Qurd haqqında
Qurd haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qoca ac qurd bir gün yol ilə gedirdi və o bir ulağa rast gəldi.
- Ulaq, ay ulaq, mən səni yeyəcəyəm, - deyə qurd ona fikrini bildirdi, - mən səni yeyəcəyəm.
- Eybi yoxdur, ye, - deyə ulaq cavab verdi. – Amma yeməyi əvvəl başdan yox, arxadan başla. Arxadaki ət daha ləzzətli olur.
Qurd ulağın arxasına keçdi. Ulaq ona elə şıllaq atdı ki, qurdun bütün dişləri töküldü.
Qurd yoluna davam etdi və o keçiyə rast gəldi. O dedi:
- Keçi, ay keçi, mən səni yeyəcəyəm. Mən səni yeyəcəyəm.
- Yaxşı, ye, - deyə keçi razılaşdı, - qoy əvvəl mən gedim, çəpişlərimi yemləyim.
Qurd onu buraxdı, keçi qaçdı və daha qayıtmadı. Qurd yenə də yoluna davam etdi. Onun qarşısına qoyun çıxdı.
- Qoyun, qoyun, - deyə qurd ona müraciət etdi. – Mən səni yeyəcəyəm.
- Yaxşı, - deyə qoyun cavab verdi, - ancaq gözlə, mən gedim quzularımı əmizdirim.
Qoyun getdi, o da geri qayıtmadı. Qurd yenə irəlilədi və dəvəyə rast gəldi.
- Dəvə, ay dəvə, - deyə qurd ona bildirdi. – mən səni yeyəcəyəm.
- Yaxşı, etirazım yoxdur. Gəl otur üstümdə və məni ye, - deyə dəvə təklif etdi.
“Hə bunu əldən buraxa bilmərəm” – deyə qurd fikirləşdi və dəvənin üstünə çıxdı.
Dəvə qaçmağa başladı.
Qurd qorxdu və istədi ki, dəvəni dişləsin, lakin onun dişi yox idi. Dəvə bazara gəldi. Adamlar qurdu görüb, onu dəvənin üstündən aşırdılar və döyməyə başladılar. Qurd güclə adamların əlindən qurtardı. O, hündür körpüyə gəlib çatdı və burada gizləndi. Lakin onun quyruğu bayırda qaldığından adamlar onu kəsdilər. Qorxudan qurd körpüdən aşdı və o, çaydakı iri qayalara dəyərək parçalandı.
Mənbə
redaktə- Dağıstan xalqlarının nağılları. Bakı,2013