Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/YUNUS SURƏSİ
Quran. YUNUS SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yüz doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Əlif, Lam, Ra. Bunlar hikmətli Kitabın ayələridir.
2. Məgər insanlar üçün təəccüblü idimi ki, Biz onların içərisindən bir nəfərə: "İnsanlara xəbərdarlıq et və iman gətirənlərə müjdə ver ki, onların öz Rəbbi qarşısında yüksək mövqeləri vardır" - deyə vəhy etdik? Kafirlər isə: “Əlbəttə bu, açıq-aşkar sehrbazdır." - dedilər.
3. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı günə yaradan, sonra isə ərşdə qərar tutaraq, bütün işləri yoluna qoyan Allahdır. Ancaq Onun iznindən sonra bir havadar ola bilər. Bax budur sizin Rəbbiniz olan Allah. Ona ibadət edin! Bir öyüd-nəsihət almazsınızmı?!
4. Hamınızın qayıdışı Onadır. Allahın vədi haqdır. O, yoxdan xəlq etməyə başlayır, sonra bunu təkrar edir [ölümündən sonra dirildir] ki, iman gətirənləri və əməlisalehləri ədalətlə mükafatlandırsın. Kafirlər üçün isə küfr etdiklərinə görə həmim [qaynar içki] və üzücü əzab vardır.
5. Günəşi ziya [işıq mənbəyi], ayı nur [o işığı əks etdirən] edən, illərin sayını və hesabı bilməniz üçün ona [aya] mənzillər [dayanacaqlar] müəyyən edən Odur. Allah yalnız haqq olaraq və anlayan insanlara ayələri aydınlaşdıra-aydınlaşdıra bunları yaratmışdır.
6. Gecə ilə gündüzün bir-birini əvəz etməsində və Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün ayələr vardır.
7. Həqiqətən, o kəslər ki, Bizimlə görüşə ümid etmirlər və bu dünya həyatından razı qalaraq, onunla rahatlıq tapırlar və o kəslər ki, Bizim ayələrimizdən xəbərsizdirlər -
8. bunların qazandıqlarına görə sığınacaqları cəhənnəm odudur!
9. Həqiqətən, o kəslər ki, iman gətirib və xeyir işlər görüblər, onların Rəbbi onları imanlarına görə düz yolla aparar, Nə'im [bol nemətli] cənnət bağlarında ayaqları altından çaylar axar.
10. Onların oradakı duası: "İlahi, şəninə təriflər olsun!," salamlaşmaları: "Salam! [Sülh!]" və dualarının sonu isə: "Həmd olsun aləmlərin Rəbbi Allaha! " - olar.
11. Əgər insanlar yaxşılığın tez olmasını istədikləri kimi, Allah da onlara pisliyi tez etsəydi, onların əcəli artıq bitmiş olardı. Bizimlə görüşə ümid etməyənləri öz azğınlıqları içərisində dolaşan vəziyyətdə qoyarıq.
12. İnsana bir xətər toxunduqda, böyür üstə [uzanmış vəziyyətdə] də, oturmuş vəziyyətdə də, ayaq üstə də Bizi çağırar. Biz xətəri ondan sovuşdurduqda isə o çıxıb gedər, sanki Bizi ona toxunmuş xətərə görə heç çağırmamışdı. Tutduqları əməllər həddini aşanlar üçün belə bəzədilmişdir!
13. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə görə və peyğəmbərləri onlara aşkar dəlillər gətirərkən iman gətirmədiklərinə görə məhv etmişik. Günah işlətmiş adamları Biz belə cəzalandırırıq!
14. Sonra Biz onların ardınca sizi yer üzündə varislər etdik ki, görək necə hərəkət edəcəksiniz.
15. Açıq-aydın ayələrimiz onlara oxunanda Bizimlə görüşə ümid etməyənlər deyərlər: "Sən bizə bundan başqa bir Quran gətir, ya da onu dəyişdir". De: "Mənə onu özbaşına dəyişmək olmaz. Mən yalnız mənə vəhy olunmuşların ardınca gedirəm. Mən Rəbbimə qarşı çıxsam, böyük bir günün əzabından qorxuram".
