətirməkdən çəkinmir. İman gətirənlər bilirlər ki bu, onların Rəbbindən gələn bir həqiqətdir. Küfr edənlər isə deyirlər: "Bu misalla Allah nə demək istəyir ?" O bununla bir çoxlarını azdırır, bir çoxlarına isə bununla düz yol göstərir. O, bununla yalnız yoldan çıxanları azdırır.
27. O kəsləri ki, əhd-peyman etdikdən sonra Allahın əhdini pozar, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayar və yer üzündə fitnə-fəsad törədərlər – onlar ziyana düşənlərdir.
28. Axı necə olur ki, siz Allaha qarşı küfr edirsiniz ? Siz ki, cansız olduğunz halda O, sizə həyat verdi. Sonra sizi öldürüb yenə də dirildəcək və sonra isə siz Ona qaytarılacaqsınız.
29. Yer üzündə hər şeyi sizin üçün yaradan, sonra isə səmaya üz tutaraq, onda yeddi qat göyü quran Odur. O, hər şeyi biləndir.
30. Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam" dedikdə onlar: "Məgər Sən orada fitnə-fəsad törədəcək və qanlar tökəcək kəsləri yerləşdirməkmi istəyirsən ? Biz ki, Sənin şəninə tərfilər deyir, Səni müqəddəs tuturuq" söylədilər. O isə: "Mən sizin bilmədiklərinizi bilirəm" dedi.
31. O, Adəmə bütün adları öyrətdi, sonra isə onları mələklərə bildirərək dedi: "Əgər düz danışansınızsa, bunların adlarını Mənə bildirin."
32. Onlar dedilər: "Sənə təriflər olsun ! Bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğurdanda (hər şeyi) bilən və hikmət sahibi Sənsən !"
33. O dedi: "Ey Adəm, onların adlarını bunlara bildir !" O, (Adəm) da onların adlarını bunlara bilridikdə O dedi: "Bəs sizə demədimmi ki, göylərdə və yerdə gizli olanları Mən bilirəm ? Onu da bilirəm ki, siz nəyi aşkar edir, nəyi gizlədirsiniz."
34. Biz mələklərə: "Adəmə səcdə edin !" deyən zaman iblisdən başqa (hamısı) səcdə etdi. O isə təkəbbür göstərərək imtina etdi. O, kafirlərdən oldu.
35. Biz dedik: "Ey Adəm, sən və zövcən cənnətdə sakin olun və orada istədiklərinizdən bol-bol yeyin, ancaq bu ağaca yaxın durmayın ki, (özünüzə) zülm edənlərdən olmayasınız."
36. Şeytan isə onları yoldan azdırdı. Beləliklə də O, onları qaldıqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən kəsilib (yerə) enin ! Yer üzündə sizin üçün müəyyən vaxta kimi qərar tuta biləcəyiniz məkan və faydalanılası şeylər vardır."
37. Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Doğurdan da O, Bağışlayandır, Rəhmlidir !
38. Biz dedik: "Haminiz buradan enin ! Məndən sizin üçün doğru yol göstəricisi gəldikdə kim Mənim yol göstəricimin ardınca gedərsə, onlar üçün nə bir qorxu, nə də qəm-qüssə olacaqdır."
39. Küfr edənlər, ayələrimizi yalan sayanlar isə cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.
40. Ey İsrail övladları ! Sizə bəxş etdiyim nemətimi xatırlayın ! Mənə verdiyiniz əhdə vəfa qılın, Mən də sizinlə olan əhdimə əməl edərəm. Yalnız Məndən qorxun !
41. Nazil etdiyim (o Qurana) iman gətirin ki, əlinizdə olanı (Tövratı) təsdiqləyir. Ona küfr edənlərin birincisi olmayın ! Mənim ayələrimi ucuz tutmayın ! Yalnız Məndən qorxun !
42. Haqqa yalan donu geyindirməyin, haqqı gizlətməyin ! Axı bunu bilirsiniz.
43. Namaz qılın, zəkat verin, rüku edənlərlə rüku edin !
44. İnsanlara yaxşı işlər görməyi tövsiyə edirsiniz, özünüzü isə unudursunuzmu ? Siz ki, Kitab(Tövrat) oxuyursunuz. Bəs ağıllanmayacaqsınız ?
45. (Allahdan) kömək üçün səbrə və namaza üz tutun. Bu isə (Allaha) itaət edənlərdən başqaları üçün ağır bir işdir.
46. O kəslər (Allaha itaət edənlər) isə öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qaytarılacaqlarını düşünürlər.
47. Ey İsrail övladları ! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün tutduğumu xatırlayın.
48. O gündən qorxun ki, (o vaxt) keç kəs heç kəsin karına gəlməz, heç kəsdən bir əvəz alınmaz və onlara heç bir kömək göstərilməz.
49. O zaman Biz sizi ağır bir əzaba düçar edən – oğullarınızı öldürüb, qadınlarınızı diri buraxan Fironun adamlarından xilas etdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
50. O zaman Biz dənizi sizin üçün yararaq sizi xilas etdik və Fironun adamlarını siz görə-görə suya qərq etdik.
51. O zaman Biz Musaya qırx gecəlik vədə verdik. O (gedəndən) sonra isə siz buzovu (səcdəgah) götürdünüz və (öz-özünüzə) zülm etdiniz.
52. Bundan sonra Biz sizi bağışladıq ki, bəlkə şükr edəsiniz.
53. O zaman Musaya Kitabı (Tövratı) və Furqanı (haqqı batildən fərqləndirən kitabı) verdik ki, bəlkə siz düz yola gələsiniz.
54. Onda Musa öz camaatına dedi: "Ey camaatım, siz buzovu (səcdəgah) götürməklə öz-özünüzə zülm etdiniz. Sizi Yaradana tövbə edib öz nəfsinizi öldürün ! Bu, sizin üçün Yaradanınızın hüzurunda daha xeyirlidir." Sonra da O, tövbələrinizi qəbul etdi. Axı O, Bağışlayandır, Rəhmlidir !
55. Onda siz dediniz: "Ey Musa, biz Allahı açıq-aşkar görməyincə, sənə inanmarıq." O an sizi gözünüz görə-görə ildırım vurdu.
56. Öldükdən sonra Biz sizi yenidən diriltdik ki, bəlkə şükr edəsiniz.
57. Üstünüzə buluddan kölgə saldıq, (göydən) qüdrət halvası və bildirçin endirdik: "Sizə ruzi olaraq verdiyimiz nemətlərdən yeyin !" (dedik). Onlar Bizə zülm etmədilər, ancaq özlərinə zülm etmiş oldular.
58. O zaman Biz dedik: "Bu kəndə girərək, orada istədiyiniz şeylərdən bol-bol yeyin. Səcdə edib: "Günahları bağışla!" deyərək qapıdan daxil olun." Biz günahlarınızı sizə bağışlar, xeyir əməllər tutanların isə (mükafatını) artırarıq.
59. Haqsızlıq edənlər özlərinə deyilmiş sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən cəza endirdik.
60. O zaman Musa öz camaatı üçün su istəyəndə Biz: "Əsanla bu daşa vur !" dedik. Beləliklə də on iki çeşmə qaynayıb çıxdı, hər dəstə adam isə öz su götürəcəyi yeri tanıdı. (Biz dedik) "Allahın ruzisindən yeyib-için, yer üzündə fitnə-fəsad yaymaqla şər əməllər törətməyin !"
61. O zaman siz dediniz: "Ey Musa, biz eyni cür şeyi yeməyə dözmərik. Bizim üçün Allaha üz tut ki, yerin bitirdiklərindən – tərəvəzindən, xiyardan, sarımsaqdan, mərcisindən və soğanından yetirsin." Musa dedi: "Siz yaxşını pislə dəyişməkmi istəyirsiniz ? Onda şəhərə enin, (orada) sizin üçün istədiyiniz şeylər vardır." Onlar isə Allahın ayələrinə inanmadıqlarına, haqsız olaraq peyğəmbərləri öldürdüklərinə görə, itaət etmədiklərinə və azğınlığa qurşandıqlarına görə üstlərinə zillət və miskinlik çökdürüldü və onlar Allahın qəzəbinə düçar oldular.
62. Doğurdan da iman gətirənlərin, yəhudi, xaçpərəst və sabilərdən Allaha və axirət gününə iman gətirib əməlisaleh olanların öz Rəbbi yanında mükafatları vardır. Onlara nə bir qorxu, nə də qəm-qüssə üz verər.
63. Biz o zaman sizdən əhd-peyman alaraq Tur dağını başınız üzərinə qaldırmışdıq. "Sizə göndərdiyimizdən (Tövratdan) möhkəm yapışın, içindəkilərini unutmayın ki, bəlkə özünüzü qoruya biləsiniz." (demişdik)
64. Bundan sonra isə siz arxa çevirdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, onda siz ziyana düşənlərdən olardınız.
65. İçərinizdə şənbə gününü (onun qadağalarını) pozanları tanıyırsınız. Biz onlara dedik: "Mənfur meymunlar olun !"
66. Biz bunu onlara və (onlardan) sonra gələnlər üçün bir ibrət dərsi, müttəqilər üçün isə bir öyüd-nəsihət etdik.
67. O zaman Musa öz camaatında dedi: "Allah sizə bir inək kəsməyi əmr edir." Onlar: "Sən bizi ələ salrsanmı ?" söylədilər. Musa dedi: "Mən Allaha pənah aparıram ki, cahillərdən olmayım."
