Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TÖVBƏ SURƏSİ

Quran. TÖVBƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz iyirmi doqquz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !

1. Bu, müşriklərdən ittifaq bağladığınız kəslərə Allah və Onun peyğəmbərindən bir xəbərdarlıqdır.

2. (Ey müşriklər,) yer üzündə dörd ay asudə gəzib dolanın və bilin ki, siz Allahı zəiflədə bilməzsiniz. Allah isə kafirləri rüsvay edəcəkdir!

3. Bu, Allahdan və Onun peyğəmbərindən böyük həcc günü insanlara bir bildirişdir ki, həqiqətən, Allah və Onun peyğəmbəri müşriklərdən uzaqdır. Əgər siz tövbə etsəniz, bu, sizin üçün yaxşı olar. Yox əgər dönüklük etsəniz, bilin ki, siz Allahı zəiflədə bilməzsiniz. Kafirləri üzücü bir əzabla müjdələ.

4. O müşriklərdən başqa ki, onlarla əhd bağlamısınız, sonra onlar sizin qarşınızda bunu heç pozmayıblar və sizin əleyhinizə bir nəfərə belə kömək etməyiblər. Onlarla olan əhdi müddəti bitənə kimi tam yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.

5. Qadağan ayları bitdikdə isə müşrikləri harada görsəniz öldürün, onları (əsir) tutun, mühasirəyə alın, onlar üçün hər yerdə pusqu qurun! Əgər onlar tövbə edib namaz qılsalar və zəkat versələr, onda onlara yol verin getsinlər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!

6. Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını eşitsin, sonra isə (islamı qəbul etməsə) onu özünün əmin olduğu yerə çatdır. Çünki onlar (din-imandan heç nə) bilməyən adamlardır.

7. Məscidül-Həram yanında əhd bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun peyğəmbəri ilə necə əhdi ola bilər? Nə qədər ki, onlar sizə münasibətdə düzdürlər, siz də onlara münasibətdə düz olun. Həqiqətən, Allah müttəqiləri sevir!

8. Necə ola bilər?! Əgər onlar sizə üstün gələrsə, sizin barənizdə nə qohum-qonşuluq əlaqəsinə, nə də bir əhdə riayət edərlər. Ürəklərində nifrət ola-ola onlar sizi sözləri ilə razı salmağa çalışarlar. Onların çoxu azğındır.

9. Onlar Allahın ayələrini ucuz qiymətə sataraq, (insanları) Allahın yolundan döndərdilər. Onların etdikləri necə də pisdir!

10. Onlar hər bir möminə münasibətdə nə qohum-qonşuluq əlaqəsinə, nə də bir əhdə riayət edirlər. Onlar həddini aşanlardır.

11. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onda onlar dində sizə qardaşdırlar. Biz anlayıb bilən adamlar üçün ayələrimizi belə izah edirik.

12. Əgər onlar əhd etdikdən sonra öz andlarını pozaraq dininizi yamanlasalar - axı onlar üçün heç bir and yoxdur - onda küfrə başçılıq edənlərlə vuruşun ki, bəlkə onlar əl çəkələr.

13. Məgər siz andlarını pozmuş, peyğəmbəri (Məkkədən) çıxarmaq istəmiş və özləri də sizinlə birinci başlamış adamlarla vuruşmayacaqsınız? Onlardan qorxursunuzmu? Əgər siz möminsinizsə, Allahdan qorxmanız daha vacibdir.

14. Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onlar üzərində qələbə çaldırsın, mömin adamların ürəklərinə şəfa versin

15. və onların ürəklərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Axı Allah hər şeyi biləndir və hikmət sahibidir.

16. Yoxsa siz elə hesab edirsiniz ki, sizlərdən cihad edənləri və nə Allahdan, nə Onun peyğəmbərindən, nə də möminlərdən başqasını özlərinə dost tutmayanları Allah tanıyana kimi siz başlı-başına buraxılacaqsınız? Axı Allah nə etdiklərinizdən xəbərdardır!

17. Müşriklər küfr etdikləri barəsində öz-özlərinə qarşı şahid olduqları halda, Allahın məscidlərini (ibadətlər üçün) abad etmək onlara yaramaz. Bunların əməlləri artıq boşa çıxmışdır. Onlar əbədi olaraq cəhənnəm odu içərisində qalacaqlar.