16. De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və O, onu sizə bildirməzdi. Mən ki bundan əvvəl də içərinizdə bir ömür sürmüşəm. Məgər ağıla gəlməzsiniz?"
17. Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən də zalımı kim ola bilər? Həqiqətən, günah işlədənlər uğur qazanmazlar!
18. Onlar Allahı qoyub özlərinə nə zərəri, nə də xeyri dəyənlərə ibadət edərək deyərlər: "Bunlar Allah dərgahında bizə havadar olacaqlar". De: "Məgər siz Allaha göylərdə və yerdə Onun bilmədiyi şeylər haqqındamı xəbər verirsiniz? "O, onların Ona qoşduqları şəriklərdən uzaqdır və yüksəkdədir.
19. İnsanlar ancaq vahid bir millət idilər, sonra ixtilafa düşüb ayrıldılar. Əgər sənin Rəbbin tərəfindən əvvəlcədən bir kəlam [hökm] gəlməsəydi, ixtilafda olduqlarına görə onların işi bitmiş olardı.
20. Onlar deyirlər: "Barı ona öz Rəbbindən bir ayə nazil olaydı!" Onda sən de: "Qeyb ancaq Allaha məxsusdur. Gözləyin, mən də sizinlə birlikdə gözləyrəm!"
21. Əgər Biz insanlara bəla toxunduqdan sonra mərhəmət daddırarıqsa, onlar dərhal ayələrimiz barəsində bir hiylə qurarlar. De: "Allah daha tez tədbir görəndir!" Axı Bizim elçilər sizin işlətdiyiniz hiylələri yazırlar.
22. Quruda da, dənizdə də sizə hərəkət verən Odur. Siz gəmidə olarkən gəmilər onları [içindəki adamları] xoş bir küləklə apararkən və onlar buna sevinən zaman şiddətli tufan qoparaq onların üstünə hər tərəfdən dalğalar gəldi və onlar elə zənn etdilər ki, artıq işləri bitmişdir. Onda onlar imanda Allaha sədaqət göstərərək Onu çağırdılar: "Əgər bizi bundan xilas etsən, şükr edənlərdən olarıq".
23. O, onları xilas etdikdə isə, onlar dərhal haqsız olaraq yer üzündə azğınlıq törədərlər. Ey insanlar! Sizin azğınlığınız bu dünya həyatının ləzzəti kimi əleyhinizədir. Sonra siz Bizə qayıdacaqsınız və Biz nə etdiklərinizdən sizə xəbər verəcəyik.
24. Bu dünya həyatı göydən endirdiyimiz suya bənzər ki, insanların və heyvanların qidalandığı yer bitkiləri onunla bir-birinə qarışdı. Yer öz cah-cəlalını alıb bəzəndikdə və onun sakinləri düşünəndə ki, artıq ona sahibdirlər, gecə və ya gündüz Bizim ona [Yerə] əmrimiz gəldi və onu məhsulu yığılmış sahə etdik, sanki dünən heç bol məhsullu olmamışdı. Düşünən adamlar üçün ayələri Biz belə izah edirik!
25. Allah əmin-amanlıq evinə [cənnətə] çağırır və istədiyi kəsə doğru yolu göstərir!
26. Xeyir iş görənlərə daha xeyirli mükafat (cənnət) və bundan da artığı olar, üzlərinə nə bir kədər tozu, nə də zillət qonar. Onlar cənnətlikdirlər, orada əbədi qalasıdırlar.
27. Bəd əməl tutanları isə bəd əməlin özünə bənzəri (tutar), onları zillət bürüyər, heç kim onları Allahdan qoruya bilməz. Onların üzləri sanki gecənin zülmətləri ilə örtülmüş olar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.
28. O günü Biz onların hamısını toplayacağıq, sonra isə (Allaha) şərik tutanlara deyəcəyik: “Siz və qoşduğunuz şəriklər öz yerinizi tutun!" Onları bir-birindən ayıracağıq. Qoşduqları şəriklər deyəcəklər “Siz bizə ibadət etmirdiniz.
