Rüstəm və Söhrab (nağıl)

Rüstəm və Söhrab
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günlərin bir günü Rüstəm Rəxşi yəhərlədi, ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı. Qayışbaldır kəhər uzaqlara səkdi, damarları elə bil polad idi, ayaqları isə qüdrətli sütunlara bənzəyirdi. Göylər haqqı, belə bir atdan ötrü bir andaca sevgilimin zülflərindən imtina eləyərdim. Əlindəki polad qılınc gözəllərin başının üstündən asılmasın, qoy onlar xoşbəxt ömür sürsünlər. Az getdi, çox getdi, gəlib bir çəmənliyə çatdı.

Rüstəm Rəxşi çəmənliyə otlamağa buraxdı. Özü isə yayını və oxunu götürüb çöllüyə düşdü. Bir xeyli gəzib dolaşdı, nəhayət, bir çöl eşşəyini gözü aldı. Oxu atması ilə şikarın öldürülməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm onun dərisini soydu, ətini qızartdı və qarnını bərkitdi. Sonra girşaspın qalxanını başının altına qoydu və bərkdən xorna çəkməyə başladı.

Rüstəm yatmağında olsun, gör sənə hardan deyirəm. Çəmənliyə bir neçə süvari gəlib çıxdı. Rəxşin, madyanlardan birinə gözü düşdü və süvarilərin dalınca çapdı. Yolda tapqırı qırıldı, qayış-yəhər dağıldı. Yəhəraltı bir yerə düşdü, yəhər bir yerə düşdü, çul isə başqa yerə düşdü. Rəxşin üstündə heç nə qalmadı. Süvarilər Rəxşi aralığa aldılar və onu tutdular. Rəxşi tutandan sonra gəlib bir şəhərə çatana kimi yol getdilər. Bu arada Rüstəm yuxudan ayıldı, baxıb gördü ki, Rəxşin izitozu yoxdu. Bir neçə dəfə muşqurdu, Rəxşi harayladı, amma Rəxşdən cavab çıxmadı ki, çıxmadı. Rüstəm onun izinə düşdü. Az getdi, çox getdi, yolda yəhəraltını gördü, onu da götürdü. Bir az gedəndən sonra çulu gördü, çulu da götürüb çiyninə atdı. Bütün bunları belinə şələləyib yoluna davam elədi. Rüstəm getməyində olsun, sizə bu şəhərin padşahından deyim. Bu padşahın pəhləvan bir qızı vardı. Qız şəhərə gələn süvariləri, Rəxşi gördü və fikrə getdi: “At kimindi, bilmirəm, amma sahibi yəqin ki, bahadırdı”. Qız süvarilərdən bir neçəsini hüzuruna çağırdı və əmr elədi:

– Yeri-göyü ələk-vələk eləyin, amma bu atın sahibini tapın. Sözünü bitirib öz-özünə fikirləşdi: “Gəlib çıxar, onunla gücümü sınayaram”.

Süvarilər axtarışa çıxdılar, getdilər, getdilər, baxıb gördülər ki, budu, üst-üstə qalaqlanmış iki dağ gəlir. Gələn Rüstəm idi, şələləndiyi yəhər, yəhəraltı, çul isə dağa bənzəyirdi. Baxanda deyirdin ki, Rüstəm lap yaxındadı, əslində o hələ çox uzaqdaydı. Süvarilər onu salamladılar, salamlarına cavab alandan sonra dedilər:

– Ey pəhləvan! Sənə at dözmürmü ki, yəhəri-yüyəni belinə şələləmisən? Yükünü ver, biz aparaq, axı, sənin atın bizim şəhərdədi. Rəxşin yəhərini-yüyənini bir neçə ata yüklədilər, yük bir neçə ata bəs elədi. Onlar yola düzəldilər, getdilər, getdilər, nəhayət, gəlib şəhərə çatdılar. Şəhərə bir “boy, boy!” düşmüşdü ki, gəl görəsən, Rüstəm hamını heyrətə salmışdı. Yedirib, içirtmək üçün Rüstəmi saraya aparmaq istədilər, Rüstəm isə dedi:

– Rəxşi görməyənə kimi yemək-içmək yoxdu, ağzıma çörək, çay almaram.