68. Onlar: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o (inək) necə olmalıdır ?" dedilər. O dedi: "Buyurur ki, o nə yaşlı nə də çox cavan inəkdir, bunların arasında olan orta yaşlıdır. Sizə nə buyurulursa, onu da edin! "
69. Onlar dedilər: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o nə rəngdə olmalıdır ?" Musa dedi: "Buyurur ki, o tünd sarı rəngli, göz oxşayan bir inəkdir."
70. Onlar dedilər: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o necə olmalıdır ? Axı bizim üçün inəklər bir-birinə bənzərdir. Əgər Allah istəsə, düz yolda olarıq"
71. Musa dedi: "Buyurur ki, o nə yer şumlamaq üçün, nə də tarla suvarmaq üçün ram edilmiş bir inəkdir. O, sərbəst buraxılmış, ləkəsiz bir inəkdir." Onlar: "Hə, indi haqqı dedin !" dedilər və onu kəsdilər. Halbuki az qala bunu etməyəcəkdilər.
72. Bir zaman siz bir nəfəri öldürmüşdünüz və bu barədə bir-birinzlə mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi üzə çıxarır.
73. Biz dedik: "Onun (kəsilmiş inəyin) bir parçasıyla onu (ölünü) vurun." Allah ölüləri belə dirildib sizə Öz ayələrini bildirir ki bəlkə ağıllanasınız.
74. Bundan sonra sizin ürəkləriniz sərtləşib daş kimi və daha da bərk oldu. Doğurdan da daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar, eləsi də var ki, Allahın qorxusundan (şəlalə kimi) düşər. Allah sizin nələr etdiklərinizdən qafil deyildir.
75. Siz onların sizə inanacaqlarınamı ümid edirsiniz ? Onların bir qismi Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə təhrif edərdilər.
76. Onlar iman gətirənlərə rastlaşanda: "Biz də iman gətirdik" söyləyirlər. Bir-birilə xəlvətə çəkiləndə isə belə deyirlər: "Allahın (Tövratda) sizə bəyan etdikləri barədə onlara danışırsınız ki, onlar da bunu Rəbbinizin hüzurunda sizə qarşı dəlilə çevirsinlər ? Ağlınız başınızda deyilmi ?!"
77. Məgər onlar bilmirlər ki, Allah onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilir ?
78. Onlardan elə nadanları da vardır ki, Kitabı (Tövratı) ancaq eşitdikləri qədər bilirlər. Onlar ancaq zənnə qapılırlar.
79. Vay o kəslərin halına ki, onlar Kitabı öz əlləri ilə yazır, sonra isə müqabilində azacıq pul əldə etmək üçün: "Bu Allahdandır." deyirlər. Əllərinin yazdığına görə vay onların halına ! Qazandıqları şeylərə görə vay onların halına !
80. Onlar dedilər: "Cəhənnəm odu bizə ancaq bir neçə gün toxunar." De: "Məgər Allahdan vəd almışınız və Allah da vədini heç vaxt pozmayacaq ? Yoxsa Allaha qarşı bilmədiyinizi deyirsiniz ?
81. Bəli, pis əməllər qazanan və günahları özlərini bürümüş kəslər – bunlar cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.
82. İman gətirib əməlisaleh iş görənlər isə — bunlar cənnətlikdirlər, orada əbədi qalasıdırlar.
83. O zaman Biz İsrail övladlarından əhd-peyman aldıq: "Siz ancaq Allaha ibadət edəsiniz. Valideynlərə, qohum-əqrabaya, yetimlərə və miskinlərə xeyirxahlıq edəsiniz ! İnsanlarla xoş danışın, namaz qılın, zəkat verin !" Sonra siz, az bir qisminiz istisna olmaqla, üz döndərdiniz. Siz ki dönüklərsiniz !
84. Bir zaman Biz sizdən: "Bir-birinizin qanını tökməyəsiniz, bir-birinizi yurdunuzdan qovmayasınız." deyə əhd-peyman aldıq. Sonra siz də şahidlik edib təsdiqlədiniz.
85. Sonra, siz o kəslərsiniz ki, (yenə də) bir-birinizi öldürür, bir qismini öz yurdundan qovur, onlara qarşı günah və təcavüz etməkdə bir-birinizə kömək edirsiniz. Əgər onlar sizə əsir kimi gələrsə, siz fidyə ilə onları qurtarırsınız. Halbuki onları (yurdlarından) çıxarmaq sizə qadağan edilmişdir. Siz Kitabın bir hissəsinə inanıb, digərini inkarmı edirsiniz ? Sizlərdən bu işi tutanların cəzası bu dünyada ancaq rüsvayçılıqdır, qiyamət günü isə onlar ən ağır əzaba məruz qalacaqlar. Allah sizin tutduğunuz əməllərdən xəbərsiz deyildir.
86. Onlar bu dünyanı axirətlə satın alanlardır. Onların əzabı yüngülləşdirilməyəcək və onlara kömək edilməyəcəkdir.
87. Biz Musaya Kitabı (Tövratı) verdik və onun ardınca peyğəmbərləri göndərdik. Məryəm oğlu İsaya aşkar dəlilləri (möcüzələri) verdik və onu müqəddəs ruh ilə qüvvətləndirdik. Hər dəfə pir peyğəmbər sizə xoşlamadığınız bir şey gətirəndə təkəbbür göstərdiniz, bəzilərinə yalançı adı qoydunuz, bəzilərini isə öldürdünüz.
88. Onlar dedilər: "Ürəklərimiz qapalıdır." Axı Allah küfrlərinə görə onlara lənət etmişdir və onların az bir hissəsi iman gətirmişdir.
89. Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən bir Kitab (Quran) gəldikdə — əvvəllər isə kafirlər üzərində qələbə arzusunda idilər – onların bildikləri gəldikdə, onu da inkar etdilər. Allahın lənəti kafirlər üçündür.
90. Allahın istədiyi bəndəsinə Öz mərhəmətindən (bir şeyi) nazil etməsinə həsəd apararaq, Allahın nazil etdiyinə (Qurana) küfr etmək üçün vicdanlarını satmaları nəqədər də pisdir ! Onlar qəzəb üzərindən qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab vardır.
91. Onlara: "Allahın nazil etdiyinə inanın !" dedikdə, "Biz özümüzə nazil olana (Tövrata) inanırıq." deyir və onun ardınca gələnə (Qurana) inanmırlar. Halbuki o, əllərində olanı təsdiqləyən bir həqiqətdir. De: "Bəs inanan idinizsə, niyə əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz ?"
92. Musa sizə aşkar dəlillər gətirdi. Ondan sonra isə siz buzovu (səcdəgah) götürərək zalımlardan (haqsızlardan) oldunuz.
93. O zaman Biz sizdən əhd-peyman alaraq, Tur dağını başınız üzərinə qaldırmışdıq. "Sizə göndərdiyimizdən möhkəm tutun və qulaq asın !" Onlar: "Eşitdik və asi olduq." dedilər. Bu küfrləri ilə ürəklərinə buzov həkk edildi. De: "Əgər iman gətiribsinizsə, onda imanınızın sizə belə buyurması necə də pisdir !"
94. De: "Əgər Allah dərgahında axirət evi başqa insanların deyil, yalnız sizin olsaydı və doğurdanda belə iddia edirsinizsə, onda ölüm arzulayın."
95. Onlar əllərinin törətdiyi əməlləri səbəbi ilə bunu (ölümü) heç vaxt arzulamayacaqlar. Həqiqətən, Allah zalımları (haqsızları) yaxşı tanıyır.
96. Sən görürsən ki, onlar insanların həyata daha da çox həris olanlarıdır. Hətta müşriklərdən hər biri min il ömür sürmək istər, halbuki uzun ömür sürmək onları cəzadan uzaqlaşdırmır, axı Allah onların nə etdiklərini görür.
97. De ki, kim Cəbrayıla düşmən olarsa bilsin ki, (Quranı), özündən öncə olanları təsdiq edici, iman edənlər üçün bir yol göstəricisi, bir müjdəçi olaraq (Quranı) Allahın izni ilə sənin qəlbinə nazil edən odur.
98. Kim ki, Allaha, Onun mələklərinə, peyğəmbərlərinə və Mikailə düşməndir, Allah da, (belə) kafirlərin düşmənidir.
99. Biz sənə aydın ayələr göndərdik, bunları ancaq yolunu azanlar inkar edərlər.
100. Onlar hər dəfə əhd-peyman bağlayarkən onların bir qismi bunu pozmadımı ? Belə ki, onların əksəriyyəti iman gətirmir.
101. Allah tərəfindən onlarda onları təsdiqləyən bir peyğəmbər onlara gələndə Kitab əta olunanlardan bir qismi Allahın Kitabına sanki heç xəbəri yoxmuş kimi arxa çevirdi.
102. Onlar şeytanların Süleyman səltənəti haqqında dediklərinin ardınca getdilər. Süleyman küfr etməmişdi. Şeytanlar isə insanlara sehrbazlığı və Babildəki Harut və Marut adlı iki mələyə endirilmiş şeyləri (camaata) öyrədərək kafirlik etmişdilər. Onların ikisi də: "Biz bir sınağıq, inkar etmə !" demədən heç kimi öyrətmirdilər. Onlar (insanlar) kişi ilə arvadının arasını vurmağı bu iki mələkdən öyrəndilər. Lakin onlar Allahın izni olmadığı üçün bununla heç kəsə ziyan vura bilməzdilər. Onlar (insanlar) özləri üçün zərərli olan və faydası olmayan şeyləri öyrənirdilər. And olsun, onlar bilirdilər ki, bunu satın alanların axirətdə heç bir payı yoxdur. Onlar bununla özləri üçün necə də pis şeylər satın alırlar, kaş biləydilər !
