Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TƏHRİM SURƏSİ

Quran. TƏHRİM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on iki ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Ey peyğəmbər, zövcələrin razılığını qazanmaq üçün Allahın sənə halal etdiyini nə üçün (özünə) haram [qadağan] edirsən?! Allah bağışlayandır, rəhmlidir.

2 Allah (kəffarə verməklə) andlarınızdan azad olmağı sizin üçün vacib etdi. Allah sizin himayəçinizdir. O, hər şeyi biləndir, hökm və hikmət sahibidir.

3 O zaman peyğəmbər öz zövcələrindən birinə xəlvətdə bir şey danışdı. O da bunu (başqasına) bildirdikdə və Allah bunu [sirrin yayıldığını] peyğəmbər üçün aşkar edəndə, peyğəmbər bir qismini bildirdi, bir qismindən isə yayındı. O, bunun barəsində zövcəsinə xəbər verəndə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?“ O dedi: “Mənə hər şeyi bilən, hər şeydən xəbərdar olan Allah bildirdi.”

4 (Yaxşı olardı ki,) ikiniz də (ey peyğəmbər zövcələri) Allaha tövbə edəydiniz, axı ürəkləriniz (buna) meyl edirdi. Əgər peyğəmbərə qarşı ikiniz də bir-birinizə arxa olsanız (bilin ki), Allah onun himayəçisidir. Cəbrayıl da, əməlisaleh möminlər də. Bunlardan sonra mələklərdə onun yardımçılarıdır.

5 Peyğəmbər sizi boşarsa, bəlkə də onun Rəbbi əvəzində ona sizdən daha yaxşı zövcələr - (Allaha) təslim olmuş, iman gətirən, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul və bakirə qadınlar verər.

6 Еу iman gətirənlər, özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan cəhənəm odundan qoruyun! Odun başında isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, onlara buyurulanları yerinə yetirən sərt, rəhmsiz mələklər vardır.

7 (Kafirlərə deyiləcək): "Ey küfr edənlər! Bu gün üzr istəməyin, sizə ancaq tutduğunuz əməllərin cəzası verilir."

8 Ey iman gətirənlər! Allaha səmimi ürəklə tövbə edin ki, bəlkə Rəbbiniz pisliklərinizi [günahlarınızı] örtə və sizi dibindən çaylar axan cənnət bağlarına daxil edə. O günü Allah peyğəmbəri və onunla birlikdə iman gətirənləri pərt etməz. Onların (iman) nuru önlərində və sağ tərəflərində gedərkən onlar: "Rəbbimiz, nurumuzu bizim üçün tamamla və bizi bağışla. Axı Sən hər şeyə qadirsən!" - deyərlər.

9 Ey peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı cihad et, onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. Nə pis bir dönüş yeri!

10 AIIah Nuhun zövcəsini və Lutun zövcəsini kafirlərə bir məsəl çəkdi. Onlar ikisi də bəndələrimizdən olan iki əməlisaleh bəndənin nikahı altında idilər və hər ikisi də onlara xəyanət etdilər. Ərləri Allahdan (gələn) heç bir şeyi onlardan dəf edə bilmədilər. (Onlara) “Girənlərlə birlikdə siz də cəhənnəm oduna daxil olun!" -deyildi.

11 Allah iman gətirənlərə isə Fironun zövcəsini bir məsəl kimi çəkir. O zaman o [qadın] dedi: "Rəbbim, Öz dərgahında - cənnətdə mənim üçün bir ev tik. Məni Firondan və onun əməlindən xilas et, məni haqsız tayfadan xilas et!"

12 (Allah) öz namusunu, ismətini qoruyan İmran qızı Məryəmin də (məsəlini çəkir). Biz ona Öz ruhumuzdan üfürdük. O, öz Rəbbinin sözlərini və kitablarını doğru hesab etdi və itaət edənlərdən oldu.