Rübailər (Füzulinin Azərbaycanca Divanı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qitələr Rübailər (Füzulinin Azərbaycanca Divanı)
Müəllif: Məhəmməd Füzuli
Əlavələr


Əlhəmdü limən ənarə qəlbi və həda,
Vəş-şükrü lima fihi minəş-şovqi bəda.
Ma əmdəhü vahibən sivahu əbəda,
La əşrikü fi sənai-rəbbi əhəda[1].

Əlhəmdü limən əzzə kəmalən və əla,
Mən qamə bi-əmrihi və mən nazəə-la.
Sümməs-səlavatu vət-təhiyyatu əla
Mən fəzzələhul-lahu bi-izzin və üla[2].

Ey feyzi-vücud, şahidi-cud sana,
Vey şahidi-cud, hər nə mövcud sana.
Ümmidi-qəbulü e’timadi-kərəmin,
Mərdudini etmiş yenə mərdud sana.

Ey zatına mümkinat bürhani-vücub,
Sabit sana imtinai-imkani-üyub.
Şayisteyi-ne’məti-həyati-əbədi,
Ərvahi-məarifinlə əbdanü qülub.

Ey üqdəgüşayi-əcəmü türkü ərəb,
Rəssami-rüsumi-fəzlü asarü ədəb!
Məzmuni-hədisin səbəqi-hər millət,
Də’vayi-qəbulun sənədi-hər məzhəb.

Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab,
Sərməst yatam qəbrdə ta ruzi-hesab.
Qovğayi-qiyamətdə duram məstü xərab,
Nə fikri-hesab ola, nə idraki-əzab.

Saqi, kərəm et, şərabi-gülfam yürüt!
Gülfam şərabə vermə aram, yürüt!
Bəzm içrə hübabi-əşki-gülgunumdan
Min cam yürütmə, cam üçün cam yürüt.

Canımda olan zəxireyi-nitqü həyat,
Cismimdə olan cövhəri-hissi-hərəkat.
Sərf olmadı xublar rəhi-eşqində,
Əfsus ki, bihudə keçirdim ovqat!

Tə’miri-bəqavü cəm’i-mal etdin, tut!
Hər arizu etdinsə, ona yetdin, tut!
Çün ömr bəqasına tutulmaz ümmid,
Hər hal ilə gəldigin kimi getdin, tut!

Derlər ki, qılır qönçə ləbi-yar ilə bəhs,
Gülbərgi-tər ol lə’li-gühərbar ilə bəhs.
Ol bir neçə dilsizlərə töhmətdir bu,
Də’vayə gərək ləhceyi-göftar ilə bəhs.

Ey mehri-rüxün qədimü aləm hadis!
Izhari-vücudə kəşfi-razin bais.
Keçdim səri-kuyində iki aləmdən,
Li beynə məqameyi məqamün salis[3].

Xeyli-qəmin etdi nəqdi-səbrim tarac,
Səbr ilə müyəssər olmadı dərdə ilac.
Rüxsarıma tökdü mərdümi-çeşmim qan,
Hinduyi görün, lə’l verir Rumə xərac.

Ey faideyi-elminə aləm möhtac,
Xaki-qədəmin əhli-hünər başına tac.
Hər kimdə ki, gördü himmətin sui-mizac,
Ol sui-mizacə qıldı lütf ilə ilac.

Ey şərbəti-vəslin ələmi-hicrə ilac!
Bazari-qəmində eşq nəqdinə rəvac.
Gər tutsa xədəngin rəgi-canım nə əcəb,
Nəbz ilə qılır təbib təşxisi-mizac.

Ey zikri-ləbin nasixi-ənsafi-Məsih!
Nitqin “ənə əfsəh”[4], kəlimatın da fəsih.
İzhari-qəbulun əsəri-lütfi-xəfi,
İxfayi-rəhi-şəri’ətin zülmi-sərih.

Tutduqca ələ sağəri-səhbayi-səbuh,
Artar əsəri-zövqi-dilü rahəti-ruh.
Tuğyani-qəmə müfiddir zövrəqi-mey,
Tufan xətərində öylə kim, kəştiyi-Nuh.