103. Əgər onlar iman gətirib Allahdan qorxsaydılar, Allahdan daha yaxşı mükafat alardılar. Kaş onlar bunu biləydilər !
104. Ey iman gətirənlər ! "Ra`inə!"(Gözün üstümüzdə olsun) deməyib "Unzurnal!" (Bizə nəzər sal) deyin və qulaq asın. Kafirlərə üzücü bir əzab vardır.
105. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir nazil olmasını istəmirlər. Allah Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Axı Allah böyük lütf sahibidir !
106. Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, onda da yaxşısını və ya ona bənzərini gətiririk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir ?!
107. Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur və Allahdan başqa sizə bir himayəçi və havadar yoxdur ?
108. Yoxsa vaxtilə Musanın sorğu-suala tutulduğu kimi sizdəmi öz peyğəmbərinizi sorğuya tutmaq istəyirsiniz ? İmanı küfrə dəyişən doğru yoldan azmış olar.
109. Kitab əhlinin bir çoxu haqq onlara aydın olduqdan sonra da iman gətirmiş olduğunuz halda paxıllıqdan sizi kafirliyə qaytarmaq istərlər. Allah öz əmrini göndərənə qədər onları əfv edib bağışlayın. Həqiqətən də Allah hər şeyə qadirdir !
110. Namaz qılın, zəkat verin ! Özünüz hansı xeyir əməl tutsanız, onu Allahın dərgahında taparsınız. Həqiqətən də Allah nə etdiklərinizi görür.
111. Onlar dedilər: "Cənnətə ancaq yəhudilər və xaçpərəstlər daxil olacaqlar." Bu, onların xülyalarıdır. De: "Əgər düz deyirsinizsə, onda dəlilinizi gətirin !"
112. Əksinə ! Kim Allaha üz tutub xeyir işlər görərsə, onun öz Rəbbi dərgahında mükafatı vardır. Onlara nə bir qorxu, nə də qəm-qüssə olar.
113. Yəhudilər dedilər: "Xaçpərəstlər heç bir şeyə istinad etmirlər" xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə istinad etmirlər" dedilər. Halbuki onlar Kitabı oxuyurlar. Bilməyənlər də eləcə onlar kimi dedilər. Allah ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
114. Allahın məscidlərində Onun adını zikr etməyə mane olan və onları dağıtmağa çalışandan da zalımı varmı ? Halbuki onlar oraya ancaq qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab vardır.
115. Şərq də, Qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allahın çöhrəsi oradadır. Həqiqətən də Allah intihasızdır, hər şeyi biləndir !
116. Onlar: "Allah özünə bir övlad götürmüşdür" söylədilər. Onun şəninə təriflər olsun ! Axı göylərdə və yerdə onların hamısı Ona məxsusdur, hər şey Ona baş əyir !
117. O, göylərin və yerin yaradıcısıdır. Əgər bir şey istərsə, ona ancaq: "Ol !" deyər, o da dərhal olar.
118. Bilməyən kəslər dedilər: "Barı Allah bizimlə danışsaydı və yaxud bizə bir ayə gələydi !" Onlardan əvvəlkilər də bunlar kimi danışırdılar. Onların ürəkləri bir-birinə bənzəyir. Biz ayətləri tam inananlar üçün aydınlaşdırdıq.
119. Biz səni haqla (Quranla) birlikdə müjdəçi və xəbərdarlıq edən sifətilə göndərdik. Cəhənnəmlik olanlara görə sən sorğu-suala tututlmayacaqsan.
120. Nə qədər ki, sən onların dini ardınca getməmisən, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: "Doğru yol ancaq Allahın yoludur." Sənə bilik gəldikdən sonra onların həva-həvəsinə uymuş olsan, Allahdan sənə nə himayəçi, nə də havadar olar.
121. Kitab verdiyimiz kəslər onu layıqınca oxuyarlar, onlar ona inanarlar. Ona inanmayanlar isə uduzarlar.
122. Ey İsrail övladları ! Mənim sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
123. O gündən qorxun ki, o zaman heç kəs heç kəsin əvəzinə bir şey verə bilməz, heç kəsdən əvəz qəbul olunmaz və yardım edən də olmaz.
124. Bir zaman Rəbbi İbrahimi bəzi sözlərlə sınadı, o isə onları tam yerinə yetirdi. Allah dedi: "Səni insanlara imam (başçı) edəcəyəm." İbrahim dedi: "Bəs nəslimdən necə ?" Allah dedi: "Zalımlar Mənim əhdimə nail ola bilməzlər."
125. Bir vaxt Biz Evi (Kəbəni) insanlar üçün ziyarətgah və əmin-amanlıq yer edib (dedik): "İbrahimin yerini namazgah edin !" İbrahimə və İsmailə tövsiyə edərək: "Mənim Evimi təvaf edənlər (ətrafına dolananlar) vaxtını orada (ibadətdə) keçirənlər, rüku və səcdə edib namaz qılanlar üçün (bütlərdən) təmizləyin !" dedik.
126. Onda İbrahim söylədi: "Ey Rəbbim ! Buranı əmin-amanlıq diyarı et ! Onun Allaha və axirət gününə inanan sakinlərinə məhsullardan ruzi ver." Allah dedi: "Küfr edənə isə Mən bir az güzəran sürdürər, sonra isə onu cəhənnəm əzabına sürüklərəm. Nə pis son mənzil !
127. O vaxt İbrahim İsmail ilə birlikdə Evin (Kəbənin) bünövrəsini qaldıraraq dedilər: "Ey Rəbbimiz ! Bizdən qəbul et. Sən ki, həqiqətən, hər şeyi eşidənsən, bilənsən.
128. Ey Rəbbimiz ! Bizi özünə təslim olanlar (itaətkarlar) et, nəslimizdən də Özünə sadiq bir tayfa düzəlt, ibadət yerlərimizi bizə göstər. Tövbələrimizi qəbul et. Sən ki, tövbələri qəbul edənsən, rəhmlisən !
129. Ey Rəbbimiz ! Onların arasından özlərinə elə bir peyğəmbər göndər ki, onlara Sənin ayələrin oxunsun, Kitabı və hikməti öyrətsin və onları təmizliyə çıxarsın. Sən ki, qüdrət və hikmət sahibisən !"
130. Özünü səfeh yerinə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər ? Bu dünyada Biz onu seçdik, axirətdə də o, əməlisalehlərdəndir.
131. Rəbbi ona: "Təslim ol !" (müsəlman ol) dedikdə o,: "Aləmlərin Rəbbinə təslim oldum" dedi.
132. İbraihm də, Yaqub da bunu öz övladlarına vəsiyyət etdilər: "Ey övladlarım ! Allah sizin üçün bu dini seçmişdir. Siz ancaq müsəlman olaraq ölməlisiniz."
133. Yoxsa siz Yaquba ölümün gəlməsinin şahidi idiniz ? O zaman o, öz oğlanlarına dedi: "Məndən sonra siz nəyə ibadət edərsiniz ?" Onlar söylədilər: "Biz sənin Allahına, sənin atalarının – İbrahim, İsmail və İshaqın Allahına, vahid Allaha ibadət edəcəyik. Biz Ona təslim olanlarıq !"
134. Onlar bir tayfa idilər ki, keçib getdilər. Onların qazandıqları özlərinin, sizin də qazandıqlarınız özünüzündür. Onların əməllərindən ötrü siz sorğu-sual edilməzsiniz.
135. Onlar dedilər: "Yəhudi və ya xaçpərəst olun ki, düz yol tutasınız !" De: "Xeyr, biz İbrahimin hənif (təkallahlığa ürəkdən inam) dinindəyik. Axı o, müşriklərdən deyildi."
136. Deyin: "Biz Allaha iman gətirdik, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbata (nəsillərinə) nazil olanlara, Musaya və İsaya göndərilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə göndərilənlərə inandıq. Biz özümüzü Ona təslim etdik.
137. Əgər onlar da sizin kimi iman etsələr, onda düz yola çıxmış olarlar. Yox əgər üz çevirsələr, onda nifaq içərisində olarlar. Allah onların (cəzasını vermək üçün) sənə kifayətdir. O hər şeyi eşidəndir, biləndir
138. (Deyin): "Allahın boyağı ilə boyandıq (dinini qəbul etdik) Boyağı Allahın boyağından kimdir ? Biz Ona ibadət edirik !
139. De: "Allah barəsində bizimlə mübahisəyəmi girisiniz ? Axı O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz özümüz üçün, sizin də əməlləriniz özünüz üçündür. Biz Ona sadiqik !
140. Yoxsa siz deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yaqub və əsbatı yəhudi, ya da xaçpərəst olmuşlar ? De: "Siz yaxşı bilirsiniz yoxsa Allah ? Allahın bildirdiyi şəhadəti gizlədənlərdən də zalımı varmı ? Şübhəsiz ki, Allah etdiklərinizdən qafil deyildir.