Onu tövləyə apardılar, Rəxşi göstərdilər. Rüstəm Rəxşə yaxınlaşdı, yalmanından yapışıb ona bir dənə ilişdirdi. Rəxş cavabında dedi:

– Sən ilin on iki ayını gözəllərin dalınca sürünürsən, ildə bir dəfə mənə olmaz?

Rüstəm tövlədən çıxdı, onu saraya apardılar, padşah kef məclisi düzəltdi. Saqi məclisi dolandı, adama bir qədəh çaxır içdilər, sonra ordan-burdan gap elədilər, sonra padşah dedi:

– Ey pəhləvan, mənim bir bahadırım var, onunla yarışmazsanmı?

Rüstəm cavab verdi:

– İndi başım ağrıyır, sabah mənimlə yarışmaq istəyən varsa, mən hazıram.

Səhər açıldı, şahzadəni kişi kimi yaraqlandırıb-yasaqlandırdılar. Yarış meydanına su çilədilər, musiqi sədaları eşidildi, nəhayət, rəqiblər meydana çıxdılar. Adətə görə, onlar bir-birlərinə əl verdilər, Rüstəm həmin andaca hiss elədi ki, rəqibinin əli yaman zərifdi.

Rüstəm dedi:

– Ey pəhləvan, gücünü topla, nəyə qadir olduğunu göstər, mənə yazığın gəlməsin!

Padşahın qızı Rüstəmin qurşağından yapışdı, nə qədər gücləndisə onu yerindən tərpədə bilmədi: Rüstəm soruşdu:

– Hə, nə oldu, sən bütün gücünü göstərdinmi?

– Hə, – deyə o cavab verdi.

Rüstəm dilləndi:

– Lap yaxşı, onda özünü gözlə.

Rüstəm tək əllə onun qurşağından yapışıb göylərə qaldırdı, yerə çırpmaq istəyirdi ki, padşah qışqırdı:

– Ey, yaramaz, ehtiyatlı ol, rəqibin qızdı.

Pəhləvan ehmalca onu yerə qoydu, qız Rüstəmin əlindən öpdü.

Rüstəm qıza elçi düşdü, padşah razılıq verdi. Yeddi gün, yeddi gecə toy çaldılar, padşah qızını Rüstəmə ərə verdi. Rüstəm heç kimə açıb demədi ki, bəs, deməzsənmi, mən həmin o məşhur Rüstəməm.

Toydan bir az keçəndən sonra Rüstəm arvadına dedi:

– Mənim getmək vaxtımdı, mən gedirəm.

Arvadı cavab verdi: – Qarnımda sənin uşağını gəzdirirəm, uşaq dünyaya gələndən sonra nə edim?

Rüstəm qolbağını çıxartdı, arvadına verib dedi:

– Qızım olsa, qolbağı satıb ona xərcləyərsən; oğlum olsa qoluna bağlayarsan və Zabulistana göndərərsən.

Sonra Rüstəm atı tövlədən çıxartdı, qarınaltısını çəkib elə möhkəm bağladı ki, at nəfəsini zorla dərdi. Ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa, qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı... Zabulistana çatana kimi gecə-gündüz yorğunluq-ağrınlıq bilmədən atı dəhmərlədi.

Rüstəm Zabulistanda qalsın, sizə kimdən deyim, kimdən deyim, Rüstəmin arvadından. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqənin tamamında onun bir oğlu oldu. Uşağın adını Söhrab qoydular. Nə başınızı ağrıdım, aylar keçdi, illər ötdü, Söhrab böyüdü, əvvəlcə altı, sonra yeddi yaşı tamam oldu. Günlərin bir günü Söhrab uşaqlarla aşıq-aşıq oynayırdı, aşığı elə güclü atdı ki, vəzirin oğlunun ayağını sındırdı. Vəzir hadisəni eşidib çığır-bağır saldı, padşahın hüzuruna gəlib dedi:

– Padşah sağ olsun, sənin Söhrab nəvən aşıqla oğlumun ayağını sındırıbdı.

