Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/Bəzi xüsusiyyətlər

Quran. Bir neçə kəlmə də tərcüməni oxuyarkən rast gələcəyiniz bəzi xüsusiyyət və əlamətlər haqqında

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu

Məlumdur ki, Quranın mətni hissə-hissə 23 il ərzində Məhəmməd peyğəmbər Məkkə və Mədinə şəhərlərində olarkən ona nazil edilmişdir. Ayələrinin hamısı və ya böyük əksəriyyəti Məkkədə və ya Mədinədə nazil edilmiş surələri "Məkkə surələri" və ya "Mədinə surələri" adlandırmışlar. Surə adlarının altında verilmiş bu anlayışlar məhz həmin faktı ifadə edir. Dilimizdə anlaşılan, xüsusi və ya ümumi isimdən ibarət surə adları (məs; Yunus, Yusif, İbrahim, Məryəm, Məhəmməd, nur, fil, qələm və s.), kiçik orfoqrafik dəyişiklik nəzərə alınmasa, tərcümədə olduğu kimi saxlanmışdır. Ayrı-ayrı ayələrin tərcüməsində rast gəlinən və cümlədəki yerindən asılı olmayaraq böyük hərflə yazılan "Mən, Biz, Sən, O və Öz" kimi əvəzliklər Allaha aiddir. Allahın "sən" deyib müraciət etdiyi şəxs isə, əsasən, Məhəmməd peyğəmbərdir. Lakin bəzi hallarda başqa peyğəmbərlərə, adi insana (istər mömin, istər kafir olsun) olan "sən" müraciətinə də rast gəlinir ki, bu da əsasən, dırnaq arasındakı vasitəsiz nitqdə verilir. Həmin əvəzliklərin cümlənin əvvəlində böyük hərflə yazılıb Allahdan qeyrilərinə aid olması isə asanlıqla anlaşılır. Bəzi surələrdə ilk ayə və ya ayə başlanğıcı kimi mənası, məqsəd və mahiyyəti anlaşılmayan bir və ya bir neçə hərf verilmişdir ki, biz də həmin hərflərin ancaq adını yazmaqla kifayətlənməli olmuşuq. Bu, rast gəlinən bütün Quran tərcümələrində belədir. Çünki istər klassik, istərsə də müasir təfsirçilər də həmin hərflərin yozumunu verə bilməmiş, bunun Allahın bir sirri olduğunu göstərmişlər… Daha oxunaqlı, daha ürəyəyatımlı, daha güclü emosional təsirə malik olması üçün Quran, əsasən, səcə (qafiyəli nəsr) üslubunda verilmişdir. Fəqət, təəssüflər olsun ki, bu əzəmətli, bu möhtəşəm forma və üslub gözəlliyini tərcümədə saxlamaq qeyri-mümkündür. Buna cəhd edənlər olsa da uğur qazana bilməyiblər. Odur ki, bu böyük ilahi abidənin hər hansı bir dilə tərcüməsində ən böyük ciddi-cəhd onun mə'na dəqiqliyinə çalışmaq olubdur. Lakin Quranın elə bir dilə tərcüməsini tapmaq mümkün deyil ki, o, mənanın verilməsində, məntiqi yanaşmalarda tamamilə nöqsandan xali olsun. Bunu hər bir tərcüməçi özü də etiraf edir. Bu isə Quranın dil və üslubunun, məzmununun tərcüməyə çətin yatması ilə izah olunur. Biz də bu Allah kəlamının dilimizə dəqiq tərcüməsi üçün böyük səy, ağır zəhmət və illərlə vaxt sərf etdik. Məhz buna görə də Quranın ərəbcə mətnini də tərcümə ilə yanaşı verməyin ağır məsuliyyət yükü altına girməyə cürət etdik. Bu, ona görə ciddi məsuliyyətdir ki, hörmətli oxucular- alimlər, din xadimləri, islamşünaslar orijinalla tərcümə mətnini bilavasitə tutuşduraraq tərcümənin səhih və ya nöqsanlı olduğunu üzə çıxarmaq imkanı əldə edirlər. Bu məsuliyyəti dərk edib nə qədər böyük və ağır zəhmətə qatlaşsaq da biz heç də o iddiada deyilik ki, sizə təqdim etdiyimiz bu tərcümədə heç bir nöqsan yoxdur. Hər iki mətnin bir kitab daxilində yanaşı verilməsi şərqşünas alimlər, müəllim və tələbələr, islamşünaslar, din xadimləri və Qurandan istifadə edib faydalanmaq istəyən hər bir kəsin işini xeyli yüngülləşdirə bilər. Bir