Rübailər /Məhsəti Gəncəvi

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər
Müəllif: Məhsəti Gəncəvi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axşam məni tutdu yenə sərxoş dildar,

Göz vurdu, bacarsan, yenə bir qaç, qurtar.
Dindim: "Gecədir, tutma əlimdən, gen dur,
Birdən bizi bu halda görərlər, zinhar".

  • Axşam yenə tutdum o yarı mən birdən,

Yüz-yüz öpüş aldım o xurma ləblərdən.
Yar istədi söysün məni, hər busəmlə
Ağzındaca qırdım söyüşü dərhal mən.

  • Arxında axan hər suya qurban ollam,

Xasiyyətin od! Yolunda candan ollam,
Hər tapdadığın torpağa ollam bir qul,
Ətrinlə gələn yellərə heyran ollam.

  • Arxında suyun axmasa da bəndənlə,

İnsanlığı tərk eyləmərəm mən sənlə.
Sordun ki, nə etmişəm sənə, aç söylə,
Artıq nə deyim, neyləmədin sən mənlə.

  • Arvadla kişini bağlayar kəbin,

Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?

  • Ayla Zöhrə kimi üzünlə gözün,

Yusiflə quyutək xalınla üzün,
Sən buğdayı, mənsə samantək sarı,
Samansız buğda heç gördünmü özün?!

  • Bağlarda gülüzlər görərək sərv, yaman

Naz ilə deyirdi öz boyundan dastan.
Bir söz dedi qəddindən ona sübh yeli.
Qarşında sənin səcdəyə durdu asan.

  • Baxma yerə, torpaq, su görər, ey dilbər,

Baxma göyə, gün salar nəzər, ey dilbər.
Görsə, ölərəm, inan ki, mən qeyrətdən
Bir kəs səni röyadə əgər, ey dilbər.

  • Biçarə təbük qorxmasa səndən, canan,

Hər bir yerinə mən kimi olmaz heyran.
Səndən nə qədər təpik yeyir, heç bezmir,
Tez-tez qayıdır, öpür ayaqlarından.

  • Bilmir niyə könlüm necə dildar oldum,

Könlüm nə çəkir, gör necə ağlar oldum.
Qəh! Qəh! Nə yatırsan gecələr asudə!
Bəh! Bəh! Gecəmə gör necə bidar oldum.

  • Bir bax, o bənövşəlik nə xoşdur, dilkəş!

Çöllərdə tutub sanki kükürd od, atəş.
Qəmlər çəkən insan tək əyilmiş qəddi,
Yar ətri kimi ətri gözəldir, məhvəş.

  • Bir cismimə bax: içində qəlbim viran!

Bir canıma bax: düşübdür oddan tufan!
Bir bax gözümə, bir gül üzün eşqindən
Yaşlar süzülür hər zaman ümman-ümman.

  • Bir cüt gözün ilə nə qədər qan etdin,

Zülfünlə nə çox qəlbi, de, viran etdin!
Allah özü qoy qəlbinə insaf versin,
Bəlkə, yazıq aşiqlərə dərman etdin.

  • Bir göz ki baxıb yollarına həsrətlə,

Qoyma kor olar ağlayaraq möhnətlə.
Bir xəstə könül ki səni, ancaq səni sevmiş,
Zülfündə əsirdir, onu tut hörmətlə.

  • Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.

  • Çörəkçi yanında şagird olmuşam,

Müəzzindən qabaq yandırıram şam.
Oddan, sudan, undan qızıl çıxarıb,
Xarabatda qızıl ələrəm axşam.

  • Dar köksümü qəmlərin seçibdir meydan,

Güllər üzünü görüb qalarlar heyran.
Daş qəlbinə təsir eləmir göz yaşım,
Bir söylə, nə daşdır ürəyin, nə zindan!

  • Dersən: iki yaqut dodağım şəkkər, bal,

Bir busə dilərsən, canını göndər al.
Can tapsam əgər, allam onu yüz borca,
Bir busəyə verrəm iki yüz can dərhal.

  • Dərdin o buluddur ki, tökər gözdən qan,

Dərdin o zəhərdir ki, ona yox dərman.
Hər ləhzədə min qəlbi yıxar dərd ilə,
Dərdin nə ürək qoyar, nə də sağlam can.