18. Allahın məscidlərini ancaq Allaha və axirət gününə inanan, namaz qılan, zəkat verən və yalnız Allahdan qorxanlar (ibadətlər üçün) abad edə bilərlər. Umulur ki, belələri düz yolla gedənlərdən olalar.

19. Doğrudanmı siz həcc ziyarəti edənə su verilməsini və Məscidül- Həramın (ibadətlər üçün) abadlaşdırılmasını Allaha və axirət gününə inanan, Allah yolunda cihad edənin (əməlinə) tay tutursunuz? Bunlar Allahın yanında bərabər deyildirlər. Allah haqsız adamlara yol göstərməz!

20. İman gətirənlərin, hicrət edənlərin və Allah yolunda öz malı, canı ilə cihad edənlərin Allahın yanında daha yüksək dərəcələri vardır və onlar uğur qazananlardır.

21. Onların Rəbbi onları öz mərhəməti, lütfkarlığı ilə və içərisində onlar üçün daimi nemətlər olan cənnət bağları ilə müjdələyir.

22. Onlar orada əbədi qalasıdırlar. Həqiqətən, Allahın dərgahında böyük bir mükafat vardır.

23. Ey iman gətirənlər! Valideynlərinizi, bacı-qardaşlarınızı - əgər onlar küfrü imandan üstün tutarlarsa - özünüzə dost tutmayın. Sizlərdən onları dost tutanlar - onlar zalımlardır.

24. De: “Əgər valideynləriniz, övladlannız, bacı-qardaşlarınız, ər- arvadlarınız və qohum-əqrəbanız, əldə etdiyiniz mal-dövlət, kasad olmasından qorxduğunuz ticarət və ürəyinizə yatan yaşayış yerləri sizin üçün Allahdan, Onun peyğəmbərindən və Onun yolunda cihaddan daha əzizdirsə, onda Allah Öz əmrini [cəzasını] göndərənə qədər gözləyin. Allah azğın adamlara bir yol göstərməz!

25. Allah sizə bir çox yerlərdə, (o cümlədən) Hüneyn döyüşündə kömək göstərdi. O zaman sayca çoxluğunuz özünüzü valeh etmişdi. Lakin bu sizə bir fayda vermədi. Yer üzü nə qədər geniş olsa da sizə dar gəldi. Sonra da siz arxaya dönüb qaçdınız.

26. Sonra Allah Öz peyğəmbərinə və möminlərə toxtaqlıq verdi, sizin görə bilmədiyiniz qoşunlar göndərdi və küfr edənlərə əzab verdi. Bu, kafirlərin cəzasıdır.

27. Bundan sonra isə Allah istədiyi kəsin tövbəsini qəbul edər; axı Allah bağışlayandır, rəhmlidir!

28. Ey iman gətirənlər! Müşriklər ancaq natəmizdirlər. Ona görə də özlərinin bu ilindən sonra qoy onlar Məscidül-Hərama yaxın gəlməsinlər. Əgər kasıbçılıqdan qorxarsınızsa, Allah istəsə sizi Öz lütfündən varlandırar. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!

29. Kitab bəxş olunanlardan Allaha və axirət gününə inanmayan, Allahın və Onun peyğəmbərinin haram etdiyini haram bilməyən və haqq dinə etiqad etməyənlərlə zəlil halda öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

30. Yəhudilər dedilər "Üzeyr Allahın oğludur.” Xaçpərəstlər isə: "Məsih Allahın oğludur" - dedilər. Bu onların ağızlarında dolaşan sözlərdir. (Bu sözlər) daha əvvəl küfr etmişlərin sözlərinə bənzəyir. Qoy Allah onları məhv etsin! Gör onlar necə də (haqdan) döndəriliblər!

31. Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini, Məryəm oğlu Məsihi də rəbblər etdilər. Halbuki onlara yalnız bir tanrıya - Ondan başqa tanrı yoxdur - ibadət etmək buyurulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır!

32. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər, Allah isə, kafirlərə xoş gəlməsə də, Öz nurunu tamamlamaqdan başqa bir şey istəməz.

33. Müşriklər istəməsələr də Öz peyğəmbərini doğru yolla və haqq din ilə bütün dinlərin üzərində üstün etmək üçün göndərən Odur!

