Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MÖ'MİN SURƏSİ

Quran. MÖ'MİN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(səksən beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ha, Mim

2. Bu Kitab qüdrət, hökm və hikmət sahibi Allah tərəfindən nazil olunmuşdur.

3. Günahları bağışlayan, tövbələri qəbul edən, əzabı şiddətli, lütfü çox olan (Allah tərəfindən). Ondan başqa tanrı yoxdur və Onadır qayıdış!

4. Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Qoy onların ölkə içərisində rahat gəzib dolaşmaları səni aldatmasın.

5. Onlardan əvvəl Nuh tayfası və bunlardan sonrakı firqələr də peyğəmbərləri yalançı hesab etdilər. Hər bir ümmət öz peyğəmbərini yaxalayıb öldürməyə çalışırdı və onun haqq sözünü batillə yox etmək üçün boş-boş mübahisə edirdi. Mən də onları (əzabımla) yaxaladım. Mənim əzabım, gör necə oldu!

6. Kafirlərin cəhənnəmlik olacaqları barəsində sənin Rəbbinin sözü onlar üçün beləcə gerçəkləşdi.

7. Ərşi daşıyan və onun ətrafında olanlar [mələklər] Rəbbinə təriflər deyir, Ona iman gətirir və iman gətirənlərin bağışlanmasını diləyərək (belə deyirlər): "Rəbbimiz, Sən Öz mərhəmət və biliyinlə hər şeyi əhatə edirsən! Tövbə edib Sənin yolunla gedənləri bağışla və onları cəhənnəm əzabından qoru

8. Rəbbimiz, onları, onların atalanndan, zövcələrindən və nəsillərindən əməlisaleh olanları vəd etdiyin Ədn [cənnət] bağlarına daxil et. Axı Sən qüdrətlisən, hökm və hikmət sahibisən!

9. Onları pis əməllərdən qoru. O günü Sən kimi belə pis əməllərdən qorusan, ona mərhəmət göstərmiş olarsan. Bax, böyük uğur budur!"

10. Kafirləri (belə) səsləyəcəklər 'Siz imana dəvət olunanda küfrünüzdə qaldığınız üçün Allahın qəzəbi bir-birinizə olan kin-küdurətinizdən daha böyükdür!"

11. Onlar deyərlər: "Rəbbimiz, Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. (İndi) bir çıxış yolu varmı?"

12. Onlara deyiləcək: “Bu [cəza], sizə ona görədir ki, təkcə Allah çağırılanda siz (Onu) inkar etdiniz, Ona şəriklər qoşulanda isə (onlara) inandınız. Hökm ulu, böyük Allahındır!"

13. Sizə Öz ayələrini göstərən, sizə göydən ruzilər endirən Odur. (Bunlardan) ancaq tövbə edib Allaha üz tutanlar ibrət alar.

14. Kafirlər xoşlamasalar da, siz dini ancaq Allaha xas edərək Onu çağırın!

15. Mərtəbələri yüksək, ərş sahibi (Allah) Öz əmri ilə ruhu [vəhyi] istədiyi bəndəsinə göndərir ki, o, görüş günü haqqında xəbərdarlıq etsin.

16. Onların (qəbirlərdən) çıxacaqları o günü onlar haqqında heç bir şey Allah üçün gizli olmayacaqdır. (Soruşarlar): "Bu gün hökm kimə məxsusdur?" "Vahid, (hər şeyə) qalib Allaha!" - deyərlər.

17. Həmin gün hər kəsə öz qazandığına örə əvəz veriləcəkdir, həmin gün haqsızlıq dilməz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir!

18. Ürəkləri qəhərdən boğazlara gələcəyi günü haqqında onlara xəbərdarlıq et. (O zaman) haqsızlıq edənlərin nə bir həmdəmi, nə də sözü keçən bir havadarı olar.

19. O, gözlərdəki xəyanətin və ürəklərdə gizlədilənlərin nə olduğunu yaxşı bilir!

20. Allah haqq ilə hökm verər. Ondan başqa çağırdıqları isə heç bir şey barəsində hökm verə bilməzlər. Həqiqətən, Allah eşidəndir, görəndir!

21. Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilər? Onlar ki bunlardan daha güclü və onların yer üzündəki izləri daha möhtəşəm idi. Allah onları günahları üzündən (Öz cəzası) ilə yaxaladı və onları Allahdan qoruyan heç bir kimsə olmadı.

22. Çünki onların peyğəmbərləri onlara aydın dəlillər gətirirdi, onlar isə inkar edirdilər. Buna görə də Allah onları yaxaladı. Axı O, qüvvətlidir, cəzada şiddətlidir.

23. Biz Musanı Öz ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik.

24. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə dedilər “Bu çox yalançı bir sehrbazdır".

25. O, Bizdən olan haqqı onlara gətirəndə onlar dedilər. "Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qız-qadınlarını isə diri saxlayın!" Kafirlərin fitnəsi ancaq puç olmağa məhkumdur.

26. Firon dedi: "Qoyun mən Musanı öldürüm, qoy o öz Rəbbini çağırsın. Qorxuram ki, o, sizin dininizi dəyişə və yer üzərində fitnə-fəsad törədə."

27. Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən (uzaqlaşıb) Rəbbimə - Rəbbinizə sığınaram!"

28. Fironun nəslindən olub öz imanını gizlədən mömin bir adam dedi: "Siz bir adamı "Rəbbim Allahdır!" - dediyinə görə öldürəcəksiniz? O ki sizə Rəbbindən aydın dəlillər gətirib. Əgər o, yalançıdırsa, yalanı onun öz üzərinə, yox əgər doğru deyirsə, onda onun sizə vəd etdiklərinin bəzisi başınıza gələr. Həqiqətən, Allah həddini aşana, yalançıya düz yol göstərməz.

29. Ey camaatım! Bu gün yer üzündə bir qalib kimi siz hökmranlıq edirsiniz. Allahın gücü [əzabı] üzərimizə gələrsə, kim bizi ondan qoruya bilər?" Firon dedi: "Mən sizə yalnız öz gördüyümü göstərirəm və sizi ancaq doğru yola sövq edirəm."

30. Mömin adam dedi: "Ey camaatım! Mən sizin üçün (kafir) firqələrin gününə bənzər bir şeydən qorxuram,

31. Nuh, Ad, Səmud camaatının və onlardan sonrakıların işinə bənzər şeydən (qorxuram). Allah bəndələrə haqsızlıq edilməsini istəməz.

32. Ey camaatım! Mən sizin üçün sorğu-sual günündən qorxuram,

33. geriyə üz tutaraq qaçmaq istəyəcəyiniz gündən (qorxuram). Sizi Allahdan qoruyan bir kimsə olmaz. Allah kimi azdırırsa, ona bir yol göstərən olmaz!

34. Bundan əvvəl də Yusif sizə aydın dəlillər gətirmişdi, siz isə onun sizə gətirdiyinə hələ də şəkk-şübhə içərisində idiniz. O həlak olan kimi siz dediniz: "Allah ondan sonra bir peyğəmbər göndərməz!" Allah həddini aşanı, şübhə edəni bax belə azdırar!

35. Onlar özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edirlər. Bu, Allahın və iman gətirənlərin yanında necə də nifrətə səbəbdir. Allah hər bir təkəbbürlünün, zülmkarın qəlbinə beləcə möhür vurar!

36. Firon dedi: "Ey Haman, mənim üçün elə uca bir qala tik ki, bəlkə (onun vasitəsilə qalxıb) yollara çatam,

37. göylərin yollarına və qalxıb Musanın tanrısını görəm. Axı mən onun yalançı olduğunu zənn edirəm. Fironun pis əməli onun üçün beləcə bəzədildi və o, yoldan çıxarıldı. Fironun fitnəsi ancaq puç olmağa məhkumdur.

38. Mömin adam dedi: “Ey camaatım, ardımca gəlin ki, mən sizi doğru yola çıxarım!

39. Ey camaatım, bu dünya həyatı ötəri bir ləzzətdir, axirət isə qərar tutulacaq bir evdir."

40. Kim pis iş tutarsa, ancaq ona bənzəri ilə cəzalandırılar. Kim iman gətirib əməlisaleh olarsa, kişi ya qadın olsun, onlar cənnətə daxil olaraq orada saysız-hesabsız ruzi alarlar.

