Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FURQAN SURƏSİ
Quran. FURQAN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yetmiş yeddi ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1. Aləmlərə bir xəbərdarlıq edən olsun deyə Öz bəndəsinə [Məhəmmədə] Furqanı [haqqı batildən ayıran Quran] nazil edən [Allah] nə qədər də ucadır!
2. O, o kəsdir ki, göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə bir övlad götürməmişdir və mülkdə heç kim Ona şərik olmamışdır. O, hər şeyi yaradıb onun üçün lazımi nizam müəyyən etmişdir.
3. Onlar isə Onu qoyub özlərinə elə tanrılar götürüblər ki, onlar heç bir şey yaratmır, özləri yaradılanlardır, özləri üçün nə bir zərərə, nə bir xeyrə malikdirlər, nə öldürməyə, nə həyat verməyə, nə də diriltməyə qadirdirlər.
4. Kafirlər: "Bu, onun uydurduğu yalandan başqa bir şey deyildir və bunda ona başqa adamlar da kömək ediblər." -deyərək beləcə haqsızlığa və təhrifə yol verdilər.
5. Onlar dedilər "Bu, əvvəlkilərin əfsanələridir. O isə onların üzünü köçürtmüş və onlar səhər-axşam onun üçün oxunur."
6. De: “Onu göylərdə və yerdə olan sirləri bilən nazil etmişdir. O, bağışlayandır, rəhmlidir."
7. Onlar dedilər: “Bu, necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Olmazdımı ki, ona bir mələk nazil ediləydi və o, onunla birlikdə xəbərdar edən [onu təsdiq edən] olaydı?
8. Yaxud ona (səmadan) bir xəzinə endiriləydi, yaxud da onun elə bir bağı olaydı ki, o, oradan yeyəydi?" Haqsızlar dedilər: "Siz ancaq cadulanmış [ağlını itirmiş] bir adamın ardınca gedirsiniz."
9. Gör bir onlar səni nəyə bənzətdilər! Onlar yoldan azdılar və daha bir yol tapa bilməzlər.
10. İstədikdə, sənin üçün bundan da yaxşısını - dibindən çaylar axan cənnət bağları yaradan və sənin üçün qəsrlər quran (Allah) nə qədər ucadır!
11. Onlar isə qiyaməti də yalan hesab etdilər. Biz də qiyaməti yalan hesab edənlər üçün cəhənnəm odu hazırladıq.
12. O [od], uzaq məsafədən onları görəndə onlar onun qəzəbli səsini və uğultusunu eşidərlər.
13. Onlar əl-ayaqları bağlı halda oradakı dar bir yerə atılmış olanda orada ölümü çağırarlar.
14. (Onlara deyilər): "Bu gün bir ölüm çağırmayın, çoxlu ölüm çağırın!"
15. De: "Bumu daha yaxşıdır, yoxsa müttəqilərə vəd olunmuş mükafat və sığınacaq olan əbədiyyət bağı?"
16. Onların əbədi qalacaqları bu yerdə nə istəsələr vardır. Bu, sənin Rəbbindən dilənilən bir vəddir.
17. O günü O, onları və onlann Allahdan savayı ibadət etdiklərini toplayacaq və deyəcəkdir: “Mənim bu bəndələrimi sizmi yoldan çıxartdınız, yoxsa onlar özləri yolu azdılar?”
18. Onlar deyəcəklər “Sənə təriflər olsun! Biz özümüzə Səndən başqa himayəçilər götürməməliydik. Lakin sən onlara və atalarına elə xoş və uzun güzəran verdin ki, onlar Zikri [öyüd-nəsihəti, xəbərdarlığı] belə unutdular və məhvə məhkum adamlar oldular.”
19. (Allah kafirlərə dedi): “Onlar [bütlər] dediklərinizə görə sizi yalançı çıxardılar. Artıq siz (əzabı) nə dəf edə bilər, nə də bir kömək ala bilərsiniz. Sizlərdən kim haqsızlıq edərsə, ona böyük bir əzab daddırarıq.”
20. Səndən əvvəl də ancaq yemək yeyən və bazarlarda gəzib dolaşan peyğəmbərlər göndərmişdik. Biz sizi bir-biriniz üçün (varlılıqda və yoxsulluqda, sağlamlıqda və xəstəlikdə) sınaq etdik ki, görək dözəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
21. Bizim hüzurumuza gələcəklərini güman etməyənlər dedilər: "(Məhəmmədin peyğəmbərliyini təsdiq etmək üçün) bizə mələklər nazil ediləydi, yaxud biz öz Rəbbimizi görəydik." Onlar özləri barədə yüksək fikirdə oldular və böyük lovğalıq etdilər.
