Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HƏCC SURƏSİ

Quran. HƏCC SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yetmiş səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Ey insanlar! Öz Rəbbinizdən qorxun! Həqiqətən də qiyamət günü olacaq zəlzələ dəhşətli şeydir.

2. O günü siz onu [zəlzələni] görəndə hər süd verən (ana) əmizdirdiyini [balasını] unudacaq, hər hamilə (qadın) boynundakını salacaq, insanlar sərxoş olmadıqları halda onları (qorxudan) sərxoş kimi görəcəksən. Lakin bütün bunlar Allahın şiddətli əzabındandır!

3. insanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah barəsində mübahisə edir və hər bir asi şeytanın ardınca gedir.

4. Onun [şeytanın] haqqında yazılmışdır ki, kim onun ardınca gedərsə, o, onu yoldan çıxarar və odun əzabına doğru aparar.

5. Ey insanlar! Əgər sizin dirilmə barəsində şəkk-şübhəniz varsa (yadınıza salın ki,) axı Biz sizi torpaqdan, sonra bir nütfədən, sonra döllənmiş toxumdan, sonra isə bir şəklə salınmış və salınmamış ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir müddətə qədər saxlayır, sonra isə körpə uşaq şəklində sizi çıxarırıq ki, bundan sonra siz hədd-buluğa çatasınız. Sizlərdən eləsi var ki, vəfat edir, eləsi də var ki, ömrün ən rəzil çağına [sanki uşaqlıq çağına] qaytarılır ki, daha onda bildiklərindən sonra heç bir şey bilməsin. Sən torpağı cansız görürsən. Biz ona su endirdikdə o, cana gəlir, qabarır və hər cür gözəl cütlər [cürbəcür bitkilər] bitirir.

6. Bu ona görədir ki, Allah haqdır, O, ölüləri dirildir və O, hər şeyə qadirdir.

7. Qiyamət gələcəkdir, buna heç bir şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcəkdir.

8. İnsanlardan eləsi də var ki, heç bir biliyi, yol göstəricisi, nə də (yolunu) işıqlandıran bir kitabı olmadan Allah barəsində mübahisə edir,

9. boynunu o yan bu yana əyərək təkəbbür göstərir ki, (insanları) Allahın yolundan çıxarsın. Bu dünyada onun üçün rüsvayçılıq vardır, qiyamət günü isə Biz ona atəş əzabını daddıracağıq.

10. Ona deyiləcəkdir: "Bu, sənin əllərinin (əvvəllər) etdiyi əməllərə görədir, yoxsa Allah Öz bəndələrinə haqsızlıq edən deyildir."

11. insanlardan eləsi də var ki, Allaha sanki uçurum kənarında [şəkk və tərəddüdlə] ibadət edər. Ona bir xeyir iş üz verərsə, bununla rahatlıq tapar, əgər bir bəla üz verərsə o, tərsinə [küfrə] dönər və bu dünyasını da, axirəti də itirər. Bu, aşkar itkidir.

12. O, Allahı qoyub, özünə nə bir zərəri, nə də bir xeyri olana [bütə] ibadət edər, - bu, dərin bir yanılmadır, -

13. zərəri xeyrindən daha yaxın olana ibadət edər. Nə pis bir himayəçi, nə pis bir sirdaş!

14. Allah iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edər. Doğrudan da Allah istədiyini edir.

15. Kim elə zənn edirsə ki, Allah bu dünyada və axirətdə ona [Məhəmmədə] yardım etməyəcəkdir, qoy səmaya [tavana] bir ip salıb (boynuna keçirsin), sonra (ayağını yerdən) üzsün və onda görsün ki, onun bu məkrli tədbiri öz qəzəbinə səbəb olan şeyi [Allahın Məhəmmədə yardımını] yox edə biləcəkmi?

16. Biz onu [Quranı] beləcə aydın ayələr şəklində nazil etdik ki, Allah istədiyi kəsə düz yol göstərsin.

17. Həqiqətən, Allah möminləri, yəhudiləri, sabi'iləri, xaçpərəstləri, atəşpərəstləri və Allaha şərik qoşanları qiyamət günü bir-birindən ayıracaqdır. Həqiqətən, Allah hər şeyə şahiddir.

