Qurbani və Pəri dastanı

Dastanlar. Qurbani və Pəri dastanı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Sizə hardan xəbər verim, Zəncan şəhərindən, kimdən, Uğurlu Soltandan, Uğurlu Soltanın mal-dövlət qəniməti həddən ziyadə idi. Ancaq mülkü-müdarına sahib olan, gözünün ağı-qarası bir oğlu var idi. Adına Qurbani deyərdilər. O, Qurban bayramında anadan olduğu üçün ona bu adı vermişdilər.

Bir gün Qurbaninin atası Uğurlu Soltan salamat başını məlamat yastığına qoydu, öz ömrünü oğlu Qurbanıya bağışladı. Qurbani atasını el adətilə dəfin kəfin edir, ona ehsan verir, qırx tutur, atası dünyadan köçəndən sonra çox darıxır. Qurbani ata minir, silah götürür, ova çıxır. Ovdan qayıdanda görür toy məclisi var, aşıqlar gözəl çalıb-oxuyurlar. Qurbani evə gəlib soruşur:

– Ana, bu toy məclisi kiminkidir?

Anası deyir:

– Atanın vəziri öz oğluna toy eləyir.

Qurbani dedi:

– Bizi dəvət etməyiblər?

Anası dedi:

– Nəsə yox.

Qurbani bu hərəkətdən çox dəyişdi, atı minib şəhərdən baş götürüb getdi, gəzhagəz gəlib çıxdı Səlat şəhərinə. Anası Qurbanini saxlaya bilmir, o gündən dərdə düçar olub ağlamağa başlayır. Toy eləyən vəzir görür ki, gecə-gündüz ucadan ağla-maq səsi gəlir. Şah çox hirslənir, əmr edir:

– Gedin o ağlayan kimsəni mənim hüzuruma gətirin. O gərək elə mənim toyumda ağlaya, ya beş gün qabağa, ya beş gün sonra ağlayaydı.

Cəlladlar gedib ağlayanı şahın hüzuruna gətirdilər. Şah gördü ki, ağlayan Zülal vəzirin arvadı imiş. Dedi:

– Nə üçün ağlayırsan?

Arvad dedi:

– Bizi saya salıb toya çağırmamısınız deyə Qurbani bunu eşidib baş götürüb çıxıb gedib, ona görə ağlayıram.

Şah öyrəndi ki, onları kim dəvət etməyib. Gördü ki, carçının yadından çıxıb. Çağırıb carçıya cəza verdi. Əmr elədi, qırx atlı saldı, dedi:

– Kəndbəkənd, şəhərbəşəhər gəzin, Qurbanini tapıb mənim yanıma gətirin.

Qırx atlı cəllad Qurbanini axtarmaqda olsun, sizə kimdən xəbər verim, Qurbanidən. Qurbani gəzə-gəzə gəlib bir bu-lağın başında yatıb, dərin yuxuya getdi. Yuxuda gördü ki, bir pirani dərviş gəlib əlində badə deyir:

– Ey Qurbani, al badəni nuş et.

Qurbani deyir:

– Babacan, bizə badə içmək haram buyrulub.

Qoca dedi:

– Al, nuş et, bu badə o badədən deyil. Əslini Kərəmə, Valehi Zərniyara, Leylini Məcnuna birləşdirən sevgi badəsidir.

Qurbani alıb badəni nuş etdi.

Qoca dedi:

– Haranı görürsən?

Dedi:

– Uzaq bir yol.

– Daha nə görürsən?

– Gözəl bir şəhər.

– Daha nə görürsən?

– Böyük bir imarət.

– İmarətdə nə görürsən?

– Nazənin bir sənəm.

Qoca dedi:

– O şəhər ki görürsən, o, Kabil şəhəridir. O imarət Pəri xanımın anası Pərizad xanımın imarətidir. Pəri xanımı sənə, səni ona buta verirəm. Get mətləb muradına çatasan.