41. Ey camaatım, nə üçün mən sizi nicata çağırıram, siz isə məni cəhənnəm oduna çağırırsınız?!

42. Siz məni Allaha inanmamağa və haqqında heç bir xəbərim olmayan şeyləri Ona şərik qoşmağa çağırırsınız. Mən isə sizi qüdrətli, bağışlayan (Allaha) çağırıram.

43. Şübhəsiz ki, siz məni (sitayiş etməyə) çağırdığınız şeylərin özlərinin nə bu dünyada, nə də axirətdə (insanları) çağırmaq qabiliyyəti vardır. Dönüşünüz ancaq Allahadır. Həddini aşanlar cəhənnəmlikdirlər!

44. Sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm, axı Allah bəndələri görür!"

45. Allah onu onların məkrlə qurduqları hiylələrin şərindən qorudu. Firon nəslinə isə pis əzab üz verdi -

46. gecə-gündüz düçar edildikləri od. O saatın [qiyamətin] gəldiyi gün isə (deyilər); “Firon əhlini ən şiddətli əzab içərisinə salın!"

47. Budur, onlar od içərisində höcətləşirlər. Gücsüzlər təkəbbürlülərə [öz başçılarına] deyirlər "Axı biz sizin ardınızca gedirdik, siz (heç olmasa) odun bir qismin üzərimizdən qaldıra bilərsinizmi?"

48. Təkəbbürlülər deyərlər: "Biz hamımız cəhənəm odu içərisindəyik. Artıq Allah bəndələr arasında hökmünü vermişdir!"

49. Od içərisində olanlar cəhənnəm gözətçisinə deyərlər: "Rəbbinizi çağırın ki, cəzamızı heç olmasa bir gün yüngülləşdirsin."

50. Onlar deyərlər: "Məgər sizin peyğəmbərlər sizə aydın dəlillər gətirməlişdilər?" Onlar: "Bəli, (gətirmişdilər)" - deyərlər. Gözətçilər: "Onda özünüz (Onu) çağırın!" Şübhəsiz ki, kafirlərin çağırışı boşa çıxmağa məhkumdur!

51. Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə bu dünyada və şahidlərin şəhadət verəcəkləri gün kömək edəcəyik,

52. o gün ki, haqsızların üzr istəmələri onlara bir fayda verməyəcəkdir. Onlara lənət, onlara ən pis məskən!

53. Biz Musaya düz yolu verdik və İsrail övladlarına Kitabı miras qoyduq

54. ağıl sahibləri üçün bir yol göstəricisi və öyüd-nəsihət olaraq.

55. Səbr et! Doğrudan da Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşam-səhər öz Rəbbinə təriflər de!

56. Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində heç vaxt çata bilməyəcəkləri böyüklük iddiasından başqa bir şey yoxdur. Allaha pənah apar, axı O, eşidəndir, görəndir!

57. Şübhəsiz, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük işdir, insanların çoxu isə bilmir.

58. Kor ilə gözlü, iman gətirib əməlisaleh olanlarla bədxahlıq edənlər bərabər deyildirlər. Siz necə az düşünüb-daşınırsınız.

59. Həqiqətən, o saat [qiyamət] gələcəkdir, ona heç bir şübhə yoxdur. Lakin insanların çoxu inanmır.

60. Rəbbiniz dedi: "Məni çağırın, Mən də cavab verim. Həqiqətən də Mənə ibadət etməkdə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər."

61. Rahatlanmanız üçün gecəni və görməyiniz üçün gündüzü sizə verən Allahdır. Həqiqətən də Allah insanlar üçün lütf sahibidir, lakin insanların çoxu şükr etmir.

62. Hər şeyin xaliqi olan Rəbbiniz - Allah bax budur! Ondan başqa tanrı yoxdur. Belə isə sız necə olur ki, (Ondan) döndərilirsiniz!

63. Allahın ayələrini inkar edənlər bax beləcə (haqdan) döndərilirlər.

64. Yeri sizin üçün qərar tutulası məskən, göyü də tavan edən, sizə surət verib ən gözəl şəkillərə salan və xoş nemətlərdən ruzi verən Allahdır. Sizin Rəbbiniz Allah, bax budur! Aləmlərin Rəbbi olan Allah xeyir-bərəkətlidir.