34. Ey iman gətirənlər! Kahinlərdən və rahiblərdən bir çoxu adamların mallarını haqsız olaraq yeyirlər və Allahın yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzab ilə müjdələ!

35. O günü cəhənnəm odu içərisində bunlar [qızıl-gümüş] qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurularaq: "Özünüz üçün yığdıqlarınız məhz budur! Di, dadın topladıqlarınızdan!" - deyiləcəkdir.

36. Həqiqətən, Allah göyləri və yeri xəlq etdiyi gündən Allahın Kitabı üzrə ayların sayı on ikidir. Bunlardan dördü haram [qadağan] aylarıdır. Bu, möhkəm dindir. Onlarda [aylarda] öz-özünüzə zülm etməyin, müşriklərin hamısı sizinlə vuruşduğu kimi siz də hamınız onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!

37. Həqiqətən, (qadağan ayını) gecikdirmək küfrü daha da artırmaqdır, bununla küfr edənlər (daha çox) yoldan azırlar; onlar bunu bir il halal edir, o biri il qadağan edirlər ki, Allahın müəyyən etdiyi qadağan (aylarının) sayı ilə uyğunlaşdırsınlar. Beləliklə də onlar Allahın haram buyurduğunu halal edirlər. Onların pis əməlləri özləri üçün bəzədilmişdir. Allah kafir adamlara bir yol göstərməz!

38. Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda (döyüşə) tələsin!" - dedikdə ağırlaşıb yerə qısılırsınız? Məgər siz axirətdən çox bu dünya həyatından razısınız? Bu dünya həyatının ləzzəti axirətlə müqayisədə çox azdır.

39. Əgər (döyüşə) çıxmasanız Allah sizə üzücü bir əzab verər, sizi başqa bir tayfa ilə əvəz edər, siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, axı Allah hər şeyə qadirdir!

40. Əgər siz ona [peyğəmbərə] kömək etməsəniz, Allah ki ona kömək göstərmişdir. Bir zaman kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. Onlar ikisi də [Məhəmməd və Əbu Bəkr] mağarada ikən o, öz yoldaşına dedi: "Kədərlənmə, axı Allah bizimlədir!" Allah Öz əmin-amanlığını onun üzərinə endirdi və sizin görmədiyiniz qoşunla ona kömək etdi. Beləcə kafirlərin sözlərini alçaltdı. Allahın kəlamı isə ən ucadır. Axı Allah qüvvət və hikmət sahibidir!

41. Gərək xəfif, gərək ağır olaraq (cihada) çıxın, malınızla, canınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!

42. Əgər asan əldə edilən bir qazanc və yüngül bir səfər olsaydı, onda onlar sənin ardınca gedərdilər. Lakin məşəqqətli yol onlara uzaq gəldi. Onlar Allaha and içəcəklər ki, “Əgər taqətimiz olsaydı, biz də sizinlə birlikdə yola çıxardıq!“ Onlar öz-özlərini məhv edirlər və Allah bilir ki, onlar yalançıdırlar.

43. Allah səni bağışlasın! Axı nə üçün sən, doğru danışanlar sənə aşkar olmamış və yalançıları tanımamış onlara izn verdin?

44. Allaha və axirət gününə inananlar öz malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Axı Allah müttəqiləri tanıyır.

45. Səndən o kəslər izn istəyirlər ki, onlar Allaha və axirət gününə inanmırlar, ürəkləri şəkk-şübhə içərisindədir və onlar öz şübhələri içərisində vurnuxurlar.

46. Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, onun üçün hazırlıq görərdilər. Lakin Allah onların yola çıxmasını istəmədi və onları saxladı; onlara deyildi: "Evdə qalanlarla [qadın, uşaq, xəstələrlə] qalın!"

47. Əgər onlar sizinlə yola çıxsaydılar, sizdə yalnız çaşqınlığı artırar, tez aranıza soxularaq, içərinizdə iğtişaş törətməyə cəhd edərdilər. Sizin aranızda onlara qulaq asanlar da olar; Allah isə doğrudan da zalımları tanıyır!

48. Onlar əvvəl də fitnə-fəsad törətməyə çalışmışdılar və sənin üçün işləri alt-üst etmişdilər. Onlar istəməsələr də, nəhayət, haqq gəldi və Allahın əmri göründü.