141. Onlar bir tayfa idilər ki, keçib getdilər. Onların qazandıqları özlərinin, sizin də qazandıqlarınız özünüzündür. Siz onların əməllərindən ötrü sorğu-sual edilməyəcəksiniz.
142. İnsanlardan səfeh olanları deyəcəklər: "Görəsən, onları (müsəlmanları) üz tutduqları qiblədən döndərən nə oldu ?" De: "Şərq də, Qərb də Allahındır. O, istədiyi kəsi düz yola yönəldir."
143. Beləliklə Biz sizi orta yolda olan bir tayfa etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz sənin üz tutduğun qibləni yalnız ona görə etdik ki, geri üz tutanlardan (fərqli olaraq) peyğəmbərin ardınca kimin getdiyini bilək. Bu, Allahın düz yolu ilə gedənlərdən başqaları üçün çətin işdir. Axı Allah sizin imanınızı itirməz. Həqiqətən də Allah insanlara şəfqətlidir, rəhmlidir !
144. Biz sənin üzünü səmaya dikildiyini görürük. Biz sənin üzünü razı qalacağın bir qibləyə mütləq çevirəcəyik. Sən üzünü Məcidül-Hərama (Kəbəyə) tərəf döndər. Harada olursunuzsa olun, özünüzü ona tərəf çevirin ! Kitab bəxş olunmuşalr bilirlər ki, bu onların Rəbbindən olan bir haqqdır. Allah onların nələr etdiklərindən qafil deyildir.
145. Kitab bəxş olunmuşlara hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmayacaqlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar heç özləri də bir-birilərinin qibləsinə üz tutmazlar. Əgər sənə bilik gəldikdən sonra onların həva-həvəsinə uysan, onda sən də zalımlardan olarsan.
146. Kitab bəxş etdiklərimiz onu (peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onlardan bir qismi isə bilə-bilə haqqı gizlədir.
147. Bu, sənin Rəbbindən olan haqqdır. Sən heç vaxt şübhə edənlərdən olma !
148. Hər kəsin (ümmətin) üz tutduğu bir səmti (qibləsi) vardır. Xeyir işlər görməkdə bir-birinizi qabaqlamağa çalışın ! Harada olsanız da, (qiyamət günü) Allah hamınızı bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir !
149. Haradan yola çıxsan, (namaz qılarkən) üzünü Məscidül-Hərama tərəf çevir, axı o, sənin Rəbbindən olan haqdır. Allah sizin nələr etdiklərinizdən qafil deyildir.
150. Haradan yola çıxsan, üzünü Məscidül-Hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, haqsızlardan başqa insanların sizə qarşı çıxmağa bir bəhanəsi olmasın. Onlardan qorxmayın, Məndən qorxun ! Mən də sizə olan nemətimi tamamlayım ki, bəlkə siz düz yol tutasınız.
151. Eləcə də sizə ayələrimizi oxumaq, sizi pak etmək, sizə Kitabı, hikməti və bilmədiyiniz şeyləri öyrətmək üçün aranızdan sizə bir peyğəmbər göndərdik.
152. Siz Məni zikr edin, Mən də sizi yada salaram. Mənə şükr edin, Mənə küfr etməyin !
153. Ey iman gətirənlər ! Kömək üçün səbrə və namaza üz tutun. Həqiqətən Allah səbr edənlərlədir.
154. Allah yolunda öldürülənlərə "Ölülərdir." deməyin, xeyir, onlar diridirlər, lakın bunu siz duymursuz.
155. Biz sizi bir qədər qorxu və aclıqla, mal, adam və məhsul azlığı ilə sınayarıq. Müjdə ver dözümlülərə,
156. O kəslərə ki, onlara bir müsibət üz verəndə deyərlər: "Həqiqətən də Biz Allaha məxsusuq və Ona da qayıdacağıq."
157. Bunlar o kəslərdir ki, onların üzərində öz Rəbbinin xeyir-duası və mərhəməti vardır. Onlar düz yolla gedənlərdir.
158. Səfa və Mərva Allahın qoyduğu nişanələrdəndir. Beytə (Kəbəyə) həcc və ümrə ziyarəti edən kəs onların hər ikisi ətrafında dolanarsa heç bir günahı olmaz. Hər kim könüllü olaraq xeyir işlər görərsə, axı Allah təşəkkürü qəbul edəndir, hər şeyi biləndir.
159. Kitabda insanlar üçün aydınlaşdırdığımızdan sonra nazil etdiyimiz ayələri və düz yolu gizli saxlayanları – onları Allah da lənətləyər lənət edənlər də lənətləyər.
160. Tövbə edərək yararlı işlər görən və (həqiqəti) aşkar edənləri isə əfv edirəm. Mən ki, tövbəni qəbul edənəm, rəhmliyəm.
161. Küfr edənlər və kafir olaraq ölənlər – onlar Allahın, mələklərin və bütün insanların lənətinə gələnlərdir.
162. Onlar orada əbədi qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək, onlara möhlət də verilməyəcək.
163. Tanrınız vahid Allahdır. Ondan başqa tanrı yoxdur. O mərhəmətlidir, rəhmlidir.
164. Həqiqətən də göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə dənizdə üzən gəmidə, Allahın göydən endirdiyi və torpağı ölümdən sonra cana gətirdiyi suda, orada hər cür heyvanatı yaymasında, küləkləri və yerlə göy arasında (Allahın əmrinə) tabe buludları (müxtəlif səmtlərə) hərəkətə gətirməsində əql sahibləri üçün dəlillər vardır.
165. İnsanlardan elələri vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutaraq onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlər isə ən çox Allahı sevirlər. Əgər öz-özlərinə zülm edənlər məruz qalacaqları əzabdan xəbərdar olsaydılar, onda qüdrətin bütünlüklə Allaha məxsus olduğunu və Allahın verdiyi əzabın şiddətli olduğunu bilərdilər.
166. O zaman arxalarınca gedilənlər (büdpərəst başçıları) arxada gələndən sürətlə uzaqlaşar və o anda (hər iki tərəfdə) əzabı görmüş və aralarında əlaqə kəsiləcəkdir.
167. Arxada gələnlər deyərlər: "Biz bir daha (dünyaya qayıtsaydıq) onlar bizdən uzaqlaşdığı kimi biz də onlardan uzaq olardıq." Tutduqları əməllərə görə Allah onlara beləcə peşmançılıq göstərər. Onlar cəhənnəm odundan çıxa bilməyəcəklər.
168. Ey insanlar ! Yer üzündə təmiz, halal şeylərdən yeyin, şeytanın yolu ilə getməyin, o ki sizin açıq düşməninizdir!
169. O, sizə pis və çirkin əməllər törətməyi, Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir.
170. Onlara dedikdə ki, "Allahın nazil etdiyinin ardınca gedin !" onlar: "Xeyr, biz ata-babalarımızda gördüyümüz (yol) ilə gedəcəyik." deyərlər. Bəs ata-babaları heç nə dərk etməyib, düz yolla getməmişlərsə necə ?
171. Kafirlərin məsəli çığırtı-bağırtıdan başqa heç nə eşidib anlamayan (heyvanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar. Onlar ağıllanmazlar.
172. Ey iman gətirənlər ! Sizə ruzi etdiyimiz təmiz nemətlərdən yeyin və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin !
173. O, ölü cəmdəyi, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilmiş (heyvanı) sizə haram etmişdir. İstəmədiyi halda və həddini aşmadan (bunları) yeməyə məcbur olana isə günah yoxdur. Həqiqətən də Allah bağışlayandır, rəhmlidir !
174. Allahın nazil etdiyi Kitabda olanları gizlədənlərin və onu ucuz qiymətə satanların yedikləri qarınlarında oda dönəcəkdir. Qiyamət günündə Allah onlarla kəlimə kəsməyəcək və onları təmizə çıxartmayacaq. Onlar üçün üzücü bir əzab vardır !
175. Onlar düz yolu verib yanlışını və bağışlanmanı verib əzabı satın alanlardır. Onlar cəhənnəm oduna necə dözəcəklər ?!
176. Bu ona görədir ki, Allah Kitabı haqq olaraq nazil etmişdir. Kitab haqqında ayrı fikirdə olanlar isə, əlbəttə, dərin nifaq içərisindədirlər.
177. Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir.
178. Ey iman gətirənlər ! Öldürürənlər üçün – azad kəs üzün azaddan, kölə üçün kölədən, qadın üçün qadından – sizə qisas almaq fərz qılındı. Onun (öldürülənin) qardaşı (yaxını) tərəfindən bir şey müqabilində bağışlanmış kəs (öldürən) ilə qəbul olunmuş qaya üzrə (xoşluqla) rəftar olunmalı, o da əvəzini yaxşılıqla ödəməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngülləşdirmədir, mərhəmətdir. Bundan sonra kim bu həddi aşarsa, onun üçün üzücü bir əzab vardır.
179. Qisasda sizin üçün bir həyat vardır, ey ağıl sahibləri ! Ola bilsin ki, Allahdan qorxasınız !
180. Sizlərdən bir kəsi ölüm haqlarsa və o, mal-dövlət qoyub gedərsə qəbul olunmuş qayda üzrə valideynlərə və qohum-əqrabaya ədalətlə vəsiyyət etməniz sizə vacib edilmişdir. Bu, müttəqilər üçün borcdur.
181. Kim eşitdikdən sonra onu dəyişdirərsə, bunun günahı dəyişənlərin üzərinə düşər. Həqiqətən də Allah hər şeyi eşidəndir, biləndir !