Gül dövrü xoş ol kim, tuta gülfam qədəh,
Bəzmində dəmi tutmaya aram qədəh,
Hər sübh ki, xürşidsifət qaldıra baş,
Bəzmin bəzəyib, gəzdirə ta şam qədəh.

Mey şövqü olubdur mənə adət, ey şeyx!
Gəldikcə bu şövq olur ziyadət, ey şeyx!
Xoşdur mənə mey, sənə ibadət, ey şeyx!
Rə’y ilə degil eşqü iradət, ey şeyx!

Gər kuyinə əşkim güzər eylər küstax,
Vər qəddinə çeşmim nəzər eylər küstax.
Eyb eyləmə, rəngi-çöhreyi-zərdimi gör
Kim, çoxları aləmdə zər eylər küstax.

Bir abü həvadır əşki-gərmü dəmi-sərd
Kim, ondan alır nəşvü nəma gülbüni-dərd.
Gülzari-qəmin bənəfşəvü yasəməni,
Dudi-dili-aşüftədirü çöhreyi-zərd.

Ta dövrdədir daireyi-kövnü fəsad,
Mümkün degil olmaq hərəkatından şad.
Tasi-fələk içrə kə’bəteyni-əncüm,
Göstərməz imiş hiç kimə nəqşi-murad!

Ta məhmili-mehrdir bu zəngari-məhd,
Mehrinlə vəfa əhlinədir möhkəm əhd.
Birdir bizə bəzmgahi-eşqində fələk,
Gər qəhrilə zəhr versə, vər lütflə şəhd.

Hər yerdə ki, ol simbərü simin xəd,
Ərz eyləyə ariz, aça sünbül, çəkə qəd;
Rəngi-gülü buyi-sünbülü cilveyi-sərv,
Hökm eyləməzəm kim, ola məqbuli-xirəd.

Ta boynuma saldı ol xəmi-zülf kəmənd,
Tədbir ilə açılmadı boynumdan bənd.
Çox pənd verildi, olmadı faidəmənd,
Yetməzmi mənə pənd verən, xəlqə bu pənd.

Dəf’i-qəmi-ruzigarədir badə müfid,
Rəf’i-ələmi-eşqə rüxi-sadə müfid.
Tərki-meyü mə’şuqdur ol illət kim,
Olmaz ona hiç nəsnə dünyadə müfid.

Ey şəhdi-ləbin sözü şəkərvar ləziz!
Lə’lin kimi qanda bir şəkər var ləziz?
Tüngi-şəkər olmasaydı dürci-dəhənin,
Olmazdı çıxan ləhceyi-göftar ləziz.

Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr,
Səbr ilə qənaətdə gərək müslimü gəbr.
Hər ne’mətü möhnət ki, verərsən, yarəb!
Ver ne’mətə bir qənaətü möhnətə səbr!

Hərdəm mənə yar ərzi-rüxsar eylər,
Hüsnilə məni bətər giriftar eylər.
Guya ki, kəmali-eşq dərsin oxudur,
Hərdəm mənə tə’limini təkrar eylər.

Hicrin, cigərini hər kimin qan eylər,
Tədric ilə vəslin ona dərman eylər.
Zülfün kimi kim, müddət ilə kafir idi,
Lə’lin onu bir dəmdə müsəlman eylər.

Hər dil ki, əsiri-qəmi-hicran olmaz,
Şayisteyi-zövqi-vəsli-canan olmaz.
Hər dərd ki var, var dərmanı, vəli,
Bidərdlərin dərdinə dərman olmaz.

Biz aləmi-eşq aləmaraləriyüz,
Meyxaneyi-dərd dürdpeymaləriyüz.
Gülbərgi-nədamət çəmənidir aləm,
Biz bu çəmənin bülbüli-şeydaləriyüz.

Kimdir ki, qəmində naleyi-zar etməz!
Dərdin sənə nalə ilə izhar etməz!
Fəryadına hiç kimsənin yetməzsən,
Fəryad ki, fəryad sənə kar etməz!

