Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/SƏF SURƏSİ

Quran. SƏF SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on dörd ayədən İbarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Nə ki göylərdə və yerdə var, Allaha təriflər deyər. O, qüdrət, hökm və hikmət sahibidir.

2 Ey iman gətirənlər, nə üçün siz etməyəcəyiniz işlərdən danışırsınız?!

3 Etməyəcəyiniz işlərdən danışmaq Allah yanında böyük qəzəbə səbəb olur.

4 Allah sıx hörülmüş divar kimi səf bağlayaraq, Onun yolunda vuruşanları sevir.

5 O zaman Musa öz camaatına dedi: "Ey camaatım, mənim sizə Allahın peyğəmbəri olmağımı bildiyiniz halda nə üçün məni incidirsiniz?" Onlar haqdan yayınanda Allah da onların ürəklərini yayındırdı. Axı Allah azğın adamlara düz yol göstərməz.

6 O zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail övladları, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiq edən, məndən sonra gələcək Əhməd [Məhəmməd] adlı bir peyğəmbərin müjdəsini verən bir peyğəmbərəm." O [Məhəmməd], onlara aşkar dəlilləri gətirəndə isə dedilər: "Bu, aşkar bir sehrdir."

7 İslama dəvət edildiyi halda Allaha qarşı yalan uydurandan daha haqsızı kimdir? Allah haqsız adamlara düz yol göstərməz.

8 Onlar ağızları [sözləri] ilə Allahın nurunu [dinini] söndürmək istəyirlər. Halbuki kafirlər istəməsələr də Allah Öz nurunu tamamlayacaqdır.

9 Müşriklər istəməsələr də dinini bütün dinlərdən üstün etmək üçün Öz peyğəmbərini düz yol göstəricisi və haqq dini ilə göndərən Odur!

10 Ey iman gətirənlər, sizi üzücü əzabdan qurtara biləcək bir ticarəti sizə göstərimmi?!

11 Siz Allaha və Onun peyğəmbərinə iman gətirər, mal-dövlətiniz və canınızla Allah yolunda cihad edərsiniz. Əgər bilsəydiniz, bu, sizin üçün daha xeyirlidir.

12 Onda Allah günahlarınızı bağışlar, sizi dibindən çaylar axan cənnət bağlarına və Ədn [cənnət] bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük qazancdır.

13 İstədiyiniz başqa bir şey də vardır - Allahdan kömək və yaxın bir qələbə. Möminləri müjdələ!

14 Ey iman gətirənlər, Allahın (dininin) yardımçıları olun! necə ki, Məryəm oğlu İsa həvarilərinə: "Allah yolunda yardımçılarım kimdir?“ - demişdi; həvarilər də: "Bizik Allahın (dininin) yardımçıları!" - demişdilər. İsrail övladlarından bir dəstə iman gətirdi, o biri dəstə isə küfr etdi. Biz də iman gətirənləri öz düşmənlərinə qarşı dəstəklədik və onlar müzəffər oldular.