  • Dərdinlə qəmin könlümə olmuş qismət,

Arzunla ürək göynədi həsrət-həsrət.
Nuruyla üzün qəlb evimə şam tutdu,
Andım ləbini, tapdı könül min ziynət.

  • Dərdinlə sənin hər gecə bir qəm gördüm,

Ağlar gözümü həsrət ilə nəm gördüm.
Nərgis gözün aldatdı, yuxum qeyb oldu,
Ömrümdə şirin bir yuxu mən kəm gördüm.

  • Didarına, ey gül, o vurulmuş gəldi,

Könlündəki həsrət, o qor olmuş gəldi.
İnsaf dəni səp, tazə qəfəs qur bir də,
Bir də o qanadları qırılmış gəldi.

  • Dün kaşı kuzəmi daşlara çaldım,

Sərxoşdum, bilmədim əlimdəm saldım.
Kuzə dilə gəlib dedi ki: mən də,
Sənin kimi idim, bu günə qaldım.

  • Düşmənlərimə həmişə sən dəm tutdun,

Gəldin mənə naz eylədin, üz turşutdun.
Göy pərdəsi ardında oyunlar vardır,
Nazınla məni yetər, yetər, qorxutdun.

  • Düşmüş bu gecə bəxtimə təklik, hicran,

Könlümdə qalar sabah bu qəmdən tufan.
Buymuş payın, ey gözüm, yetər qan ağla,
Odlarda yan, ey könül, bu olmuş fərman.

  • Eşqinlə sənin can oda yaxsan, azdır,

Göz yaşı olub üz boyu axsan, azdır.
Zülfündə daraqlar kimi gəzmək xoşdur,
Saçlarda itib zülfünə baxsan, azdır.

  • Eşqinlə yanan qəlbimə saldın odlar,

Baxdın suda öz hüsnünə təkrar-təkrar.
Gördün saçını, bəxtiməmi oxşatdın,
Atdın o qara zülfü yerə, ey dildar.

  • Etdim dəvə üstündə yaman ah-əfğan!

Səpdim dəvənin yollarına dürr, mərcan.
Karvan su içib boşaldılan hər quyunu
Doldurdum o dəm mən gözümün yaşından.

  • Əvvəl sənə öz qəlbimi göstərməzdən,

Asudə idim eşqə könül verməzdən.
Allaha şükür, sənin qulundur qəlbim,
Bağrım kimi bax yoxsa tökərdim gözdən.

  • Gəldi gecə, zülmətdə yox oldu aləm,

Gəldi mənə də qismət oyaqlıq həmdəm.
Bildirdi günəş də aya: bezdim bəsdir!
Sındırdı fikir çənbərini çərxin qəm.

  • Görsə üzünü huri xəcalətdə qalar,

Göylər günəşi nuru üzündən pay alar.
Hər dəm üzümüz gül üzünə həsrətdir,
Ayrılsa üzündən üzümüz yaşla dolar.

  • Görsən məni bir söylə nədən dinmirsən?

Qan tökməyə təşnədir gözün, dönmürsən.
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığa öyrənmisən?

  • Görüşdə şəftəli bir bəhanədir,

Alma, üzüm, duzlu püstə, de, nədir?
Narım, alça olma, badam gözlərim,
Üzüm giləsitək yaş tökər bir-bir.

  • Göydə ayı nur saçdı, üzün sındırdı,

Sərvin belini sərv qamətin qırdı.
Mən canımı almışdım ürək qanımla,
Getdi sənə qurban, məni bu yandırdı.

  • Gözdən yaş axıtma, bu işə sən yad ol,

Qoy qəmləri mən çəkim, sevin, sən şad ol.
Məşuqəyə olmaz ağlamaq, yaş tökmək,
Tərk et bunu biçarə mənə, azad ol.

  • Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal,

Nuş edək şərabı coşsun cah-calal.
Gecə yar zülfü tək uzansın fələk,
Sübhün açarını sən quyuya sal.

  • Gül dedi: "Bir sərv qamətli əgər-

Olsa, gözəl bağı bir cənnət edər".
Meh tənə vurdu ki: ""Qonşun tikandı,
Qonşudur çirkinlə daim gözəllər".

