Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ZUMƏR SURƏSİ

Quran. ZUMƏR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yetmiş beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Bu Kitab qüdrət və hikmət sahibi Allah tərəfindən nazil olunmuşdur.

2. Biz Khabı sizə haqq olaraq nazil etdik. Dini ancaq Allaha xas edərək, Ona ibadət et!

3. Saf din Allaha məxsus deyil, bəs nədir? Onu qoyub başqalarını özlərinə dost tutanlar “Biz onlara yalnız ona görə ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırsınlar”. - (deyərlər). Allah onların ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir. Həqiqətən, Allah yalançı və kafiri düz yolla aparmaz!

4. Əgər Allah övlad götürmək istəsəydi, onda öz yaratdıqlarından istədiyini seçərdi. Ona təriflər olsun! O, vahid, (hər şeyə) qalib Allahdır!

5. O, göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə və gündüzü gecəyə bükər. O, günəşi və ayı əmrə tabe etdi; hərəsi müəyyən edilmiş vaxta qədər hərəkət edər. O, qüdrətlidir, bağışlayandır!

6. O, sizi tək bir nəfərdən yaratmışdır. Sonra ondan onun tayını da düzəltdi. Sizin üçün mal-qaradan (erkək və dişi) olmaqla səkkiz baş heyvan göndərdi. O, sizi analarınızın bətnində üç zülmət içərisində bir varlıqdan başqa varlığa (keçirməklə) yaratdı. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk ancaq Ona məxsusdur, Ondan başqa tanrı yoxdur. Belə isə siz necə üz çevirirsiniz?!

7. Əgər siz küfr etsəniz, (bilin ki,) Allahın sizə əsla ehtiyacı yoxdur və O, Öz bəndələrinin küfr etməsinə razı olmaz. Əgər siz şükr etsəniz, O, buna görə sizdən razı qalar. Heç bir günahkar başqa birisinin günahını daşımaz. Sonra siz Rəbbinizə qayıdacaqsınız. O da nələr etmiş olduğunuzu sizə bildirəcəkdir, axı O, ürəklərdə olanları da yaxşı biləndir!

8. Əgər insana bir bədxahlıq toxunarsa, o öz Rəbbinə üz tutaraq Onu çağırar. Sonra əgər Allah ona Özündən bir nemət verərsə, o, əvvəl çağırdığını unudar və (insanları) yolundan azdırmaq üçün (başqalannı) Allaha tay tutar. De: "Bir qədər öz küfrün ilə güzəran sür, axı sən cəhənnəmliklərdənsən”

9. (Bu kafirmi yaxşıdır), yoxsa gecə anlarını sitayişdə keçirən, səcdə edib namaz qılan, axirətdən çəkinən və öz Rəbbinin mərhəmətini diləyən? De: "Məgər bilənlərlə bilməyənlər eynidirlər?" Doğrudan da əql sahibləri düşünüb daşınarlar.

10. De: “Ey mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada xeyir əməllər tutanlara xeyir olacaqdır. Allahın torpağı genişdir. Şübhəsiz, səbr edənlərin mükafatı hesabsız olaraq veriləcəkdir!"

11. De: "Mənə əmr olunmuşdur ki, dini yalnız Allaha xas edərək Ona ibadət edim.

12. Mənə əmr olunmuşdur ki, müsəlmanların ilki olum."

13. De: "Mən Rəbbimə asi olaramsa, böyük günün əzabından qorxaram."

14. De: "Mən dini yalnız Allaha xas edərək Ona ibadət edirəm.

15. Siz də Ondan başqa nəyə istəyirsiniz ibadət edin!” De: "Doğrudan da ziyana düşənlər O kəslərdir ki, onlar qiyamət günü özlərinə və öz ailələrinə ziyan vururlar. Aşkar ziyan bax budur!"

16. Onların üstündən də, altından da oddan talvarlar olacaqdır. Allah bununla Öz bəndələrini qorxudur. Ey bəndələrim, Məndən qorxun!

