Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUNAFİQUN SURƏSİ

Quran. MUNAFİQUN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on bir ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Münafiqlər sənin yanına gələndə: "Biz şəhadət veririk ki, sən həqiqətən Allahın peyğəmbərisən." - deyirlər. Allah da bilir ki, sən həqiqətən Onun peyğəmbərisən və Allah şahiddir ki, münafiqlər həqiqətən yalançıdırlar.

2 Onlar andlarını sipər etdilər və (insanları) Allahın yolundan çıxartdılar. Onların etdikləri işlər necə də pisdir!

3 Bu ona görədir ki, onlar iman gətirib, sonra küfr etdilər. Onların ürəklərinə möhür vuruldu. Artıq onlar anlamazlar.

4 Sən onlara baxanda qədd-qəmətləri xoşuna gəlir və onlar danışanda sən onların dediklərinə qulaq asırsan. Əslində isə onlar paltar geydirilmiş müqəvva kimidirlər. Onlar belə hesab edirlər ki, hər bir səs-küy onların əleyhinədir. Düşmən onlar özləridir, onlardan çəkin! Qoy Allah onları vursun, necə də haqdan döndərilirlər!

5 Onlara: "Gəlin, Allahın peyğəmbəri sizin üçün bağışlanma diləsin" - deyiləndə onlar başlarını yelləyər və sən onların təkəbbürlənərək üz döndərdiklərini görərsən.

6 Onlar üçün fərqi yoxdur, bağışlanmalarını istəsən də, istəməsən də, Allah onları heç vaxt bağışlamaz. Axı Allah pozğun adamları düz yolla aparmaz!

7 Onlar: "Allahın peyğəmbərinin yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər, " - deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.

8 Onlar dedilər: "Əgər biz Mədinəyə qayıtsaq, and olsun ki, ən güclü olan [münafiq] ən zəif olanı [mömini] oradan qovub çıxaracaqdır." Güc isə Allahda, Onun peyğəmbərində və möminlərdədir; ancaq münafiqlər bunu bilməzlər.

9 Ey iman gətirənlər, qoy mal-dövlətiniz və övladlarınız sizi Allahı zikr etməkdən qoymasın! Kim bunu edərsə, demək onlar ziyana düşənlərdir.

10 Sizlərdən birinə ölüm gələn zaman: "Rəbbim, kaş mənə qısa bir müddət möhlət verəydin ki, sədəqə verib əməlisalehlərdən olum!" - deməzdən əvvəl sizə verdiyimiz ruzidən xərcləyin.

11 Allah əcəli çatmış kəsə heç vaxt möhlət verməz. Allah nələr etdiyinizdən xəbərdardır!