65. O, əbədiyaşardır. Ondan başqa tanrı yoxdur! Dini ancaq Allaha xas edərək Onu çağırın! Aləmlərin Rəbbi Allaha həmd olsun!

66. De: "Rəbbimdən mənə aydın dəlillər gəldikdən sonra Allahdan başqa çağırdığınız (tanrılara) ibadət etmək mənə qadağan olunmuşdur və mənə aləmlərin Rəbbinə itaət etmək əmr olunmuşdur."

67. Sizi torpaqdan, sonra nütfədən, sonra döllənmiş toxumdan xəlq edən, sonra sizi həddi-buluğa çatmanız üçün, sonra qocalmanız üçün sizi körpə uşaq olaraq çıxaran Odur. Sizlərdən daha öncə də öldürülən var. (Bütün bunlar ona görə edilir) ki, siz müəyyən olunmuş vaxta çatasınız ki, bəlkə düşünüb-daşınasınız.

68. Dirildən də, öldürən də Odur. O, bir şey istəyəndə, ona ancaq "Ol !" - deyər, o da olar.

69. Məgər sən Allahın ayələri barəsində mübahisə edənləri görmədin? Onlar necə döndərilirlər?!

70. O kəsləri ki, Kitabı və peyğəmbərlərimizlə göndərdiklərimizi yalan hesab etdilər. Lakin onlar (bunun cəzasını) biləcəklər,

71. o zaman ki, onlar boğazlannda dəmir halqalar və zəncirlər sürüklənəcəklər

72. qaynar su içərisinə, sonra isə onlar odda yandırılacaqlar.

73. Sonra onlara deyəcəklər "Bəs hanı qoşduqlarınız şəriklər

74. Allahdan başqa?" Onlar deyəcəklər "Onlar bizdən ayrı düşüb yox oldular. Demək biz əvvəl [dünyada] heç nəyə ibadət etmirmişik." Allah kafirləri beləcə yoldan çıxarır!

75. Budur sizə (əzab), yer üzündə haqsız olaraq fərəhlənib qürrələndiyinizə görə!

76. Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin yeri nə pisdir!

77. Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Ya kafirlərə vəd etdiklərimizin [əzabın] bir qismini sənə göstərəcəyik, ya da sənin əcəlini çatdıracağıq. Onlar Bizə qaytarılacaqlar.

78. Səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan sənə barəsində danışdıqlarımız da var, danışmadıqlarımız da. Allahın izni olmadan heç bir peyğəmbər bir ayə belə gətirə bilməz. Allahın əmri gələrsə, haqq ilə hökm verilər və onda batilə qurşananlar uduzmuş olarlar.

79. Allah sizin üçün heyvanları yaratdı ki, bəzisini minəsiniz, digərinin (ətindən) yeyəsiniz

80. sizin üçün onlarda daha neçə faydalar vardır və ürəklərinizin ehtiyac duyduğu şeyə onlar vasitəsilə çatasınız. Siz onların belində və gəmilərdə daşınırsınız.

81. O sizə Öz ayələrini göstərir. Bəs onda siz Allahın hansı ayələrini inkar edə bilərsiniz?

82. Məgər yer üzündə gəzib dolaşaraq onlardan əvvəlkilərin aqibətinin necə olduğnu görmədilər? Onlar ki bunlardan daha güclü və onların yer üzündəki izləri daha möhtəşəm idi. Onlann qazandıqlarının özlərinə heç bir faydası olmadı.

83. Peyğəmbərləri onlara aydın dəlillər gətirəndə, onlar özlərindəki biliyə qürrələndilər. Onların ələ saldıqları (əzab) özlərini bürüdü.

84. Əzabımızı görəndə isə onlar dedilər: "Biz vahid olan Allaha iman gətirdik, Ona qoşduğumuz şərikləri isə inkar etdik!"

85. Əzabımızın şiddətini görəndən sonra iman gətirmələri onlara heç bir fayda vermədi. Allahın Öz bəndələri üzərində əzəli qayda-qanunu budur. Kafirlər orada ziyana uğradılar.