22. Onlar mələkləri görəcəkləri gün - o gündə günahkarlar üçün (cənnət) müjdəsi olmayacaqdır və onlar [mələklər] deyəcəklər "Bu, [müjdə] sizə qəti qadağandır."
23. Biz onlann tutduqları əməlləri götürüb sovrulan zərrəciklərə çevirdik.
24. O günü cənnət əhlinin qalacaqları yer daha yaxşı və dincələcəkləri guşə daha gözəl olacaqdır.
25. O günü göy buludlarla parça-parça olacaqdır və mələklər (dəstə- dəstə) yerə endiriləcəklər.
26. O günü bütün hökmranlıq haqq olaraq Mərhəmətlinin olacaq və o günü kafirlər üçün ağır olacaqdır.
27. O günü haqsız kəs öz əllərini dişləyərək deyəcəkdir: "Kaş mən peyğəmbərlə birgə yol tutaydım!
28. Vay halıma! Kaş filan-filan olmuşu özümə dost götürməyəydim!
29. Zikr [Quran] mənə gəldikdən sonra o, məni ondan yayındırdı. Doğurdan da şeytan (bərk ayaqda) insanı qoyubqaçar.
30. Peyğəmbər də deyəcəkdir: "Ey Rəbbim! Mənim camaatım bu Quranı tərk edilmiş (gərəksiz bir şey kimi) qəbul etdilər."
31. Bax beləcə hər bir peyğəmbər üçün günahkarlardan bir düşmən düzəltdik. Sənin Rəbbin yol göstərən və köməkçi kimi kifayətdir.
32. Kafirlər dedilər: "Olmazdımı ki, Quran ona bir dəfəyə nazil olunaydı." Belə oldu [hissə-hissə endirildi] və yavaş-yavaş oxundu ki, Biz onunla sənin ürəyinə səbat verək.
33. Onlar sənə elə bir məsəl çəkməzlər ki, Biz (ona cavab olaraq) sənə haqqı və daha yaxşı yozumu olanı gətirməyək.
34. Üzləri üstə cəhənnəmə toplanılacaq kəslər məkanca daha pis və yolca daha çox azmışlardır.
35. Biz Musaya Kitabı bəxş etdik və qardaşı Harunu ona vəzir [köməkçi] etdik
36. və dedik: "Ayələrimizi yalan hesab etmiş adamların yanına gedin." Biz onları tamamilə məhv etdik.
37. Peyğəmbərləri yalançı hesab etdikləri zaman Nuh camaatını da (məhv etdik). Onları suya qərq etdik və onları insanlar üçün bir ibrət etdik. Biz haqsızlar üçün üzücü bir əzab hazırlamışıq.
38. Adı da, Səmudu da, Rass sakinlərini də və bunların arasındakı çoxlu nəsilləri də (məhv etdik).
39. Biz onların hamısına misallar gətirmişdik və hamısını da qırıb məhv etdik.
40. Onlar üzərinə bəla yağmuru yağmış məmləkətin yanından keçmişdilər. Məgər onlar onu görmədilər? Xeyr, onlar dirilməyi güman etmirdilər.
41. Onlar səni görəndə ancaq məsxərəyə qoyub deyərlər "Doğrudanmı bu, Allahın göndərdiyi peyğəmbərdir?
42. Əgər Biz tanrılarımıza qarşı səbrli olmasaydıq, o, az qala bizi onlardan döndərəcəkdi." Onlar əzabı görən zaman kimin yolu daha çox azdığını biləcəklər.
43. Sən öz həva-həvəsini özünə tanrı etmiş kəsi gördünmü? Məgər sən ona zamin olarsan?
44. Yoxsa sən elə hesab edirsən ki, onların əksəriyyəti söz eşidib anlayır? Onlar ancaq heyvanlar kimidirlər, hətta yolu daha çox azıblar.
45. Məgər sən öz Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O, istəsəydi, onu donub qalmış halda saxlardı. Sonra, Biz günəşi onun üçün [kölgənin əmələ gəlməsi və vəziyyəti üçün] göstərici etdik.
46. Sonra isə Biz onu yavaş-yavaş çəkib apardıq.
47. Gecəni sizin üçün libas, yuxunu rahatlıq və gündüzü fəallıq vaxtı edən Odur.
48. Küləkləri Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən də Odur. Biz səmadan təmiz su endirdik
49. ki, ölü bir diyarı onunla cana gətirək, xəlq etdiyimiz mal-heyvana və insanlara ondan bolluca su içirdək.
50. Biz onu [suyu] onların arasında paylaşdırdıq ki, (bu neməti) yad etsinlər. İnsanların çoxu isə nankorluq göstərərək belə etmədi.
