Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/RƏ`D SURƏSİ

Quran. RƏ`D SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx üç ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Əlif, Lam, Mim, Ra. Bunlar Kitabın ayələridir. Sənin Rəbbindən sənə endirilən (Quran) haqdır, lakin adamların çoxu inanmır.

2. Göyləri, gördüyünüz kimi, sütunlarsız ucaldan, sonra isə ərşdə qərar tutan, hər biri müəyyən olunmuş vaxt üzrə cövlan edən günəşi və ayı (insanların xidmətinə) tabe edən Allahdır. O, bütün işləri idarə edir və ayələri müfəssəl aydınlaşdırır ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza tam inanasınız.

3. Yer üzünü döşəyən, orada möhkəm duran dağlar və çaylar yaradan, hər növ (bitki) məhsullarından cüt-cüt yaradan və gündüzü gecə ilə bürüyüb örtən Odur. Doğrudan da fikirləşən adamlar üçün bunda dəlillər vardır.

4. Yer üzündə bir-birinə qonşu (müxtəlif keyfiyyətli) torpaq sahələri, üzüm bağları və əkin sahələri vardır. Eyni su ilə suvarılan, bir və ya ayrı-ayrı köklərdən olan elə xurmalıqlar vardır ki, biz yeyərkən birinin (meyvəsini) digərindən üstün tuturuq. Doğrudan da anlayan adamlar üçün bunda dəlillər vardır.

5. Əgər sən təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpağa çevrildikdən sonra yenidən yaradılacağıq?" -demələri daha təəccüblüdür. Onlar öz Rəbbini inkar edənlərdir. Onlar boyunlarında zəncirlər olanlardır. Onlar cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar.

6. Onlar yaxşılıqdan öncə pisliyin gəlməsinə səni tələsdirirlər. Lakin əslində onlara qədər də ibrətamiz cəzalar verilmişdi. Həqiqətən, sənin Rəbbin insanları, haqsızlığı olsa belə, bağışlayandır. Sənin Rəbbin şiddətli cəza da verəndir.

7. Kafirlər (peyğəmbər haqqında) deyirlər: “Ona öz Rəbbindən bir möcüzə nazil ediləydi!" Sən isə ancaq xəbərdarlıq edən, öyüd-nəsihət verənsən. Hər xalqın bir yol göstərəni vardır.

8. Allah hər dişinin (öz bətnində) nəyi daşıdığını və bətnlərin nə qədər sıxılıb, nə qədər genişləndiyini bilir. Axı Onun dərgahında hər şeyin ölçüsü vardır.

9. O, qeybi və aşkarı biləndir, böyükdür, hər şeydən ucadır.

10. Sizlərdən sözü gizlədənlə açıq deyən də, gecələr gizlənənlə gündüzlər aşkar gəzib dolanan da (Onun üçün) eynidir.

11. Onun [hər bir insanın] önündə və arxasınca gedənlər [mələklər] vardır. Onlar onu Allahın əmri ilə qoruyurlar. Həqiqətən də hər hansı bir camaat özündəki (səciyyəvi xüsusiyyətlərini) dəyişdirmədikcə Allah onu dəyişməz. Əgər Allah hər kimə bir pislik etmək istəsə, bunun qarşısı alınmaz və onların Ondan başqa bir kömək edəni də olmaz.

12. Siz qorxu və ümid içərisində ikən (yağmur yüklü) ağır buludları yaradan Odur.

13. Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Onun zəhmindən təriflər deyirlər. O, ildırım göndərərək (kafirlər) Allah barəsində mübahisə edərkən onlardan istədiyi kəsi bununla vurur. Axı O, şiddətli cəza verəndir.

14. Haqq dəvəti Onadır. Onların Ondan başqa çağırdıqları isə heç bir şeylə onlara cavab vermirlər. Onlar isə iki ovucunu suya uzatmaqla onu ağzına çatdırmaq istəyən, lakin çatdıra bilməyən kəsə bənzərlər. Kafirlərin çağırışı faydasız bir işdir.

