Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/BURUC SURƏSİ
Quran. BURUC SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iyirmi iki ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 And olsun bürcləri olan göyə,
2 vəd olunmuş günə,
3 şahidlik edənə və edilənə!
4 Xəndək sahiblərinə ölüm olsun!
5 (O xəndəklər ki içində) od qalanmışdı.
6 O zaman onlar xəndəklərin kənarında oturub
7 möminlərə etdikləri (zülmə) tamaşa edirdilər.
8 Onlardan [möminlərdən] ancaq ona görə intiqam alırdılar ki, onlar qüdrətli, tərifəlayiq Allaha iman gətirmişdilər,
9 göylərin və yerin mülkünün məxsus olduğu (Allaha). Axı Allah hər şeyə şahiddir!
10 Mömin kişi və qadınları zülmə məruz qoyub sonra tövbə etməyənlərə cəhənnəm əzabı vardır. Onlar üçün cəhənnəm odu əzabı vardır.
11 İman gətirib əməlisaleh olanlar üçün isə dibindən çaylar axan cənnət bağları vardır. Bax, böyük uğur budur!
12 Şübhəsiz ki, sənin Rəbbinin divan tutması şiddətlidir.
13 İlkin yaradan da, (öldükdən sonra) yenidən dirildən də Odur.
14 Bağışlayan da, sevən də Odur.
15 O, ərşin sahibidir, şan-şöhrətlidir.
16 İstədiyini mütləq edəndir.
17 Qoşunların əhvalatı sənə gəlib çatıbmı?
18 Fironun və Səmud (qoşunlarının əhvalatı).
19 Xeyr! Kafirlər (haqqı) yalan sanmaqda davam edirlər.
20 AIIah isə onları arxalarından mühasirəyə almışdır.
21 Bəli, o şan-şərəfli Qurandır.
22 O, Lövhi-Məhfuzdadır.