Qurban mən olum (Aşıq Qoca)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qurban mən olum Müəllif: Aşıq Qoca |
Yazda bağında açılan,
Gülünə qurban mən olum.
Qonçə üzən, nərgiz dərən,
Əlinə qurban mən olum.
Mənəm başı eşqlə dolan,
Heyva tək saralıb solan,
Ağ üzündə çin-çin olan,
Telinə qurban mən olum.
Qocadır qaynayıb daşan,
Sevdası sərindən aşan,
Mənimlə şirin danışan,
Dilinə qurban mən olum.