49. Onlardan: "Mənə (cihaddan qalmağa) izn ver, fitnəyə düçar etmə!" - deyən də var. Məgər özləri bəlaya düşmədilər?! Cəhənnəm kafirləri bürüyəcəkdir.

50. Sənə bir uğur nəsib olsa, onların halı pis olar, sənə bir müsibət üz verərsə, onlar: "Biz əvvəlcədən öz işimizi tutmuşuq!" - deyərək sevinə-sevinə dönüb gedərlər.

51. De: "Bizə Allahın bizim üçün yazdığından başqa heç nə üz verməz. O, bizim himayəçimizdir". Qoy möminlər Allaha təvəkkül etsinlər!

52. De: “Biz Allahın sizi Öz tərəfindən və ya bizim əllərimizlə əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizə yalnız iki xeyir işdən [qələbə və ya şəhidlikdən] birinin (üz verəcəyini) gözləyirsiniz? Gözləyin, biz də sizinlə gözləyirik!"

53. De: "(Malınızı) öz xoşunuzla, ya da istəmədən sərf edin, onsuz da sizdən qəbul edilməyəcək! Çünki siz azğın adamlar olmuşsunuz".

54. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olmuşdur ki, onlar Allaha və Onun peyğəmbərinə inanmadan tənbəl-tənbəl namaz qılır və yalnız istəmədən xərcləyirlər.

55. Qoy onların nə mal-dövləti, nə də övladları səni təəccübləndirsin. Allah istəyir ki, bunlarla bu dünya həyatında onlara əzab versin və onlar kafir olduqları halda canlan çətinliklə çıxsın.

56. Onlar Allaha and içirlər ki, sizdəndirlər. Halbuki sizdən deyildirlər. Onlar qorxaq adamlardır.

57. Əgər onlar bir sığınacaq, ya mağara və ya daxil olmağa bir yer tapsaydılar, dönərək ora cumardılar.

58. Onlardan sədəqə barəsində sənə eyib tutanlar da vardır; əgər bundan onlara verilərsə, onlar razı qalar, bundan onlara verilməyəndə isə necə qəzəblənərlər.

59. Allahın və peyğəmbərinin onlara bəxş etdiyindən razı qaldıqda, gərək onlar. "Allah bizim üçün kifayətdir. Allah Öz lütfündən bizə bəxş edəcəkdir, Onun peyğəmbəri də. Həqiqətən, biz Allahdan umuruq!" - deyəydilər.

60. Sədəqələr kasıblara, miskinlərə, bu işdə çalışanlara, ürəkləri (islama) bağlanmaqda olanlara, kölələrin azad olunmasına, borc içərisində olanlara, Allah yolundakı işlərə və yolçulara Allah tərəfindən müəyyən edilmiş bir fərzdir. Axı Allah hər şeyi biləndir və hikmət sahibidir!

61. Onların içərisində peyğəmbəri incidərək: "O, qulaqdır" - deyənlər də vardır. De: "O, sizin üçün xeyirli bir qulaqdır. O, Allaha da inanır, möminlərə də inanır [güvənir]. O, sizlərdən iman gətirənlərə bir mərhəmətdir". Allahın peyğəmbərini incidənlərə üzücü əzab vardır.

62. Onlar sizi razı salmaq üçün qarşınızda Allaha and içirlər. Əgər mömindirlərsə, Allahın və Onun peyğəmbərinin razılığını qazanmağa cəhd etmələri daha doğrudur.

63. Məgər onlar bilmirdilərmi ki, Allaha və Onun peyğəmbərinə qarşı çıxan üçün içərisində əbədi qalacağı bir cəhənnəm odu vardır? Bu isə böyük biabırçılıqdır!

64. Münafiqlər onlara ürəklərində olanları xəbər verən bir surə nazil olunmasından ehtiyat edirlər. De: "Siz istehza etməkdə olun! Allah ehtiyat etdiyiniz şeyi üzə çıxaracaqdır"

65. Onlardan sual etsən, əlbəttə, deyərlər: "Başımız söhbətə qarışmışdı, əylənirdik". De: "Allaha, Onun ayələrinə və peyğəmbərinəmi istehza edirdiniz?"