182. Vəsiyyətçinin haqsızlıq və günah işlətməsindən ehtiyat edərək, onları (vəsiyyətçi ilə varisi) barışdırana isə bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir !
183. Ey iman gətirənlər ! Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə Allahdan qorxasınız.
184. Bu, bir neçə günlükdür. Sizlərdən xəstə və ya səfərdə olanı varsa, (orucu) eyni sayda başqa günlərdə tutmalıdır. Buna taqəti olmayanlar isə bir kasıbı yedirtməklə fidyə (əvəz) verməlidirlər. Kim könüllü olaraq daha yaxşısını edərsə, bu, onun üçün daha xeyirli olar. Bilsəydiniz, oruc tutmanız sizin üçün (necə də) xeyirlidir !
185. (Ramazan ayında) insanlara düz yol göstəricisi, bu yolun haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizlərdən kim bu aya gəlib çatarsa, oruc tutmalıdır. Xəstə və ya səfərdə olanlar isə (orucu) eyni sayda başqa günlərdə tutmalıdırlar. Allah sizin işinizi yüngülləşdirmək istəyir, sizi çətinə salmaq istəmir ki, bu müddəti tamamlayasınız. Sizə düz yol göstərdiyinə görə Allahı uca tutun, bəlkə Ona şükr edəsiniz.
186. Bəndələrim səndən Məniim haqqımda soruşsalar, Mən yaxındayam, Məni çağıranın səsinə cavab verərəm. Qoy onlar da Mənə cavab versinlər və Mənə iman gətirsinlər ki, bəlkə düz yola qovuşalar.
187. Orucluq vaxtı gecələr qadınlarınıza yaxınlaşmaq sizə halal edildi (icazə verildi). Onlar sizizn üçün, siz də onlar üçün libassınız. Allah sizin öz nəfsinizə zor etdiyini bildi, sizə tövbə etdirdi və sizi bağışladı. İndi isə artıq onlara (zövcələrinizə) yaxın gəlin və Allahın sizin üçün müəyyən etdiyini istəyin. Şübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib için. Sonra da gecəyə qədər orucunuzu davam etdirin. Məscidlərdə etikafda (ibadətdə) olduğunuz zaman onlara (zövcələrinizə) yaxın düşməyin. Allahın qoyduğu hüdudlarıdır, onları aşmayın. Allah Öz ayələrini insanlar üçün belə aydınlaşdırır ki, bəlkə onlar Allahdan qorxalar.
188. Bir-birinizin malını haqsız olaraq yeməyin, adamların malının bir hissəsini bilə-bilə günahkarcasına yemək üçün onu hakimlərin (hökmünə) verməyin.
189. Səndən hilal (yeni doğulmuş aylar) barəsində soruşanda de: "Onlar insanlar üçün və həcc üçün vaxt ölçüləridir." Evlərə arxa tərəfdən daxil olmaq yaxşı iş deyildir. Yaxşı iş Allahdan qorxanın işidir. Evlərə qapılardan daxil olun ! Allahdan qorxun ki, uğura (nicata) qovuşasınız.
190. Sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun, ancaq təcavüzkarlıq etməyin (həddi aşmayın). Axı Allah təcavüzkarları sevmir !
191. Harada rast gəlsəniz, onları öldürün, sizi qovub çıxardıqları yerdən qovub çıxarın. Fitnə-fəsad adam öldürməkdən də pisdir ! Məscidül-Haram (Kəbə) yaxınlığında onlar sizinlə vuruşmayınca siz də onlarla vuruşmayın. Əgər (orada) sizinlə vuruşarlarsa, onda onları öldürün. Kafirlərin cəzası bax belədir !
192. Yox əgər onlar (bundan) əl çəksələr, (bilin ki) Allah bağışlayandır, rəhmlidir !
193. Fitnə-fəsad aradan qalxana qədər onlarla vuruşun. Əgər (bu işdən) əl çəksələr, (bilin ki) düşmənçilik zalımlardan başqasına edilməz.
194. Haram (müqəddəs) ay haram ay ilədir. Hörmət qarışıqlı olar. Sizə düşmənçilik edənə qarşı siz də onun etdiyi düşmənçilik kimi düşmənçilik edin. Allahdan qorxun və bilin ki, həqiqətən Allah müttəqilərlədir !
195. Allah yolunda xərc çəkin və öz əlinizlə özünüzü təhlükəyə salmayın. Xeyirxahlıq edin. Həqiqətən Allah xeyirxahları sevir.
196. Allah naminə həcci və ümrəni tam yerinə yetirin. Əgər sizə (bir şey) mane olarsa onda sizə müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Sİzlərdən kim xəstə olarsa və ya başında bir narahatlıq olarsa (qırxdıra bilər) və bunun da fidyəsi (əvəzi) oruc tutmaq, ya sədəqə vermək, ya da qurban kəsməkdir. Əgər siz (bu maneələrdən qurtarıb) əmin-amanlıq içində olsanız, onda həcc vaxtına qədər ümrə ziyarəti edən kəs gücü çatan bir qurbanlıq verməlidir. Yox əgər tapmasa, onda həcc əsnasında üç gün və qayıtdıqdan sonra yeddi gün – beləliklə də tam on gün oruc tutmalıdır. Bu, ailəsi Məscidül-Həram (ətrafında) yaşamayanlar üçündür. Allahdan qorxun və bilin ki, həqiqətən Allah cəzası şiddətlidir !
197. Həcc (vaxtı) bəlli aylardadır. Bu aylarda kim həcci fərz (vacib) bilib (ziyarəti başlayarsa) həcc vaxtı nə cinsi əlaqə olmalı, nə yaramaz iş tutmalı, nə də (kiminləsə) çəkişmədə olmalıdır. Allah etdiyiniz xeyir işlərdən xəbərdardır. (Axirət üçün) tədarük edin ! Ən yaxşı tədarük isə Allahdan qırxmaqdır. Ey ağıl sahibləri, Məndən qorxun !
198. Rəbbinizdən bir fəzilət diləməyiniz heç də sizin üçün günah deyildir. Ərəfatdan yollanarkən Məscidül-Həramda Allahı zikr edin ! Bundan əvvəl yolu azmışlardan olduğunuz halda sizi düz yola necə yönəltdiyini yada salın !
199. Sonra isə adamların axışıb gəldiyi yerdən keçərkən Allahdan bağışlanmanızı istəyin. Axı Allah bağışlayandır, rəhmlidir !
200. (Həcc) mərasiminizi bitirincə ata-babalarını yad etdiyiniz kimi və ya bundan da çox Allahı yad edin ! Adamlardan eləsi vardır ki, "Ey Rəbbimiz ! Bizə (nemətlərindən nə verəcəksənsə) elə bu dünyada ver !" deyir. Onun üçün axirətdə heç bir pay yoxdur.
201. Onlardan eləsi də vardır ki, "Ey Rəbbimiz ! Bizə də yaxşılıq ver və bizi cəhənnəm odu əzabından qoru !" deyir.
202. Bunların qazandıqları şeylərdən payları vardır. Axı Allah tez haqq-hesab çəkəndir.
203. Sayı bilinən günlərdə Allahı zikr edin ! Allahdan qorxan üçün tələsib iki gün tez (qayıdarsa) heç bir günah sayılmaz, yubanarsa da, heç bir günahı olmaz. Allahdan qorxun və bilin ki, siz Onun hüzuruna toplanılacaqsınız.
204. İnsanların arasında eləsi vardır ki, onun bu ən yaxın həyat (bu dünya) haqqındakı sözləri sənə xoş gəlir və o, qəlbində olanlara Allahı şahid göstərir. Halbuki o qəddar düşməndir.
205. O, bir iş başına keçən kimi yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir.
206. Ona: "Allahdan qorx !" deyəndə qüruru onu günaha sürükləyir. Cəhənnəm ona bəs edər. Nə pis bir yatacaqdır !
207. İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah bəndələrinə şəfqətlidir.
208. Ey iman gətirənlər ! Hamılıqla barışa gəlin, şeytanın yolu ilə getməyin. O ki, sizə açıq-aşkar düşməndir.
209. Sizə bu aydın dəlillər gəldikdən sonra büdrəsəniz, bilin ki Allah qüdrət və hikmət sahibidir !
210. Məgər onlar bulud kölgələri içərisində Allahın (əmrinin) və mələklərin gəlməsindən və işin artıq bitməsindən başqa bir şeymi gözləyirlər ? Bütün işlər Allaha qayıdar.
211. İsrail övladlarından xəbər al, gör Biz onlara nə qədər aydın dəlillər göndərdik. Allahın neməti özünə gəlib çatandan sonra onu dəyişdirənə Allah şübhəsiz ki, şiddətli cəza verəcəkdir.
212. Bu dünya həyatı kafirlər üçün bərbəzəkli edilmişdir. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər qiyamət günü onlardan üstün vəziyyətdə olarlar. Allah istədiyi kəsə saysız-hesabsız rusi verir.
213. İnsanlar vahid ümmət idilər. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, onlarla birlikdə haqqı bildirən Kitab da nazil etdi ki, insanlar arasındakı ixtilafları onunla mühakimə etsin. Onun (Kitabın) barəsində ancaq: özlərinə aydın dəlillər gəldikdən sonra aralarında həddi aşanlar ixtilafa düşdülər. Allah iman gətirənləri Öz izni ilə ixtilafda olduqları haqq yoluna yönəltdi. Allah istədiyi kəsi doğru yola yönəldir.