51. Biz əgər istəsəydik, hər bir məmləkət üçün bir öyüd-nəsihət verən göndərərdik.
52. Sən kafirlərin sözünə uyma və onlara qarşı bununla [Quranla] böyük cihad [mübarizə] apar.
53. Birinin suyu çox şirin, digərininki, çox şor olan iki dənizi qovuşduran və aralarında bir maneə, keçilməz bir sədd yaradan Odur.
54. Sudan insan xəlq edən və onun üçün kişi tərəfdən və qadın tərəfdən qohum yaradan Odur. Sənin Rəbbin hər şeyə qadirdir.
55. Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə bir ziyanı olana ibadət edirlər. Kafir öz Rəbbinin əleyhinə (şeytana) köməkçidir.
56. Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərmişik.
57. De: "Mən bunun üçün sizdən istəyən kəsin öz Rəbbinə tərəf yol tutmasından başqa heç bir haqq istəmirəm.”
58. Heç vaxt ölməyən həmişəyaşara [Allaha] təvəkkül et və Ona həmd edərək təriflər de. Onun Öz bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
59. Göyləri, yeri və bunların arasında olanları altı günə yaradan, sonra isə ərşdə qərar tutub hökm edən mərhəmətli Allahdır. Onun haqqında biləndən soruş.
60. Onlara: "Mərhəmətliyə [Allaha] səcdə edin." - dedikdə, onlar "Mərhəmətli nə olan şeydir? Məgər biz sənin əmr etdiyinə səcdə etməliyik?" - deyərlər. Bu, onları (haqdan) daha da uzaqlaşdırdı.
61. Səmada bürclər quran və orada bir çıraq [Günəş] və parlaq bir ay düzəldən nə qədər ucadır!
62. (Həmişə Allahı) yad etmək istəyənlər və ya (nemətlərinə) şükr etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən Odur.
63. Mərhəmətli Allahın bəndələri yer üzündə sakit tərzdə, təkəbbürsüz gəzənlərdir və cahillər onlara müraciət edəndə (onlan xoşagəlməz söhbətdən yayındırmaq üçün onlara): Salam! - deyərlər.
64. Onlar gecələrini öz Rəbbi üçün səcdə edib qalxmaqda [namazda] keçirərlər.
65. Onlar deyərlər "Rəbbimiz, cəhənnəm əzabını bizdən kənar et! Axı onun əzabı tükənən deyildir.”
66. Doğrudan da o, nə pis qərar tutmalı yer, nə pis bir məskəndir!
67. Onlar xərcləyəndə nə israfçılıq, nə də xəsislik edərlər, bunların arasında orta bir yol tutarlar.
68. Onlar Allahla yanaşı başqa tanrıya ibadət etməzlər, (öldürülməsi) haqq olan kəsdən başqa (öldürülməsini) Allahın qadağan etdiyi bir kəsi öldürməzlər və zinakarlıq etməzlər. Kim bunu edərsə, cəza ilə üzləşər.
69. Qiyamət günü ona ikiqat əzab verilər və o, orada (əzab içində) həqir bir vəziyyətdə əbədi qalar,
70. tövbə edib iman gətirən və əməlisaleh olanlardan başqa. Allah bunların pis əməllərini yaxşılan ilə əvəz edər. Axı Allah bağışlayandır, rəhmlidir.
71. Kim tövbə edib əməlisaleh olarsa, o, Allaha doğru üz tutmuş olar.
72. Onlar yalandan şahidlik etməzlər. Bir yerdən keçərkən boş söz- söhbət eşidəndə (əhəmiyyət verməyib) ləyaqətlə ötüb keçərlər.
73. Onlara öz Rəbbinin ayələri xatırladıldıqca özlərini o ayələrə qarşı kar və kor kimi aparmazlar.
74. Onlar deyərlər; "Rəbbimiz, bizə gözlərimizi aydınlaşdıracaq [sevinc - bəxş edəcək] arvadlar və övladlar bəxş et və bizi müttəqilər üçün başçı et!".
75. Onlar səbr etdiklərinə görə yüksək məqamla mükafatlandırılacaq və orada ehtiramla və salamla qarşılanacaqlar.
76. Onlar orada əbədi qalacaqlar. Nə gözəl qərar tutulası yer, nə gözəl məskəndir!
77. De: "Əgər siz Rəbbimə ibadət etmirsinizsə, O da sizə diqqət yetirməz. Siz (peyğəmbəri, Quranı) yalan hesab etdiniz. Odur ki, (əzab) yaxanızdan əl çəkməyəcəkdir.