Qurbandı
Qurbandı Müəllif: Aşıq Alı |
Əhdi-peymanında dayanan yarın,
Şəninə Minada quzu qurbandı.
Ellər səna etsə qeyrət, arına,
Min sərrafın söhbət, sözü qurbandı.
Dağların nərgizi, çölün lalasi,
Saqilər əlində mey piyalası,
Ceyranın, cüyürün körpə balası,
Ormanda maralın gözü qurbandı.
Əhdi-peyman ara eşqin yolunda,
Olmaya qəlb qara, eşqin yolunda,
Bir vəfalı yara eşqin yolunda
Bivəfa aşiqin yüzü qurbandı.