214. Yoxsa siz elə hesab edirsiniz ki, sizdən əvvəlkilərə üz verənlər başınıza gəlmədən siz cənnətə daxil olacaqsınız ? Onlara elə sıxıntı, bəla üz verdi və onlar elə sarsıldılar ki, hətta peyğəmbər və onunla bərabər iman gətirənlər də: "Bəs Allahın köməyi nə vaxt gələcək ?" dedilər. Məgər Allahın köməyi yaxın deyildir ?
215. Onlar səndən soruşarlar ki, (Allah yolunda) nə xərcləsinlər. De: "Xərcləyəcəyiniz mal valideynlər, qohum-əqraba, yetim, miskinlər və yolçular üçündür. Allah etdiyiniz xeyirxahlıqlardan xəbərdardır !"
216. Xoşunuza gəlməsə də, vuruşmaq sizə fərz qılınmışdır. Ola bilsin ki, bir şey sizin xeyirinizə olsa belə onu istəməyəsiniz. Ola bilsin ki, bir şey sizin zərərinizə olsa belə onu istəyəsiniz. Allah bilir, siz bilməzsiniz !
217. Səndən haram ayında vuruşmaq haqqında soruşurlar. De: "Bu (ayda) vuruşmaq böyük bir günahdır. (İnsanları) Allahın yolundan sapdırmaq, Allahı inkar etmək və Məscidül-Haramdan (Kəbədən) yayındırmaq, oranın camaatını oradan çıxartmaq isə Allah qarşısında daha böyük günahdır. Fitnə-fəsad isə adam öldürməkdən də böyük günahdır." Əgər onların gücü çatsaydı, sizi dininizdən döndərməyincə sizinlə döyüşdən əl çəkməzdilər. Sizlərdən kimsə dinindən dönərsə və kafir olaraq ölərsə, axirətdə də bada gedəcəkdir. Onlar orada əbədi qalasıdırlar.
218. Şübhəsiz ki, iman gətirənlər, Allah yolunda hicrət edənlər və vuruşanlar – onlar Allahın mərhəmətini umarlar. Allah isə bağışlayandır, rəhmlidir !
219. Onlar sizdən şərab və qumar barəsində soruşarlar. De: "İkisində də insanlar üçün böyük günah və bəzi mənfəətlər vardır. Onlardakı günah mənfəətdən daha böyükdür. "Səndən soruşsalar ki, (maldan) nəyi xərcləyə bilərlər, de: "Artıq qalanı." Allah ayələri sizə belə aydınlaşdırır ki, bəlkə bir düşünəsiniz
220. bu dünya və axirət barəsində. Yetimlər haqqında səndən soruşsalar de: "Onların (vəziyyətini) düzəltmək yaxşı işdir. Onlarla qaynayıb qarışsanız, sizin qardaşlarınız olarlar." Allah bəd əməl sahibini əməlisalehdən ayırd edir. Allah istəsəydi, sizi çətin vəziyyətə salardı. Həqiqətən də Allah qüdrət və hikmət sahibidir !
221. İman gətirməyincə müşrik qadınlarla evlənməyin, iman gətirmiş qul qadın xoşunuza gəlmiş müşrik qadından daha yaxşıdır. İman gətirməyincə müşrik kişilərə (qız) ərə verməyin. İman gətirmiş kölə kişi xoşunuza gəlmiş müşrik kişidən daha yaxşıdır. Onlar (insanları) cəhənnəm oduna çağırırlar, Allah isə öz İzni İlə cənnətə və bağışlanmaya dəvət edir. O, Öz ayələrini insanlara aydınlaşdırır ki, bəlkə düşünüb daşınalar.
222. Səndən aybaşı haqqında soruşsalar, de: "O, narahatedicidir. Aybaşı vaxtı qadınlardan uzaq olun və pak olmayınca onlara yaxın durmayın. Onlar pak olduqdan sonra Allahın buyurduğu yerdən onlara yaxınlaşın." Həqiqətən də Allah tövbə edənləri sevir, pak olanları sevir!
223. Qadınlarınız sizin üçün bir tarladır. İstədiyiniz vaxt tarlanıza çıxın Özünüz üçün qabaqcadan hazırlıq işləri görün. Allahdan qorxun və bilin ki, Onunla qarşılaşacaqsınız. Möminlərə müjdə ver!
224. Andlarınızda xeyir əməllər tutmanıza, Allahdan qorxmanıza və insanlar arasında əmin-amanlıq yaratmanıza Allahın (adını) bir maneə etməyin. Allah hər şeyi eşidəndir, biləndir !
225. Bir qəsd olmadan and içmənizə görə Allah sizi töhmətləndirməz. Lakin O, sizi ürəklərinizin kəsb etdiyi (pis niyyətlərə) görə cəzalandırar. Allah bağışlayandır, rəhmlidir!
226. Zövcələrinə yaxın düşməməyə and içənlərin gözləmə müddəti dörd aydır. Əgər onlar (qadınlarına) dönərlərsə, (bil ki,) Allah bağışlayandır, rəhmlidir !
227. Əgər onlar boşamaq qərarına gəlsələr, (bil ki,) Allah hər şeyi eşidəndir, biləndir.
228. Boşanmış qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və axirət gününə inanırlarsa, onlara Allahın onların bətnlərində yaratdığını gizlətmələrinə icazə verilmir. Əgər onların ərləri barışıq istəsələr, bunda [üç aybaşı müddəti içərisində] onları qaytarmağa daha çox haqq sahibidirlər. Kişilərin qadınlar üzərindəki haqları kimi, qəbul olunmuş qayda üzrə, qadınların da kişilər üzərində haqlar vardır. Ancaq, kişilər qadınlara görə (ailə başçılığından ibarət) bir dərəcə üstündürlər. Allah qüdrət və hikmət sahibidir !
229. Boşamaq iki dəfə olar. Bundan sonra ya qayda üzrə saxlamaq, ya da xoşluqla azad etmək lazımdır. Onlara verdikləriniz şeylərdən nəyi isə almaq sizə halal olmaz. Lakin onların [ər ilə arvadın] Allahın qoyduğu hüdudları (qaydaları] pozmaqdan qorxma halları (burada) istisnadır. Əgər Allahın qoyduğu hüdudları pozmaqdan qorxursunuzsa, arvadın bir şey əvəz verməsində onların hər ikisinə heç bir günah olmaz. Allahın qoyduğu hüdudlar belədir, onlari aşmayın! Allahın qoyduğu hüdudlu aşanlar — onlar zalımdırlar.
230. Əgər o, onu (üçüncü dəfə) boşayarsa onda qadın başqa birisinə ərə getməmiş ona [əvvəlki ərinə] halal olmaz. İkinci ərdən boşandıqdan sonra Allahın qoyduğu hüdudlara əməl etməyi düşündükləri təqdirdə bir birilərinə qayıdarlarsa, onlara heç bir günah olmaz. Anlayan camaata Allahın aydınlaşdırdığı hüdudlar bunlardır.
231. Arvadları boşasanız və onlar (üç aylıq) öz müddətlərinə çatmış olsalar, ya onları qayda üzrə saxlayın, ya da qayda üzrə azad edin. (Haqlarına) qəsd edib zərər vermək məqsədilə onları tutub saxlamayın. Hər kim bunu etmiş olarsa, özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə etdiyi yaxşılığı, sizə öyüd-nəsihət olaraq nazil etdiyi Kitabı və hikməti yada salın. Allahdan qorxun və bilin ki, Allah həqiqətən də hər şeyi biləndir.
232. Arvadları boşasanız və onlar öz (üç ay) müddətlərinə çatmış olsalar (əvvəlki) ərləri ilə aralarında qayda üzrə razılığa gələrsələr, nikaha girmələrinə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə inananlar üçün bir öyüd-nəsihətdir. Sizin üçün bu, daha xeyirli və təmizdir. Allah bilir, siz bilmirsiniz !
233. Analar öz övladlarını tam iki il əmizdirərlər. Bu əmizdirməni tam başa vurmağı istəyənlər üçündür. Anaların ruzisi və geyimi qayda üzrə uşağın atasının üzərinə düşür. Heç kəsə taqətindən artıq yük qoyulmaz. Nə ana uşağına görə, nə də ata uşağına görə zərərə düşməməlidir. Onun bənzəri (ruzi və geyim təmini -icab edəndə-) varis üzərinə də düşər. Əgər ikisi də razılıq və qarşılıqlı məsləhətlə süddən ayırsalar, bu, onlara günah deyildir. Əgər siz uşaqlarınızın (süd anaları tərəfindən) əmizdirilməsini istəsəniz, onda qayda üzrə lazımi haqqı versəniz, sizə günah olmaz. Allahdan qorxun və bilin ki, Allah doğurudan da sizin nə etdiklərinizi görür.
234. Sizlərdən hər kim vəfat edərsə və özündən sonra arvadları qalarsa, dörd ay on gün (ərə getməyib) gözləməlidirlər. Müddətləri bitdikdən sonra onların qayda üzrə etdikləri işlərə görə sizə heç bir günah düşmür. Allah sizin nə etdiyinizi bilir.
