Qurbanı
Müəllif: Xəstə Qasım
Mənbə: Xəstə Qasım (1684-1760) (az). shahbulaq.az (12.09.2014). Yoxlanılıb 2015-04-20.

 
Qəriblikdə mənə həmdəm olan yar,
Bir bəri gəl, ayaqların qurbanı.
Şikəstə könlümə məlhəm olan yar,
Dilin, dişin, dodaqların qurbanı.

Könlüm istər yara qurban olmağa,
Dolanıb başına heyran olmağa.
Ala gözlü yara mehman olmağa,
Fərş döşənmiş otaqların qurbanı.

Xəstə Qasım, sən yolundan azarsan,
Məcnun kimi səhraları gəzərsən.
Ala gözlü yara namə yazarsan,
Qələmdanın, barmaqların qurbanı.