Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Maidə surəsi
←Nisa surəsi | Quran. Əl-Maidə surəsi Tərcüməçilər: Vasim Məmmədəliyev və Ziya Bünyadov |
Ənam surəsi→ |
Həmçinin baxın: Haqqında • |
Bismillahir-rəhmanir-rəhim!
1 Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!
2 Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqə’də, zülhiccə və məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
3 Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər və ya Kə’bənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
4 (Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak ne’mətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə tə’lim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (tə’lim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
5 Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!
6 Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!
7 Allahın sizə olan ne’mətini və: "Eşitdik və itaət etdik", – dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!
8 Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!
9 Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini və’d buyurmuşdur!
10 Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
11 Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sə’ləb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!
12 Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!"
13 Sonra əhdlərini pozduqları üçün onları lə’nətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bə’zi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, ğünahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!
14 "Biz xaçpərəstik", – deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!
15 Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Qur’an) gəldi.
16 Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!
17 "Allah Məryəm oğlu Məsihdir", – deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!
18 Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik". (Onlara) de: "Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!
19 Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: "Bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi", – deməməyiniz üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!
20 Bir zaman Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan ne’mətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar tə’yin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.
21 Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.
22 Onlar dedilər: "Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca bir ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq".
23 (Allahdan) qorxanlardan Allahın ne’mət verdiyi iki nəfər dedi: "Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər mö’minsinizsə, Allaha təvəkkül edin!"
24 (İsrail oğulları) dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq".
25 (Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!"
26 (Allah Musaya) buyurdu: "Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!"
27 (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!
28 Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
29 Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!"
30 Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
31 Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: "Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?" O, artıq peşman olmuşdu.
32 Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mö’cüzələr gətirmişdilər. Bundan (bu mö’cüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.
33 Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
34 Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!
35 Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!
36 Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!
37 Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!
38 Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
39 Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
40 (Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
41 Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): "İnandıq", deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: "Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının". Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!
42 Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!
43 İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim tə’yin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mö’min) kimsələr deyildirlər.
44 Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!
45 Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!
46 Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.
47 İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.
48 (Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol tə’yin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!
49 O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bə’zi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!
50 Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!
51 Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!
52 Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq", – deyən görərsən. Amma, ola bilsin ki, Allah (mö’minlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.
53 İman gətirənlər isə deyəcəklər: "Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?" Onların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular.
54 Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö’minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
55 Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
56 Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).
57 Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər mö’minsinizsə Allahdan qorxun!
58 Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.
59 (Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!
60 De: "Allah yanında cəza e’tibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!
61 (Münafiqlər) sizin yanınıza gəldikləri zaman: "Biz iman gətirdik!" – deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!
62 Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!
63 Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!
64 Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!
65 Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (ne’məti bol olan) Nəim cənnətlərinə daxil edərik.
66 Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. Onlar arasında mö’tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e’tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!
67 Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!
68 De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qur’ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!
69 Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!
70 Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
71 Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!
72 Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"
73 "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).
74 Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!
75 Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.
76 De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!"
77 De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!"
78 İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lə’nət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.
79 Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!
80 Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!
81 Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!
82 (Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", – deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.
83 Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!
84 Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!
85 Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!
86 Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!
87 Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne’mətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!
88 Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!
89 Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!
90 Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
91 Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?
92 Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur’anı açıq-aydın təbliğ etməkdir).
93 İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!
94 Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!
95 Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə’bəyə çatası (Kə’bənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
96 Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!
97 Allah Beytülhəram (müqəddəs ev) olan Kə’bəni haram ayı (zülhiccəni), (Kə’bəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!
98 Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!
99 Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!
100 (Ya Rəsulum!) De: "(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz". Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.
101 Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Qur’an nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)
102 Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.
103 Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.
104 Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" – deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!
105 Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!
106 Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: "Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq", – deyə Allaha and içdirin!
107 Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa mə’ruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: "Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq",- deyə Allaha and içərlər.
108 Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!
109 Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa də’vət etdiyiniz zaman) sizə nə cavab verildi?" Onlar isə (təvazökarlıq edib): "Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.
110 (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana ne’mətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar mö’cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"
111 Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə iman gətirin!" – deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!" – deyə cavab vermişdilər.
112 Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):" Əgər mö’minsinizsə, Allahdan qorxun!" – demişdi.
113 (Həvarilər) demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi mö’cüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq".
114 Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö’cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"
115 Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!"
116 (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" – demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
117 Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!
118 Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)
119 Allah buyurdu: "Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)!"
120 Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!