Qurbani gözün açıb gördü qoca qeyb olub, ağzında köpük daşdamağa başladı. Təzədən bihuş olub yerə yıxılır. Bu tərəfdən atlılar gəlib Qurbanini bu vəziyyətdə tapırlar. Deyirlər Qurbani dəli olub. Onu evə aparırlar, el-camaat başına yığılır. Anası sinəsini yırtıb ağlayır. Qurbani gözünü açır. Anası deyir:

– Bala, sənə nə olub?

Qurbani saz istəyir, saz tapılmır, əlacsız qalıb deyir:

 
İbtida məclisə qədəm basanda,
Aşıqlar ustadı görüm handadı.
Pünhanlı sözlərim sinəmdə çoxdur,
Dürlü gövhərlərim hələ kandadı.

Nazlı yar əlindən mən sinə dağam,
Surəyyə tək yanmamışam, oyağam.
Şahindən ayığam, qazdan sayağam,
Dü çeşmi gözlərim sübhi dandadı.

Mənə badə verdi öz ağam Əli,
Sayilə payladı dövləti, malı.
Zəncanlı Qurbanın fikri, xəyalı,
Axır ki mətləbim Pəri xandadı.

Qurbaninin anası hönkür-hönkür ağlayıb deyirdi:

– Ay Allah, balam yəqin dəli olub. Ay bala, açıq danış, başa düşmürəm nə deyirsən. Qocalmışam, ağlımı itirmişəm.

Götürüb Qurbani necə dedi:

 
Yatmış idim, mən qəfildən oyandım,
Oyanıban nəzər saldım o burca.
Alıb əlimə haqq kəlamın oxudum,
“Əlif” qəddim “dal” yazılıb o burca.

Mənim ağam ərənlərdi, Əlidi,
Cənnət rizvanın bir cür gülüdi.
Mənim ağam şahi-mərdan Əlidi,
Ənbər-ənbər nur tökülüb o burca.

Eşqin səməndini minib çaparam,
Harda sınıq könül görsəm yaparam.
Qurbaniyəm, arayıban taparam,
Bir könüldən min yol gedir o burca.

Başı çıxanlar deyirlər ki, Qurbaniyə badə verilib, eşq badəsi, qoyun getsin mətləb muradına çatsın. Yerlərdən səs gəlir ki, qoy bir-iki bənd də oxusun.

Qurbani deyir:

 
Gözüm övliyalar hikmətində, əlim yucada,
Görünməz yerləri göstərən Əli.
O gün ki zülfüqar gəldi araya,
Dinsizləri dinə gətirən Əli.

Neçə il zülfüqar dəryada qaldı,
Neçə min ənbiya ondan dərs aldı.
Üzündə niqabı bir ərəb gəldi,
Özü öz tabutun götürən Əli.

Bir badə göndərdi qırxlar cəminə,
Payladı, sayladı ərşin zəminə.
İşarət eylədi barmağın günə,
Günü günortadan qaytaran Əli.

Qurbani camaatla halal-hümmət edib anası ilə birlikdə evlərinə gəldilər. Qurbani anasına dedi:

– Ana, mənə saz al.

Anası dedi:

– Bala, neynirsən sazı alıb, odeynan əminin zərnişanlı sazı durub evdə. Get əmin qızlarından istə, al, apar.

Qurbani dedi:

– Ana, sən get sazı al gətir, de ki, Qurbani darıxır. Sazı çalmaq istəyir, demə ki, ona badə verilib, desən verməzlər.

Qurbaninin anası gedib qaynıgilə çatanda söz yadından çıxmışdı. Aralıdan qışqırıb dedi:

– Ağız! Ağız ey..! O sizdəki sazı Qurbani istəyir, ona badə verilib, çalıb oxumaq istəyir.

Qızların acığı tutur. Deyirlər:

– Əyər ona badə verilib, gəlsin sazı bizdən söznən alsın.

Anası qayıdıb əhvalatı Qurbaniyə danışır. Qurbani durub gəlir, sazı istəyir.

