Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/DUXAN SURƏSİ

Quran. DUXAN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli doqquz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Ha, Mim

2 Aydın Kitaba and olsun!

3 Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən Biz öyüd-nəsihət verənik.

4 O gecədə hər bir hikmətli iş ayırd edilərək təsbit olunur,

5 Bizdən gələn əmr ilə. Həqiqətən də Biz (peyğəmbərlər) göndərənik

6 sənin Rəbbindən bir mərhəmət olaraq, - axı O, hər şeyi eşidəndir, biləndir! –

7 göylərin, yerin və onların arasında olanların Rəbbindən, əgər sizdə tam yəqinlik varsa.

8 Dirildən və öldürən, sizin və ata-babalarınızın Rəbbi olan Allahdan başqa bir tanrı yoxdur.

9 Lakin onlar (bu həqiqətə) şəkk-şübhə içərisində (istehza edib) əylənirlər.

10 Sən göyün açıq-aşkar tüstü verəcəyi günü gözlə.

11 O, insanları bürüyəcəkdir. (İnsanlar deyəcəklər): “Bu, üzücü bir əzabdır.

12 Rəbbimiz! Bu əzabı üzərimizdən götür, axı biz möminlərik!"

13 (Vaxtilə) onlara gerçəyi açıqlayan bir peyğəmbər gəlmiş olduğu halda, bəs onlara edilmiş öyüd-nəsihət necə oldu?!

14 Sonra onlar peyğəmbərdən üz döndərib demişlər: "Öyrədilmişdir, divanədir!"

15 Biz o əzabı az bir müddətə üzərinizdən götürərik. Siz isə (yenidən küfrə) qayıdacaqsınız.

16 Ağır zərbə ilə yaxalayacağımız gün isə Biz onların cəzasını verəcəyik.

17 Onlardan əvvəl Biz Firon tayfasını da sınamışdıq; onların yanına möhtərəm bir peyğəmbər gəlib

18 demişdi: "Allahın bəndələrini menə qaytarın, mən sizin üçün etibarlı bir peyğəmbərəm.

19 Allaha qarşı çıxmayın, axı mən sizə aydın bir dəlil gətirmişəm.

20 Mən Rəbbimə, Rəbbinizə pənah aparıram ki, məni daşa basmayasınız.

21 Əgər siz mənə inanmırsınızsa, onda məndən uzaq olun."

22 O, öz Rəbbini səslədi: "Bunlar günahkar adamlardır!"

23 (Allah dedi): "Sən Mənim bəndələrimi gecə ikən yola çıxar, şübhəsiz ki, siz təqib ediləcəksiniz.

24 Dənizi rahat keçərək (əsanla orada açdığın yolu olduğu kimi qoyub get). Onlar suda qərq olunası qoşundur.”

25 Onlar neçə-neçə bağlar, çeşmələr qoyub-getdilər,

26 əkinlər, gözəl iqamətgahlar,

27 içərisində həzz aldıqları nemətlər!

28 Bax belə! Biz bunlara başqa adamları varis etdik.

29 Onlar üçün isə nə göy ağladı, nə də yer, onlara möhlət də verilmədi.

30 Biz İsrail övladlarını rüsvayedici əzabdan qurtardıq -

31 Firondan. O, özünü yüksək tutan, həddini aşanlardan idi.

32 Biz onları [İsrail övladlarını] bilərəkdən aləmlər üzərində üstün etdik.

33 Biz onlara içərisində aydın sınaq olan möcüzələr bəxş etdik.

34 Bu kafirlər isə belə deyirlər:

35 Bizim bu (dünyadakı) ölümümüzdən başqası yoxdur və biz bir də dirildilməyəcəyik!

36 Əgər düz deyirsinizsə, onda atalarımızı gətirin."

37 Bunlarmı yaxşıdır [üstündür], yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik, axı onlar günahkar idilər.

38 Biz göyləri, yeri və arasında olanları əylənərək [oyuncaq] yaratmadıq.

39 Biz onları ancaq haqq ratdıq, lakin onların çoxu bilmir.

40 Ayırd ediləcək gün [qiyamət günü] onların hamısının (bir yerə toplanılacaqları) vaxtdır.

41 O günü dostun dosta heç bir şeydə faydası olmayacaqdır və onlara kömək də olunmayacaqdır

42 ancaq Allahın rəhm etdiyi kəslərdən başqa. Axı O, qüdrətlidir, rəhmlidir!

43 Şübhəsiz ki, zəqqum ağacı

44 günahkarların yeməyidir,

45 ərinmiş mis kimi qarınlarında qaynar,

46 suyun qaynaması kimi.

47 (Cəhənnəm gözətçisinə əmr olunacaqdır): “Onu götürün və cəhənnəmin ortasına sürüyün,

48 sonra isə əzabı artırmaq üçün başına qaynar su endirin

49 (və deyin:) "dad, axı sən (iddiana görə) qüdrətli, kəramətli idin!

50 Bax sizin şübhə etdiyiniz - budur!"

51 Müttəqilər isə təhlükəsiz bir yerdə -

52 bağlar içində və bulaq başında olacaqlar.

53 Onlar atlas və qumaşdan paltar geyinib üzbəüz oturarlar.

54 Bax belə! Biz onları irigözlü hurilərlə evləndirərik.

55 Onlar orada əmin-amanlıq içərisində hər cür meyvələr istərlər.

56 Orada onlar ilk ölümdən başqa bir ölüm dadmazlar. O, onları cəhənnəm əzabından qorumuşdur.

57 Bunlar Sənin Rəbbinin bir lütfüdür. Bu, böyük uğurdur!

58 Biz onu [Quranı] sənin dilində (nazil edərək) asanlaşdırırıq ki, bəlkə onlar öyüd-nəsihət alalar.

59 Sən gözlə, onlar da gözləyirlər.