– Uşaqdılar də, – deyə padşah dilləndi, – oynayırlar, mənim əlimdən nə gəlir?

Söhrab on iki-on üç yaşına qədəm qoyanda tay-tuşu “atan yoxdu, bicsən” deyə onu cırnatmağa başladılar. Söhrab anasının yanına gəlib soruşdu:

– Ana, mənim atam hardadı?

O, oğluna öz atasını göstərərək cavab verdi:

– Qabağında duran adam elə sənin atandı.

Söhrab dedi:

– Yox, bu sənin atandı, mənim atam deyil.

Onlar çox höcətləşdilər, axırda ana əlacsız qalıb, atasının Zabulistanda olduğunu açıb Söhraba söylədi. Ana dedi: – Atanı görmək istəyirsənsə, Zabulistana yollan.

Söhrabın bir dayısı vardı. Dayı sinəsini qabağa verdi, “Söhraba özüm kömək edəcəyəm”, – dedi. Dayı, bacıoğlu bir dəstə topladılar, padşahdan rüsxət alıb yola düzəldilər. Onlar getməyində olsun, sizə Söhrabın anasından deyim. Söhrabın anası kişi paltarı geyindi, ata mindi və dolayı yollarla qabağa düşdü. O, dar dərələrin birində Söhrabın yolunu kəsdi və üzünə niqab saldı ki, tanımasın. Söhrab gəlib dərəyə çatdı, baxıb gördü ki, bir pəhləvan yolunu kəsibdi.

– İstəyin nədi, ey pəhləvan? – deyə o soruşdu.

Pəhləvan cavab verdi:

– Mən sizin pəhləvanlardan biri ilə gücümü sınamaq istəyirəm.

Dəstədə Söhrabdan başqa heç kim onun qabağına çıxa bilməzdi. Pəhləvan iki cəhdə Söhrabı havaya qaldırıb yerə çırpdı. O, niqabı üzündən götürdü, Söhrab başa düşdü ki, qabağını kəsən anasıymış. Ana dedi:

– Qayıt geri, atanın gücü hələ səndə yoxdu.

Ana oğlunu yoldan beləcə geri qaytardı. Aradan bir il keçdi və Söhrab yenidən atasını axtarıb tapmaq fikrinə düşdü. O, yenidən dəstə topladı və yola düzəldi, ana isə yenidən həmin dərədə onun yolunu kəsdi. Amma Söhrab bu dəfə anasının ayağını yerdən üzüb torpağa çırpa bildi. Ana dedi:

– Hə, indi yola çıxa bilərsən, indi Rüstəm kimi güclüsən. Ana geri şəhərə qayıtdı, Söhrab isə yoluna davam elədi. Az getdilər, çox getdilər, gəlib bir qəsrə yetişdilər. Söhrab əmr elədi ki, hamı atdan düşsün və onlar burda çadır qurub düşərgə saldılar. Söhrab baxıb gördü ki, bir qız əlində bardaq su gətirməyə gedir. O, dayısına dedi:

– Get, o qızın əlindən tutub mənim çadırıma gətir. Dayı dedi:

– Bacıoğlu, yaxşı qızlar, göyçək arvadlar çoxdu, hər yaxşı qızın, hər göyçək arvadın əlindən tutub sənin çadırına gətirmək olmaz, axı.

Söhrab dilləndi:

– Mən sənə dedim ki, get, onun əlindən tutub çadırıma gətir! Gətirməsən – şapalaq qazanacaqsan.

Dayı qorxuya düşdü, fikirləşdi ki, birdən vurub öldürər məni. gedib qızın əlindən tutdu və Söhrabın çadırına gətirdi. Söhrab müsəlman adəti ilə onu özünə arvad elədi.

Qız bir-iki həftəsini onun çadırında keçirdi, sonra Söhrab qızın bardağını qızıl-gümüşlə doldurub dedi:

– Çıx get!

Qız dilləndi:

– Hara gedim? Axı, mən bətnimdə sənin balanı gəzdirirəm!

Söhrabın qiymətli bir qolbağı vardı, qolbağını çıxartdı, qıza verib dedi:

– Qız olsa, satıb ona xərcləyərsən, oğlan olsa, qoluna bağlayıb Zabulistana göndərərsən.

