Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FATİR SURƏSİ
Quran. FATİR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(qırx beş ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1. Göylərin və yerin yaradıcısı, mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha həmd olsun. O, məxluqatda istədiyi şeyi artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.
2. Allahın insanlar üçün açdığı hər hansı bir mərhəməti tutub saxlayan olmaz və nəyi ki, O tutub saxlayır, Ondan sonra onu göndərən olmaz. O, qüdrət, hökm və hikmət sahibidir.
3. Ey insanlar, Allahın sizə etdiyi yaxşılıqları yada salın! Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa tanrı yoxdur. Siz necə olur ki, döndərilirsiniz?
4. Əgər onlar səni yalançı hesab edirlərsə (bil ki,) səndən əvvəlki peyğəmbərlər də yalançı hesab olunublar. Bütün işlər Allaha qayıdır.
5. Ey insanlar, həqiqətən, Allahın vədi haqdır. Qoy bu dünya həyatı sizi şirnikdirib aldatmasın. Qoy o aldadıcı [şeytan] sizi Allahın (əvf edəcəyinə arxayın edib) aldatmasın.
6. Həqiqətən, şeytan sizə düşməndir, siz də onu düşmən hesab edin. O öz tərəfdarlarını cəhənnəmliklərdən olmaları üçün çağırır.
7. Kafirlərə şiddətli bir əzab, iman gətirib əməlisaleh olanlara isə bağışlanma və böyük bir mükafat vardır.
8. Məgər (əməlisaleh olanlar) pis əməlləri özləri üçün bəzədilmiş və onu yaxşı əməl hesab edən kəslər kimidir? Həqiqətən, Allah istədiyi kəsi yoldan azdırır və istədiyi kəsi düz yolla aparır. Sən onlardan ötrü özünü üzmə. Həqiqətən, Allah onların nə törətdiklərini bilir.
9. Küləkləri göndərib onlarla buludları hərəkətə gətirən Allahdır. Sonra Biz onları cansız bir diyara sürüb bununla torpağı ölümündən sonra dirildirik. Diriltmə də belədir.
10. Kim qüdrət və qüvvət istərsə (bilsin ki,) qüdrət və qüvvət bütünlüklə Allaha məxsusdur. Gözəl sözlər Ona yüksəlir. Gözəl sözləri də xeyir əməllər yüksəldir. Hiylə işlədib pis əməllər törədənlərə isə şiddətli əzab olacaqdır. Onların işlətdikləri hiylə boşa çıxacaqdır.
11. Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra isə sizi cüt-cüt [qadın və kişi] etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə, nə də azad ola bilər. Hər bir canlının ömrünün uzun və qısa olması mütləq Kitabda [lövhü-məhfuzda] vardır. Həqiqətən də bu, Allah üçün asandır.
12. İki dəniz eyni deyildir. Biri şirin, dadlı, içmək üçün rahatdır, digəri isə duzlu, acıdır. Siz hər birindən təzə ətlə qidalanırsınız və oradan taxdığınız zinətləri çıxarırsınız. Sən orada cövlan edən gəmiləri görürsən. Bu da Onun lütfündən (ruzi) axtarıb tapa bilməniz üçündür ki, bəlkə şükr edəsiniz.
13. O, tədricən gecəni gündüzlə və gündüzü gecəylə silib əvəz edir. O, günəşi və ayı (Öz əmrinə) tabe etmişdir. Hər biri müəyyən olunmuş vaxta [qiyamətə] qədər hərəkətdə olacaqdır. Bunları edən Allah sizin Rəbbinizdir. Mülk Onundur. Ondan başqasına ibadət etdikləriniz isə xurma çərdəyinin pərdəsinə belə sahib deyildirlər.
14. Siz onları çağırsanız, onlar sizin çağırışı eşitməzlər, eşitsələr də sizə cavab verməzlər və qiyamət günü sizin onları Allaha şərik qoşmanızı danarlar. Hər şeydən xəbəri olan [Allah] kimi heç kəs səni xəbərdar edə bilməz.
15. Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə ehtiyacsız olandır, tərifəlayiq olandır.
16. Əgər O istəsə, sizi yox edib yerinizə yeni bir xalq gətirər.
17. Bu, Allah üçün çətin deyildir.
18. Heç bir günahkar başqa birisinin günah yükünü daşımaz. Əgər günah yükü ağır olan bir kimsə onu daşımaq üçün (başqasını) çağırsa, o, lap yaxın qohum olsa belə, bu yükdən heç nə daşıya bilməz. Sən ancaq görmədikləri halda öz Rəbbindən qorxan və namaz qılanlara öyüd-nəsihət verirsən. Kim (günahlardan) təmizlənirsə, özü üçün təmizlənir. Son dönüş Allahadır.
19. Kor və görən eyni deyildir,
20. zülmətlər və işıq da,
21. kölgə və isti də.
22. Dirilər də ölülərlə eyni deyildirlər. Allah istədiyi kəslərə eşitdirir. Sən isə qəbirdəkilərə eşitdirə bilməzsən,
23. sən ancaq bir öyüd-nəsihətçisən.
24. Biz səni haqq ilə bir müjdəçi, öyüd-nəsihətçi olaraq göndərdik. Elə bir millət yoxdur ki, onun içərisində bir öyüd-nəsihətçisi olmasın.