15. Göylərdə və yer üzündə olan kəslər də, onların kölgələri də istər- istəməz səhər-axşam Allaha səcdə edirlər.

16. De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allah!" De: "Onda necə ola bilər ki, siz Onu qoyub özlərinə belə xeyir və ziyanları olmayan başqalarını özünüzə himayəçi götürürsünüz?" De: "Məgər korla görən eynidir? Yaxud zülmətlərlə işıq təndir? Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklərini tapdılar da bu yaradış da onlara bir-birinə bənzər göründü? De: “Hər şeyi xəlq edən Allahdır. O, vahiddir, qüdrətlidir".

17. O səmadan su endirdi. Su quru vadiləri qədərincə doldurub axdı, sel də qabarmış köpükləri alıb apardı. Bəzək-düzək və qab-qaşıq düzəltmək üçün od üstündə qaynadılan şeylərin [mis, gümüş və s.] də buna bənzər köpüyü olur. Allah haqqı və batili belə misal göstərir. Köpük dağılıb gedir, insanlara fayda verən şeylər isə yerdə qalır. Allah misalları belə çəkir.

18. Öz Rəbbinin sözünə qulaq asanları yaxşı aqibət gözləyir. Ona qulaq aşmayanlar isə, yer üzündəkilərin hamısı və bir o qədəri də onların olsa və canlarını qurtarmaq üçün bunu versələr belə onlar üçün bəd haqq-hesab olacaqdır. Onların varacaqları yer cəhənnəmdir. Nə pis bir yataq!

19. Heç sənə öz Rəbbindən nazil edilənin haqq olduğunu bilən kora bənzərmi? Ancaq ağıl sahibləri ibrət götürərlər.

20. O kəslər ki, Allaha olan əhdə vəfa qılır, əhd-peymanı pozmurlar.

21. O kəslər ki, onlar birləşdirilməsini Allahın buyurduğu şeyləri birləşdirir [lazımi ictimai münasibətlər yaradır], öz Rəbbindən qorxur və bəd haqq-hesabın olacağından çəkinirlər.

22. O kəslər ki, onlar öz Rəbbinə tərəf can ataraq səbr edir, namaz qılır, Bizim onlara verdiyimiz ruzidən gizli və aşkar sərf edirlər və pisliyi yaxşılıqla dəf edirlər. Onların son mənzili

23. Ədn [cənnət] bağları olacaqdır ki, oraya da özləri, əməlisaleh ata- anaları, ər-arvadları və törəmələri daxil olarlar. Mələklər isə hər qapıdan onların yanına girərək

24. (deyəcəklər): “Etdiyiniz səbrə görə sizə salam [salamatlıq] olsun!" Nə gözəl bir son mənzil!

25. Allahla əhd-peyman bağladıqdan sonra onu pozanlar, birləşdirilməsini Allahın buyurduğu (əlaqələri) kəsənlər, yer üzündə fitnə-fəsad törədənlər - onlara lənətlər və pis mənzil olacaqdır.

26. Allah istədiyi kəsə bol, istədiyi kəsə az ruzi verər. Onlar isə bu dünya həyatı ilə qürrələnib fərəhlənirlər. Lakin bu dünya həyatı axirətlə müqayisədə ancaq ötəri bir ləzzətdir.

27. Kafirlər deyirlər: "Ona Rəbbindən bir möcüzə nazil edilə bilməzdimi?" De: "Həqiqətən, Allah istədiyi kəsi yolundan azdırar və (Allaha) üz tutanları isə Öz düz yoluna yönəldər".

28. O kəsləri ki, onlar iman gətiriblər və ürəkləri Allahı zikr etməklə rahatlıq tapır. Bilin ki, ürəklər Allahı zikr etməklə rahatlıq tapar.

29. O kəsləri ki, onlar iman gətirib əməlisaleh olublar. Onlara xoş güzəran və gözəl sığınacaq olacaqdır.

30. Beləliklə Biz səni özündən əvvəl neçə-neçə millətlər gəlib getmiş bir millətə (peyğəmbər) göndərdik ki, onlar mərhəmətli (Allahı) inkar etdikləri halda, sən Bizim sənə vəhy etdiyimizi [Quranı] onlara oxuyasan. De: "O, mənim Rəbbimdir. Ondan başqa bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim, Ona üz tuturam".

