Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NƏCM SURƏSİ

Quran. NƏCM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(altmış iki ayədən ibaret Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə


1. Batdığı vaxt ulduza and olsun ki,

2. sizin yoldaşınız nə yoldan çıxmış, nə də azmışdırl

3. O, öz həva-həvəsi ilə danışmır.

4. Bu, (Allahdan) təlqin olunan vəhydən başqa bir şey deyildir.

5. Bunu ona böyük güc sahibi [Cəbrayıl] öyrətmişdir,

6. qüvvət sahibi.

7. O, yüksək üfüqdə öz görkəmini aldı.

8. Sonra isə yaxınlaşaraq endi,

9. (aralarındakı məsafə) iki kaman oxu qədər, yaxud daha yaxın oldu.

10. Allah Öz bəndəsinə [Məhəmmədə] lazımi vəhyi verdi.

11. (Gözü ilə) gördüyünü ürəyi yalan saymadı.

12. İndi siz onun gözü ilə gördüyü şey barəsində onunla mübahisəmi edirsiniz?

13. O, onu [Cəbraili] bir daha enərkən də gördü,

14. Sidrətül-müntəha [ərşin sağında bitmiş] ağacın yanında.

15. O ağacın yanında isə Cənnətül-məva [sığınacaq cənnət bağı] vardır.

16. Sidrətül-müntəhanı ətrafında olanlar bürümüşdü.

17. Məhəmmədin nəzəri nə yayındı, nə də uzağa getdi (olduğu kimi gördü).

18. O, öz Rəbbinin dəllilərindən ən böyüyünü gördü.

19. Siz Latı, Üzzəni (tanrımı) hesab edirsiniz?

20. və başqa üçüncü Mənatı (tanrımı) hesab edirsiniz?

21. Məgər oğlanlar sizin, qızlar isə Onundur?

22. Elə isə bu, insafsız bir bölgüdür!

23. Bu adlar sizin və ata-babalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar barəsində heç bir dəlil endirməmişdir. Onlar ancaq zənnə və nəfislərin istəklərinə uyurlar. Halbuki onlara öz Rəbbindən yol göstəricisi gəlmişdir.

24. Yoxsa insan təmənna etdiyi bir şeyə çatarmı?

25. Axı axirət də, dünya da Allahındır!

26. Göylərdə neçə-neçə mələk vardır ki, onların havadarlığı, Allah istədiyi və razı qaldığı kəslər üçün (havadarlığa) izn verməzsə, onlara heç bir fayda verməz.

27. Axirətə inanmayanlar mələkləri qadın adları ilə çağırırlar.

28. Bunun barəsində onların heç bir bilgisi yoxdur. Onlar ancaq zənnə uyurlar. Zənn isə haqqın yerini əsla tuta bilməz.

29. Bizim Zikrimizdən [Qurandan] üz çevirən və yalnız bu dünya həyatını istəyən kəsdən sən də üz döndər.

30. Onların çatdıqları bilik səviyyəsi budur. Sənin Rəbbin Onun yolundan çıxanları da yaxşı tanıyır, düz yolla gedənləri də çox yaxşı tanıyır.

31. Göylərdə və yerdə olanların hamısı Allahındır. O, pis əməl sahiblərinə əməllərinə görə cəza verəcək, xeyir iş görənləri isə əməllərindən də yaxşısı ilə mükafatlandıracaqdır.

32. O kəsləri ki, onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan və çirkin əməllərdən uzaq qaçırlar. Həqiqətən, sənin Rəbbin bağışlamaqda ürəyi genişdir! O, sizi torpaqdan yaradanda da, hələ siz analarınızın bətnində rüşeym halında olanda da sizi çox yaxşı tanıyır. Öz-özünüzü təmizə çıxarmayın. O, kimin Allahdan daha çox qorxduğunu yaxşı bilir.

33. Sən o kəsi gördünmü ki, (haqdan) üz çevirdi,

34. Allah yolunda bir az verib xəsislik etdi?

35. Məgər o, qeybi bilir ki, (onda onları) görsün?

36. Yoxsa Musanın səhifələrindəkilər barədə ona xəbər verilməyibmi,

37. və vəfalı İbrahimin səhifələrindəkilər barədə ona xəbər verilməyibmi ki,

38. hər bir günah yükü daşıyan başqasının yükünü daşımaz,

39. insana ancaq səy göstərdiyi şey nəsib olar,

40. onun göstərdiyi səy (axirətdə) görünəcəkdir

41. və onun əvəzi tam veriləcəkdir?

42. Son dönüş sənin Rəbbinədir,

43. güldürən də, ağladan da Odur!

44. Öldürən də, dirildən də Odur!

45. Odur cütü - erkəyi və dişini yaradan

46. axıdılan bir nütfədən.

47. (Öldükdən sonra) başqa yaratma [yenidən diriltmə] da Ona aiddir.

48. Varlı edən də, kasıb edən də Odur!

49. Şira [Sirus] ulduzunun da Rəbbi Odur!

50. Odur ilk Ad tayfasını məhv edən,

51. heç birini saxlamadan səmudları da,

52. bunlardan əvvəl Nuh tayfasını da! Axı onlar daha haqsız və daha azğın idilər.

53. O, (Lut tayfasının) məmləkətini altını üstünə çevirdi,

54. və onların başına müsibətlər gəldi."

55. (Elə isə ey insan!) öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

56. Bu [Məhəmməd], öncəki peyğəmbərlər kimi [xəbərdarlıq edən, öyüd- nəsihət verən] bir peyğəmbərdir.

57. Qiyamət günü yaxınlaşdı.

58. Allahdan başqa onun qarşısını alan olmaz (yaxud, heç kim zahirə çıxara bilməz)

59. Siz bu kəlamamı təəccüb edirsiniz?

60. Gülürsünüz, heç ağlamırsınız

61. və qəflət içində əylənirsiniz.

62. İndi isə Allaha səcdə edin, ibadət edin!