  • Gül yola baxırdı, rəngi solmuşdu,

Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl paltarı-
İndi parçalayıb dəli olmuşdu.

  • Gülgündür üzün, bənzər ona tər güllər,

Bənzər sənə qamətdə də sərv, ey dilbər.
Bülbül soruşur səsində qəmlər güldən:
"Aləmdə gülə varmı görən tay, bənzər?"

  • Güllər gül üzündən lap əcəb qaldı xəcil,

Ağzın dadını gördü, rütəb qaldı xəcil.
Könlündə ədəbsizlik əgər varsa, çəkin,
Etsən də ədəbsizlik, ədəb qaldı xəcil.

  • Hardan gecə bilsin çəkir aşiq nə sitəm,

Bilsin nə bəlalar çəkir o taleyi kəm.
İnsanlar onu məhv eləyər sirr açsa,
Gizlətsə, onu məhv eləyər mütləq qəm.

  • Hər kimsə ki eşq ilə yanan olmuşdur,

Axşamları səccadəsi qan olmuşdur.
Aləm bilir, eşqin çadırı dünyadə
Göydən də uzaqda dayanan olmuşdur.

  • Hərgah ki, gözümdən yaşım əlvan tökülər,

Ağlar mənə göy, yaşı bir ümman tökülər.
Səndən gözüm ayrıldığı gün qan tökdü,
Ayrılsa bədəndən baş əgər, qan tökülər.

  • Həsrət yenə bağrımda mənim qövr eylər,

Dövrəmdə gəzər qəmin, mənə cövr eylər.
Can qurban edim eşqinə söylər könlüm,
Beynimdə də ancaq bu xəyal dövr eylər.

  • Hicrinlə yetər, səbrimi, ey gül, qırma!

Zulmünlə yetər, əhdini gəl sındırma!
Dəymirsə də naməm yazasan bircə cavab,
Barı oxu, odlarda məni yandırma.

  • Hiyləylə tutub əllərimi bağlarsan,

Zülfünlə də bütpərəstə gün ağlarsan.
Nərgizlərinə sübh buyursan hərgah,
Hüşyarı tutub məst deyə saxlarsan.

  • Hüsnün ayı heç özündən artıq saymaz,

Bir kimsəyə əfsunla da heç vaxt uymaz.
Bir xətt çəkib dövrəsinə, ta ordan
Bir damcı da qan qaçmağa imkan qoymaz.

  • Xəttin çıxarıb bənövşələr tər güldən,

Xətt çəkmiş aya, könlü nə istər güldən?
Daim gecədən sübh doğardı, ancaq
Doğmuş gecə sübhündən – o dilbər güldən.

  • İncitmə, – dedim, – yarımı, ey qızdırma!

Allahı gör, insaf elə, get tez, durma.
Qızdırma dedi: "Əsmə ona məndən çox,
Səndən çox ona mən yanıram, üz vurma".

  • Kişi ol əgər sən qadın deyilsən,

Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz sən bir busə almazsan məndən!

  • Könlüm hanı dərdimdən açım mən söhbət,

Qəmdən deməyə canımda yoxdur taqət.
Fikrimdən əgər keçsə də məktub yazmaq,
Yoxdur buna qəlbimdə mənim güc, qüdrət.

  • Könlümə yar oldu bu gecə dilbər,

Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan gəlmə, ey səhər!

  • Qan tökməsə gözlər yenə gözlərdim mən,

Qəlbimdə sənin sirrini gizlərdim mən.
Olmazsa bu solğun bənizim, fəryadım,
Hər sirrini can-başla əzizlərdim mən.

  • Qəlbim kimə eşqindən əgər söz söylər,

Başlar sözu, hicran qəmini yüz söylər.
Baxsan yenə naz ilə, gülər qəm vurmuş.
Var ol, məni güldürmüsən, ey göz, söylər.

  • Qəlbim sənə bağlandı, nahaq etdim mən,

Eşqin yox imiş, qəlbimi incitdim mən.
Çəkdim qəmini, qeyrlə sən şad oldun,
Allah sənə sən tək verə yar, getdim mən.

  • Qəlbin dediyilə nə qədər xar oldun,

Bir zalıma sən gör nə giriftar oldun.
Anlarsan ürək, eşq nə divan tutmuş,
Bir gün yuxudan onda ki bidar oldun.