31. Əgər Quranla dağlar hərəkətə gətirilsəydi, yaxud yer parça-parça kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə (kafirlər yenə də iman gətirməzdilər). Lakin bütün işlər Allaha məxsusdur. Məgər iman gətirənlər bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanlara düz yol göstərərdi? Törətdikləri əməllərə görə kafirlərin başına müsibət gələcək, yaxud da o [müsibət] onların yurdlarının lap yanına düşəcəkdir ki, Allahın vədi yerinə yetsin. Axı Allah vədə xilaf deyildir.

32. Səndən əvvəl də peyğəmbərlər məsxərəyə qoyuldular. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Gör cəzam necə imiş!

33. Hər kəsə qazandığı şeylərə görə göz qoyan (Allah başqaları kimidirmi?) Onlar isə Allaha şəriklər qoşurlar. De: “Onları (öz adları ilə) adlandırın. Məgər siz (Allaha) yer üzündə bilmədiyi bir şeyi və ya boş sözlərimi bildirirsiniz?" Xeyr, kafirlərin məkri özləri üçün bəzədilmişdir [yaxşı iş kimi göstərilmişdir] və onlar yoldan çıxarılıblar. Allahın azdırdığına bir yol göstərən olmaz.

34. Onlar üçün bu dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahın (əzabından) qoruyan olmaz.

35. Müttəqilərə vəd olunmuş cənnət belədir; dibindən çaylar axan, yeməkləri də, kölgəsi [sərinliyi] də daimi olan (cənnət). Bu, müttəqilərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəm odudur.

36. Özlərinə Kitab bəxş etdiyimiz kəslər sənə nazil edilənə [Qurana] sevinirlər. Firqələşənlərdən [həzrəti peyğəmbər əleyhinə qruplaşanlardan] eləsi də var ki, bunun [Quranın] bir qismini inkar edirlər. De: "Mənə buyurulmuşdur ki, Allaha ibadət edəm və Ona şərik qoşmayam. Mən Ona dəvət edirəm, Qayıdışım da yalnız Onadır.

37. Beləcə Biz onu [Quranı] ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə bu bilgi [Quran] gəldikdən sonra onların həva-həvəslərinə uysan, səni Allahın (əzabından) nə bir himayə edən, nə də qoruyan olar.

38. Biz səndən əvvəl də peyğəmbərlər göndərdik və onları arvad-uşaqlı etdik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə göstərə bilməz. Hər bir vaxtın yazısı vardır.

39. Allah istədiyi (hökmünü) pozar və istədiyini təsbit edər. Kitabın əsli ancaq Onun dərgahındadır.

40. Biz onlara vəd etdiyimiz (əzabın) bir hissəsini onlara necə verdiyimizi sənə göstərsək də, (göstərməzdən əvvəl) sənin əcəlini çatdırsaq da (bil ki,) sənin üzərinə ancaq bəyan etmək düşür. Haqq-hesab çəkmək isə Bizim Öz üzərimizə düşür.

41. Məgər onlar Bizim yer üzünə gələrək onun bəzi yerlərini [kafirlərin torpaqlarını] azaltdığımızı görmürlərmi? Allah Hökm edər və Onun hökmünə heç kim mane ola bilməz. O, tez haqq-hesab çəkəndir.

42. Onlardan əvvəlkilər də hiylələr işlədirdilər, lakin bütün fəndlər ancaq Allaha məxsusdur. O, hər bir kəsin nə qazandığını bilir. Kafirlər də (bu) mənzilin sonunun kimin üçün olduğunu biləcəklər.

43. Kafirlər deyərlər: "Sən (Allah tərəfindən) göndərilmiş peyğəmbər deyilsən". De: "Mənimlə sizin aranızda Allahın və Kitab bilicisi olanların şahidliyi kifayətdir".