66. Üzr istəməyin! Artıq iman gətirəndən sonra da siz küfr etdiniz. Sizdən bir dəstəni bağışlasaq da, günah işlətdiyinə görə o biri dəstəyə əzab verəcəyik.

67. Münafiq kişi və qadınlar bir-birilərindəndir. Onlar xoşagəlməz işlərə təhrik edir, xeyir işlərdən yayındırır və əllərindəki (mal- dövləti) bərk-bərk saxlayırlar. Onlar Allahı unutmuşlar, O da onları unutmuşdur. Həqiqətən münafiqlər azğın olanlardır.

68. Allah münafiq kişi və qadınlara, kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. Bu, onlara bəsdir! Allah onları lənətləmişdir. Onlar üçün daimi bir əzab vardır,

69. sizdən əvvəlki o kəslərə olduğu kimi. Onlar sizdən daha qüvvətli, daha varlı və daha çox övladlı idilər. Onlar öz paylarına düşəndən faydalanırdılar. Sizdən əvvəlkilər öz paylarından faydalandıqları kimi, siz də öz payınızdan faydalandınız və onlar (azğınlığa) qurşandıqları kimi, siz də qurşandınız. Onların əməlləri bu dünyada da, axirətdə də boşa çıxmışdır! Bunlar ziyana düşənlərdir!

70. Məgər onlardan əvvəlkilərin - Nuh, Ad və Səmud camaatının, İbrahim camaatının, Mədyən sakinlərinin və alt-üst edilmiş kəndlərin əhalisinin [Lut camaatının] əhvalatı onlara gəlib çatmayıbmı? Peyğəmbərləri onlara aydın ayələr gətirmişdilər. Allah onlara zülm edən olmamışdı, lakin onlar özləri-özlərinə zülm etdilər.

71. Mömin kişi və mömin qadınlar bir-birlərinə dostdurlar. Onlar xeyir işlər buyurur və xoşagəlməz işlərdən çəkindirirlər. Onlar namaz qılır, zəkat verir, Allaha və On peyğəmbərinə itaət göstərirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah qüvvət hikmət sahibidir!

72. Allah mömin kişi və mömin qadınlara dibindən çaylar axan və orada əbədi qalacaqları Ədn cənnət bağları və əbədi cənnət bağlarında gözəl məskənlər vəd etmişdir.! Allahın razı qalması (hər şeydən) üstündü Bu, böyük uğurdur!

73. Ey peyğəmbər! Kafirlərlə və münafiqlərlə mübarizə apar və onlara qarşı sərt ol! Onların sığınacağı cəhənnəmdir. Necə də pis bir dönüş yeri!

74. Küfr söz danışdıqları, islamı qəbul etdikdən sonra küfr etdikləri və əldə edə bilmədiklərinə girişdikləri halda, Allaha and içirlər ki, belə sözlər deməyiblər. Onlar yalnız Allahın və peyğəmbərinin Öz fəzilətindən onları [müsəlmanları] varlandırdığına görə intiqam alırlar. Əgər onlar tövbə etsələr, özləri üçün yaxşı olar. Əgər üz döndərsələr Allah onlara bu dünyada və axirətdə üzücü əzab verər. Yer üzündə onların nə bir havadarı, nə də kömək edəni olar.

75. Onlardan Allahla əhd bağlayanlar da var. Onlar: "Əgər O bizə Öz lütfündən bəxş etsə, biz də əlbəttə, sədəqə verib əməlisalehlərdən olarıq.“ - deyərlər.

76. Allah Öz lütfündən onlara bəxş etdikdə isə onlar bunu (sərf etməkdə) xəsislik göstərdilər və üz çevirib döndülər.

77. Allaha verdikləri sözə xilaf çıxdıqlarına və yalan işlətdiklərinə görə O, onların ürəklərinə Onunla görüşəcəkləri günə qədər (davam edəcək) bir nifaq toxumu saldı.

78. Məgər bilmirdilər ki, Allah onların sirrini də, gizli pıçıldaşmalarını da bilir və Allah bütün qeyblərdən xəbərdardır?

79. Möminlərdən könüllü sədəqə verənlərə və yalnız öz gücləri çatanı verənlərə eyib tutanları və onları ələ salanları Allah da məsxərəyə qoyacaq. Onlar üçün üzücü əzab vardır!