Qızlar deyir:

– Biz üç bacıyıq, hərəmizə bir kəlmə söz de, sazı bizdən sözlə al.

Qurbani deyir:

Lali-min mirvari inci dəhanda,
Al yanaqda əlvan xalı bu qızın.
Gözüm gördü, könlüm pərvaz eylədi,
Zənəxdanda qoşa xalı bu qızın.

Ortancıl qız dedi:

– Əmi oğlu, heç xam-xəyal olma. Saz mənim sandığımda, açarı da bu cibimdə. Mənə bir bənd söz de, görüm bacarsan sazı verərəm, yoxsa Allah vurmuşdu səni.

Qurbani deyir:

Götürüb əlimə bir dolu badə,
Nola yarəb yetişəydim muradə.
Canı peşkəş etdim könüldən cida,
Gəlməz yola pəyandazı bu qızın.

Kiçik qız deyir:

– Əmi oğlu, sən öləsən o əmimin goru haqqı, saz mənim sandığımdadır, açarı da budur bax.

Cibindən çıxarıb göstərdi dedi:

– Sözlərin yaxşısını böyük bacımla ortancıl bacıma demisən, əyər mənə onlardan yaxşı söz deməsən sazı vermərəm.

Qurbani dedi:

Mənim sevgilimdir bir ismi Nigar,
Gözüm yolundadır, könlüm intizar.
Zəncanlı Qurbani şakərdi, şakər,
İstərəm kuyində qalam bu qızın.

Qızlar deyirlər:

– Sənin sevgilin bizdən çox gözəldir? Elə üçümüzdən birimizi al, olsun da burda.

Qızlar Qurbanidən soruşdu:

– Sevgilin haralıdır?

Qurbani dedi:

Könül qalxdı Vətən sarı yeridi,
Orda bir ölkə var, adı Gəncə hey.
Gözəlləri, məhbubları, xubları,
Xub batıblar mala, mülkə onca hey.

Böyük qız deyir:

– Elə mala, mülkə aşiq olub gedirsən, var-dövlət bizdə, üçümüzdən birimizi – məni al, dövlətimizə sahib ol.

Baxmaq üçün gözlərinin xabı var,
Əmmək üçün ləblərinin balı var.
Hər yetənin payı-pulu babı var,
Vurmaq olmaz hər yetənə pəncə hey.

Oratncıl qızla kiçik qız dedilər:

– Əmi oğlu, bizimlə pəncə-pəncəyə vura bilməzsən? Gərək elə yad qızı ola.

Qurbani başlayır sözün mabədini deyir:

Qurbanıyam, vüsalıma varmadım,
Əl uzadıb qönçə gülün dərmədim.
İran gəzdim, Turan gəzdim, görmədim,
Gözəllikdə məhbubluğu incə hey.

Qızlar dedilər:

– Əmioğlu, görünür könül sevən göyçək olar, get mətləb muradına çatasan.

Sazı da verirlər. Qurbaninin ürəyi atlanır, sazı sinəsinə basıb görək nə deyir:

Gənci-sitən sədri-bəhrəm vəkili,
Qürbət içrə külli ilahi zülfün,
Üzün görən özü gedər behiştə,
Mömünlərin püştü-pənahı zülfün.

Oxudum dərsimi mən də ya rəhim,
Gördüm ki, yazılıb orda ya rəhim.
Əzzəl bismillahı, sonra ya rəhim,
Katiblərin, kəlamüllahı zülfün.

Qurbanıyam, çətin dərddən ayılam,
Yarın qapısında yüz il sayılam,
Nə pay versən, Pərim ona qayılam,
Abidlərin dildə quranı zülfün.

Qurbani yoluna rəvan olur, gəlhagəl gəlib bir kəndin yanından keçəndə görür toy məclisi var, dayanıb tamaşa edir. Sazı gizlədir yapıncısının altında ki, aşıqlığını bilməsinlər. Birdən gözü bir zənənə sataşır. Baxıb görür ona tuş verilən qızdır. Demə bu zənən Pəri xanımın anası Pərizad xanım imiş. Qurbani özünü saxlaya bilməyib sazı yapıncıdan çıxarıb deyir:

 
Səhər-səhər bir gözələ uğradım,
Onda dəydi mənə ayə sər indi.
Ağlım zail oldu, halım da gərgin,
Nə ki var əndamım ay əsər indi.

