Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QİYAMƏ SURƏSİ

Quran. QİYAMƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Qiyamət gününə and içirəm!

2 Özünü qınayan kəsə and içirəm!

3 İnsan elə hesab edir ki, Biz onun sümüklərini yığa bilməyəcəyik?

4 Xeyr! Biz onun barmaq uclarını da düzəltməyə qadirik.

5 Amma insan bundan sonra da günah işlətmək istəyər.

6 O: "Qiyamət günü nə vaxtdır?“ - deyə soruşar.

7 Gözlərin bərəlib qaldığı,

8 ayın tutulduğu,

9 günəş və ayın bir yerə cəm edildiyi zaman -

10 o günü insan: “Haraya qaçmalı?" - deyəcəkdir.

11 Yox! Bir sığınacaq olmayacaqdır.

12 O günü qərar tutulası yer ancaq Rəbbinin hüzurudur.

13 O günü insana etdiyi və etmədiyi (əməlləri) haqqında xəbər veriləcəkdir.

14 Doğrusu, insan (öz əməllərini) gözü ilə görəcəkdir

15 üzrxahlıq etmiş olsa da.

16 (Cəbrayıl Quranı vəhy edərkən) onu tez öyrənmək üçün dilini oynatma (sən ancaq dinlə).

17 Onu (sənin ürəyində) toplayıb oxutmaq Bizə aiddir.

18 Biz onu (Cəbrailə) oxuduqda isə sən onun oxunuşunun ardınca get.

19 Sonra, onu izah etmək də Bizə aiddir.

20 Xeyr, siz isə tez keçib-gedəni [dünyanı] sevir,

21 axirəti isə bir yana qoyursunuz.

22 O günü neçə-neçə üzlər də güləcək

23 və öz Rəbbinə baxacaqdır.

24 O günü neçə-neçə üzlər tutulacaq

25 və (sahiblərinin) belinin qırılacağını anlayacaqlar.

26 Xeyr, can körpücük sümüyünə [boğaza] çatanda,

27 “Bir çarə edən varmı?" - deyiləndə

28 və (insan) düşünəndə ki, bu, artıq (həyatdan) ayrılıqdır,

29 qıçlar bir-birinə dolaşanda -

30 o günü (insan) sənin Rəbbinə tərəf sürüləcəkdir.

31 Çünki o, nə (Qurianı) təsdiq edib, nə də namaz qılıb.

32 Lakin yalan hesab edib və (haqdan) üz döndəribdir.

33 Sonra isə lovğa-lovğa öz ailəsinin yanına gedibdir.

34 Vay halına, (ey insan), vay!

35 Sonra yenə də vay halına, vay!

36 Мәgәг insan başlı-başına buraxılacağını güman edir?!

37 Məgər o, atılan bir damla nütfədən ibarət deyildimi?

38 Sonra isə döllənmiş toxum oldu. Allah da onu xəlq edib düzəltdi

39 və ondan cüt - kişi və qadın yaratdı.

40 Elə isə O, ölüləri diriltməyə qadir deyilmi?!