Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUDDƏSİR SURƏSİ

Quran. MUDDƏSİR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli altı ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Ey örtünüb bürünmüş (peyğəmbər)!

2 Qalx, (insanlara) öyüd-nəsihət ver!

3 Öz Rəbbinin şənini uca tut!

4 Paltarlarını pak et!

5 Pis şeylərdən uzaqlaş!

6 Etdiyin yaxşılığı çox bilib minnət qoyma!

7 Rəbbinin (rizası) üçün səbr et!

8 Sur çalınan (gün) -

9 həmin o gündür, ağır bir gün.

10 (O günü) kafirlər üçün asan olmayacaqdır.

11 Məni öz yaratdığım kəslə tək burax -

12 bol mal-dövlət verdiyim,

13 yanında qalan övladlar (verdiyim) kəslə.

14 Ona çoxlu imkanlar verdim.

15 Sonra isə o, tamaha düşür ki, daha da artırım.

16 Xeyr! Çünki o, ayələrimizə qarşı çox inadkarlıq göstərir.

17 Mən onu ağır məşəqqətə düçar edəcəyəm.

18 O fikirləşdi və ölçüb biçdi.

19 Ölüm olsun ona! Bəs o necə ölçüb biçibdir?!

20 Sonra bir də ölüm olsun ona! Bəs o necə ölçüb-biçibdir?!

21 Sonra o baxdı.

22 Sonra üzünü turşudub qaşqabağını salladı.

23 Sonra da arxa çevirərək təkəbbür göstərdi

24 və dedi: "Bu, keçmişdən qalmış sehrbazlıqdan başqa bir şey deyildir!

25 Bu bəşər sözündən başqa bir şey deyildir!"

26 Mən onu Səqərə [cəhənnəmə] daxil edəcəyəm!

27 Sən Səqərin nə olduğunu haradan biləsən!

28 O [Səqər], nə (rahat) qoyur qalsın, nə də əl çəkir.

29 (insanın) dərisini yandınb qovurur.

30 Onun üstündə isə on doqquz (mələk) vardır.

31 Biz cəhənnəm odu gözətçilərini ancaq mələklərdən etdik. Onların sayını kafirlər üçün ancaq bir sınaq etdik ki, özlərinə Kitab bəxş olunanlar yəqinlik hasil etsinlər, iman gətirənlər öz imanlarını artırsınlar, Kitab əhli və möminləf şəkk-şübhə etməsinlər, ürəklərində mərəz olanlar və kafirlər desinlər "Allah bu məsəllə nə demək istəyir?" Allah istədiyi kəsi belə azdırır və istədiyi kəsə belə düz yol göstərir. Rəbbinin qoşunlarını ancaq O tanıyır. Bu isə insanlar üçün ancaq bir öyüd-nəsihətdir.

32 Xeyr! And olsun aya,

33 yığışıb gedən gecəyə

34 və ağaran dan yerinə ki,

35 bu [Səqər], ən böyük bəlaların biridir!

36 O bir xəbərdarlıqdır insanlar üçün -

37 sizlərdən irəlidə gedənlər və geri qalanlar üçün.

38 Нәг kəs öz qazandığı qarşılığında girovdur,

39 sağ tərəf sahiblərindən başqa -

40 onlar cənnət bağları içərisində bir-birləri (ilə söhbət edərək) soruşacaqlar

41 günahkarlardan:

42 “Sizi Səqərə sürükləyən nədir?"

43 Onlar deyərlər: “Biz namaz qılanlardan olmamışıq,

44 yoxsulu yedirtməmişik,

45 (batilə) uyanlarla biz də uyurduq

46 və qiyamət gününü yalan hesab edirdik

47 (ölüm) yəqinliyi bizə gələnə qədər."

48 Havadarların havadarlığı artıq onlara fayda verməz.

49 Onlara nə olub ki, öyüd-nəsihətə arxa çevirirlər,

50 sanki hürkmüş eşşəklərdir ki,

51 aslandan qorxub qaçarlar.

52 Xeyr, onların hər biri istəyir ki, ona geniş açılmış səhifələr verilsin.

53 Xeyr, doğrusu onlar axirətdən qorxmurlar.

54 Xeyr, bu [Quran], bir öyüd-nəsihətdir.

55 Hər kim istərsə, ondan öyüd-nəsihət alar.

56 Allah istəməyəndə (Ondan) öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməli olan da, bağışlayan da Odur!