17. Tağuta (bütlərə] ibadət etməkdən uzaqlaşıb Allaha üz tutanlara isə müjdə vardır. Müjdə ver O bəndələrimə ki,

18. onlar sözə qulaq asır və onun ən yaxşısının ardınca gedirlər” Onlar Allahın düz yola çıxartdığı kəslərdir, əql sahibləri bax, onlardır.

19. Haqqında əzab vədinin gerçəkləşdiyi kəsi, cəhənnəm odu içərisində olan kəsi sən xilas edə bilərsənmi?

20. Amma öz Rəbbindən qorxanlar üçün üst-üstə tikilmiş, altından çaylar axan hücrələr vardır. Bu, Allahın vədi ilədir. Allah isə vədə xilaf çıxmır.

21. Sən Allahın göydən su endirdiyini, onu yerdəki çeşmələrə qatıb, sonra isə onunla rəngarəng bitkilər çıxartdığını görmürsənmi? Sonra bu bitkilər solur və sən onu saralmış görürsən, sonra isə O, onu çör-çöpə çevirir. Həqiqətən, bunda əql sahibləri üçün bir ibrət vardır!

22. Məgər qəlbini islam üçün Allahın geniş açdığı və ona görə də öz Rəbbindən nur alan kəs (qəlbi daş kimi kəs kimidirmi?) Allahı zikr etməkdə ürəkləri daş olanların vay halına, bunlar yolu aşkar azmışlar!

23. Allah deyimlərin ən gözəlini [Quranı] ayələri bir-birinə bənzəyən, hökmləri qarşılıqlı [mükafat-cəza] olan kitab şəklində nazil etmişdir. Öz Rəbbindən qorxanların dərisi bundan ürpəşər, sonra isə Allahı zikr etməklə onların dərisi və ürəkləri yumşalar. Bu [Quran], Allahın düz yol göstəricisidir ki, istədiyi kəsi onunla aparar. Allah azdırana yol göstərən olmaz!

24. Məgər qiyamət günü özünü üzü ilə ən pis əzabdan qorumağa çalışan (cənnətdə rahatlıqda olan kəs kimidir)? Haqsızlara deyərlər "Qazandıqlarınızın (cəzasını) dadın!"

25. Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalan hesab etdilər və heç gözləmədikləri yerdən onlara əzab gəldi.

26. Allah bu dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər.

27. Biz bu Quranda insanlara hər cür misal gətirdik ki, bəlkə onlar bir düşünüb-daşınalar.

28. Bəlkə Allahdan qorxalar deyə, Biz onlara heç bir əyintisi və qüsuru olmayan ərəbcə Quran (nazil etdik).

29. Allah bir-biri ilə çəkişən ağalan olan adamla tək bir ağası olan adamı misal çəkir. Məgər onlar vəziyyətcə eynidirlər? Allaha həmd olsun! Bəli, insanların çoxu (bunu) bilmir.

30. Şübhəsiz, sən öləcəksən, onlar da öləcəklər.

31. Sonra siz qiyamət günü öz Rəbbinizin yanında mübahisə edəcəksiniz.

32. Allaha qarşı yalan uydurandan və özünə haqq [Quran] gəldikdən sonra onu yalan hesab edəndən daha haqsız kim olar? Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?

33. Haqqı gətirən və onu təsdiq edənlər - bunlar Allahdan qorxanlardır.

34. Onlar üçün Öz Rəbbinin yanında istədikləri hər şey vardır. Xeyir əməl sahiblərinin mükafatı budur!

35. Allah onların etdikləri ən pis əməllərin belə günahını onların üstündən götürər və onlara etmiş olduqları əməllərin ən yaxşısı ilə mükafat verər.

36. Məgər Allah Öz bəndəsi üçün kifayət deyildir? Onlar isə səni Ondan başqaları ilə qorxudarlar. Allah kimi azdırarsa, ona bir düz yol göstərən olmaz!