29. Allahın bizimlə sizin aranızda şahid olması kifayətdir. Bizə ibadət etməyinizdən xəbərsiz olmuşuq".
30. Orada hər kəsə əvvəllər etmiş olduğu (əməlləri) bildiriləcək, onlar əsl ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqlar və uydurduqları (şəriklər) onları tərk edib gedəcəklər.
31. De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Yaxud eşitmə və görməni verən kimdir? Cansıza can verən və canlını cansız edən kimdir? Bütün işləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs onda siz qorxmursunuz?"
32. Bax budur sizin haqq olan Rəbbiniz - Allah! Haqq gəldikdən sonra (onu qəbul etməsən), yolunu azmaqdan savayı nə qalar? Onda (haqdan) nə üçün üz döndərirsiniz?"
33. Sənin Rəbbinin azğınlıq edənlər barəsindəki "Onlar iman gətirməzlər!" - kəlamı beləcə düz çıxdı.
34. De: "Sizin şərik qoşduqlarınızdan eləsi varmı ki, (yoxdan) xəlq etməyə başlasın, sonra bunu təkrar etsin [ölümündən sonra diriltsin]" De: "Allah ilk dəfə (yoxdan) xəlq edir, sonra bunu təkrar edir [ölümündən sonra dirildir]. Onda bəs nə üçün siz (haqdan) yan keçirsiniz?"
35. De: "Sizin qoşduğunuz şəriklərdən eləsi varmı ki, haqqa yol göstərsin?" De: "Allah haqqa yol göstərir. Haqqa yol göstərən kəs ardınca gedilməyə daha layiqdir, yoxsa özünə doğru yol göstərməyincə o yolu tapmayan? Sizə nə olub, siz necə mühakimə yürüdürsünüz?"
36. Onların çoxu yalnız zənnə uyurlar. Zənn isə heç nədə haqqı əvəz edə bilməz. Həqiqətən, Allah onların nə etdiklərini daha yaxşı bilir!
37. Bu Quran Allahdan başqası tərəfindən uydurulmuş bir şey deyildir. Əksinə o, özündən əvvəlkiləri [Tövratı və İncili] təsdiqləyən və səmavi yazıları müfəssəl aydınlaşdırandır. Onun aləmlərin Rəbbindən olmasına heç bir şübhə yoxdur!
38. Ola bilsin ki, onlar deyərlər: "Onu o [Məhəmməd peyğəmbər] uydurmuşdur". De: "Əgər düz deyirsinizsə, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağıraraq siz də ona bənzər surə gətirin!"
39. Bəli, onlar qavraya bilmədikləri və hələ izahı onlara gəlməmiş bir şeyi yalan hesab etmişdilər. Bir bax, zalımların aqibəti necə oldu!
40. Onlardan buna inanan da, inanmayan da var. Sənin Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır.
41. Səni yalançı hesab etsələr, onda de: "Mənim əməlim özümünküdür, sizin əməlləriniz də özünüzünküdür. Mənim etdiyimin sizə dəxli yoxdur, sizin etdiklərinizin də mənə heç bir dəxli yoxdur".
42. Onlardan elələri də var ki, sənə qulaq asarlar; əgər onlar anlamırlarsa, sən kara eşitdirməyəmi çalışacaqsan?
43. Onlardan eləsi də var ki, sənə baxır. Gözləri görmürsə, kora yol göstərməyəmi çalışacaqsan?
44. Həqiqətən, Allah insanlara heç bir zülm etməz, əksinə insanlar öz- özlərinə zülm edərlər.
45. Allah onları toplayacağı gün onlar sanki (bu dünyada) günün yalnız bir saatı olmuşlar kimi, bir-birləri ilə tanış olacaqlar. Allahla görüşü yalan hesab edənlər doğru yol tapmayıb zərər çəkəcəklər.
46. Ya onlara vəd etdiyimiz (əzabların) bəzisini sənə göstərər, ya da səni (onların arasından) apararıq [öldürərik]. Onlar isə ancaq Bizə qayıdacaqlar. Sonra da ki, axı Allah onların nə etdiklərinə şahiddir.