235. Qadınlara evlənmək istəyi barəsində işarə etməkdə və ya bunu ürəyinizdə saxlamaqda sizə günah olmaz. Allah bilir ki, sız onları (tez-tez) xatırlayacaqsınız. Onlarla gizlicə vədələşməyin, onlara yalnız xoş sözlər deyin. Gözləmə vaxtı çatmayınca nikah bağlamaq fikrində olmayın. Bilin ki, Allah ürəklərinizdə olanları bilir. Ondan ehtiyat edin və bilin ki, Allah həqiqətən də bağışlayandır, həlimdir.
236. Toxunmadığınız və ya mehr təyin etmədiyiniz qadınları boşasanız, sizə günah deyildir. Onlara qayda üzrə haqlarını verin — varlı öz gücünə görə, kasıb da öz gücünə görə. Bu, xeyirxahlara xas olan bır haqdır.
237. Əgər onları toxunmazdan əvvəl, lakin mehr təyin etdikdən sonra boşasanız, onda təyin etdiyiniz mehrin yarısı (onlara) düşür. Lakın burada qadınların (öz haqlarından) vaz keçməsi və əlində nikah sazişi olan kişinin lütfkarlıq etməsi istisnadır. Lütfkarlığınız təqvaya (möminliyə) daha yaxındır. Öz aranızda mehribançılıq etməyi unutmayın. Həqiqətən, Allah sızın nə etdiyinizi görür.
238. Namazları və orta [əsr] namazı hifz edin və Allaha itaətdə durun !
239. Əgər siz vuruşmada düşməndən qorxarsınızsa, onda (namazınızı) ya piyada halda, ya da minik üzərində qılın. Qorxu sovuşarsa, Allah bilmədikləriniz şeyləri sizə necə öyrədibsə, eləcə də Onu zikr edin !
240. Sizlərdən kimsələr vəfat edib arvadları qalarsa, arvadlarına il tamam olana qədər, evlərindən çıxarılmamaq şərtilə baxılması vəsiyyət olunmalıdır. Əgər arvadlar özləri (evdən) çıxsalar, onların qəbul olunmuş qayda üzrə özləri etdikləri işlərə görə sizə günah düşmür. Allah qüvvət və hikmət sahibidir !
241. Boşanmış qadınların qayda üzrə bəzi şeylər götürməyə haqqı vardır. Bu, müttəqilər üçün bir borcdur.
242. Allah öz ayələrini sizə izah edir ki, bəlkə ağıla gələsiniz.
243. Məgər sən minlərlə adamın ölüm qorxusundan öz diyarını tərk etdiklərini görmədinmi? Allah onlara: "Ölün!"-dedi. Sonra isə onları diriltdi. Həqiqətən Allah insanlar üçün lütf sahibidir, lakin insanların çoxu naşükürdür.
244. Allah yolunda vuruşun və bilin ki, həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
245. Kimdir o kəs ki, Allaha yaxşı bir borc verə, O da onun üçün bunu qat-qat artıra? Allah sıxıntıya da məruz qoyur, səxavət də göstərir. Siz Ona qaytarılacaqsınız !
246. Sən Musadan sonra (gələn) İsrail övladlarından bir dəstəni görmədinmi? Onlar özlərinin bir peyğəmbərinə belə dedilər "Bizə bir hökmdar göndər ki, (onunla birlikdə) Allah yolunda vuruşaq." Peyğəmbər isə dedi: "Sizə döyüşə girmək buyurularsa, ola bilər ki, vuruşmayasınız" Onlar dedilər "Bir halda ki, biz öz yurdumuzdan və uşaqlarımızdan uzaqlaşdırılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?" Onlara döyüş əmr oldunduqda, az bir qismi istisna olmaqla, üz döndərdilər. Allah zalımları tanıyır !
247. Onların peyğəmbəri dedi: "Budur, Allah Talutu sizə hökmdar göndərdi." Onlar dedilər "Ondan bizə hökmdar olarmı? Hökmdarlığa biz ondan daha çox layiqik. Ona heç böyük var-dövlət də verilməmişdir." O dedi: "Allah onu sizin üstünüzə (başçı) qoymaq üçün seçdi, bilikcə və bədəncə onun gücünü artırdı. Allah Öz səltənətini istədiyi kəsə verir." Allah genişürəklidir, biləndir!
248. Onların peyğəmbəri dedi: "Onun hökmdarlığının əlaməti içərisində Rəbbinizdən bir təskinlik, Musa və Harun nəslindən qalmış şeylər olan sandığın sizə gəlməsidir. Onu mələklər gətirəcəklər. Əgər iman gətirənsinizsə, bu, sizin üçün bir əlamətdir".
249. Talut öz ordusu ilə (cihad üçün) ayrılınca dedi: "Allah sizi bir çay vasitəsilə imtahana çəkəcəkdir. Bir ovuc içən istisna olmaqla, kim oradan su içərsə, məndən deyildir — kim ondan dadmasa, o, mənimlədir." Az bir qismindən başqa oradan su içdilər. O, iman gətirənlərlə birlikdə çayı keçdikdən sonra (sudan içənlər) dedilər: "Bu gün Calutla və onun qoşunu ilə (vuruşmağa) gücümüz yoxdur." Allaha qovuşacaqlarını bilənlər isə belə söylədilər: "Neçə-neçə kiçik dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlmişdir!" Allah səbr edənlərlədir.
250. Onlar Calutun və qoşununun qarşısına çıxarkən dedilər "Rəbbimiz! Bizə böyük dözüm ver, dizlərimizə güc ver, bu kafir camaata qarşı bizə yardım et!"
251. Allahın izni ilə onları məğlubiyyətə uğratdılar. Davud Calutu öldürdü və Allah ona hökmdarlıq və hikmət verərək istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah onların bir hissəsini digər hissəsi vasitəsilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Allah isə aləmlər üçün lütf sahibidir.
252. Bunlar Allahın ayələridir ki, sənə haqq olaraq oxuyuruq. Həqiqətən də sən peyğəmbərlərdənsən !
253. Biz bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Onlardan eləsi var ki, Allah (onunla) danışmış, və bəzisini yüksək dərəcələrə çatdırmışdır. Məryəm oğlu İsaya aydın dəlillər bəxş edərək, onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə aydın möcüzələr gəldikdən sonra bir-birilə vuruşmazdılar. Lakin onlar ixtilafda oldular. Kimisi iman gətirdi, kimisi isə küfr etdi. Əgər Allah istəsəydi, onlar bir-birilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.
254. Ey iman gətirənlər! Alış-verişin, dostbazlığın və himayədarlığın olmayacağı gün gələnə qədər siz pay verdiklərimizdən xərcləyin. Kafirlər isə zalımlardır !
255. Allaһ — Ondan başqa tanrı yoxdur. O, əbədiyaşardır və (yaratdıqlarının həmişə keşiyində) durandır. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa Onundur. Onun izni olmadan kim Onun qarşısında havadarlıq edər ? O, onların [bəndələrin] etdiklərini və edəcəklərini bilir. Onlar isə Onun bildiklərindən ancaq Onun Özü istədiyi bir şeydən xəbər tuta bilərlər. Onun taxt-tacı göyləri, yeri tutur və onları qoruyub saxlamaq Ona çətin deyildir. O, uludur, əzəmətlidir.
256. Dində heç bir zorakılıq yoxdur. Artıq düz yol yanlış yoldan aydın şəkildə fərqlənmişdir. Tağuta [şeytana və ya bütlərə] inanmayıb Allaha iman gətirən heç vaxt qırılmayan çox möhkəm teldən yapışmışdır. Allah hər şeyi eşidəndir, biləndir !
257. Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən işığa çıxarır. Kafirlərin dostu isə Tağutdur. Bu onları işıqdan çıxarıb zülmətlərə salır. Onlar cəhənnəmlikdirlər. orada əbədi qalasıdırlar.
258. Məgər sən Allahın İbrahimə hökmranlıq verməsinə görə Rəbbi barəsində onunla höcətləşən kəsi görmədin? O zaman İbrahim dedi: "Rəbbim, həyat bəxş edən və dirildəndir." O isə: "Mən də öldürüb-dirildərəm"-dedi. İbrahim söylədi: "Allah günəşi şərqdən çıxarır, sən isə onu qərbdən çıxart." Kafir adam çaşıb qaldı. Allah axı zalımları düz yolla aparmır.
259. Yaxud damları çökmüş bir kənddən keçən kəsi (görmədinmi) ? O dedi: "Bunu kəndi ölümündən sonra Allah necə dirildə bilər?" Allah həmin kəsi yüz illiyə öldürdü, sonra isə onu dirildərək dedi: "Nə qədər uymuş qaldın?" O dedi: "Bir gün və ya bir gündən də az qaldım." Allah isə dedi: "Xeyr, sən yüz il qaldın, öz yeməyinə, içməyinə diqqət yetir, heç xarab olmayıbdır. Ulağına da bax,- bu, ona görədir ki, Biz səni insanlar üçün bir dəlil edək ! -sümüklərə bax; gör Biz onları necə dikəldib üstlərini ətlə örtürük." Ona aydın olduqdan sonra dedi: "Artıq mən bilirəm ki, Allah hər şeyə qadirdir!"
260. O zaman İbrahim dedi: "Ey Rəbbimi ölüləri necə diriltdiyini mənə də göstər." O,: "Məgər sən inanmırsan?" -dedi. İbrahim isə: "Bəli (inanıram), ancaq ürəyim rahat olsun deyə (sordum)." Allah buyurdu: "Dörd quş götür və onları parçala. Sonra hər dağ başına bir parçasını qoy. Sonra isə onları çağır; onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah həqiqətən qüvvət və hikmət sahibidir !"