37. Allah kimi də düz yola çıxararsa, onu azdıran olmaz! Allah qüdrət və intiqam sahibi deyildirmi?

38. And olsun, sən onlardan soruşanda ki, göyləri və yeri kim yaradıb, həqiqətən onlar: "Allah!" - deyərlər. De: "Allahı qoyub çağırdığınız o başqaları barəsində heç düşünmüsünüzmü? Əgər Allah mənə bir xətər yetirmək istəsə, məgər onlar Onun xətərini sovuşdura bilərlər? Yaxud mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?" De: "Allah mənə bəsdir, təvəkkül edənlər yalnız Ona bel bağlayarlar!”

39. De: "Ey camaatım, siz öz işinizdə olun, mən də öz işimdəyəm. Siz görəcəksiniz ki,

40. kimə rüsvayedici cəza gələcəkdir, kimə daimi cəza enəcəkdir."

41. Biz sənə insanlar üçün haqq olaraq Kitab nazil etdik. Kim düz yolla gedərsə, özü üçün gedər və kim yoldan azarsa (bunu) öz əleyhinə etmiş olar. Sən onlara vəkil deyilsən!

42. Allah ölənlərin canını onlar ölərkən, ölməyələrin canını isə yuxuda ikən alar. Beləcə ölümünə qərar verdiyi (kəslərin canını) alır, başqalarınkını isə müəyyən bir müddətə qədər saxlayıb qaytarır. Bunda düşünən adamlar üçün dəlillər vardır!

43. Yoxsa onlar Allahdan başqalarını (özlərinə) havadar tutdular? De: “Hətta heç bir şeyə sahib olmasalar da, düşünmək qabiliyyətləri olmasadamı (onları havadar tutarlar)?"

44. De: "Havadarlıq bütünlüklə Allaha məxsusdur. Onundur göylərin və yerin mülkü! Sonra isə siz Ona qaytarılacaqsınız."

45. Allah bir olaraq anıldıqda axirətə inanmayanlann ürəklərindən bir nifrət qopar, Ondan başqası yad edildikdə isə sevinib fərəhlənərlər.

46. De: "Ey Allah, göylərin və yerin yaradıcısı, qeybin və aşkarın bilicisi! Bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində hökmü Sən verirsən."

47. Əgər bütün yer üzündə olanlar və əlavə olaraq bir o qədər də haqsızlıq edənlərə məxsus olsaydı, onlar qiyamət günü ağır əzabdan canlarını qurtarmaq üçün hamısını verərdilər. Allah tərəfindən onlann qarşısına heç hesaba almadıqları şeylər çıxmışdır.

48. Tutduqları əməllərin pis əvəzləri onların qarşısına (çıxacaqdır) və istehza etdikləri (əzab) özlərini bürüyəcəkdir.

49. İnsana bir bəla toxunarsa, o, Bizi çağırar. Sonra Biz ona Öz tərəfimizdən bir nemət verən kimi o deyən "Bu (məndəki) biliyə (və ya Allahın məni layiq bildiyinə) görə mənə verildi.” Xeyr, bu, bir sınaqdır! Lakin onların çoxu bilmir.

50. Bunu onlardan əvvəlkilər də deyirdilər, qazandıqları şeylər isə onlara bir fayda vermədi

51. və nəticədə qazandıqları şeylər üçün (işlətdikləri) bəd əməllərin (cəzası) onlara üz verdi. Bunlardan haqsızlıq edənlərə də qazandıqları şeylər üçün (işlətdikləri) bəd əməllərin (cəzası) üz verəcək və onlar (bununla bağlı Allahı) aciz sala bilməzlər.

52. Məgər onlar Allahın istədiyi kəsə ruzini artırdığını və istədiyi kəsə azaltdığını bilmirlərmi? Həqiqətən də bunda iman gətirən adamlar üçün dəlillər vardır.