vacib nöqtəyə də toxunaq ki, Quran bu və ya digər mərasimdə ərəb dilində oxunur. Onu oxuyan kəs dinləyicisinin hər hansı bir ayənin tərcüməsi ilə əlaqədar verəcəyi qəfil sualı cavabsız qoymamaq üçün, məhz, tərcüməsi orijinalının müvafiq say rəqəmləri ilə nömərələnmiş belə Quran ən etibarlı vasitə ola bilər. Tərcümə mətnində hər hansı bir söz və ya ifadədən sonra verilən böyük mötərizə daxilindəki həmin söz və ya ifadənin olduqca yığcam izahıdır. Belə izahlar böyük elm və din xadimlərinin təfsirlərinə və Quranın özünün daxili məntiqinə istinadən verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Quran ayələrinin məna və mahiyyətindən doğan daxili məntiqinə istinad bu və ya digər ayənin tərcüməsində də köməyimizə çatmışdır. Kiçik mötərizə daxilində verilən tamamlayıcı sözlər isə Quranın üslubu ilə dilimizin üslubu arasındakı fərqin tələbindən irəli gəlmişdir. Bu mötərizə daxilində söz və ya ifadələr bir tərəfdən fikri tam və aydın çatdırmağa, digər tərəfdən isə dilimizin üslub qaydalarına riayət etməmizə xidmət edir. Bu heç də o demək deyildir ki, Quranda yarımçıq fikirlər mövcuddur. Bu, hər şeydən öncə onunla əlaqədardır ki, Quranın üslubu qafiyəli nəsr olmaqdan əlavə müəyyən bir nizam üzərində qurulub. Kiçik mötərizədə verdiyimiz söz və ya ifadələrin orijinalda verilməməsi daha çox o nizamın pozulmamasına və təkrara yol verilməməsinə xidmət edir. Tərcümə zamanı bir sıra sırf dini ifadələri (məsələn; münafiq, müttəqi, müşrik və s.) olduğu kimi saxlamağı məqsədəuyğun bildik. Kitabın sonunda "Bəzi açıqlamalar" bölməsində həmin söz və ifadələrin izahı verilmişdir. Bəzi xüsusi adların yazılışını Azərbaycan türkcəsinin orfoqrafiya qanununa uyğunlaşdırdıq (məs; Muhamməd-Məhəmməd, Yusuf-Yusif və s.) Bunu da qeyd etməyi özümüzə borc bildik ki, tərcümə zamanı Quranın ayrı-ayrı dillərə olan tərcümələrinə, klassik və müasir təfsirlərinə müraciət edərkən minnətdarlıq hissi ilə faydalandığımız kimi onlarda nəzərə çarpan qüsurlarla da üzləşdik. Oxuyuculara onu da bildirmək istəyirik ki, uzun illərdən bəri işıq üzü görə bilməyən bu tərcümənin çapı Türkiyənin tanınmış ilahiyyatçı alimi, ictimai-siyasi xadimi Təyyar bəy Altıqulacın təşəbbüsü ilə Türkiyə Diyanət Vaqfı tərəfindən həyata keçirilmişdir. Bu münasibətlə möhtərəm Təyyar bəyə, Diyanət Vaqfının rəhbərliyinə və əməkdaşlarına, xüsusilə öz dəyərli məsləhətləri ilə bizə yaxından kömək etmiş gözəl Quran biliciləri Xəlil Altuntaşa və Mustafa bəy Varlıya öz dərin minnətdarlığımızı bildiririk. Ey din, iman, əqidə sahibləri! Qoy ərəbcə və Azərbaycan dilində sizə təqdim etdiyimiz bu Qurani-Kərim parlaq bir nur kimi haqq yolunuzu daim işıqlandırsın, imanınızı kamilləşdirsin, bu dünyanın və axirətin məna və mahiyyətini anlamanızda sizə yardımçı olsun! Qoy islam aləminin haqq, ədalət, Böyük Yaradanın hidayət yoluna dəvəti olan Qurani-Kərim qəlbinizin, hiss və duyğularınızın qapılarını hər cür pislik, yamanlıq və dünyanın nəfsani hərislik və xəbisliklərinin üzünə bağlasın! Qoy Allah dərgahında, ruhlar aləmində şərəfli, ləyaqətli yer tutmanız üçün sizə yar olsun!.. Amin, ya Rəbbəl-aləmin! Hörməti i oxucu, öz sözlərimizlə səni yormaq istəməyib bu qısa izahı burada tamamlayırıq. Səni Allah kəlamını səbrlə, dönə-dönə oxumağa dəvət edirik. Oxu, dərk et, nəticə çıxar, təmizlən!