80. Onlar üçün bağışlanma istər dilə, istər diləmə; əgər onların bağışlanmasını yetmiş dəfə də istəsən, Allah onları bağışlamaz. Çünki onlar Allaha və Onun peyğəmbərinə inanmayıblar. Allah isə azğın adamlara bir yol göstərməz!

81. Allahın peyğəmbəri (döyüşə gedəndən) sonra qalanlar oturub qalmalarına sevindilər və Allah yolunda öz malları və canları ilə vuruşmaq istəməyərək dedilər "Belə istidə döyüşə qalxmayın!" De: "Cəhənnəm odu daha istidir". Barı onlar anlaya biləydilər.

82. Qoy onlar qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar.

83. Əgər Allah səni onların bir dəstəsinin yanına qaytarsa və onlar döyüşə çıxmağa səndən izn istəsələr, de: "Siz heç vaxt mənimlə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənə qarşı vuruşmayacaqsınız. Siz ilk dəfə qalmağa razı oldunuz və qalanlarla da oturun!"

84. Heç vaxt onlardan ölmüş bir kəsin namazını qılma və onun qəbri başında durma! Axı onlar Allaha və Onun peyğəmbərinə küfr ediblər və azğınlıq içində ölüblər.

85. Qoy onların nə mal-dövləti, nə də övladları səni təəccübləndirməsin. Allah istəyir ki, bunlarla bu dünya həyatında onlara əzab versin və onların kafir olduqları halda canları çətinliklə çıxsın.

86. Əgər: "Allaha iman gətirin, Onun peyğəmbəri ilə birlikdə cihad edin!" - (deyən) bir surə nazil olarsa, onlardan mal-dövlət sahibləri səndən izn istəyib deyərlər: "İmkan ver bizə, qoy qalanlarla olaq".

87. Onlar qalanlarla olmalarına razı oldular, ürəklərinə möhür vuruldu və onlar bir şey başa düşməzlər.

88. Ancaq peyğəmbər və onunla birlikdə iman gətirənlər öz malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər vardır və onlar uğur qazananlardır.

89. Allah onlar üçün dibindən çaylar axan və içərisində əbədi qalacaqları cənnət bağları hazırladı. Bu, böyük uğurdur!

90. Bədəvilərdən bəziləri üzr istəyib gəldilər ki, onlara izn verilsin. Allaha və Onun peyğəmbərinə yalan satanlar isə döyüşə getməyib evdə qaldılar. Onlardan küfr edənlərə üzücü əzab üz verəcəkdir!

91. Zəiflərə, xəstələrə, xərcləməyə bir şey tapmayanlara, əgər Allaha və Onun peyğəmbərinə sadiqdirlərsə, heç bir günah olmaz. Xeyir işlər tutanlara toxunmağa bir yol olmaz. Axı Allah bağışlayandır, rəhmlidir!

92. O kəslərə də günah olmaz ki, onlar səndən minik almaq üçün yanına gələndə sən deyirsən: "Sizin üçün bir minik tapmıram". Onlar (cihad üçün) sərf etməyə bir şey tapa bilmədiklərindən gözləri kədərdən yaş ilə dolaraq geri qayıdırlar.

93. Varlı olduqları halda səndən (cihada getməyə) izn istəyənlər sorğu- suala layiqdirlər. Onlar (döyüşə) getməyənlərlə qalmağa razıdırlar. Allah onların ürəklərinə möhür vurmuşdur, odur ki, onlar heç nə bilməzlər.

94. Siz (döyüşdən) onların yanına qayıdanda onlar sizdən üzr istəyəcəklər. De: "Üzr istəməyin, heç vaxt sizə inanmayacağıq. Allah sizin haqqınızda artıq bizə xəbər vermişdir. Allah və Onun peyğəmbəri sizin əməllərinizi görəcəkdir. Sonra isə siz qeybin və aşkarın Bilicisinin yanına qaytarılacaqsınız və O, nələr etdiyinizi sizə xəbər verəcəkdir!"

95. Siz onların yanına gəldikdə onlar sizin qarşınızda Allaha and verəcəklər ki, onlardan əl çəkəsiniz. Siz də onlardan üz döndərin, axı onlar murdardırlar. Qazandıqlarının cəzası olaraq, onların sığınacağı cəhənnəmdir!