18. Məgər sən göylərdə və yerdə olanlann-günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və çoxlu insanın Allaha səcdə etdiklərini görmürsən? Bir çoxu da əzaba məhkumdur. Allahın alçaltdığı kimsəni heç kim xoşbəxt edə bilməz. Allah istədiyini edir.

19. Bunlar [möminlər və kafirlər] öz Rəbbi barəsində (bir-birilə) münaqişədə olan iki düşməndir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarının üstünə qaynar su endirilib töküləcək

20. və bununla onların içlərində olanlar və dəriləri əriyəcəkdir.

21. Onlar üçün dəmirdən böyük dəyənəklər vardır.

22. Onlar hər dəfə iztiraba görə oradan çıxmaq istəyəndə yenə oraya qaytarılacaqlar: "Atəş əzabını dadın!" - deyiləcək.

23. Həqiqətən, Allah iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl qolbaqlarla və mirvarilərlə bəzədiləcəklər. Orada paltarları ipəkdən olacaqdır.

24. Axı onlar sözün yaxşısına yönəldilmişlər, axı onlar (Allahın) tərifəlayiq yoluna salınmışlar.

25. Kafirlərə, Allahın yolundan çıxaranlara və adamlar üçün, istər yerli olsun, istər gəlmə - qurduğumuz Məscidul-Həramdan yayındıranlara və orada haqsızlıq etməklə haqdan dönmək istəyənlərə əzab daddırarıq.

26. O zaman biz İbrahim üçün Evin [Kəbənin] yerini hazırlayıb (dedik): "Heç nəyi Mənə şərik qoşma! Təvvaf edənlər üçün, orada olanlar və diz çöküb səcdə edənlər üçün Evimi (bütlərdən) təmizlə!"

27. İnsanlara həcc barəsində car çək ki, onlar sənin yanına piyada və haldan düşmüş (dəvələr) üzərində yerlərdən gələrək

28. öz xeyirlərinin şahidi olsunlar və Onun onlara verdiyi (qurbanlıq) heyvanların başı üstündə məlum günlərdə Allahın adını zikr etsinlər. Siz də onlardan yeyin, bədbəxt kasıbları da yedirin!

29. Sonra isə özlərindəki əyər-əksikləri [saç, dırnaq, çirki] aradan qaldırsınlar, nəzirlərini tam versinlər və Beytul-ətiqin [Kəbənin] ətrafına təvvaf etsinlər [dolansınlar].

30. Belə! Kim ki, Allahın qadağanlarına hörmətlə əməl edir, bu, Rəbbinin dərgahında onun üçün xeyirdir. Haqqında sizə oxunmuş [sadalanmış] heyvanlardan başqaları sizə halal buyrulmuşdur. Murdar bütlərdən uzaq olun! (Allah barəsində) uydurma sözlərdən çəkinin

31. Allaha sədaqət göstərərək və Ona şərik qoşmayaraq. Allaha şərik qoşan sanki göydən düşər, onu quşlar tutar və ya külək uzaq bir yerə alıb aparar.

32. Belə! Allahın ayinlərini uca tutanlar isə, bu, ürəklərin (Allahdan) qorxmasına görədir.

33. Onlardan [mal-qaradan] sizə müəyyən bir müddətə qədər xeyirlər vardır, sonra isə onların yolu (qurbanlıq kimi) Beytul-ətiqədir.

34. Hər ümmət üçün bir qurbangah düzəltmişik ki, Allahın onlara verdiyi heyvanların başı üzərində Onun adını zikr etsinlər. Sizin tanrınız vahid bir tanrıdır. Ona ibadət edin. Sən də itaət edənlərə müjdə ver.

35. O kəslərə ki, Allahın adı çəkiləndə onların ürəkləri lərzəyə gəlir, başlarına gələnlərə dözürlər, namaz qılırlar və Bizim verdiyimiz ruzidən xərcləyirlər.

36. Biz o qurbanlıq (heyvanları) sizin üçün Allahın ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Səf-səf düzülmüş (qurbanlıq heyvanların) başı üzərində Allahın adını zikr edin. Böyürləri yerə dəyəndən [kəsiləndən] sonra isə onlardan yeyin, aza qane olanı və həya ilə istəyəni də yedirin. Biz onları sizə belə tabe etdik ki, bəlkə siz şükr edəsiniz.

37. Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva [Allahdan qorxma] çatacaqdır. O, onları sizə belə tabe etdi ki, sizi düz yola yönəltdiyinə görə Allahı uca tutasınız . Sən isə xeyir əməl tutanlara müjdə ver.

38. Şübhəsiz ki, Allah iman gətirənləri müdafiə edir. Allah (əmanətə) xəyanət və (nemətə) nankorluq edəni sevmir.

39. Kafirlərin vuruşduqlarına [möminlərə] izn verilmişdir ki, zülmə məruz qaldıqları üçün onlarla vuruşsunlar. Həqiqətən, Allah onlara kömək etməyə qadirdir.

40. O kəslərə ki, onlar ancaq: "Rəbbimiz Allahdır!" - dediklərinə görə haqsız olaraq obalarından çıxarılıblar. Əgər Allahın insanların bir qismini bir qismiylə dəf etməsi olmasaydı içərilərində Allahın adı bol- bol anılan monastrlar, kilsələr, (yəhudi) məbədləri və məscidlər dağıdılardı. Allah Ona tərəfdar olana yardım edər. Həqiqətən, Allah qüvvət, qüdrət sahibidir.

41. O kəslərə ki, əgər Biz onları yer üzündə yerləşdirsək onlar namaz qılar, zəkat verər, xeyir iş tutmağı buyurar və bəd əməllərdən saxlayarlar. Bütün işlərin şon nəticəsi Allaha aiddir.

42. Əgər onlar səni yalançı hesab edərlərsə, (bil ki,) onlardan əvvəl Nuhun camaatı, Ad, Səmud tayfaları da (peyğəmbərləri) yalançı hesab ediblər.

43. İbrahimin tayfası da, Lutun tayfası da,

44. Mədyən sakinləri də. Musa da yalançı hesab olundu. Mən kafirlərə möhlət verdim, sonra isə onlan yaxaladım. (Onların) Məni inkar etmələri gör necə oldu!

45. Neçə-neçə məmləkət vardı ki o məmləkət xalqı haqsızlıq etməkdə ikən biz onları məhv etdik. Onlann divarları (çökmüş) tavanları üzərinə yıxılmışdır. (Oralarda) neçə-neçə yiyəsiz quyu, (issız qalmış) ucaldılmış qəsr vardır.

46. Bir onlar yer üzünü gəzib dolaşmazlar ki, (olub keçənləri) ürəkləri ilə duyub, qulaqları ilə eşitsinlər? Əslində gözlər yox, sinələrdəki ürəklər kor olur.

47. Onlar əzabın tezləşməsi üçün səni tələsdirirlər. Lakin Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin dərgahındakı bir gün sizin saydığınızdan min il kimidir.

48. Mən neçə-neçə məmləkətə haqsız olduğu halda möhlət verdim, sonra isə onları yaxaladım. Son dönüş Mənədir.

49. De: "Ey insanlar! Mən sizin üçün ancaq aydın bir xəbərdarediciyəm."

50. iman gətirib əməlisaleh olanlar üçün bağışlanma və bol ruzi vardır.

51. Ayələrimizi (uydurma hesab etməyə) cəhd edərək (dini) zəif salacaqlarını güman edənlər isə cəhənnəmlikdirlər.

52. Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərmədik ki, o, bir iş görmək arzusunda olanda şeytan onun arzusuna (bir şey) qatmasın. Lakin Allah şeytanın qatdığını pozar, sonra isə Öz ayələrini möhkəmlədər - Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir! -

53. ki, şeytanın qatdığı şeyi ürəklərində mərəz olanlar və ürəkləri sərt olanlar üçün bir sınaq etsin - Axı haqsızlar dərin təfriqə içərisindədirlərl -

54. və bilik bəxş olunanlar bunun [Quranın] sənin Rəbbin tərəfindən bir haqq olduğunu bilsinlər, buna görə də ona inanıb ona ürəkdən bağlansınlar. Həqiqətən, Allah iman gətirənləri düz yola yönəldər.

55. Nə qədər ki, kafirlərə qiyamət günü qəflətən gəlməyib, faydasız günün əzabı gəlməyib, onlar onun [Quranın] barəsində şəkk-şübhə içərisində qalarlar.