25. Əgər onlar səni yalançı hesab etsələr (bil ki,) onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişlər. Halbuki peyğəmbərləri onlara aydın dəlillər və işıqlı Kitab gətirmişdilər.
26. Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Bir gör) Mənim (onları) inkar etməm necə oldu!
27. Məgər sən Allahın göydən necə su endirdiyini görmədinmi? Biz onunla rəngbərəng meyvələr yetirdik. Dağlarda isə müxtəlif rəngli - ağ, qırmızı və qapqara zolaqlar (yaratdıq).
28. İnsanlar, heyvanlar və mal-qara arasında da müxtəlif rənglisi vardır. Bəndələri içərisində ancaq alimlər [Allahın hökm və hikmətlərini bilənlər] Allahdan qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
29. Allahın Kitabını oxuyanlar, namaz qılanlar, verdiyimiz ruzidən gizli və aşkar sərf edənlər heç vaxt itib-batmayacaq bir ticarət ümidindədirlər
30. ki, O, onlara əvəzlərini tam olaraq versin və onlar üçün Öz lütfünü artırsın, həqiqətən, O, bağışlayandır, şükrə əvəz verəndir.
31. Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri bir təsdiqləyici olaraq (gələn) haqdır. Həqiqətən, Allah Öz bəndələrindən xəbərdardır, (hər şeyi) görəndir.
32. Sonra Biz Kitabı bəndələrimiz içərisindən seçdiyimiz kəslərə miras etdik. Onlardan kimi özünə zülm edər, kimi orta yol tutar, kimi də Allahın izni ilə xeyir əməllərdə öndə gedər. Bu, (Allahın) böyük lütfüdür.
33. (Onların mükafatları) içərisinə girəcəkləri Ədn [cənnət] bağlarıdır. Orada qızıl qolbaqlar və mirvari ilə bəzənəcəklər və orada geyimləri də ipəkdən olacaqdır.
34. Onlar deyəcəklər: "Bizdən hüzn-kədəri uzaqlaşdıran Allaha təriflər olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrə əvəz verəndir.
35. O, Öz lütfü ilə bizi (əbədiyyət) evində yerləşdirdi. Orada bizə nə bir yorğunluq, nə bir usanmaq toxunar."
36. Kafirlərə cəhənnəm odu olacaqdır. Orada nə onlara (ölüm) hökmü verilər ki, (ölüb canlan qurtarsın), nə də cəhənnəm odunun əzabı onlar üçün yüngülləşdirilər. Hər bir kafiri Biz belə cəzalandırarıq.
37. Onlar orada fəryad qopararaq: "Rəbbimiz, bizi (buradan) çıxart. Biz tutmuş olduğumuz əməlləri yox, xeyir işlər görərik." - deyərlər. (Onlara isə deyilər): "Biz sizə düşünüb daşınan bir kəsin düşünüb daşına biləyəci qədər bir ömür vermədikmi? Sizə xəbərdarlıq edən öyüd- nəsihətçi də gəlmişdi. Elə isə (əzabı) dadın! Haqsızlara heç bir kömək edən olmaz."
38. Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir. O, ürəklərin içində olanları da biləndir.
39. Yer üzündə sizi (bir-birinin ardınca) xələflər edən Odur. Kim küfr edərsə küfrü öz ziyanınadır. Kafirlərin inkar etməsi onların Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. İnkar etmələri kafirlər üçün ancaq ziyanı artırar.
40. De: "Siz Allahı qoyub ibadət etdiyiniz şərikləri gördünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaratmışlar? Yoxsa göylərin (yaradılmasında Allahla) ortaqlıqları olub? Və yaxud onlara elə bir Kitab bəxş etmişik ki, onlar üçün onda aşkar bir dəlil olsun?" Yox! Haqsızlar bir-birilərinə ancaq yalan vəd verirlər.
41. Həqiqətən, Allah göyləri və yeri (öz yerlərindən qopub) zavala uğramasınlar deyə, tutub saxlayır. And olsun ki, əgər onlar öz yerlərindən qopacaq olsalar Ondan başqa heç kim onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir, bağışlayandır.
42. Onlara bir öyüd-nəsihətçi gələrsə, hər hansı bir ümmətdən daha doğru yol tutacaqlarına ən böyük andları ilə Allaha and içdilər. Onlara öyüd-nəsihətçi gələndə isə bu, onlarda yalnız nifrəti artırdı.
43. Bu da onların yer üzündə təkəbbürlü olmaları və pis əməllərə qurşanmaları ucbatından idi. Pis əməllərin zərəri isə yalnız onu törədənlərə dəyər. Onlar əvvəlkilərin başına gələnlərdən bir başqasını gözləmirlər. Sən Allahın qayda-qanunlarında heç vaxt bir dəyişiklik tapa bilməzsən. Allahın qayda-qanunlarının yönünün dəyişdiyini də görə bilməzsən.
44. Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Axı onlar bunlardan da güclü, qüvvətli idilər. Göylərdə və yerdə heç nə Allahı zəif sala bilməz. O, hər şeyi biləndir, hər şeyə qadirdir.
45. Əgər Allah insanlara kəsb etdikləri (günahlara) görə (tez) cəza vermək (istəsəydi), onda yer üzündə bir canlı belə qoymazdı. Lakin O, onlara müəyyən olunmuş vaxta qədər möhlət verir. Vaxtları çatanda isə, axı Allah Öz bəndələrini görür.