96. Sizi özlərindən razı salmaq üçün onlar qarşınızda and içəcəklər. Siz onlardan razı qalsanız da, Allah azğın adamlardan razı qalmaz!

97. Bədəvilərin küfrü və münafiqliyi daha şiddətlidir və onlar Allahın öz peyğəmbərinə nazil etdiyinin hüdudlarını [Allahın hökmlərini] daha çətin anlayanlardır. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!

98. Bədəvilərdən eləsi var ki, xərc etdiyini artıq şey hesab edir və sizə nə vaxt müsibət üz verəcəyini gözləyir. Pis müsibət onların öz başlarına gələr. Axı Allah hər şeyi eşidəndir, biləndir!

99. Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır və verdiyi malı Allaha yaxın olmaq üçün və peyğəmbərin xeyir-duasını qazanmaq üçün vasitə hesab edir. Bəli, bu, onların özü üçün (Allaha) yaxınlıqdır. Allah onları öz mərhəməti içərisinə salacaqdır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!

100. Dində hamını qabaqlamış ilk mühacirlərdən, ənsarlardan və xeyir əməllərdə onların ardınca gedənlərdən Allah razıdır və onlar da Ondan razıdırlar. O, onlar üçün dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!

101. Ətrafınızdakı bədəvilərdən və Mədinə sakinlərindən elə münafiqlər var ki, onlar münafiqlikdə inadkarlığa adət ediblər. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Biz onlara (bu dünyada) iki dəfə əzab verəcəyik. Sonra isə (axirətdə) onlar daha böyük bir əzaba qaytarılacaqlar.

102. (Münafiqlərin) bir qismi də öz günahlarını etiraf ediblər; onlar yaxşı işlə başqa bir pis işi bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbəsini qəbul edə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!

103. Onların mal-dövlətindən sədəqə qəbul et ki, bununla sən onları təmizləyib pak edəsən. Onlara xeyir-dua ver. Həqiqətən, sənin xeyir- duan onlar üçün bir təskinlikdir. Axı Allah hər şeyi eşidəndir, biləndir!

104. Məgər onlar bilmirdilər ki, Öz bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri O alır və Allah tövbə qəbul edəndir, mərhəmətlidir?!

105. De: "Öz işinizdə olun! Allah, Onun peyğəmbəri və möminlər sizin əməllərinizi görəcəkdir. Siz qeybin və aşkarın Bilicisinin hüzuruna qaytarılacaqsınız və O, nələr etdiyinizi sizə xəbər verəcəkdir!"

106. Başqaları da vardır ki, onların işi Allaha qalıb; O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcəkdir. Axı Allah hər şeyi biləndir və hikmət sahibidir!

107. Məscidi ziyan vurmaq üçün, küfr etmək üçün, möminlər arasında təfriqə salmaq üçün və əvvəllər Allahla və Onun peyğəmbəri ilə müharibəyə girişmiş kəslərin xeyrinə bir pusqu üçün vasitəyə çevirənlər, əlbəttə, and içəcəklər ki: "Biz yalnız xeyir iş görmək istəyirdik". Allah şahiddir ki, onlar yalançıdırlar.

108. Heç vaxt orada namaz qılma! İlk gündən təqva üzərində təsis olunmuş məscid sənin orada namaz qılmağın üçün daha layiqlidir. Orada təmizliyi sevən adamlar vardır. Allah da pak adamları sevir!

109. Binasını təqva və Allahın razılığı üzərində quranmı yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlananmı? Həqiqətən, Allah zalıma bir yol göstərməz!

110. Onların tikdikləri bina [məscid] ürəkləri parça-parça olana qədər ürəklərində bir şübhə [qorxu və narahatlıq] olaraq qalacaqdır. Allah hər şeyi biləndir və hikmət sahibidir!

111. Həqiqətən, Allah, cənnət qarşılığında möminlərin canlarını və mal-dövlətini satın almışdır; onlar da Allah yolunda vuruşur, öldürür və öldürülürlər. (Bu) Tövratda, İncildə və Quranda Allah tərəfindən olan haqq bir vəddir. Öz əhdinə Allahdan daha sadiqi kimdir? Onunla etdiyiniz bu alış-verişə sevinin! Bu, böyük uğurdur!

