Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NUH SURƏSİ

Quran. NUH SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Həqiqətən, Biz Nuhu: "Camaatına üzücü bir əzab gəlməzdən əvvəl onlara öyüd-nəsihət ver!“ - deyə öz camaatının yanına (peyğəmbər) göndərdik.

2 O dedi: "Ey camaatım, mən həqiqətən də sizin üçün açıq-aşkar bir nəsihətçiyəm.

3 Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

4 Onda O, günahlarınızı sizə bağışlar və müəyyən olunmuş vaxta qədər sizə möhlət verər. Allahın müəyyən etdiyi vaxt gələrsə, onu yubatmaq olmaz. Kaş biləydiniz."

5 O dedi: "Rəbbim, mən camaatımı gecə-gündüz (imana) dəvət etdim.

6 Amma dəvətim onların ancaq (haqdan) qaçmağını artırdı.

7 Onları bağışlayasan deyə (imana) çağırdıqca onlar barmaqlarını qulaqlarına qoydular və paltarları ilə üzlərini örtüb inad göstərdilər və çox təkəbbür etdilər.

8 Sonra mən onları bərkdən çağırdım,

9 sonra isə onlara aşkar bəyan etdim, onlarla gizlicə də söhbət etdim

10 və dedim: "Rəbbinizdən bağışlanmanızı diləyin, axı O, bağışlayandır!

11 O, səmadan sizə yağış göndərər.

12 Sizə mal-dövlət və oğullar verər, sizin üçün bağlar qurar və sizin üçün çaylar düzəldər.

13 Sizə nə olub ki, Allahın böyüklüyünə inam bəsləmirsiniz?

14 O sizi müxtəlif mərhələlərdən (keçirərək) yaratmışdır.

15 Məgər siz Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?

16 Onların içərisində O, ayı bir nur və günəşi bir çıraq etdi.

17 Allah sizi yerdən bir bitki kimi bitirdi.

18 Sonra isə O, sizi oraya qaytaracaq və bir də çıxardacaqdır.

19 Allah yeri sizin üçün bir xalı kimi etdi ki,

20 orada geniş yollar açıb gedəsiniz."

21 Nuh dedi: "Rəbbim, onlar mənə asi oldular, mal-dövlət və övladı ona zərərdən başqa bir şey artırmayan kəsin ardınca getdilər.

22 Onlar böyük bir hiylə qurdular

23 və dedilər. "Öz tanrılarınızı heç vaxt tərk etməyin, Vəddən, Suva’dan, Yəğusdan, Yə'uqdan, Nəsrdən [bütlərdən] heç vaxt əl çəkməyin."

24 Onlar çoxlarını yoldan çıxanblar. Haqsızların ancaq yoldan azmalannı artır!"

25 İşlətdikləri günahlar üzündən onlar suya qərq edildilər və cəhənnəm oduna daxil edildilər. Onlar özlərinə Allahdan başqa köməkçilər tapmadılar.

26 Nuh dedi: “Rəbbim, kafirlərdən yer üzündə dolaşan bir nəfər də qoyma.

27 Əgər onları qoysan, onda onlar Sənin bəndələrini yoldan çıxarar və ancaq günahkar, kafir (övladlar) törərlər.

28 Rəbbim, məni, valideynlərimi, evimə mömin kimi daxil olanı, mömin kişi və qadınları bağışla. Haqsızların isə ancaq məhvini artır!"