Qızı yola salandan sonra dayı, bacıoğlunu Keykavusun padşahlıq elədiyi şəhərə gətirdi. Onlar şəhərin ətrafında çadır qurub düşərgə saldılar, şəhəri mühasirəyə aldılar. Rüstəm şəhərdə deyildi, onun pəhləvanlarından bəziləri ordaydı. Söhrab hər gün Rüstəmin pəhləvanları ilə cəngə çıxırdı, hər gün onlardan ikisiniüçünü əsir alırdı. Öldürmürdü, sadəcə olaraq, əsir alırdı. Beləliklə, o, Rüstəmin qırx pəhləvanını əsir aldı.

Şayiələr Rüstəmə də çatdı: bəs deməzsənmi, Rüstəm, Keykavusun şəhərini cavan bir bahadır mühasirəyə alıbdı. Sənin qırx pəhləvanın onun əsiridi. Rüstəm bu xəbəri eşitdi və eşidən kimi də yeddi yarım mən ağırlığındakı çaxır dolu qədəh əlindən düşdü. Yubanmadan qızıl-gümüşlə bəzədilmiş yəhəri Rəxşin belinə qoydu, ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa, qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı... Axşam namazına gəlib Keykavusun şəhərinə yetişdi və şəhərin yanında qumrovlu çadır qurdu. Onun qumrovlu çadır qurduğunu dayı gördü və Söhraba dedi:

– O qumrovlu çadırı görürsənmi, həmin çadırı atan Rüstəm qurubdu.

Hava qaralmışdı, şər qarışmışdı. Söhrab fikirləşdi: “Sabah gedib atamı görərəm”. Gecənin girt yarısı Rüstəm Söhraba əsir düşmüş pəhləvanlarına baş çəkmək fikrinə düşdü: bəlkə xəstələnəni var, əsirlikdən qurtarmaq lazımdı.

Rüstəm əvvəlcə Söhrabın çadırına yaxınlaşdı, deşik açdı, deşikdən içəri baxdı: çadırda gözəl bir oğlan oturmuşdu, oğlan elə gözəl idi, elə gözəl idi ki, bacısını belə oğlana verməyə adamın hayıfı gəlməzdi.

Rüstəm fikrə getdi: “Belə oğulu olan ataya canım qurbandı”. Rüstəm bir xeyli durub cavana baxdı, gözünü ondan çəkə bilmirdi. Düz bir saat durub Söhrabın üzünə tamaşa elədi. Sonra Söhrabın əsirləri saxladığı çadıra yaxınlaşdı. Baxıb gördü ki, pəhləvanlardan biri xəstədi. Rüstəm xəstə pəhləvanı belinə alıb geri yollandı. Bir də gördü ki, yan tərəfdən kölgə keçir: bu, Söhrabın dayısı idi, çadırdan təzəcə çıxmışdı. Söhrabın dayısı qaraltı görüb soruşdu:

– Ey, kimsən?

Rüstəm dinmədi.

Dayı təkrar soruşdu:

– Ey, kölgə, kimsən? Rüstəm yenə dinmədi.

Söhrabın dayısı qaraltıdan cavab almayıb, ona yaxınlaşdı, əlindən yapışdı, qolunu burmaq istədi, Rüstəm isə ona bir şapalaq ilişdirdi və dayının canı çıxdı. Min ilin ölüsü kimi yerə sərildi. Səhər Söhrab yuxudan oyandı, çadırdan bayıra çıxdı, dayısının meyitini gördü. Başa düşdü, başa düşdü ki, bu, ya Rüstəmin, ya da onun pəhləvanlarından birinin işidi.

Söhrabın Gülrəng adlı bir atı vardı. Söhrab qiymətli daş-qaşlarla bəzədilmiş yəhərin belinə sıçradı, yerini rahatladı və döyüş meydanına səkdi. Rüstəm özünə gələnə kimi, Söhrab onun on-on beş pəhləvanını öldürməklə dayısının qisasını aldı.

