Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/CASİYƏ SURƏSİ

Quran. CASİYƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz yeddi ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ha, Mim.

2. Bu Kitab qüdrət, hökm və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.

3. Həqiqətən, göylərdə və yerdə iman gətirənlər üçün ayələr vardır.

4. Sizin xəlq olunmağınızda və yer üzünə səpələdiyi heyvanların yaradılmasında inam bəsləyən adamlar üçün ayələr vardır,

5. eləcə də gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın səmadan endirdiyi ruzidə [yağışda] və onunla cansız torpağa həyat verməsində, küləkləri yönəltməsində ağıllı adamlar üçün ayələr vardır.

6. Bunlar, Allahın ayələridir. Biz onları sənin üçün haqq olaraq oxuyuruq. Allahın kəlamından və Onun ayələrindən başqa onlar hansı sözə inanarlar?

7. Vay hər bir yalançının, günahkarın halına!

8. O, Allahın onun üçün oxunan ayələrini eşidir, sonra isə sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inad edir. Onu üzücü əzab xəbəri ilə müjdələ.

9. O, Bizim ayələrimizdən bir şey öyrənərsə, onu məsxərəyə qoyar. Belələrinə rüsvayedici bir əzab vardır.

10. Onlar üçün arxada hələ cəhənnəm vardır. Onları nə qazandıqları şeylər, nə də Allahı qoyub özlərinə yaxın tutduqları himayəçiləri heç nədən qurtara bilməyəcəkdir. Onlar üçün böyük əzab vardır.

11. Bu [Quran] düz yol göstəricisidir. Öz Rəbbinin ayələrini inkar edənlərə iyrənc, üzücü bir əzab vardır.

12. Gəmilər orada Onun əmri ilə üzsün deyə və siz Onun müjdəsindən nəsibinizi axtarasınız deyə dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə siz şükr edəsiniz.

13. O, göylərdə və yerdə olan hər şeyi Özündən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Həqiqətən də bunda düşünən adamlar üçün dəlillər vardır!

14. İman gətirənlərə de ki, qoy onlar Allahın (cəza) günlərinin (gələcəyini) gözləməyənləri bağışlasınlar ki, O, insanlara öz qazandıqları (günah və savaba) görə haqq versin.

15. Kim əməlisaleh olarsa, özü üçün olar, kim pis əməl tutarsa, o, özünə qarşı olar. Sonra siz öz Rəbbinizə qaytarılacaqsınız.

16. Biz İsrail övladlarına Kitab, hökm və peyğəmbərlik bəxş etmişdik, onlara təmiz nemətlərdən ruzi vermişdik və onları aləmlər üzərində üstün etmişdik.

17. Biz onlara dinə dair aydın dəlillər gətirmişdik. Onlara bu bilgi gələndən sonra isə onlar öz aralarında ədavət üzündən ixtilafa düşdülər. Həqiqətən, sənin Rəbbin ixtilafa düşdükləri məsələlərə görə qiyamət günü onların arasında hökm verəcəkdir.

18. Sonra Biz səni dinin düz yoluna saldıq. O yolla get, (haqqı) bilməyənlərin həva-həvəsinə uyma!

19. Axı onlar səni azacıq da olsa, Allah (cəzasından) qurtara bilməzlər. Həqiqətən, haqsızlar bir-birilərinin himayəçiləridir. Allah isə müttəqilərin himayəçisidir.

20. Bu [Quran], insanlar üçün bəsirət gözləridir, (haqqa) yəqinliyi olan adamlar üçün yol göstəricisi, bir mərhəmətdir.

21. Yoxsa pis əməllər törədənlər elə hesab edirlər ki, həyat və ölümdə Biz onları iman gətirib əməlisaleh olanlarla eyni edəyəcəyik? Onlar nə pis mühakimə edirlər!

22. Allah göyləri və yeri yerli-yerində yaratmışdır ki, hər kəs öz qazandığının əvəzini alsın və onlara zülm edilməsin.

23. Sən həva-həvəsini özünə tanrı edən, Allahın özündəki bilgiyə görə azdırdığı, qulağına və ürəyinə möhür vurduğu, gözünə pərdə çəkdiyi kəsi gördünmü? Allahdan başqa ona kim yol göstərə bilər? Bir düşünüb daşınmazsınızmı?

24. Onlar deyərlər: "Bu [həyat], ancaq bu dünyadakı həyatımızdır. Kimimiz ölür, kimimiz yaşayır. Bizi ancaq zaman öldürür." Onların bu barədə heç bir bilgisi yoxdur, onlar ancaq zənnə qapılırlar.

25. Ayələrimiz onlara aydın bir şəkildə oxunan zaman onların: "Əgər siz düz deyirsinizsə, onda atalarımızı dirildib gətirini" - deməkdən başqa bəhanələri olmaz.

26. De: "Allah sizə həyat verir, sonra öldürür, sonra isə sizi (gəlməsinə) heç bir şübhə olmayan qiyamət günü bir yerə toplayacaqdır. Lakin insanların çoxu bilmir!”

27. Göylərin və yerin mülkü ancaq Allaha məxsusdur. Qiyamətin gələcəyi O gün isə (haqqı) yalan hesab edənlər uduzmuş olacaqlar.

28. Sən hər bir ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl dəftərinə tərəf çağınlacaqdır. (Onlara deyiləcəkdir): "Bu gün sizə tutmuş olduğunuz əməllərin əvəzi veriləcəkdir.

29. Bu, Bizim sizə həqiqəti deyən yazımızdır [əməl dəfləridir]. Şübhəsiz ki, Biz sizin tutduğunuz əməlləri (oraya) yazırdıq”

30. İman gətirib əməlisaleh olanlara gəlincə, Rəbbi onlan Öz mərhəmətinə daxil edər. Bu, açıq-aşkar uğurdur!

31. Kafirlərə gəlincə (onlara deyilər): "Məgər ayələrim sizə oxunmadı, siz də təkəbbür göstərib günahkar adamlar olmadınız?

32. Sizə: “Allahın vədi haqdır və qiyamət gününə şübhə yoxdur? - deyiləndə siz: “Biz qiyamət gününün nə olduğunu bilmirik, biz ancaq bəlzi zənlər qururuq və (buna) əmin deyilik." - deyirdiniz?

33. Tutmuş olduqları əməllərin pislikləri onların qarşısına çıxdı və ələ saldıqları (əzab) onları bürüdü.

34. Onlara deyilər "Bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi bu gün Biz də sizi unuduruq. Sizin yeriniz cəhənnəm odudur və sizə kömək edənlər də olmaz.

35. Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi şirnikdirib aldatdı." Bu gün onlar oradan çıxarılmazlar və onlardan üzrxahlıq da qəbul olunmaz.

36. Həmd göylərin Rəbbi, yerin Rəbbi, aləmlərin Rəbbi olan Allaha məxsusdur.

37. Göylərdə və yer üzündə böyüklük Onundur. O, qüdrət, hökm və hikmət sahibidir.