Dağların başında alalələndi,
Yar xumar gözlərin alalələndi.
Zülfün dal gərdəndə alələləndi,
Tökülüb sədrivə ayə sərindi.

Qurbani sözləri Pərizad xanımın üzünə baxıb dediyi üçün Pərizad xanım sözdən alınır, yanında duran arvadın şalını alıb başına örtür ki, bəlkə mənə demir.

Qurbani deyir:

 
Dağların başından yol qəza işin,
Örtübdür başına şal qəza işin,
Qurbani der gəl gör ol qəza işin,
Tərlan ovun almış ayə sar indi.

Pərzad xanım görür yox, Qurbani onunladı. Gedib xana şikayət edir ki, bura bir aşıq gəlib çıxıb, mənə söz atır.

Xan Qurbanini çağırıb soruşur. Qurbani ona buta verilməsini söyləyir. Xan baxıb görür ki, Qurbanınki haq vergisidi, ancaq Pəri xanımı anası Pərizad xanıma oxşadıb Pərizad xanımı razı salır. Pərizad xanım deyir:

– Mən Qurbani ilə özüm gedəcəm.

Onlar yola düşüb bir xeylaq yol gedirlər. Gün batır, qaranlıq gecə olur, üç yol ayrıcına gəlib çatırlar. Yolun biri məlamət yolu olur, biri salamat yolu, biri də gedər-gəlməz. Pərizad xanım Qurbaninin haqq aşığı olub olmamasını sınayır. Deyir bu yolla gedəcəyik. Məlamət yolu Qurbaniyə ayan olur. Pərizad xanım onu sınayır. Qurbani deyir bu yolla gedək. Pəri xanım Qurbaniyə bir şillə vurur. Deyir sənə deyirəm bu yolla get, vəssəlam.

Qurbani deyir:

 
Aman Pərim, gəl yamanlıq eyləmə,
Gələr ərzi-halım xana yetişər.
Ləblərin ləl olsa midaqrı olmaz,
Ağır ləldir bəzirgana yetişər.

Pəri xanım üzündəki niqabı açır. Qurbani deyir:

Otağına sürahilər düzülər,
Ala gözlər xumarlanar, süzülər,
Bir muyin üzülsə canım üzülər,
Zəlzələsi alosmana yetişər.

Pərim məni gördü hicabın atdı,
Elə bil ay doğdu, ulduzlar qatı,
Hər kim öz yarının cəngini yedi,
Səkkiz cənnət rizvana yetişər.

Pərizad xanım yolda şərt kəsdi ki, Pəri xanım səni sevməsə onu sənə verməyəcəm. Onlar yolu qət edib Kabilə çatdılar. İmarətə girəndə Pəri xanım onların qarşısına çıxdı. Qurbaninin huşu başından getdi, dili dolaşdı, dedi:

– Ya rəbbim, ya Rəsulallah, necə gözəllər yetirmisən.

Pərizad xanım Pəri xanımın kölgəsinə oxşayırdı. Qurbani özünü cəmləyib sazı sinəsinə basıb dedi:

 
Cəbrin təcəlladır, camalın günəş,
Külli-şeyin hali-lillah deyibdir.
İki qabi qövsün qürrətəl eyni,
Bir görün canıma nə susayıbdır.

Aşiqin yolu düşdü Kabilə,
Hüsnün bir kəlməsi yetdi Qabilə,
Güləbatin köynəyin ənbər kakilə,
Ya rəb məşşətələr nə qurşayıbdır.

Yenə sər göstərdi qəsum eyyadan,
Mənə nida gəldi qul mu heyyadan,
Camalın şöləsi ta sureyyadan,
Şövqün almış günə qayil deyibdir.