56. O gün hökm Allahın olacaq və o, onların arasında hökm verəcəkdir. İman gətirib əməlisaleh olanlar Nə'im [cənnət] bağları içərisində olacaqlar.

57. Küfr edib Bizim ayələrimizi yalan hesab edənlərə isə rüsvayedici bir əzab olacaqdır.

58. Allah yolunda hicrət edənlərə, sonra isə öldürülən və ya ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı ruzi verəndir.

59. O, əlbəttə, onları razı qalacaqları yerə [cənnətə] daxil edəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir, həlimdir.

60. Belə! Kim məruz qaldığı təcavüzə eynilə cavab verərsə, sonra isə ona qarşı zülm edilərsə, Allah ona mütləq kömək edər. Axı Allah əfv edəndir, bağışlayandır.

61. Belə! Çünki Allah gecəni tədricən gündüzün içərisinə, gündüzü də gecənin içərisinə daxil etmək (qüdrətindədir). Allah hər şeyi eşidəndir, görəndir.

62. Belə! Çünki Allah haqdır. Ondan savayı ibadət edilənlər [bütlər] isə batildir. Allah ucadır, böyükdür.

63. Sən Allahın səmadan su endirdiyini və bununla yerin yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.

64. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Həqiqətən, Allah (heç kimə, heç nəyə) möhtac deyildir, tərifəlayiqdir.

65. Allahın yer üzündə olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizin üçün ram etdiyini və Onun izni olmadan yerə düşməsin deyə göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara ürəyiyanandır, rəhmlidir.

66. Sizə həyat verən Odur. Sonra O sizi öldürəcək, sonra da dirildəcəkdir. Həqiqətən, insan naşükürdür.

67. Biz hər millət üçün onun əməl edəcəyi bir ayin [şəriət] müəyyən etdik. Qoy onlar bu işdə səninlə mübahisə etməsinlər. Sən (onları) öz Rəbbinə tərəf çağır. Sən ki düz yoldasan!

68. Əgər onlar səninlə mübahisəyə girişsələr, de: "Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.

69. Sizin ixtilafda olduğunuz şeylər barəsində Allah qiyamət günü aranızda hökm verəcəkdir".

70. Məgər sən Allahın göylərdə və yerdə olanlardan xəbərdar olduğunu bilmirsən? Həqiqətən, bu, Kitabda [Lövhi-məfhuzda]dır və bu, Allah üçün asandır.

71. Onlar Allahı qoyub o şeyə ibadət edirlər ki, Allah ona heç bir dəlil endirməmişdir. Onların bu barədə xəbərləri də yoxdur. Haqsızlara kömək edən olmaz.

72. Bizim ayələrimiz onlara [kafirlərə] aydın şəkildə oxunduqda sən onların üzündə kin-küdurət sezirsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üzərinə hücum çəkələr. De: "Sizə bundan da pisi haqqında xəbər verimmi? Cəhənnəm odu! Allah onu kafirlərə vəd etmişdir. Nə pis bir dönüş yeri!"

73. Ey insanlar! (Sizə) bir misal çəkildi, indi ona qulaq asın: Allahdan başqa ibadət etdiyiniz kəslər [bütlər] bir milçək belə yarada bilməzlər, bunun üçün hamısı lap bir yerə yığışsa da. Əgər milçək onlardan bir şey götürüb aparsa, onlar onu ondan geri ala bilməzlər. İstəyən də acizdir, özündən istənilən də acizdir.

74. Onlar [müşriklər] Allahın haqqını qədərincə qiymətləndirə bilmədilər. Həqiqətən, Allah güclü və qüdrətlidir.

75. Allah mələklərdən və insanlardan elçilər seçir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.

76. O, onlann nə etdiklərini və nə edəcəklərini bilir. Bütün işlər (nəticə etibarilə) Allaha qayıdır.

77. Ey iman gətirənlər! Rük'ət edin, səcdəyə gəlin, öz Rəbbinizə ibadət edin və xeyir əməl tutun ki, bəlkə uğur qazanasınız.

78. Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi dində sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Elə isə namaz qılın, zəkat verin və Allahdan möhkəm yapışın! O, sizin mövlanızdır. Nə gözəl mövla, nə gözəl kömək göstərən!