Rüstəm və Söhrab (opera)/Birinci məclis

Rüstəm və Söhrab (opera). Əvvəlinci məclis
Müəllif: Üzeyir Hacıbəyov
İkinci məclis


Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur.


B i r n ə f ə r.
Sağ olsun padşahımız çox,
Xəbər gəldi qarovuldan,
Budur, bir pəhləvan tənha
Gəlir dağda bizə sarı. (Sükut)
Əlində tigü burrandır,
Qolunda qanlı qalxandır.
Deyirlər ki, bu surətlə
Ki, Rüstəm pəhləvandır, o.

Hamısı bir yerdə oxuyurlar. M u s i q i.


X o r.
Əyər Rüstəmsə, o,
Əyər Rüstəmsə, o,
Bizə yoxdur aman.
Nədir qəsdi onun
Ki, tək-tənha gəlir.

Padşah rast oxuyur


P a d ş a h.
Yığılsın hər nə var əgər,
Düzülsün qoşun səf-səf.
Gərək Rüstəm cəlal ilə
Qəbul olsun imarətdə.

Padşah və hamısı gedirlər. Sonra Təhminə daxil olub "Bayatı-şiraz" oxuyur.


T ə h m i n ə.
Arslan şimalı yar eşqilə xumar olmuşam,
Rüstəm adlı arslana aşiq olmuşam.
Etməyə nəzara bülbültək güli-ruxsarına,
Ah, həsrətlə dəmadəm didə xumbar olmuşam.
Ey təbibi-haziqim, gəl bir dəva qıl dərdimə,
Yox əlac, sənin eşqində bimar olmuşam.
Ey səbah, cənanımın ver bir suraği-zülfünü,
Lütf qıl, billah, əsiri-eşqi-dildar olmuşam.

Təhminə gedir. Marş çalınır. Rüstəm və qeyriləri daxil olur.


X o r.
Xoş gəldin bizə, Rüstəm, xoş gəldin sən. (2 dəfə)
Bizləri eylədin sərəfraz. (2 dəfə)
Bir belə sən bizə etdin lütf təvazöh,
Xoş gəldin bizə, Rüstəm, xoş gəldin sən. (2 dəfə)

Rüstəm rast oxuyur.


R ü s t ə m.
Mənəm Rüstəm ki, qeyzimdən bütün məxluq lərzandır,
Atam seyf, anam qalxan, məkanım qanlı meydandır.
Şərabım ruzi-dəvadə olur düşmənlərin qanı,
Kəməndimdən xilas olmaz, əgər kim şirrigərdandır.
Küdurətdə olub qəlbim, itibdir,
Rəxş rəxşanım
Mənə kim xəbər versə, ona bezmim firavandır.

(Təsnif)

Rəxşim, Rəxşim, şiri-jəyanım,
Sənsiz olmaz rahat canım, Rəxşim,
Rəxşim, ahu maralım,
Sənsiz gəlməz səbrü-qərarım.