Rüstəm işi belə görüb meydana çıxdı və dedi:

– Ey pəhləvan, sən adamların arasına niyə vəlvələ saldın? Bu nə səs-küydü?

Söhrab ona cavab verdi:

– Mənə hədə-qorxu gəlmə, sənin hədəndən qorxmuram.

Onlar sözləşir, sözləşdikcə də toppuzun qayışını açır, əllərinə alırdılar və bir-birləri ilə cəngə başladılar. Çox vuruşdular, amma heç biri qələbə qazanmadı. Onlar işi belə görüb atdan endilər, qurşaq tutdular və güləşməyə başladılar. Var gücləri ilə bir-birlərini çəkməyə başladılar, onlar həmin güclə Alvard dağını çəksəydilər, onu köçlü-köməcli yerindən qopardardılar, amma yenə də qalib gələn olmadı.

Bir neçə gün güşt tutdular, axırda Söhrab tək tanrının adını çəkib Rüstəmi göyə qaldırdı və yerə çırpdı. Söhrab qılıncını sıyırdı, Rüstəmin qarnına soxmaq istəyirdi ki, Rüstəm dilləndi:

– İgidlər birinci dəfə basdıqlarına aman verirlər.

Söhrab ondan soruşdu:

– Deynən, sən Rüstəmsən? Sən Rüstəmin qohumusan? Sən Rüstəmin oğlusan, Rüstəmin qardaşısan? Sən Rüstəmin nəyisən? Deynən, səndə mənə qarşı atalıq duyğusu varmı? Mənə düzünü deynən, sən kimsən?

Rüstəm yenildiyi adama kim olduğunu deməyə utanırdı, buna görə də Söhraba dedi:

– Mən nəinki Rüstəmin qohumlarından, hətta onun nökərlərindən biri də deyiləm.

Söhrab öz çadırına qayıtdı, Rüstəm isə qoşunun arasına qayıtmağa utandığından dağlara, bulaqlara üz tutdu. O, bulağın başına gəldi, dəstəmaz aldı, namaz qıldı və tanrıya yalvarmağa başladı:

– Ey tanrı, ilahi, mənə qırx fil gücü ver, bu güc mənə indi lazımdı!

Rüstəm qollarına qırx fil gücü gələnə kimi tanrıya yalvardı, sonra elə ağırlaşdı ki, dizinə qədər torpağa batdı. Axşam düşdü, Rüstəm yenidən döyüş meydanına çıxdı, nərə çəkdi, Söhrab onun nərəsini eşidib fikrə getdi: “Mən ki dünən onu yenmişəm! Təzədən niyə gəlib?” Söhrab döyüş meydanına çıxdı, Rüstəmə yaxınlaşdı və soruşdu: – Ey pəhləvan, səni dünən yenmişəm, indi nə istəyirsən?

Rüstəm cavab verdi:

– Dünən hesabdan deyil, gəl bu gün güləşək.

Onlar yenidən güləşməyə başladılar. Söhrab altı gün, altı gecə qüdrətli fil gücü ilə mübarizə apardı, yeddinci gün Rüstəm Söhrabı havaya qaldırdı və yerə çırpdı. Samın yüz manlıq qılıncını sıyırdı və bağrına sancdı.

Söhrab qışqırdı:

– Namərdliklə məni yendin! Amma yadında saxla, balıq olub dənizdə üzsən də mənim qisasımı səndən alacaqlar. Ulduz olsan, göydən qoparacaqlar.

Rüstəm soruşdu:

– Sənin qisasını kim alacaq, axı?

Söhrab cavab verdi.

– Mənim qisasımı Rüstəm alacaq. Qumrovlu çadırın sahibi, Nərimanın kötücəsi, Samın nəticəsi, Zalın nəvəsi Rüstəm.

Rüstəm soruşdu:

– Necə sübut edə bilərsən? Nişandan-zaddan nəyin var?

– Hə var, – deyə Söhrab cavab verdi. – Onun qolbağı qolumdadı. Söhrab sözünü bitirib canını tapşırdı.

