Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz

Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz
Müəllif: Məhəmməd Füzuli


Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,
Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz.

Xublar mehrabi-əbrusinə meyl etməz fəqih,
Ölsə kafərdir, müsəlmanlar, ona qılmın nəmaz.

Kimsə ol bədxuyə izhar edə bilməz dərdimi,
Ey sürudi-nalə, tanriçün, sən olğıl çarəsaz.

Qalibim görmüş tühi, tökmək dilər bir tazə ruh,
Bərqi-ahim kim, gələn peykanına vermiş güdaz.

Xubsurətlərdən, ey naseh, məni mən etmə kim,
Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz.

Mən xud öldüm, ey türabımdan olan sağər, müdam,
Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz!

Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim,
Dəhr-zalim, bəxt-nafərcam, tələb - çox, ömr - az.