Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/RUM SURƏSİ

Quran. RUM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(altmış ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Əlif, Lam, Mim.

2. Məğlub edildi rumlular

3. ən yaxın bir torpaqda. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar

4. bir neçə ildən sonra. Əvvəl də, sonra da hökm Allahındır və o günü möminlər sevinəcəklər

5. Allahın etdiyi köməyə. O istədiyi kəsə kömək edir. O, qüdrətlidir, rəhmlidir.

6. Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmır, lakin adamların çoxu bilmir.

7. Onlar bu dünya həyatının zahirini bilir, axirətdən isə xəbərsizdirlər.

8. Onlar öz-özlərinə düşünməzlərmi ki, Allah göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratmışdır? İnsanların çoxu isə öz Rəbbi ilə qarşılaşacaqlarına inanmırlar.

9. Məgər onlar yer üzünü gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görməzlərmi? Axı onlar bunlardan da güclü idilər, torpağı işləyərək onu bunlardan daha çox abad etmişdilər. Peyğəmbərlər onlara aydın dəlillər gətirmişdilər. Allah onlara zülm edən deyildi, lakin özləri özlərinə zülm etdilər.

10. Sonra isə pis əməl törədənlərin aqibəti Allahın ayələrini yalan hesab etdikləri və onları məsxərəyə qoyduqları üçün lap pis oldu.

11. Allah (variıqları) yoxdan yaradır, sonra onları bir də qaytarır [öldürüb dirildir], sonra da siz Ona qaytarılacaqsınız.

12. Qiyamət qopacaq günü günahkarlar ümidlərini itirəcəklər.

13. (Allaha) şərik qoşduqlanndan onlara bir həyan olmayacaq və onlar qoşduqları şərikləri belə inkar edəcəklər.

14. Qiyamət qopacaq gün onlar (möminlərə və kafirlərə) bölünüb ayrılacaqlar.

15. İman gətirib əməlisaleh olanlar cənnət bağında fərəh içərisində olacaqlar.

16. Küfr edib ayələrimizi və axirət görüşünü yalan hesab edənlər isə əzab içərisinə salınacaqlar.

17. Ona görə də siz axşama düşəndə də, üzünüzə sübh açılanda da Allaha təriflər deyin.

18. Göylərdə də, yerdə də həmd Ona məxsusdur. Axşam çağında, siz günortaya çatanda da Ona (təriflər deyin).

19. O, cansızdan canlı çıxarır, canlıdan da cansız, yeri ölümündən sonra cana gətirir. Siz də belə çıxarılacaqsınız.

20. AIIahın sizi torpaqdan xəlq etməsi, sonra isə sizin (yer üzünə) yayılmış insanlar olmağınız Onun dəlillərindəndir.

21. Onlarla ülfətə girib yaşamaq üçün sizə özünüzdən zövcələr yaratması, aranızda məhəbbət və mərhəmət salması Onun dəlillərindəndir. Həqiqətən, düşünən adamlar üçün bunda ibrətlər vardır.

22. Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin müxtəlifliyi Onun dəlillərindəndir. Həqiqətən, bilənlər üçün bunda ibrətlər vardır.

23. Sizin gecə və gündüz yatmanız və Allahın nemətlərini axtarıb tapmanız Onun dəlillərindəndir. Həqiqətən, eşidən adamlar üçün bunda ibrətlər vardır.

24. Onun sizə həm qorxu, həm də ümid gətirən ildırımı göstərməsi, səmadan su endirib yeri ölümündən sonra bununla diriltməsi Onun dəlillərindəndir. Həqiqətən, anlayan adamlar üçün bunda ibrətlər vardır.

25. Göyün və yerin Onun əmri ilə (yanıb) durması Onun dəlillərindəndir. Sonra, sizi yerdən [qəbrlərinizdən] çıxmanız üçün çağırarsa, siz dərhal çıxarsınız.

26. Göylərdə və yerdə kim varsa, ancaq na məxsusdur. Hamısı Ona itaət edir.

27. (Varlıqları) yoxdan yaradan, sonra onları birdə qaytaran [öldürüb dirildən] Odur. Bu [ölünü diriltmək], Onun üçün daha asandır. Göylərdə və yerdə ən ülvi sifət Onundur. O, qüdrət və hikmət sahibidir.

28. O, sizə özünüzdən bir misal çəkir; sizin kölələriniz içərisində sizə verdiyimiz ruzidə sizinlə bərabər olacaq şəkildə ortaq olan, bir- birinizdən qorxduğunuz kimi onlardan da qorxduğunuz şərikləriniz varmı? Biz anlayan adamlar üçün ayələri belə müfəssəl aydınlaşdırırıq.

29. Amma haqsızlıq edənlər heç bir biliyə əsaslanmadan öz həva- həvəslərinin ardınca getdilər. Allahın yoldan çıxartdığı kəslərə kim düz yol göstərə bilər? Onlara yardım edən olmaz.

30. Sən üzünü sidqlə o dinə - Allahın fitrətinə yönəlt ki, Allah insanları onun üzərində yaratmışdır. Allahın yaratdığını dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir.

31. Allaha üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın,

32. O kəslərdən ki, onlar öz dinini parçalayaraq firqə-firqə oldular. Hər firqə isə özündə olanla qürrələnib fərəhlənər.

33. İnsanlara bir ziyan toxunan zaman özlərinin Rəbbinə üz tutaraq Onu (köməyə) çağırarlar. Sonra, Özündən onlara bir mərhəmət daddıran kimi onların bir dəstəsi öz Rəbbinə şərik qoşar

34. ki, Bizim onlara bəxş etdiyimizə nankorluq etsinlər. Güzəran sürüb zövq alın, sonra biləcəksiniz!