47. Hər bir ümmətin bir peyğəmbəri vardır. Onların peyğəmbəri gəldikdə, onlar arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
48. Onlar deyirlər: “Əgər düz deyirsinizsə, bəs bu vədə nə vaxt (əməl olunacaq)?“
49. De: “Mən Allahın istədiyindən başqa özüm üçün nə bir zərərə, nə də bir xeyirə malikəm". Hər bir ümmətin öz əcəli [müəyyən edilmiş vaxtı] vardır. Əgər onların əcəli çatarsa, onlar nə bir saat yubadılar, nə də tələsdirilərlər.
50. De: “Bir özünüz baxın! Əgər Onun əzabı sizə gecə və ya gündüz vaxtı gələcəksə, onda o günahkarlar buna [əzaba] niyə tələsirlər?
51. Sonra, olan olub keçəndən sonramı Ona iman gətirəcəksiniz? İndimi? Siz isə bunu tələsdirirdiniz".
52. Sonra o zalımlara deyilər: "Əbədi əzabı dadın! Məgər sizə öz kəsb etdiklərinizdən başqasına görəmi cəza veriləcək?“
53. Onlar səndən xəbər alacaqlar ki, bunun olacağı doğrudurmu? De: "Bəli! Rəbbimə and olsun ki, bu, bir həqiqətdir və siz onun qarşısını almaqda acizsiniz!”
54. Zülm edən hər kəs yer üzündə olanların hamısı onun olsa onu verib canını qurtarmaq istəyəcək. Onlar əzabı gözlərilə görüncə peşmançılığı ört-basdır etməyə çalışacaqlar. Onlar arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
55. Bəli, həqiqətən, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bəli, həqiqətən, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir.
56. O dirildir də, öldürür də və siz yalnız Ona qaytarılacaqsınız.
57. Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, ürəklərinizdə olanlara şəfa, möminlərə düz yol və mərhəmət gəlmişdir.
58. De: "Allahın kəraməti və Onun mərhəməti ilə!" Qoy onlar bununla sevinsinlər. Bu onların toplayıb yığdıqlarından daha xeyirlidir.
59. De: "Allahın sizə göndərdiyi ruziləri gördünüzmü? Siz isə onların bir qismini haram və bir qismini halal saydınız". De: “Allahmı buna sizə icazə verdi, yoxsa siz Allaha böhtan atırsınız?"
60. Allaha qarşı yalan uyduranlar qiyamət günü barəsində nə düşünürlər? Allah insanlar üçün fəzilət sahibidir. Lakin onların çoxu buna şükr etmir.
61. Sən hansı bir vəziyyətdə olsan, Qurandan nəyi oxusan, siz hansı işi görsəniz, başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə bir misqal zərrə belə sənin Rəbbinin nəzərindən qaçmaz və bundan elə bir kiçiyi, elə bir böyüyü yoxdur ki, o, aydın Kitabda olmasın.
62. Bəli, həqiqətən, Allahın dostlarına nə bir qorxu olar, nə də onlar qüssələnərlər.
63. İman gətirənlər və müttəqilər-
64. onlar üçün bu dünya həyatında və axirətdə xoş xəbər vardır. Allahın sözləri heç vaxt dəyişilməz. Bu, böyük uğurdur.
65. Qoy onların sözləri səni kədərləndirməsin; axı qüdrət tamamilə Allaha məxsusdur. O, hər şeyi eşidəndir, biləndir!
66. Bəli, göylərdə və yerdə kimlər varsa, Allahındır, Allahdan başqalarını çağıranlar (əslində) qoşduqları şəriklərin ardınca getmirlər, əgər gedirlərsə, ancaq zənnin ardınca gedirlər və yalanlar uydururlar.
67. Gecəni sizin rahatlığınız üçün və gündüzü göz açıb (çalışmaq) üçün yaradan Odur. Həqiqətən, bunda eşidən adamlar üçün ibrətlər vardır.
68. Onlar dedilər: “Allah özünə övlad götürmüşdür.“ Onun şəninə təriflər olsun! Onun (heç nəyə) ehtiyacı yoxdur! Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Sizdə bu (iddialarınıza) dair bir dəlil yoxdur. Allah haqqında bilmədiklərinizimi söyləyirsiniz?
