Rübailər (Əbülqasim Nəbati)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Rübailər Müəllif: Əbülqasim Nəbati |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey badi-səba, güzar qıl Təbrizə,
Aləmdə qalıb ümidimiz bir sizə,
Ol sərvqədin kuyinə düşsə güzərin,
Bu naməni ver o zülfi ənbərrizə.
Saqi, gətir ol cami-zərəfşanı görək,
Sal gərdişə bir o rahi-reyhanı görək,
İsgəndərə söylə getməsin zülmatə,
Göstər ona bir o abi-heyvanı görək.
Divanə könül, bəsdi fəğan eyləmə çox,
Razi-dilimi xəlqə əyatı eyləmə çox.
Xamuş otur, feyzi-əzəl tap, özünü
Əbnayi-zəmanə həmzəban eyləmə çox.
Saqi, genə əyyami-gülüstan oldu,
Gül təxtə çıxıb, çəməndə sultan oldu.
Hər rindü gəda deyir mənəm şahi-cahan,
Hər qübbərə bir bülbüli-xoşxan oldu.
Saqi, mənə bir cam o meydən ver, ver,
Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,
Mütrüb, dur əyağə, rəqs qıl məstanə,
Dadi-dilimi nəvayi-neydən ver, ver.