Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QARİ'Ə SURƏSİ

Quran. QARİ'Ə SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on bir ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Dəhşətli fəlakət!

2 Dəhşətli fəlakət nədir?!

3 Dəhşətli fəlakətin nə olduğunu haradan biləsən?!

4 O günü insanlar (ətrafa) səpələnmiş kəpənəklər kimi olacaqlar,

5 dağlar isə didilmiş yun kimi olacaqdır.

6 Kimin (yaxşı əməllərinin) tərəzisi ağır gələrsə,

7 O xoş güzəran içərisində olacaqdır.

8 Kimin tərəzisi yüngül gələrsə,

9 Onun anası (cəhənnəm) uçurumu olacaqdır (onu cəhənnəm uçurumunun ağuşuna alacaqdır].

10 Onun nə olduğunu sən haradan biləsən?!

11 O, çox qızmar bir oddur!