69. De: "Allah haqqında yalan uyduranlar uğur qazanmazlar!"
70. Bu dünyada (bir qədər) güzəran olar, sonra onlar bizim hüzurumuza qayıdacaqlar, sonra isə etdikləri küfrə görə onlara şiddətli əzab daddıracağıq.
71. Nuhun əhvalatını onlar üçün oxu. O zaman o öz camaatına demişdi: “Ey mənim camaatım! Əgər mənim (aranızda) olmağım və Allahın ayələrini yadınıza salmağım sizə ağır gəlirsə, onda mən Allaha təvəkkül edirəm. Qoşduğunuz şəriklərlə sözünüzü bir yerə qoyun sonra (elə edin ki), bu işiniz sizə qəm-qüssə gətirməsin. Sonra isə möhlət vermədən mənim barəmdə hökmünüzü verin!
72. Əgər (bu öyüd-nəsihətimdən) üz döndərsəniz (döndərin), mən ki, bunun üçün sizdən bir mükafat istəməmişdim. Mənim mükafatım yalnız Allahdadır. Mənə müsəlmanlardan [özünü Allaha təslim edənlərdən] olmaq buyrulmuşdur!"
73. Onlar isə onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik və onları (yer üzünün) varisləri etdik. Ayələrimizi yalan hesab edənləri isə qərq etdik. Gör xəbərdarlıq edilənlərin aqibəti necə oldu.
74. Sonra Biz ondan [Nuhdan] sonra onları öz camaatına peyğəmbərlər göndərdik və bunlar da onlara aydın ayələr gətirdilər. Lakin onlar əvvəllər yalan hesab etdiklərinə (yenə də) inanmadılar. Beləcə, həddini aşanların qəlbini möhürləyirik!
75. Onlardan sonra Firona və adamlarına Musanı və Harunu ayələrimizlə birlikdə göndərdik. Onlar isə təkəbbür göstərərək günahkar tayfa oldular.
76. Bizim tərəfimizdən onlara haqq gəldikdə isə onlar. “Əslində bu, açıq-aşkar sehrdir” - dedilər.
77. Musa dedi: “Haqq sizə gəldikdə, buna sehrmi deyirsiniz? Sehrbazlar uğur əldə edə bilməzlər!”
78. Onlar dedilər “Yanımıza gəlmisən ki, ata-babalarımızın getdiyi yoldan bizi döndərəsən və yer üzündə böyüklük ikinizə qismət ola? Biz sizə inanan deyilik!“
79. Firon dedi: "Bütün bilici sehrbazları yanıma gətirin!"
80. Sehrbazlar gələndə Musa onlara dedi: "Nə atacaqsınızsa, atın!"
81. Onlar atanda Musa dedi: "Sizin etdiyiniz sehrbazlıqdır. Həqiqətən, Allah bunu boşa çıxaracaq. Axı Allah fəsad törədənlərin işini yoluna qoymaz.
82. Günahkarlar istəməsə də Allah Öz kəlamları ilə haqqı bərqərar edər".
83. Fironun və onun adamlarının zülm edəcəklərindən qorxaraq Musaya onun camaatından yalnız kiçik bir dəstə inandı. Axı Firon yer üzündə bir müstəbiddir və o, həddini aşandır.
84. Musa dedi: "Ey camaatım! Əgər siz Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!"
85. Onlar dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi bu adamların əlində sınağa çevirmə
86. və bizi Öz mərhəmətinlə bu kafir adamların əlindən qurtar!"
87. Musaya və onun qardaşına vəhy etdik: "Camaatınız üçün Misirdə evlər qurun, evlərinizi qiblə [namaz yeri] edin, namaz qılın və mömınləri müjdələyin!"
88. Musa dedi: "Rəbbimiz, Sən Firona və onun adamlarına bu dünya həyatında zinət və mal-dövlət verdin. Rəbbimiz, onlar (insanları) Sənin yolundan yayındırsınlar deyə (verdin)? Rəbbimiz, onların mal- dövlətini dağıt və ürəklərini kobudlaşdır ki, onlar iman gətirə bilməyib üzücü əzabı görsünlər".
