Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/CÜMÜ’Ə SURƏSİ

Quran. CÜMÜ’Ə SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on bir ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Göylərdə və yerdə nə varsa hökmran, müqəddəs, qüdrətli, hikmət sahibi olan Allaha təriflər deyər.

2 Oxuyub yazmaq bilməyənlərə öz aralarından onlara Allahın ayələrini oxuyan, onları pak edən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odurl Halbuki, onlar əvvəl açıq-aşkar yol azmışdılar.

3 (Allah onu) hələ onlara qovuşmamış başqaları üçün də (peyğəmbər) göndərmişdir. O, qüdrət, hökm və hikmət sahibidir.

4 Bu [peyğəmbərlik], Allahın istədiyi kəsə etdiyi bir lütfdür. Axı Allah böyük lütf sahibidir!

5 Tövratla yüklənmiş, sonra isə onu daşıya bilməyənlərin məsəli kitablarla yüklənmiş ulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan hesab edən belə bir camaatın halı necə də pisdir! Allah haqsız adamları düz yolla aparmaz!

6 De: "Ey yəhudilər, əgər siz başqa adamlardan Allaha daha yaxın olduğunuzu iddia edirsinizsə və əgər düz danışırsınızsa, onda ölümü arzulayın!"

7 Onlar isə öz əlləri ilə törətdikləri əməllərə görə onu heç vaxt arzulamazlar. Allah haqsızları yaxşı tanıyır!

8 De: "Sizin qaçdığınız ölüm sizi haqlayacaqdır. Sonra isə siz qeybi və aşkarı bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz işlərdən sizə xəbər verəcəkdir."

9 Еу iman gətirənlər, cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə [namaza] can atın və alış-verişi bir yana qoyun! Bu sizin üçün xeyirlidir, əgər bilsəniz.

10 Namaz bitdikdən sonra isə yer üzərində yayılıb Allahın lütfündən öz qismətinizi axtarın və Allahı tez-tez zikr edin ki, bəlkə uğura qovuşasınız!

11 Onlar isə bir ticarət və ya əyləncə görüncə səni (xütbə oxuyarkən) ayaq üstə qoyub oraya tələsdilər. De: "Allahın dərgahındakı (mükafat) əyləncədən də, ticarətdən də yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!"