  • Qəm görmüşə hər gün yeni bir qəm yetişər,

Dərd ilə yanan qəlbə dava kəm yetişər.
Aşiqləri öldürməyə çox meyil etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.

  • Qəm şadlığa çevrilər sənin lütfündən,

Daimi olar ömür dönüb baxsan sən.
Çatdırsa yanından ora yel bir torpaq,
Düzəxdə olar həyat suyu od birdən.

  • Qəmdən nə qədər silsin ürək üzdən qan,

Bir vəslinə etsin nə qədər can qurban,
Rəhm eylə ki, can yağmır axı göylərdən,
Əfv eylə, ürək göyərməyir torpaqdan.

  • Qurdu suyun ahıyla fələk çardağı,

Tonqal qaladı canda qəmin yığnağı.
Yellər kimi daim gəzirəm dünyanı,
Hardandı görüm vücudumun torpağı.

  • Mən ki bu qədər ağlaram aşkar-pünhan,

Zənn eyləmə qorxutdu məni tək bir can.
Gəldin, gözümə sudan lətif görsəndin,
Ağlatdı bu halın məni nalan-nalan.

  • Məst idi yenə sübh dünən bülbül də,

Gəlmişdi tutub müjdə üçün can əldə.
Söylərdi əsən yellərə: "De, Tanrı üçün,
Güldən nə soraq var gör obada, eldə".

  • Mişkindir üzün, saçınsa qandan əlvan,

Amma ki bilirsənmi necə, ey canan,
Üz mişkdir, amma ki hələ nafədədir,
Çıxmışsa da nafədən, olub zülfün qan.

  • Nəymiş görəsən dərdi, o ənbər saçlar

Çıxmış, de, başından bu sayaq, ey dildar?
Dərdindən əgər tük kimi incəlsəm də,
Barı belə çıxmaram başından, zinhar!

  • Püstəndə gülüşlər gəzir, ey dilbər, bax!

Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur, rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.

  • Olmaz bu qədər ağıllı heç bir insan,

Mehrin, qılığın etdi məni lap heyran.
Şad olmuşam, ey yar, bu gecə vəslindən
Qorxum budur ancaq gələ birdən hicran.

  • Olsaydı əgər məndə deyək yüz min can,

Qarşında mən onları verərdim qurban.
Qəlbində bu hicrana dedin tab varmı,
Qəlb olsa idi, qəlbimə neylər hicran.

  • Ömrüm, – dedim, – oldu daha puç, rəhm eylə!

Dünya, – dedi,– korlandı həsəddən beylə,
Bir busə verərsənmi, – dedim, – can versəm?
Busəm, – dedi, – alçaldı haçandan, söylə!?

  • Sevdaya gərəkdir canı qurban et sən!

Şad olmaya könlün, onu viran et sən!
Vəslindən onun zərrə qədər pay görmə,
Dərd ilə atıb aləmi əfğan et sən!

  • Sevgin, demərəm, könüldə peyda olsun,

Əksin gözümə, istəmə, şeyda olsun.
Könlümdə, gözumdə olmasın sevgin qoy,
Yurdun nə cəhənnəm, nə də dərya olsun.

  • Sən hər nə qədər istəməsən qəmlər var,

Sevgində də hicran dolu çox dəmlər var.
Ayrılmağın əyyamı gəlib, bir dillən,
Bir dəmdə, özün gör, necə aləmlər var.

  • Sən qəssabsan, mənsə qurbanınam, bax,

Dözərəm çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini sən,
Məni öldürsən də, gəl, satma ancaq.

  • Sən söylədin, ey gözəl: "Üzüm bir cənnət,

Yurdun, yuvan ondan tapacaq min ziynət".
Düzdürmü sənin sözün, yalandır yoxsa,
Dillənməyə könlündə kimin var cürət?

  • Sənsiz nəfəsim köksümə peykan olsun,

Sənsiz yaşasa, qəlb evi viran olsun,
Könlümdə sevinc olsa qəmindən qeyri,
Küllən bu vücudum ona zindan olsun!

  • Sərxoşlara gül saçmağa yellər gəldi,

Dildarına mey süzməyə dilbər gəldi.
Öldürməyə gəlmişdir o göz hüşyarı,
Xar etməyə əttarı o ənbər gəldi.