112. Tövbə edənlər, ibadət edənlər, şükr edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, xeyir işlər buyuranlar, xoşagəlməz işlərdən çəkindirənlər Allahın qoyduğu hüdudlara [hökmlərə] riayət edənlər - belə möminləri müjdələ!

113. Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, yaxın qohum olsalar belə, onlar üçün bağışlama diləmək peyğəmbərə və möminlərə yaraşmaz.

114. İbrahimin öz atasının bağışlanması haqqındakı xahişi yalnız ona verdiyi vədə görə idi. Ona aydın olduqda ki, o, Allahın düşmənidir, ondan əl çəkdi. Həqiqətən, İbrahim çox dua edib yalvarandır, həlimdir!

115. Allah insanları düz yola çıxartdıqdan sonra onlara nədən çəkinməyi aydınlaşdırmadan onları yoldan çıxaran deyildir. Həqiqətən, Allah hər şeyi bilir!

116. Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur! Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir kömək edəniniz vardır.

117. Allah peyğəmbərin, bəzilərinin ürəkləri az qala (başqa tərəfə) meyl etdikdən sonra çətin anda onun ardınca getmiş mühacirlərin və ənsarların tövbələrini qəbul etdi. Sonra bir daha tövbələrini qəbul etdi. Axı Allah onlara qarşı şəfqətlidir, rəhmlidir!

118. (Döyüşdən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Yer öz genişliyi ilə onlar üçün daralanda, ürəkləri sıxılanda və Allahdan başqa bir sığınacaq olmadığını düşünəndə, Allah onların tövbələrini qəbul etdi ki, onlar əvvəlki vəziyyətə dönsünlər. Axı Allah tövbələri qəbul edəndir, mərhəmətlidir!

119. Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla olun!

120. Mədinə sakinlərinin və onların ətrafındakı bədəvilərin Allahın peyğəmbərindən (döyüşdə) geri qalmaları və onu qoyub öz canlarının hayında olmaları yaraşmaz. Ona görə ki, Allahın yolunda onlara üz verən elə bir susuzluq atəşi, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir addım, düşmən üzərində qazanılan elə bir uğur olmadı ki, onun müqabilində onlar üçün bir xeyir əməl yazılmasın. Həqiqətən, Allah xeyir iş görənlərin haqqını itirməz!

121. Nə xərc edilərsə, böyük olsun, ya kiçik, hansı vadini keçilərsə, bu, onlar üçün yazılır ki, Allah onlara etdikləri işdən də yaxşı əvəz versin.

122. Möminlər hamısı birdən (döyüşə) çıxmamalıdırlar. Heç olmasa hər dəstədən bir hissə qalsın ki, dini oxuyub öyrənsin və camaatı (döyüşdən) qayıtdığı zaman (Allah hökmlərindən) xəbərdar etsin ki, bəlkə onlar çəkinələr.

123. Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun! Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, həqiqətən Allah müttəqilərlədir!

124. Bir surə nazil olunan kimi, onlardan: "Bu, hansınızın imanını artırdı?" - deyən də vardır. İman gətirənlərin isə imanını artırıbdır və onlar (bir-birlərini) müjdələyərək sevinirlər.

125. Ürəklərində mərəz olanlara gəlincə (bu surə) onların murdarlıqları üzərinə bir murdarlıq da artırar və onlar kafir olaraq ölərlər.

126. Məgər onlar görmürlərmi ki, hər il bir və ya iki dəfə sınağa düçar edilirlər? Bununla belə, onlar nə tövbə edir, nə də bunu yadda saxlayırlar.

127. Bir surə nazil olunan kimi onlar bir-birilərinə baxaraq: “Sizi bir kəs görürmü?" - deyir, sonra da aradan çıxırlar. Anlamaz adam olduqları üçün qoy Allah onların ürəklərini döndərsin!

128. Öz içərinizdən sizə bir peyğəmbər gəldi, sıxıntıya düşməniz onun üçün ağırdır. O, üstünüzdə əsəndir, möminlərə şəfqətlidir, rəhmlidir!

129. Əgər onlar üz döndərsələr, de: "Allah mənə kifayətdir! Ondan başqa bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etmişəm. Axı O, böyük ərşin [kainat taxt-tacının] Rəbbidir [sahibidir]!"