Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HAQQƏ SURƏSİ

Quran. HAQQƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Haqq olan (qiyamət)!

2 Haqq olan nədir?

3 Haradan biləsən, haqq olan nədir?

4 Səmud da, Ad da qiyaməti yalan hesab edirdilər.

5 Səmud camaatı qorxunc bir şeylə həlak edildi.

6 Ad camaatı isə uğultulu, şiddətli bir küləklə məhv edildi.

7 (Allah) onu onlar üzərində dalbadal yeddi gecə və səkkiz gündüz hakim etdi. Belə ki, (orada olsaydın) onları orada xurma ağacının qoparılmış gövdələri kimi yerə sərilmiş görərdin.

8 Heç sən onlardan qalmış bir şey görürsənmi?

9 Firon da, ondan əvvəlkilər də alt-üst olmuş adamlar da günah işlətmişdilər.

10 Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular. O, onları (əzabla) möhkəmcə yaxaladı.

11 Su aşıb-daşanda [Nuh tufanı zamanı] Biz sizi üzən (gəmiyə) mindirdik ki,

12 bunu sizin üçün bir ibrət edək və diqqətli qulaq bunu (eşidib) yadda saxlasın.

13 Sur bir dəfə çalınanda,

14 yer və dağlar aparılıb bir zərbə ilə parça-parça ediləndə

15 o günü qiyamət qopacaqdır.

16 o günü zəif düşərək səma yarılacaqdır.

17 Mələklər isə onun ətrafında olacaqlar. O günü səkkiz mələk də sənin Rəbbinin ərşini onların başları üstündə aparacaqdır.

18 O günü sizi hüzura gətirəcəklər və sizin heç bir şeyiniz gizli qalmayacaqdır.

19 O günü öz əməl dəftəri sağ əlinə verilən deyəcəkdir: "Budur, oxuyun kitabımı!

20 Mən bilirdim ki, öz haqq-hesabımı alacağam."

21 Və o razı qalacağı bir yaşayış içərisində olacaqdır,

22 uca bir cənnət bağı içərisində,

23 meyvələri yaxında olan (bir bağ içərisində).

24 (Onlara deyiləcək): "Keçən günlərdə etdiyiniz işlərə görə sağlıqla yeyib-için!"

25 Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi!

26 Onda mən haqq-hesabımı da bilməzdim.

27 Kaş ölüm birdəfəlik olaydı!

28 Mal-dövlətim də məni qurtarmaz.

29 Hökmranlığım da məhv olub getdi."

30 (Deyiləcək): "Onu tutub əl-qolunu bağlayın,

31 sonra isə cəhənnəmə atın!

32 Sonra onu uzunluğu yetmiş arşın olan bir zəncirlə bağlayın!

33 Axı o, böyük olan Allaha iman gətirmirdi

34 və yoxsulu yedirtməyə təşviq etmirdi.

35 Buna görə də bu gün burada onun bir sirdaşı yoxdur.

36 Çirkabdan başqa onun bir yeməyi də yoxdur.

37 Onu ancaq günahkarlar yeyərlər."

38 Xeyr, and içirəm, gözlə gördüklərinizə

39 və görmədiklərinizə ki,

40 bu [Quran], möhtərəm bir peyğəmbərin (aldığı) kəlamdır

41 və bu, şair sözü deyildir. Siz necə də az inanırsınız!

42 O, kahin sözü də deyildir. Siz necə də az düşünüb-daşınırsınız.

43 O, aləmlərin Rəbbindən nazil edilmişdir.

44 Əgər o [Məhəmməd], bəzi sözlər uydurub Bizə aid etsəydi,

45 onda Biz onu möhkəmcə yaxalayardıq,

46 sonra isə onun şah damarını kəsərdik.

47 içərinizdə heç kim buna mane ola bilməzdi.

48 Bu [Quran], müttəqilər üçün bir öyüd-nəsihətdir.

49 Biz içərinizdə bunu yalan hesab edənlərin də olduğunu bilirik.

50 Doğrudan da bu, kafirlər üçün bir peşmançılıq gətirəndir.

51 Doğrudan da bu, yəqinliyin həqiqətidir.

52 Böyük Rəbbinin şəninə təriflər de!