Qurban gəlmişəm
Qurban gəlmişəm Müəllif: Aşıq Əsədulla |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Naxçıvandan yol eyləyib elinə,
Mərmər buxağına qurban gəlmişəm.
Yolunda keçmişəm şirin canımdan,
Lalə yanağına qurban gəlmişəm.
Vəfalı gözələ qurbandı canım,
Şirin can yolunda qoy axsın qanım,
Mən səni özümə yad necə sanım,
Alıb sorağını qurban gəlmişəm.
Sizin eldə yar axtarsam, taparam,
Ağrı dağda qar axtarsam, taparam,
Sinən üstə nar axtarsam, taparam,
Bəhrəli bağına qurban gəlmişəm.
Eşitdim almanın bağı səndədi,
Gözəlliyin gözəl tağı səndədi,
Yəqin şamamanın tağı səndədi,
Mən onun tağına qurban gəlmişəm.
Demə, Aşıq Əsədulla qocadı,
Qarlı dağlar qarsız dağdan ucadı,
Canım-gözüm təmiz söhbət necədi?
Bu gün otağına qurban gəlmişəm.