Rüstəm baxıb gördü ki, Söhrabın əlindəki qolbaq özününküdü. O, özünü döydü, başına toz tökdü, saçını yoldu. Dava gətirmək üçün Keykavusun hüzuruna adam göndərdi. Həmin adam əliboş geri qayıtdı – Keykavus dava-dərman verməyibmiş. Hirslənmiş Rüstəm padşahın yanına cumdu, qılıncını sıyırdı və Keykavusu vurmaq istədi. Keykavus isə taxtda oturmuşdu. Rüstəm dedi:

– Bu taxt Süleymanın olmasaydı, səni taxtla birlikdə dörd yerə bölərdim. Süleymanın taxtına isə qılınc qaldıra bilmərəm. O, qəflətən səs eşitdi:

– Rüstəm, Söhrabı qırx gün çiynində gəzdirsən, tanrı onu yenidən dirildər!

Sandıq hazırladılar, Söhrabın cənazəsini sandığa qoydular. Rüstəm sandığı çiyninə aldı, gecə-gündüz çiynində gəzdirməyə başladı. Otuz səkkiz gün sandığı çiynində gəzdirdi. Otuz səkkizinci günün tamamında Keykavus bəd niyyətə düşdü. O, qoca bir qarını hüzuruna çağırıb dedi:

– Qara bir palaz götür, Rüstəmin hər gün su içməyə gəldiyi dayaz çaylığa apar. Günortaya özünü ora yetir və palazı yumağa başla. Rüstəm deyəcək: “Nə qədər yusan da bu qara palaz ağarmayacaq”. Sən də ona deyərsən: “Qara palaz ağarmayacaqsa, ölü də dirilməyəcək”. Bax belə.

Qarı qara palazı götürdü, Rüstəmin hər gün günorta su içməyə gəldiyi dayaz çaylığa yollandı. Palazı islatdı, yavaş-yavaş yumağa girişdi. Rüstəm günün ən isti vaxtı – günorta üstü su içməyə gəldi – of, kaş heç sən də soruşmayaydın və gerisini bilməyəydin, çıxıb burdan gedəydin! Rüstəm dilini dinc qoymadı, qarıdan soruşdu:

– Ay, qarı, sənin yumağınla bu qara palaz, nədi, ağaracaqmı?

Qarı cavab verdi:

– Qara palaz ağarmayacaqsa, ölü də dirilməyəcək.

Qarı bunu deyən kimi Rüstəmin ürəyi əsdi, yanını yerə verdi və sandığı çiynindən düşürdü. Onun sandığı yerə qoyması ilə Söhrabın sandıqdan səsinin gəlməsi bir oldu:

– Ata, sən xəncəri ikinci dəfə mənim ürəyimə sancdın.

Söhrab beləcə öldü. Rüstəm Söhrabı kəfənlədi, qəbir qazıb onu torpağa tapşırdı. Oğlunun qoşununu geri göndərdi. Bütün əsgərlər qara paltar geyindilər və öz evlərinə, Söhrabın anasının yaşadığı şəhərə yollandılar.

Qoşun şəhərə yaxınlaşan vaxt Söhrabın anası qoşunun başdanayağa qara geyindiyini gördü və həmin andaca başa düşdü ki, Rüstəm Söhrabı öldürübdü. O, cəng paltarını geyindi, qılıncını belinə bağladı və qoşunla geri, Keykavusun şəhərinə üz tutdu. Xəbər Rüstəmə çatdı, bəs deməzsənmi, Söhrabın anası qoşunla sənin canını almağa gəlir, sənsə burda boş-bekar oturmusan. Rüstəm bacısını yanına çağırdı – bacısının adı Qisyabanu idi və ona dedi:

– Quranı götür və onun yanında Qurana and iç ki, Rüstəm onu bilmədən öldürübdü. Axı, bunun oğlu olduğunu hardan biləydi? Heç kim öz övladını öldürmür!

Rüstəmin bacısı Quranı götürdü, Rüstəmin arvadının qabağına çıxdı və qardaşının dediklərinin hamısına əməl elədi. Onu başa saldı ki, Rüstəm kimlə cəngə girdiyini bilməyibdi, buna görə də Söhrabı öldürübdü. Axı, öz övladını kim öldürər? Rüstəmin arvadı onun suçundan keçdi.