  • Səs saldı bütün aləmə bu qəm, möhnət,

Tuş gəlmədi vəslin mənə, qaldım həsrət.
Zülmündən olub qəmim mənim həddən çox,
Dözdüm necə bu qəmlərə heyrət, heyrət!

  • Sözlə məni qəmdən o gün azad etdin,

Vədinlə dünən qəlbimi çox şad etdin.
Çıxmışsa o gün söylədiyin fikrindən,
Bəlkə dediyin vədini bir yad etdin?!

  • Şahlar sevincinə xəbərsən, ey gül!

Bülbülə ilhamsan, hünərsən, ey gül!
Bu lətif hüsnünlə qorxuram ki, sən
Sərxoş ayaqlara düşərsən, ey gül!

  • Şam başından yanar, göz yaşı tökər

Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et!
Məhv olur başından ayağa qədər.

  • Şehdən payız içmişdir ağaclar badə,

Sərxoşca bir il çiçək tutur röyadə.
Açsın deyə bağlarda çiçək lalələri
Min teşt kimi düzüb çəmən səhradə.

  • Şəhla gözün, ey gözəl, baxsa məstanə,

Sərxoş da gələr, mey də gələr əfğanə.
Rəqs eyləsə saçların sənin bir ləhzə,
Yüz fitnə qopar, könül gələr tüğyanə.

  • Ta açdı sənin naməni yorğun bəndən,

Öpdü nə qədər xəttini məftun bəndən.
Vədinlə sənin könlü, gözü şad oldu,
Göz dikdi gələn yollara vurğun bəndən.

  • Ta düşdü bu cür ortaya hicran, könlüm,

Qorxum var, ola can evi viran, könlüm.
Gen düşməmisən sən ki yanından yarın,
Üzr istə mənim dilimcə ondan, könlüm.

  • Toxunma könlünə biçarə gülün,

İncitmə qəlbini avarə gülün.
Səbanın eşqiylə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.

  • Vüsalınla dolu gecələr getdi,

Kirpiyimdən düşən incilər getdi.
Ürək rahatlığım, munisim, hər şey,
Sən getdin, səninlə bərabər getdi.

  • Yaşlar axıdar qəmli üzümdən dərdin,

Zülm etmədə qalmazdır özündən dərdin,
Yansam da mən odlarda sənin dərdindən,
Qəmdən yanaram, getsə gözümdən dərdin.

  • Yer verməz ürək gözdə sənə, xar olasan,

Qəlbində də qoymaz ki, gülüm, zar olasan.
Canımda sənə yer verərəm ancaq mən,
Son dəmdə gəlib, bəlkə, mənə yar olasan.

  • Yetməzmi, qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə!?
Demişdin; Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən, bax, bu da Gəncə!..

  • Yoxdursa bu qəmlərdə mənə bir yan ol,

Ey göz, daha qan ağla, könül sən qan ol.
Eşqin qəmini sən ki təzə çəkmirsən,
Könlüm, nə deyim eşqə necə qurban ol.

  • Yudun xətaləri, sən ey lütfkar,

Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!

  • Yun əyirən oğlan mənim canımdır,

Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından busə ver, allah,
Çünki o dodaqlar can dərmanımdır!

  • Zülfün necə eylər üzünə naz, gör bir,

Qorxum var olum paxıllığımdan kafir.
Mən bəndəsi ollam o yelin, ağ üzdən
Qaldırmağa görsün saçını bir tədbir.

  • Zülm etsə mənə çörəkçi dilbər hərgah,

Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.

  • Zülm ilə alıb qəlbimi yarım candan,

Qaytarsa da, almaram qaçıb mən ondan.
Məhşərdə ürəksizcə durub qoy yerdən,
Olsun bu, bəhanə, yapışım canandan.

  • Zülmət gecə qəm çəkməyə nə həmdəmsən,

Cismim kimi incəlməmisən, möhkəmsən.
Aşiqlərə qiymət verə bilməzsən sən,
Aşiq deyil, eşq əhlinə nə məhrəmsən.

Mənbə

redaktə
  • Məhsəti Gəncəvi. Rübailər. Bakı, 1981.