53. De: "Ey özlərinə qarşı həddini aşmış bəndələrim, Allahın mərhəmətindən əlinizi üzməyin! Həqiqətən, Allah bütün günahları bağışlayır, axı O, bağışlayandır, rəhmlidir!

54. Öz Rəbbinizə üz tutub tövbə edin və sizə əzab gəlməmiş Ona itaət göstərin! Sonra sizə bir kömək edən olmaz.

55. Siz heç bilmədiyiniz halda, qəflətən əzab sizə gəlməzdən əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən yaxşı (kəlamın) ardınca gedin ki,

56. (sonra) adam: "Allaha qarşı olan təqsirlərimə görə vay mənim halıma! Mən ki ələ salanlardan olmuşam" - deməsin.

57. Yaxud: "Əgər Allah mənə düz yol istərsəydi, mən də Allahdan qorxanlardan olardım!" - deməsin.

58. Və ya əzabı görən zaman: "Kaş bir də (dünyaya qayıdıb) xeyir əməl tutanlardan olaydım!" - deməsin.

59. (Allah deyər): "Bəli, sənə ayələrim gəldi, sən isə onları yalan hesab etdin, təkəbbür göstərdin və kafirlərdən oldun."

60. Allaha qarşı yalan uyduranları qiyamət günü üzüqara görəcəksən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yermi yoxdur?

61. Allah müttəqiləri qazandıqları uğura görə xilas edəcəkdir, onlara nə bir xətər toxunar, nə də bir kədər üz verər.

62. Allah hər şeyin yaradıcısıdır və O, hər bir şeyə zamindir.

63. Göylərin və yerin açarları Ondadır. Allahın ayələrinə inanmayanlar - onlar ziyana düşənlərdir.

64. De: “Allahdan başqasınamı ibadət etməyi mənə əmr edirsiniz, ey cahillər!"

65. Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdu: "Əgər Allaha şərik qoşsan, sənin əməlin puç olacaq və sən ziyana düşənlərdən olacaqsan.

66. Əksinə, sən ancaq Allaha ibadət et və şükr edənlərdən ol!"

67. Onlar Allahı layiqincə qimətləndirmədilər. Halbuki qiyamət günü yer bütövlükdə Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Ona təriflər olsun! O, (müşriklərin) Ona qoşduqları şəriklərdən yüksəkdədir!

68. Sur çalınacaq və Allahın istədiyi kəslərdən başqa göylərdə və yerdə kim varsa düşüb öləcəkdir. Sonra sur bir daha çalınacaqdır, onlar (qəbirlərindən) çıxıb baxışacaqlar.

69. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməl kitabı (ortaya) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəklər. Onlann arasında haqq ilə hökm veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

70. Hər kəsə etdiyi əməlin haqqı tam veriləcəkdir. Axı O, onların tutduqları əməlləri çox yaxşı biləndir.

71. Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Onlar ora gələndə onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və bugününüzə qovuşacağınızı xəbər verən peyğəmbərlər gəlməmişdi?" Onlar: "Bəli, (gəlmişdi)" - deyərlər. Lakin "əzab" sözü kafirlər üçün haqq oldu!

72. Onlara deyiləcək: "İçərisində əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun!" Təkəbbürlülərin yeri necə də pisdir!

73. Öz Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətirələcəklər. Onlar ora gələndə onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: "Sizə salam olsun! Siz xeyirə qovuşdunuz! Əbədi qalmaq üçün buraya daxil olun!"

74. Onlar deyəcəklər: "Bizim üçün Öz vədinə sadiq qalıb bu yerə bizi varis edən Allaha həmd olsun! Biz cənnətdə istədiyimiz yerə düşüb qala bilərik." Xeyir əməllər tutanların mükafatı nə gözəl olur!

75. Sən mələklərin də ərşin ətrafını əhatə edərək öz Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların (hamısı) arasında haqq ilə hökm veriləcək və Aləmlərin Rəbbi Allaha həmd olsun!" - deyiləcəkdir.