Qurbanini qonaq evinə aparırlar. Pərizad xanım xonça bəzəyir, Pəri xanımı Qurbaninin yanına dəvət edir. Pərini təzədən görən Qurbani görək nə dedi:

 
Varmı mənim kimi bir çarxı dönmüş,
Məclis qura otağında saqinin.
Çarxurmalar bir-birinə vurulmuş,
Qanlar oynar yanağında saqinin.

Saqi piyaləsi əlində bunun,
İpəydən şəddəsi belində bunun
Nə gözəl kəlməsi dilində bunun,
Gəlsin öpüm dodağından saqinin.

Pəri xanım xonçanı Qurbaninin qarşısına qoyub tez geri qayıdır. Qurbani yaralı ceyrana dönür:

 
Pərim getdi gözüm qaldı dalınca,
Öldüm getdim yar könlümü alınca,
Gecələr olunca sübh açılınca,
Çeşmim yanar çirağında saqinin.

Qurbani Pərizadgildə çalıb oxuyarkən vəzirə xəbər çatır. Vəzir hirslənir. Ona görə ki, Pəri xanımı öz oğluna almaq istəyirdi. Vəzir də şaha xəbər apardı ki, Pərizad xanım bir yad aşiqi gətirib öz otağına salıb, Pəri xanım başında qırx incə belli qızı topalayıb çalıb oxudurlar. Şah qəzəbləndi. Qurbanın ardınca cəllad göndərtdirib onun hüzuruna gətirtdi. Qurbani qolubağlı şahın yanına gəldi. Şah soruşdu:

– Sən nə cəsarətlə mənim imarətimdə çalıb oxuyursan, eşqnamə deyirsən.

Qurbani başına gələn əhvalatı danışdı, ona badə verilməsini dedi. Əlavə sazı sinəsinə basıb:

 
Deyim könül, sevmə xublar xubunu,
Onun hər muyində yüz misqal olu.
Səni bir bəlaya girifdar edər,
Qaşı cəllad qəmzələri al olu.

Ulu divanında söylənər adım,
Ərşə dayanıbdır ahu-fəryadım,
Su yerinə qan içici cəlladım,
Bilmək olmaz üryan qılınc dal olu.

Günəş nə yandırar, qəmər nə yaxar,
Qətrələr süzülüb ümmana axar.
Qurbani deyər kim şahına kəc baxar,
Onun gərdişində min zaval olu.

Qurbaniyə şah deyir:

– Oğlum, mənim səninlə işim yoxdur, səninki hax vergisidir. Vəzirə dedi:

– Vəzir, bir qız bir oğlanındır. Gəl qızı verək getsin.

Vəzir razı olmadı. Dedi:

– Şahım, bir küçənin gədasına qız vermək bizə layiq deyildir. Sən gərək qızı özünə layiq adama verəsən.

Qurbani bu sözdən çox pərt oldu. Dedi:

– Şahım, icazə ver, vəzirə bir neçə söz deyim.

Dedi: de.

Qurbani görək götürüb nə dedi:

 
Vəzir, səni qarğıyıram,
Haq talağın yetirməsin.
Göydən yerə min bir bəla
Birin səndən ötürməsin.

Qarğayaram səni nahağ,
Sağ gözünə batsın bıçağ.
Oğul-uşaq düşsün qaçağ,
İstədiyin gətirməsin.

Qarğaram yaşasan yerdə,
Üzünə çəkiləydi pərdə.
Meyidin qalsın çöllərdə,
Molla səni götürməsin.

Qurbani sözünü qurtaran kimi vəzir ölüb yerində qaldı. Gördülər haqq aşığıdır. Şah qorxuya düşdü. Qırx gün, qırx gecə toy edib Pərini Qurbaniyə verdi. Mətləb murada çatdılar.

Mənbə

redaktə
  • Azərbaycan folkloru külliyyatı. XXIX cild. Dastanlar. XIX kitab. Bakı,2011.