Qurban olum (Miskin Əli)
Qurban olum Müəllif: Miskin Əli |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
İşvə satan vəfalı yar,
Gül növrağa qurban olum.
Aşiqinə cəfalı yar,
Ağ buxağa qurban olum.
Hərdən-hərdən baxıb gülən,
Dostunun dərdini bilən,
Gərdən üstünə tökülən
Zülfi-tağa qurban olum.
Ortax olma dərdü-qəmə,
Başlayaq söhbətə, dəmə,
Görünür bir cüt tər məmə,
Qoynu bağa qurban olum.
Həsrət çəkənin ara,
Şana al telini dara,
Qaşları nə əcəb qara
Üzü ağa qurban olum.
Məhəbbət yağır gözündən,
Şəkər tökülür sözündən,
Gəl salma məni özündən
Sən irağa, qurban olum.
Sənsən əcəb gözəl insan,
Qoyma gedə ilqar, iman,
Şəhdi-zəban, şirin dahan,
Bal dodağa qurban olum.
Özü süsən, saçı sünbül,
Miskin verib sənə könül,
Gözəl cəmalı qızıl gül,
Ağ yanağa qurban olum.