Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QƏMƏR SURƏSİ

Quran. QƏMƏR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli beş ayədən ibarət məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Qiyamət yaxınlaşdı və Ay şaqqalandı.

2. Onlar bir möcüzə görəndə üz döndərib deyirlər: "Bu, uzun-uzadı bir sehrbazlıqdır!"

3. Onlar (peyğəmbəri) yalançı hesab edib, öz həva-həvəslərinə uydular. Halbuki hər bir işin bir qərar tutacağı məqam vardır.

4. Onlara özlərini (pis əməllərindən) çəkindirəcək xəbərlər gəlib çatdı.

5. Bunlarda böyük hikmət vardır. Lakin öyüd-nəsihət bir fayda vermədi.

6. Sən carçının [İsrafilin] nifrət doğuran şeyə çağırdığı günə qədər onlardan üz döndər.

7. (O günü) onlar qəbirlərdən baxışları aşağı dikilmiş halda çıxacaqlar, sanki (ətrafa) yayılmış çəyirtkələrdirlər.

8. Onlar carçının səsinə tələsik (çıxacaqlar). Kafirlər deyəcəklər: "Bu, ağır bir gündür!"

9. Onlardan əvvəl Nuh tayfası da (Nuhu) yalançı hesab etdi. Onlar bu bəndəmizi yalançı sanıb: "Dəli-divanədir." -dediler və o, (onlardan) sitəmlər çəkdi.

10. Nuh isə öz Rəbbini çağırdı: "Mən məğlub olmuşam, kömək eti"

11. Biz də leysan su üçün səmanın qapılarını açdıq,

12. yerdə də çeşmələr qaynadıb çıxartdıq. Əzəldən verilmiş hökm ilə (səmadan enən və yerdən çıxan) sular qovuşdu.

13. Biz onu taxtalardan mismarlarla düzəldilmiş (gəmiyə) mindirdik.

14. İnkar edilənə [Nuha] bir mükafat olaraq, o gəmi nəzarətimiz altında üzüb gedirdi.

15. Biz bunu bir ibrət olaraq tərk etdik. Heç bir ibrət alan varmı?

16. Verdiyim əzab, etdiyim xəbərdarlıq, öyüd-nəsihət gör bir necə idi!

17. Biz Quranı düşünülüb ibrət alınsın deyə asanlaşdırdıq. Heç bir ibrət alan varmı?!

18. Ad camaatı da (peyğəmbəri) yalançı hesab etdi. Verdiyim əzab, etdiyim xəbərdarlıq, öyüd-nəsihət gör bir necə oldu!

19. Uzun-uzadı olan nəhs bir gündə onların üstünə elə bir uğultulu külək göndərdik ki,

20. o, adamları yerdən üzüb atdı, onlar sanki dibindən qopmuş xurma ağacı gövdələri idilər.

21. Verdiyim əzab, etdiyim xəbərdarlıq, öyüd-nəsihət gör bir necə oldu!

22. Biz Quranı düşünülüb ibrət alınsın deyə asanlaşdırdıq. Heç bir ibrət alan varmı?!

23. Səmud tayfası da öyüd-nəsihətçiləri yalançi hesab etdi.

24. Onlar dedilər: "Öz içərimizdən olan bir adamın ardınca heç gedərikmi? Onda biz yolu azmış, ağlımızı itirmiş olarıq!

25. Zikr [vəhy] bizim aramızdan onamı endirilibdir? Xeyr, o, yalançıdır, lovğadır!

26. Onlar kimin yalançı, lovğa olduğunu sabah biləcəklər!

27. (Saleh peyğəmbərə vəhy olundu): "Biz onları sınamaq üçün onlara bir dişi dəvə göndərəcəyik. Onlarda gözün olsun və səbr et!

28. Onlara xəbər ver ki, su (dəvə ilə) onlann arasında bölüşdürülübdür, hər birinin su içmək vaxtı vardır."

29. Onlar yoldaşlarından birini çağırdılar, o da (qılıncı) götürüb (dəvəni) kəsdi.

30. Verdiyim əzab, etdiyim xəbərdarlıq, öyüd-nəsihət gör bir necə oldu!

31. Biz onların üzərinə tükürpədici bir hayqırtı göndərdik və onlar çəpər düzəldənin işlətdiyi quru çör-çöpə döndülər.

32. Biz Quranı düşünülüb ibrət alınsın deyə asanlaşdırdıq. Heç bir ibrət alan varmı?!

33. Lut tayfası da öyüd-nəsihətçiləri yalançi hesab etdi.

34. Biz onların üzərinə daş-torpaq yağdıran külək göndərdik. Lutun ailəsindən başqa. Onları isə sübh çağı xilas etdik.

35. Bizdən olan bir mərhəmətlə. Şükr edənə Biz belə mükafat veririk!

36. Lut bizim verdiyimiz əzab barədə onları (öncə) xəbərdar etmişdi, onlar isə xəbərdarlığa şübhə etmişdilər.

37. Onlar Lutdan onun qonaqlarının (onlara) verilməsini tələb etdilər. Biz də onların gözlərini silib kor etdik: "Vəd etdiyim əzabı və xəbərdarlığımın (qulaq ardına vurulmasının) əzabını dadın!"

38. Bir sübh çağı onlara uzun davam edən bir əzab üz verdi.

39. "Vəd etdiyim əzabı və xəbərdarlığımın (qulaq ardına vurulmasının) cəzasını dadın!" - dedik.

40. Biz Quranı düşünülüb ibrət alınsın deyə asanlaşdırdıq. Heç bir ibrət olan varmı?!

41. Xəbərdarlıq Firon nəslinə də gəlib çatdı.

42. Onlar möcüzələrimizin hamısını yalan hesab etdilər. Biz də onları qüdrət və qüvvət sahibi kimi yaxaladıq.

43. Sizin kafirləriniz bunlardan yaxşıdır, yoxsa kitablardan sizin bir bəraət kağızınız vardır?!

44. Yoxsa onlar: “Biz (Məhəmmədə) qələbə çalacaq bir dəstəyik." - deyərlər?

45. O dəstə məğlub ediləcək və onlar geri qaçacaqlar.

46. Bəli, qiyamət günü onların (əzab) vaxtıdır. Qiyamət daha dəhşətli, daha ağırdır!

47. Həqiqətən də günahkarlar (o günü) yol azmış və ağıllarını itirmiş olarlar.

48. O günü onları üzü üstə oda sürükləyəcəklər. (Onlara deyiləcək): "Cəhənnəm odunun toxunmasını dadın!"

49. Biz, doğrudan da, hər şeyi qədərində yaratmışıq.

50. Bizim əmrimiz isə ancaq bir dəfədir, bir göz qırpımı kimidir.

51. Biz neçə-neçə sizə bənzərini məhv etmişik, heç bir ibrət alan varmı?!

52. Onların bütün işləri əməl dəftərlərində qeyd olunmuşdur,

53. hər kiçik və böyük iş də yazılmışdır.

54. Şübhəsiz, müttəqilər cənnət bağları içərisində, çaylar kənarında,

55. haqq məclisində qüdrətli hökmdarın [Allahın] dərgahında olacaqlar.