Canan isə mətlub, təmə’ candan kəs!
Mətlub isə can, ümid canandan kəs!
Can sevmək ilə müyəssər olmaz canan,
Ya bundan ümid, ya təmə’ ondan kəs!

Suzi-dilim əşki-aldən eylə qiyas,
Ənduhimi zə’fi-haldən eylə qiyas.
Xurşid ki, hüsnünlə qılır bəhsi-kəmal,
Tərki-ədəbin zəvalədən eylə qiyas.

Ədvari-zaman daireyi-heyrət imiş,
Əsbabi-cəhan məhalikü möhnət imiş,
Dünyayə həvəs etməmək etməkdən yey,
Çün əvvəli hirsü axiri həsrət imiş.

Kuyində sənin nə daşə kim, vurdum baş,
Qıldım onu qərqi-xun, töküb gözdən yaş.
Göz yaşinə rəhm eylə ki, çox müddətdir,
Bidadinə səbr edib basar bağrına daş.

Ey kəsbi-kəmalə e’tiqadın naqis,
Təhsili-kəmalə ictihadın naqis!
Ar etmə tələbdə, qıl həzər ondan kim,
Kamillər içində ola adın naqis.

Xoş ol ki, qılıb rəhbəri-sidqin ixlas,
Xəlvətgəhi-qürbə ola ixlas ilə xas.
Sərrafi-vəfa buteyi-tə’dibə salıb,
Hər qəşdən edə missi-vücudini xilas.

Ey bad, qıl əhvalımı cananimə ərz!
Sərgəştəligim sərvi-xuramanimə ərz!
Öldürdü kinayətilə əğyar məni,
Bu zülmi-sərihi eylə sultanimə ərz!

Ey cövhəri-eşqin əsəri cismü ərəz,
Yox aşiqə səndən özgə aləmdə qərəz.
Çün bildin əsirinəm tərəhhüm qıl kim,
Tədbir gərək, müşəxxəs olduqda mərəz.

Zahid, meyi-nabdəndir ikrah qələt!
Sən xah sözüm səhih tut, xah qələt.
Məscidlərə girdigim degil rəğıbətdən.
Sərməstligimdən eylərəm rah qələt.

Dağ urma dili-həzinə, ey mişkinxət!
Gər maili-hüsnü xəttsən, qılma qələt
Kim, eyləməmiş katibi-divani-qəza,
Dil hərflərin qabili-təzyini-nüqət!

Mey nəfyini eyləyib şüar, ey vaiz!
Tutdun rəhi-tə’ni-eşqi-yar, ey vaiz!
Tərki-meyü məhbub edəriz cənnət üçün,
Şərh eylə ki, cənnətdə nə var, ey vaiz!

Təhdid ilə keçdi ruzigar, ey vaiz!
Fövt oldu şərabü vəsli-yar, ey vaiz!
Gər kövsərü hur isə qərəz, vermə əzab,
Nə tərk buyur, nə intizar, ey vaiz!

Ey vəsfi-cəmalinə təhəyyür mane’,
Vermiş sənə isbati-kəmalin sane’.
Vəslində cəfayi-tə’neyi-əğyarın,
Hicrində məni xəyalə etmiş qane’.

Pərvanəyə zülmi-bihesab eylər şəm’,
Zülm oduna bağrını kəbab eylər şəm’,
Guya ki, bilir zülm sərəncamı nədir,
Bihudə degil ki, iztirab eylər şəm.

Hər şam yetər vüsali-cananə çirağ,
Ta sübh qalır həmdəmü həmxanə çirağ.
Rəşk odinə yandırdı məni hər saət,
Vəhm eyləməz ahim oduna yanə çirağ.

Hər gəh ki, bahar qıldı arayişi-bağ,
Növmidlik urdu laləvəş bağrıma dağ,
Zira tikən üzrə tutdu bülbül məskən,
Gül bad güzərgəhində yandırdı çirağ.

Yox dəhrdə bir müvafiqi-təb’ hərif
Kim, söhbəti dilgüşa ola, təb’i zərif.
Fəryad ki, nacins müsahiblər ilə
Bifaidə zaye’ oldu ovqati-şərif.