261. Öz mal-dövlətini Allah yolunda sərf edənlər hər birində yüz ədəd dəni olan yeddi sünbül yetirən toxuma bənzərlər. Allah istədiyi kəsin (malını) qat-qat artırar. Allah genişürəklidir, hər şeyi biləndir.
262. Öz mal-dövlətini Allah yolunda sərf edənlərin, sonra isə sərf etdikləri üçün minnət qoymayan və incitməyənlərin öz Rəbbi dərgahında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar (peşman olub) kədərlənməyəcəklər.
263. Xoş söz və bağışlama, ardınca inciklik gələn sədəqədən [xeyirxahlıqdan] daha xeyirlidir. Allah ehtiyacsızdır, həlimdir.
264. Ey iman gətirənlər! öz malını insanlar qarşısında riyakarlıq göstərməklə sərf edənlər, Allaha və axirət gününə inanmayanlar kimi siz də öz sədəqələrinizi minnət qoymaqla və incitməklə batil etməyin. Bunun məsəli torpaqla örtülən bir qayanın məsəlinə bənzər ki, üzərinə şiddətli yağış yağan kimi onu çılpaq qoyar. Onlar qazandıqları bir şeyə sahib olmazlar. Axı Allah kafir camaatı düz yolla aparmır.
265. Allahın razılığını qazanmaq və ürəklərindəki (inamı) möhkəmləndirmək üçün mallarını sərf edənlər isə təpə üzərindəki bağa bənzəyirlər; ona şiddətli yağış düşsə, ikiqat bəhrə verər. Əgər bol yağış olmasa, onda şeh (kifayətdir). Allah nə etdiklərinizi görür.
266. Məgər sizlərdən kimsə istərmi ki, dibindən çaylar axan, xurma və üzüm ağaclarından ibarət bağı ola və orada onun üçün hər cür meyvələr ola və onun zəif [işə gücü çatmayan] övladları olan zaman ona qocalıq üz verə, bağa odlu tufan düşə və o yana? Allah ayələri sizə beləcə aydınlaşdınr ki, bəlkə düşünəsiniz.
267. Ey iman gətirənlər ! Əldə etdiyiniz və sizin üçün torpaqdan yetişdirdiyimiz (nemətlərin) yaxşısından sərf edin. Sərf etmək üçün onların pislərini nəzərdə tutmayın. Axı özünüz onları ancaq gözünüzü yummağla alarsınız. Bilin ki, Allah həqiqətən ehtiyacsızdır, tərifə layiqdir.
268. Şeytan sizi yoxsulluqla qorxudaraq rəzil işlər görməyə sövq edir. Allah isə bağışlayacağını və mərhəmətini sizə vəd edir. Allah genişürəklidir, hər şeyi biləndir.
269. O, istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət bəxş olunmuşsa, ona da bol xeyir-bərəkət verilmişdir. Bunu isə yalnız ağıl sahibləri anlayarlar.
270. Hansı xərci çəkirsinizsə çəkin və ya hansı nəziri verirsinizsə verin, Allah bunu bilir. Zalımların havadarları olmaz.
271. Əgər siz sədəqələri açıqca verirsinizsə, bu, yaxşıdır. Əgər onu yoxsullara gizlicə versəniz, bu, sizin üçün daha yaxşı olar. Bu, sizin günahlarınızdan (bir qismini) yuyar. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
272. Onları düz yola yönəltmək sənin üzərinə düşmür. Ancaq Allah istədiyi kəsi düz yola yönəldir. Mal-dövlətdən nə sərf edirsinizsə, özünüz üçündür. Sərf etdikləriniz ancaq Allah rizası üçün olmalıdır. Xeyir olaraq sərf etdiyinizin əvəzi sizə tam ödəniləcək və siz incidilməyəcəksiniz.
273. (Sədəqəni) öz canlarını Allah yolunda qoymuş və yer üzündə bir şey əldə edə bilməyən yoxsullara (verin). Onlar gözütox olduqlarına görə cahil adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan; onlar adamlardan israrla (bir şey) istəməzlər. Sərf etdiyiniz mal-dövlətdən şübhəsiz Allahın xəbəri vardır.
274. Öz mal-dövlətini gecə və gündüz, gizli və aşkar sərf edənlərin öz Rəbbi yanında mükafatları vardır. Onlar üçün nə bir qorxu, nə də qəm-qüssə olar.
275. Sələm yeyənlər ancaq şeytanın toxunması ilə ağlını itirmiş kəsin qalxdığı kimi qalxarlar. Bu, onların: "Axı alış-veriş də sələm kimidir." — demələrinə görədir. Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Rəbbindən ona öyüd-nəsihət gəldikdən sonra (bu işdən) əl çəkərsə, əvvəlki əməllər ona (bağışlanar), onun bu işi Allaha qalar. Kim təkrarən edərsə, onlar cəhənnəmlikdirlər, orada əbədi qalasıdırlar.
276. Allah sələmin (mənfəətini) puça çıxarır və sədəqələrin (savabını) artırır. Allah heç bir kafiri, günahkarı sevməz.
277. İman gətirənlərin, əməlisaleh olanların, namaz qılanların, zəkat verənlərin öz Rəbbi dərgahında mükafatları vardır. Onlara nə bir qorxu, nə də bir qəm-qüssə olar.
278. Ey iman gətirənlər ! Allahdan qorxun və iman gətirənsinizsə sələm alacaqlarınızın qalanından əl çəkin.
279. Əgər siz bunu etməsəniz, onda Allah və Onun peyğəmbərindən (sizə qarşı) müharibə xəbərin alın. Tövbə etsəniz isə malınızın sərmayə yenə özünüzündür. Nə zülm edər, nə də zülm edilən olarsınız.
280. Əgər (borclu) çətinlik içərisindədirsə onun vəziyyəti yüngülləşənə qədər gözləyin. Sədəqə etmiş olsanız isə, bilsəniz sizin üçün daha yaxşı olar !
281. Allaha qaytarılacağınız gündən qorxun ! Sonra hər kəsə qazandıqlarının (əvəzi) tam ödəniləcək və onlar incidilməyəcəklər.
282. Ey iman gətirənlər ! Əgər müəyyən bir müddətə borc götürsəniz, onu qeyd edin və qoy aranızda bunu ədalət naminə bir katib də qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi qeyd etməkdən boyun qaçırmamalıdır. Üzərinə borc götürəndə qeyd etdirsin, Rəbbi olan Allahdan qorxsun və ondan [borcdan] heç nə qeyd etdirməsin. Üzərində borc olan ağılsız və ya halsızdırsa, yaxud özü qeyd etdirə bilmirsə, onda onun yaxın adamı ədalətlə qeyd etsin. Kişilərinizdən də iki şahid çağırsın. Əgər olmasa, onda bir kişi və şahidliklərinə razısınızsa, iki qadın olar ki, biri çaşsa, o biri onun yadına salar. Çağırılarkən şahidlər boyun qaçırmasınlar. Az və ya çox olsun, onu öz vədəsinə görə qeyd etməkdən usanmasın. Bu, Allah qarşısında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha münasibdir. (Burada) aranızda gedən nağd alış-veriş istisnadır; bu halda onu qeyd etməsəniz, sizə günah düşmür. Sövdələşəndə şahid çağırın. Nə katib, nə də şahid zərər çəkməməlidir. Əgər (bunu) etsəniz, sizin üçün pis əməl sayılar. Allahdan qorxun! Sizi Allah öyrədir və Allah hər şeyi bilir.
283. Əgər səfərdə olsanız və şahid tapa bilməsəniz, onda girov alınar. Əgər bir-birinizə inanırsınızsa, onda borc alanın əmanəti geri qaytarılsın və qoy o, Allahdan, öz Rəbbindən qorxsun. Şahidliyi gizlətməyin. Kim gizlətsə, ürəyi günaha batar. Allah sizin nələr etdiyinizi bilir.
284. Göylərdə və yer üzündə nə varsa, Allaha məxsusdur. Əgər siz ürəyinizdə olanları üzə çıxartsanız da, gizlətsəniz də Allah bunun üçün sizdən haqq-hesab alar. O, istədiyi kəsi bağışlar, istədiyi kəsə əzab verər. Allah hər şeyə qadirdir.
285. Peyğəmbər öz Rəbbi tərəfindən nazil edilmişə iman gətirdi, möminlər də həmçinin. Hamısı Allaha, Onun mələklərinə, Kitablarına və peyğəmbərlərinə iman gətirib (dedilər): "Biz Onun peyğəmbərlərindən heç birinə fərq qoymuruq. Onlar dedilər "Eşitdik və itaət etdik ! Rəbbimiz, bağışlama Sənə məxsusdur və qayıdış da Sənədir!
286. Allah hər kəsin üzərinə ancaq onun gücü çatan yükü qoyur. Hər kəs öz xeyrinə olanları da, öz zərərinə olanları da özü qazanar. (Deyin): Rəbbimiz, əgər unutsaq və ya xəta etsək, bizi günahlandırma. Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə qoyduğun kimi bizim də üzərimizə ağır bir yük qoyma! Rəbbimiz, gücümüz çatmayanı da üzərimizə qoyma! Bizi əfv et, bizi bağışla, bizə mərhəmət göstər! Sən bizim mövlamızsan [ixtiyar sahibisən]. Kafir camaata qarşı bizə kömək et!"