35. Yoxsa Biz onlara Allaha şərik qoşmalarından söz açan [təsdiqləyən] bir hökm endirmişik?

36. Biz insana bir mərhəmət daddırdıqda ona sevinirlər. Əllərilə törətdikləri əməllərə görə onlara bir bədxahlıq üz verəndə isə onlar dərhal ümidsizliyə qapılırlar.

37. Məgər onlar Allahın istədiyi kəsə ruzini bol etdiyini və (istədiyi kəsə) az etdiyini görmürlər? Həqiqətən, iman gətirən adamlar üçün bunda ibrətlər vardır.

38. Ona görə də qohum-əqrəbaya öz haqqını ver, yoxsula da, yolçuya da. Allahın razılığını qazanmaq istəyənlər üçün bu, daha xeyirlidir. Uğura qovuşanlar da onlardır.

39. Artırmaq məqsədilə insanlara sələmlə verdiyin malın faizi Allah yanında heç bir artım gətirməz. Allahın razılığını qazanmaq üçün verdiyiniz zəkat isə (bambaşqadır). Belələri (öz mükafatlarını) qat-qat artırmış olurlar.

40. Sizi xəlq edən, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da dirildəcək Allahdıri Sizin (Ona) qoşduğunuz şəriklər içərisində bunlardan hər hansı birini edə biləcək bir kəs varmı? Allaha təriflər olsun! O, onların qoşduqları şəriklərdən yüksəkdədir.

41. İnsanların əllərinin törətdiyi əməllər ucbatından quruda və dənizdə təbii nizam pozuntusu [zəlzələ, quraqlıq, fırtına] meydana çıxdı ki, O, onların törətdiyi işlərinin bəzisinin (cəzasını) onlara daddırsın. Ola bilsin ki, onlar (tövbə edib haqqa) dönələr.

42. De: "Yer üzündə gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğunu görün. Onların çoxu müşrik idi."

43. Allah tərəfindən (göndəriləcək), kimsə tərəfindən dəf edilməsi mümkün olmayacaq gün gəlməzdən əvvəl üzünü doğru dinə tərəf tut! O günü onlar (möminlər və kafirlər) bölünüb ayrılacaqlar.

44. Kim küfr edərsə, küfrü öz əleyhinə olar, kim də düz iş görərsə, özləri üçün gözəl yer hazırlayarlar

45. ki, Allah iman gətirib əməlisaleh olanları lütfündən mükafatlandırsın. Kafirləri isə, O sevmir.

46. Öz mərhəmətindən sizə daddırması üçün, gəmilərin Onun əmri ilə üzməsi üçün, lütfündən (ruzilər) axtarıb tapmanız üçün və bunlara görə onlara şükr edəsiniz deyə küləkləri müjdəçi kimi göndərməsi Onun dəlillərindəndir.

47. Biz onlann camaatına səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Peyğəmbərlər onlara aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək üzərimizdə bir haqq olmuşdur.

48. Küləkləri göndərən Allahdır. Küləklər isə buludları hərəkətə gətirir. Allah bunları parça-parça edərək istədiyi kimi səmada yayır və sən də buludların arasından yağmurun necə çıxdığını görürsən. O, onu bəndələrindən istədiyi kəslərə göndərəndə isə onlar sevinirlər,

49. Halbuki o, onların üzərinə göndərilməzdən əvvəl onlar ümidsiz idilər.

50. Sən bir Allahın mərhəmətinin izlərinə bax; gör O yeri ölümündən sonra necə canlandırır! Həqiqətən də O, (həmçinin) ölülərə də həyat verəcəkdir. Allah hər şeyə qadirdir.

51. Əgər Biz külək göndərsək və onlar onu [bitkini] saralmış görsələr, bundan sonra da onlar (Allahın nemətini) inkar edərlər.

52. Axı sən ölüləri eşidən edə bilməzsən və dönüb gedərkən də karlara çağırışı eşitdirə bilməzsən.

53. Sən korları azdıqları yoldan düz yola yönəldə bilməzsən. Sən ancaq ayələrimizə iman gətirib itaət edənlərə eşitdirə bilərsən.

54. Sizi zəif (bir şeydən) [nütfədən] xəlq edən, sizə zəiflik [uşaqlıq] ardınca qüvvət [cavanlıq] verən, qüvvədən sonra taqətsizlik və qocalıq verən Allahdır. O, istədiyini xəlq edir. O, hər şeyi biləndir, hər şeyə qadirdir.

55. Qiyamət qopacaq günü günahkarlar (həyatda və ya qəbirlərdə) heç bir saat da qalmadıqlarına and içəcəklər. Onlar beləcə aldadılmışlar.

56. Bilik və iman bəxş olunanlar isə deyəcəklər: "Allahın yazısı ilə siz dirildilmə gününə qədər (orada) qaldınız. Bu da dirildilmə günü! Lakin siz (dünyada olarkən bunu) bilmirdiniz.

57. O günü haqsızların üzr istəmələri onlara fayda verməyəcək və onlara rəhm olunmayacaqdır.

58. Biz insanlar üçün bu Quranda hər cür misallar çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən belə, kafirlər mütləq: "Siz ancaq batilə uymuşlarsınız." - deyəcəklər.

59. Allah bilməyənlərin ürəklərini belə möhürləyir.

60. Səbr et, axı Allahın vədi haqdır. Qoy (axirətə) inamı olmayanlar səni yüngül [səbrsiz, dözümsüz] etməsinlər.