Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HUCURAT SURƏSİ

Quran. HUCURAT SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ey iman gətirənlər! Allah və Onun peyğəmbərindən (tələsib) qabağa düşməyin, Allahdan qorxun! Axı Allah hər şeyi eşidəndir, biləndir!

2. Ey iman gətirənlər! Səsinizi peyğəmbərin səsindən yüksəyə qaldırmayın bir-birinizi çağırdığınız kimi onu yüksək səslə çağırmayın, yoxsa özünüz də duymadan işləriniz puç olar.

3. Allahın peyğəmbərinin hüzurunda səslərini alçaldanlar o kəslərdır ki, Allah onların ürəklərini müttəqilik üçün sınamışdır. Onlara bağışlanma və böyük mükafat vardır.

4. Səni hücrələrin arxasından çağıranların çoxu (nə etdiyini) anlamır.

5. Sən onların qarşısına çıxana kimi səbr etsəydilər, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir!

6. Ey iman gətirənlər! Əgər bir pozğun adam sizə bir xəbər gətirsə, (o xəbəri) aydınlaşdırın ki, bilməyərəkdən insanları nəyəsə məruz qoymayasınız və tutduğunuz işdən peşman olmayasınız.

7. Və bilin ki, Allahın peyğəmbəri aranızdadır. Əgər bir çox işlərdə o, sizə qulaq asmış olsaydı, siz çətin vəziyyətə düşmüş olardınız. Lakin Allah sizə imanı sevdirmiş, onunla ürəklərinizi bəzəmiş, sizdə küfrə, pozğunluğa və itaətdən çıxmağa nifrət yaratmışdır. Bunlar haqda sabit olanlardır

8. Bu, Allahdan olan bir lütf və nemətdir. Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.

9. Əgər möminlərdən iki dəstə bir-birilə vuruşarsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz edərsə, Allahın əmrinə [haqqa] dönənə qədər təcavüz edənlə vuruşun. Əgər o dönərsə, onları ədalətlə barışdırın və insaflı olun. Axı Allah insaflıları sevir!

10. Möminlər həqiqətən qardaşdırlar. Hər iki qardaşınızı barışdırın və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilə.

11. Ey iman gətirənlər! Qoy bir para adamlar digərlərini ələ salmasınlar, bəlkə bunlar onlardan da yaxşıdırlar. Qadınlar da qadınları (ələ salmasınlar), bəlkə bunlar onlardan da yaxşıdırlar. Bir -birinizi biabır etməyin və bir-birinizə ləqəblər qoymayın. İman gətirəndən sonra "pozğunluq" adı nə qədər pisdir! Kim tövbə etməzsə - onlar haqsızlardır.

12. Ey iman gətirənlər! Zənlərin bir çoxundan uzaq olun, axı zənlərin bəzisi günahdır. Bir-birinizi güdməyin və biriniz o qeybətini etməsin. Məgər sizlərdən biri, qardaşı ölərsə, onun ətini yemək istəyərmi? Siz ki buna ikrah etdiniz. Allahdan qorxun, axı Allah tövbələri qəbul edəndir, rəhmlidir.

13. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız. Axı Allah hüzurunda sizlərin ən hörmətlisi ən təqvalınızdır. Axı Allah hər şeyi biləndir, xəbərdardır!

14. Bədəvi ərəblər dedilər: "Biz iman gətirdik!" De: "Siz iman gətirmədiniz. Ancaq “Biz [təslim] olduq!" - deyin, çünki iman hələ ürəklərinizə daxil olmayıb. Əgər Allaha və Onun peyğəmbərinə itaət göstərsəniz, O, sizin əməllərinizdən bir şeyi belə əskiltməz. Axı Allah bağışlayandır, rəhmlidir!"

15. Həqiqətən möminlər o kəslərdir ki, Allaha və Onun peyğəmbərinə iman gətirdilər, sonra isə şəkk etməyərək, öz malları və canları ilə Allah yolunda cihad etdilər. Sadiq olanlar onlardır.

16. De: "Siz öz dininizi Allaha öyrədəcəksiniz?" Halbuki Allah göylərdə və yerdə olanları bilir. Axı Allah hər şeyi biləndir.

17. Onlar islama girdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olmağınız üçün mənə minnət qoymayın. Xeyr, əgər düz danışansınızsa, Allah sizi imana yönəltdiyi üçün siz Ona minnətdar olmalısınız!"

18. Həqiqətən, Allah göylərdəki və yerdəki qeybləri bilir! Allah nələr etdiyinizi yaxşı görür!