89. Allah dedi: "Hər ikinizin duası qəbul edildi. Düz gedin, cahillərin yolu ilə əsla getməyin".
90. Biz İsrail övladlarını dənizdən keçirtdik. Firon və onun qoşunu isə zülm və düşmənçilik məqsədilə onların ardınca düşdülər. Suda qərq olmaq onu haqlayanda o dedi: "İnandım ki, İsrail övladlarının iman gətirdiyi tanrıdan başqası yoxdur! Mən də təslim olanlardanam!"
91. (Firona dedik:) "İndimi? Əvvəllər qulaq asmırdın, fitnə-fəsad törədənlərdən idin.
92. Bu gün Biz sənin cəsədini (sudan) çıxarırıq ki, sən özündən sonra gələnlər üçün bir ibrət olasan. Axı insanların çoxu hələ ayələrimizdən xəbərsizdir."
93. İsrail övladlarını gözəl bir yerdə sakin etdik və onlara xoş nemətlərdən ruzi verdik. Özlərinə haqq bilik gəlincəyə qədər ixtilafa düşmədilər. Sənin Rəbbin qiyamət günü onları ixtilafda olduqları məsələlərə görə mühakimə edəcəkdir.
94. Əgər sənə nazil etdiyimizə bir şəkk-şübhən olsa, onda səndən əvvəl Kitab [müqəddəs kitablar] oxuyanlardan soruş. Sənə haqq sənin Rəbbindən gəlmişdir və sən heç vaxt şübhə edənlərdən olma!
95. Heç vaxt Allahın ayələrini yalan hesab edənlərdən olma, yoxsa ziyana düşənlərdən olarsan!
96. Barələrində sənin Rəbbinin kəlamının haqq çıxdığı kəslər inanmazlar,
97. hər hansı bir ayə onlara gəlsə belə, üzücü əzabı görməyincə (inanmazlar).
98. Yunus camaatından başqa (əzab anında) iman gətirib özünə fayda verən bir məmləkət əhli olubmu? Onlar iman gətirəndə Biz bu dünya həyatında rüsvayçılıq əzabını onların üzərindən götürdük və onlara bir müddətə qədər güzəran sürüb faydalanmaq imkanı verdik.
99. Əgər sənin Rəbbin istəsəydi, yer üzündəki (insanların) hamısı iman gətirərdi. Məgər sən insanları mömin olmağa məcbur edəcəksən?
100. Allahın izni olmadan heç kəs iman gətirə bilməz. Cəzanı isə O, ağlı başına gəlməyənlərə verər.
101. De: “Görün göylərdə və yerdə nələr var!” Lakin iman gətirməyənlərə ayələrin, xəbərdarlıq və öyüd-nəsihətlərin heç bir faydası yoxdur.
102. Məgər onlar özlərindən əvvəl gəlib-gedənlərin günlərinə bənzər günlərdən başqasınımı gözləyirlər? De: "Gözləyin, mən də sizinlə birlikdə gözləyərəm!”
103. Sonra Biz Öz peyğəmbərlərimizi, eləcə də iman gətirənləri xilas edərik. Möminləri xilas etmək Bizim borcumuzdur.
104. De: "Ey insanlar! Əgər mənim dinimə şəkk edirsinizsə, mən sizin Allahdan savayı ibadət etdiyinizə ibadət etmirəm, əksinə, sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə buyurulmuşdur ki, möminlərdən olum!"
105. Üzünü haqq dinə tərəf çevir və müşriklərdən olma!
106. Allahı qoyub, sənə nə xeyri, nə də ziyanı olanı çağırma. Əgər sən (bunu) etsən, onda, həqiqətən, zalımlardan olarsan.
107. Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kəs (səni) bundan qurtara bilməz. Əgər O, sənə bir yaxşılıq etmək istərsə, Onun lütfünün qarşısını alan olmaz; bunu O Öz bəndələrindən istədiyi kəsə edər. O, bağışlayandır, rəhmlidir.
108. De: "Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir: kim düz yolla gedərsə, o özü üçün gedər, kim yoldan azarsa, o öz ziyanına azmış olar. Mən sizə bir zamin deyiləm".
109. Sənə vəhy olunmuşun ardınca get və Allah hökm verənə qədər səbr et, axı O, hökm verənlərin ən yaxşısıdır.