Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUMTƏHİNƏ SURƏSİ

Quran. MUMTƏHİNƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on üç ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın. Siz onlara mehribanlıq göstərirsiniz, onlar isə sizə gəlmiş haqqı inkar etdilər. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxarırlar. Siz Mənim yolumda və rizamı qazanmaq üçün cihada qalxanda onlara bəslədiyiniz sevgini gizlədirsiniz. Mən isə nəyi gizlətdiyinizi və nəyi aşkar etdiyinizi yaxşı bilirəm. Sizlərdən hər kim bunu edərsə, düz yoldan azmış olar.

2 Əgər onlar sizi ələ keçirsələr sizə düşmən kəsilərlər, əllərini və dillərini sizə bədxahlıq etmək üçün uzadarlar. Onlar sizin kafir olmanızı istərlər.

3 Qiyamət günü nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilməzlər. Allah sizi bir-birinizdən ayıracaqdır. Axı Allah nələr etdiyinizi yaxşı görəndir!

4 İbrahimdə və onunla birlikdə olanlarda sizin üçün yaxşı bir nümunə [ibrət] vardır. O zaman onlar öz adamlarına belə dedilər: “Bizim sizə və Allahdan başqa ibadət etdiklərinizə heç bir dəxlimiz yoxdur. Biz sizi rədd edirik və siz yalnız Allaha iman gətirənə qədər bizimlə sizin aranızda daimi ədavət və nifrət yaranmışdır." İbrahimin öz atasına dediyi bu sözləri istisnadır: "Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Lakin mən sənin üçün Allahdan gələn heç nəyi dəf edə bilmərəm." (Ey iman gətirənlər, deyin): "Rəbbimiz, Sənə təvəkkül etdik, Sənə yönəldik və Sənədir son dönüş!

5 Rəbbimiz , bizi kafirlərə sınaq etmə və bizi bağışla. Rəbbimiz, axı sən qüdrət, hökm və hikmət sahibisən!"

6 Sizlərdən Allahın və axirət gününün arzusunda olan kəslər üçün onlarda yaxşı bir ibrət vardır. Hər kim üz döndərsə (bilsin ki), Allah heç nəyə möhtac deyildir, tərifə layiqdir!

7 Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kəslər arasında məhəbbət yarada. Axı Allah hər şeyə qadirdir, Allah bağışlayandır, rəhmlidir.

8 Allah dinlə əlaqədar sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxarmayan kəslərə yaxşılıq etmənizi və onlarla insaflı [yumşaq] davranmanızı sizə qadağan etmir. Axı Allah insaflıları sevir.

9 Allah dinlə əlaqədar sizinlə vuruşan, sizi öz diyarınızdan qovub çıxaran və çıxarılmanıza kömək edənləri dost tutmağı sizə qadağan edir. Kim onları dost tutarsa onlar haqsızlıq edənlərdir.

10 Ey iman gətirənlər, mömin olduqlannı deyən qadınlar hicrət edib yanınıza gəldikdə onları imtahana çəkin. Onların imanını Allah yaxşı bilir. Əgər onların mömin olduğunu bilsəniz, onları kafirlərə qaytarmayın. Çünki nə bunlar onlara halaldır, nə də onlar bunlara. Onların [kafir ərlərinin] çəkmiş olduqları xərci [mehri] onlara ödəyin. Onların haqqını [mehrini] verərək onlara evlənsəniz, sizə heç bir günah olmaz. Kafir qadınları nikah altında saxlamayın. Çəkdiyiniz xərci [mehri] tələb edin, qoy onlar [kafir ərlər] də çəkdikləri xərci istəsinlər. Allahın hökmü belədir! Sizin aranızda Allah hökm verər, axı Allah hər şeyi billəndir, hökm və hikmət sahibidir.

11 Əgər içərinizdən kiminsə arvadı çıxıb kafirlərin yanına gedərsə və siz (kafirlərlə) vuruşub qalib gəlsəniz, onda (əldə etdiyiniz qənimətdən) arvadları çıxıb gedənlərin çəkmiş olduqları [mehr] miqdarında onlara verin və iman gətirdiyiniz Allahdan qorxun!

12 Еу peyğəmbər! Mömin qadınların heç nəyi Allaha şərik qoşmayacaqları, oğurluq etməyəcəkləri, zina iş tutmayacaqları, uşaqlarını öldürməyəcəkləri, əlləri ilə ayaqları arasında bir iftira uydurub gətirməyəcəkləri və təqdirəlayiq işlərdə sənə qarşı çıxmayacaqları barəsində beyət etmək üçün Sənin yanına gəldikləri vaxt onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını istə! Axı Allah bağışlayandır, rəhmlidir!

13 Ey iman gətirənlər, Allahın qəzəbinə düçar olmuş adamları özünüzə dost tutmayın! Kafirlər qəbirdəkilərdən əllərini üzdükləri kimi onlar da axirətdən əllərini üzmüşlər.