Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QAF SURƏSİ

Quran. QAF SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Qaf. Şan-şərəfli Qurana and olsun!

2. Bəli! Onlar özlərindən olan öyüd-nəsihətçinin onlara gəlməsinə təəccübləndilər. Kafirlər dedilər “Bu, qəribə bir işdir!

3. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən dirilərik)? Bu, (həqiqətdən) uzaq bir dönüşdür."

4. Biz yerin onlardan nəyi əskildib aldığını bilirik. Bizdə (hər şeyi) hifz edən bir kitab [Lövhü-Məhfuz] vardır.

5. Lakin haqq onlara gələn zaman onu yalan hesab etdilər. Onlar şaşqın bir vəziyyətdədirlər.

6. Məgər onlar başlan üstündəki səmaya bir baxmazlarmı? Gör Biz onu necə qurduq, necə bəzədik və onda heç bir çatlaq [qüsur] yoxdur.

7. Yeri də necə döşəyib düzəltdik, oraya möhkəm duranları (dağları) lövbər atdıq və orada gözoxşayan hər növ (bitkilər) bitirdik ki,

8. Allaha üz tutan hər bir bəndə bəsirət gözü ilə baxıb ibrət alsın.

9. Göydən yerə xeyir-bərəkətli su endirdik. Onunla bağlar, biçilməli zəmilər bitirdik.

10. (Salxımlarında) tumurcuqları səf-səf düzülmüş hündür xurma ağacları bitirdik ki,

11. bəndələr üçün ruzi olsun. Onunla [su ilə] cansız ölkəyə [torpağa] həyat verdik. (İnsanların qəbirlərdən dirildilib) çıxması da bax belədir!

12. Onlardan əvvəl Nuh camaatı, Rəss əhli, Səmud tayfası da (peyğəmbərləri) yalançı hesab etdilər.

13. Ad da, Firon da, Lut qardaşları da,

14. Əykə əhli də, Tubba camaatı da! Hamısı peyğəmbərləri yalançı hesab etdilər və Mənim (əzab) vədim haqq oldu.

15. Məgər Biz (insanı) ilk dəfə yoxdan yaratmaqda aciz qaldıq? Onlar isə yenidən yaranış [dirildilmə] barəsində şübhə içərisindədirlər.

16. İnsanı Biz xəlq etmişik və nəfsinin ona nəyi vəsvəsə [təlqin] etdiyini də bilirik. Axı Biz ona şah damarından da yaxınıq.

17. Yadda saxlayın ki, (insanın) sağ və sol (çiynində) oturmuş iki (mələk onun əməllərini) qeyd edir.

18. (İnsanın) ağzından bir söz çıxar-çıxmaz hazır durmuş gözətçi (mələk) yanını kəsdirər.

19. ölüm nəşəsi haqq olaraq gəlir. Bu isə (ey insan), sənin qorxub qaçdığın şeydir.

20. Sur səslənir. Bu, vəd olunmuş gündür.

21. Hər kəs (məhşərə) onu sürükləyən (mələklə) və bir şahidlə gələcəkdir.

22. (İnsana deyilər): "Sən isə bunun barəsində qəflətdə idin. Biz (qəflət) örtüyünü səndən götürdük və artıq bu gün sənin gözün itidir."

23. Yanındakı yoldaşı [mələk]: "Əlimdəki (qərar) hazırdır." - deyər.

24. (Əmr olunacaq): "Atın cəhənnəmə hər cür tərs kafiri,

25. yaxşı işlərə mane olanı, zalımı və şübhə edəni,

26. başqa bir tanrını Allaha tay tutanı! Onu şiddətli əzab içərisinə salın!”

27. Onun yoldaşı [şeytan] deyər. "Rəbbimiz, onu mən yoldan çıxartmamışam, əksinə o özü (haqdan) çox azmışdı."

28. Allah deyər "Mənim yanımda dalaşmayın. Mən (əzab) vədim ilə sizi qabaqcadan xəbərdar etmişdim.

29. Məndə söz dəyişdirilməz, nə də Mən bəndələrə qarşı zalım deyiləm."

30. O günü Biz cəhənnəmə deyəcəyik: “Doldunmu?" O isə: "Yenədəmi var?" - deyəcəkdir.

31. Cənnət müttəqilər üçün uzaq olmayacaq bir yerə yaxınlaşdırılır.

32. (Onlara deyiləcək): "Sizə vəd olunmuş - Allaha üz tutan, (Onun hökmlərini) qoruyub gözləyən,

33. görmədiyi halda mərhəmətli (Allahdan) qorxan və (Ona bağladığı) ürəklə gələn hər kəsə vəd olunmuş [cənnət] bax budur!

34. Oraya sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür!"

35. Onlar üçün orada istədikləri şeylər vardır. Dərgahımızda isə daha artığı vardır.

36. Biz onlardan əvvəl özlərindən qat-qat güclü və "(Ölümdən) yayınmaq üçün bir sığınacaq varmı?" - deyə-deyə ölkələr gəzib dolaşan neçə-neçə nəsil məhv etmişik.

37. Şübhəsiz ki, (həssas) ürəyi olan, ürəklə qulaq asıb şahid olan kəs üçün bunda bir ibrət vardır.

38. Biz göyləri, yeri və onların arasında olanları altı günə yaratdıq və Bizə heç bir yorğunluq toxunmadı.

39. Sən onların dedikləri sözlərə döz! Günəş doğmazdan əvvəl və batmazdan əvvəl öz Rəbbinin şəninə həmd ilə təriflər de!

40. Gecə də, namazların ardınca da Ona tərif de!

41. Carçı yaxın bir yerdən (təkrar dirilməyə) çağıran günü (sur səsini) dinlə.

42. O günü onlar tükürpədici hayqırtını gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxmaq günüdür.

43. Həyat verən də, öldürən də Bizik! Dönüş də ancaq Bizədir.

44. O günü yer onların (qəbirlərdən) süfətlə çıxması üçün yarılacaqdır. Bu Bizim üçün asan olan yığıb toplamaqdır.

45. Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim (əzab) vədimdən qorxan kəsə Quranla öyüd-nəsihət ver.