Mən zöhdü vərə’dən urmazam lafi-xilaf,
Daim rüxi-sadə istərəm, badeyi-saf.
Tərki-meyü məhbub edə bilmən mütləq,
Gər etmək olur, derəm, zəhi bihudə laf.

Ey navəki-bidadinə hər sinə hədəf!
Vey cövhəri-peykaninə hər didə sədəf!
Fəryadü fəğanım qəmi-hicranından,
Bəzmi-qəmədir naleyi-ney, novheyi-dəf.

Ey saliki-rahi-həq, sənə qət’i-təriq,
Düşvardır olmasa rəfiqin tovfiq.
Tut daməni-mürşidi-təvəkkül ki, sənə
Məqsud müyəssər ola, tovfiq rəfiq.

Sərmənzili-hər muradə rəhbərdir eşq,
Keyfiyyəti-hər kəmalə məzhərdir eşq,
Gəncineyi-kainatə gövhərdir eşq,
Hər sadir olan nəş’əyə məsdərdir eşq.

Üşşaqə degil qeydi-əlaiq layiq,
Hərgiz qəmi-ruzigar çəkməz aşiq.
Qeydi-qəmi-ruzigar bir illətdir,
Ol illətə eşqdir təbibi-haziq.

Ya mən bəsət əl-ərzə və əcr əl-əflak,
Idraku kəmalihi kəmalül-idrak.
Fil-ərzi və fis-səmai la rəbbə sivak,
Ma nə’büdü ya vahidü, illah iyyak[5].

Ya mən bikə iltica’u mən kanə sivak,
Tuba limən iqtəda bima fihi rizak.
Bürhanukə filkəmali yəkfi lovlak,
Lovlakə ləma darə mədarül-əflak[6].

Məcnun oda yandı şö’leyi-ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.

Ta həlqeyi-zülfi-yarə düşdün, ey dil!
Dami-qəmi-ruzigarə düşdün, ey dil!
Əfsus ki, qütbi-əhli-cəm’iyyət ikən
Ol dairədən kənarə düşdün, ey dil!

Xurşid ki, qıldı sübhdəm ərzi-cəmal,
Dərgahinə üz sürmək ilə buldu kəmal.
Çün yetdi kəmalə, etdi sən mah ilə bəhs,
Ol tərki-ədəb verdi kəmalinə zəval.

Məh durdu müqabil sənə bulduqda kəmal,
Gördü ki, özündə səncə yox hüsnü cəmal.
Bir qayətə yetdi, incəlib qəmdən kim,
Zə’fi-bədənilə bədr ikən oldu hilal.

Ey üqdəgüşayi-rişteyi-tədbirim!
Hər taətə əfvin səbəbi-təqsirim.
Təqsirimə etmə özgə təqdiri-cəza,
Şərməndəligim yetər mənim tə’zirim.

Qəd ənqəzəni dəvamü dai daim,
Ma li cəsədi ələl məsai qaim.
Ya laimü, lo vəqə’tə fima ənə fih
Vəllahi lənasəhtə və lümtəl-laim[7].

Həmdəm, gör axan sirişki-alimni mənim,
Tutmuş rüxi-kəhrübamisalimni mənim.
Billah, yürü ol gülruxə ərz eyləyə gör,
Bir rəng ilə bu surəti-halimni mənim.

Əfqandır işim, sərvi-xuramının üçün,
Qandır cigərim, qönçeyi-xəndanın üçün,
Eşqində qəmü qüssə çəkib, pir oldum,
Mən pirə tərəhhüm et, igit, canın üçün!

Qəd şərrəfəkəllahü bitovfil-hərəmeyn,
Min rö’yəti məşhədeyni qərrət ləkə eyn,
Tuba limən əlqakə, ləinənnət-təhqiq,
Mən zarəkə, qəd zarə Əliyyən və Hüseyn[8].

Ey qaib olan dideyi-xunbarimdən!
Vey rahət olan sineyi-əfgarimdən!
Mən varimi yox səninçün etdim, nə rəva
Sən tutmayasan xəbər yoxü varimdən.

Xunabə töküb dideyi-giryanimdən,
Sənsiz boyadım yer üzün öz qanimdən.
Öz qanimi eylərəm özümlə də’va,
Getməzsə əlim, nola, giribanimdan.

Qəddinə dedim ki, sərvi-bustandır bu!
Tünd oldu ki, ey xəstə, nə hədyandır bu.
Pabəstəvü urü bizəbandır dedigin,
Xəndanü qəbapuşü xuramandır bu.

Dedim ləbinə: lə’li-Bədəxşandır bu!
Güldü, dedi: ey fəqir, böhtandır bu!
Bir daşə nə rəng ilə qılarsan nisbət,
Şirinü şəkərfəşanü xəndandır bu.

Yandırdı məni şövqi-cəmalın, ey mah!
Hər ləhzə əcəb degil yetirsəm gögə ah!
Zülfün girehi çıxdı əlimdən nagah,
Gör kim, nə cəfa etdi mənə bəxti-siyah.

Rüxsarə səri-zülfi pərişan eylə!
Gözdən güli-rüxsarını pünhan eylə!
Bir neçə pərişanları öz halına qoy,
Hər ləhzə yetər, qəsdi-dilü can eylə.

Müjganımı, ey şəm’, gühərbar etmə!
Pünhan qəmimi aləmə izhar etmə!
Eşq əhlinə zülmdür vəfa eyləməmək!
Zinhar, bu zülmü etmə, zinhar etmə!

Rüxsarına ey etmə nigah etdigimi,
Göz yaşı töküb, naləvü ah etdigimi.
Ey padişəhi-hüsn, tərəhhüm çağıdır!
Əvf eylə ki, bilmişəm günah etdigimi.

Fəryad ki, eşq biqərar etdi məni,
Dərdü qəm ilə zarü nizar etdi məni.
Xaki-səri-kuyində qübar etdi məni,
Sərgəştəvü xarü xakisar etdi məni.

Gördüm səni, əldən ixtiyarım getdi,
Baxdım üzünə, səbrü qərarım getdi.
Xak oldumü hər yana qübarım getdi,
Əlqissə, qapından e’tibarım getdi.

İzahlar

redaktə
  1. Tərcüməsi: Mənim qəlbimi işıqlandırana və doğru yol göstərənə həmd olsun.
    Şükr olsun ona ki, onunla şövq başlanır.
    Ondan başqa bir kimsəni mədh etmərəm.
    Öz duamda Allahıma hek kəsi şərik etmirəm.
  2. Tərcüməsi:Kəmalı ilə əziz olana həmd olsun,
    Onun əmrinə tabe olanlar yüksəldi, xilafinə gedənlər yox.
    Sonra sələvat və səlam olsun o adama ki,
    Allah onu əzizlik və yüksəkliklə fəzilətləndiribdir.
  3. Tərcüməsi: İki məqam arasında üçüncü məqam mənimdir.
  4. Tərcüməsi: mən ən fəsahətliyəm.
  5. Tərcüməsi: Ey yeri döşəyən və fələkləri hərəkətə gətirən,
    Kamalının dərki idrakın kamilliyidir.
    Yerdə və göydə səndən başqa Allah yoxdur.
    Ey tək olan, səndən başqa kimsəyə ibadət etmirik.
  6. Tərcüməsi: Ey hamının pənah gətirdiyi,
    Sənin razılığın uğrunda çalışanlara eşq olsun.
    Kamalına dəlil “lövlak” kifayətdir.
    Sən olmasaydın fələk mədari dolanmazdı.
  7. Tərcüməsi: Daimi xəstəlik məni vəziyyətə saldı.
    Cəsədim artıq çalışmaqla ayaq üstə duran deyil.
    Ey məni məzəmmət edən, mənim halıma düşəsən,
    Allaha and olsun, nəsihət edərdin, məzəmmət edənləri isə
    məzəmmət edərdin.
  8. Tərcüməsi: Ey iki hərəmin təvafilə şərəflənən,
    İki qəbri görməklə gözün işıqlandı.
    Sənə çatanlara eşq olsun, doğrudan da,
    Səni ziyarət edən Əlinin və Hüseyni ziyarət etmiş olur.