Redaktordan ("Deyəsən qocalıram mən" kitabına)

Redaktordan (2013)
Müəllif: Araz Yaquboğlu
"Deyəsən qocalıram mən" kitabına
Mənbə: Camal Qocamanoğlu. "Deyəsən qocalıram mən". Bakı, “AKE NPM”, 2013. səh.3-6

Hər dəfə xeyirdə, şərdə qohumum Camal müəllimlə rastlaşanda mənə elə gəlirdi ki, o nəsə demək istəyir, sözlü adama oxşayır. Amma həmişə şeir yazmaqdan söhbət salsa da, sonda Camal müəllim “İndi o qədər yazar var ki, həvəskarla peşəkarı seçmək olmur” – deyirdi. Sən demə, Camalın da ürəyi dolu imiş – onu üzə çıxarmağa bir məqam gözləyirmiş. Nəhayət, xeyli müddətdən sonra Camal müəllimlə söhbət zamanı mənim və qardaşı Yavərin təsiri nəticəsində onun, necə deyərlər, zəif yerini tapdıq. Sən demə, Camal müəllim hələ tələbə ikən şeir yazırmış və xeyli də “cızma-qarası” varmış. Camalı bir az mərdlədikdən sonra belə qərara gəldik ki, indiyə qədər yazdıqları şeir və hekayələri qardaşı Yavər müəllimlə yenidən işləsinlər. “Qalan redaktə, çap etdirmək işləri mənlikdir” – deyə razılaşdıq. Sanki Camal müəllimə göylərdən bir müsbət enerji gəldi. Budur hər şey göz qabağındadır. Həvəskar yazar indiki dövrə uyğun böyükdən kiçiyə qədər bütün oxucuları nəzərə almışdır. Belə ki, o həm də sərbəst fikirli olduğu üçün bəzi şeirlərə nəzər salsaq görərik ki, o bu dünyada necə bir iz saldığını el-obadan soruşur:
 
Bu cahandan, bu röyadan ayrılıb,
Uzun yollu bir səfərə gedirəm.
Tutduğum əməldən, gördüyüm işdən,
Hərdən fikirləşib var-gəl edirəm,
Axirətə “üzü ağmı” gedirəm?

Övlad nəvə mənim varım-dövlətim,
Allah verən paydır budur qismətim.
Ay el-oba verin mənim qiymətim,
Hərdən fikirləşib var-gəl edirəm,
Axirətə “üzü ağmı” gedirəm?

Doğrudan da insana qiyməti el-oba verər. Özü-özünə qiymət verən insan təkəbbürlü olar.
Camal Qocamanoğlu digər bir şeirində sevgidən yazır. Sevgi-məhəbbət mövzusu şairlərin hər zaman müraciət etdiyi mövzudur:

Bir qara zülflünün ülkər baxışı
Canıma odları saldı da getdi.
Xəyalımda ülfət qılmaq istədim,
Puç oldu xəyalda qaldı da getdi.

Müəllif cəmiyyətimizdəki çatışmazlıqları gördüyü, eşitdiyi, şahidi olduğu kimi qələmə alır. Son dövrlər qohum-qardaşın miras qalmış mülk üstündə etdikləri xoşagəlməz dava-dalaşları belə qələmə alır:

Bir atadan, bir anadan, bir beldən
Doğulan uşaqlar düşmən kəsilib.

Bir obadan, bir mahaldan, bir eldən
Yaranan insanlar düşmən kəsilib.

Bir ağacda, bir budaqda, bir güldə
Yaşayan cücülər düşmən kəsilib.

Nədir bu faciə, nədir bu ölüm,
Ay mənim millətim, ay mənim elim?!

Var-dövlət üstündə küsülü qaldız,
Miras mülk üstündə dava da saldız.

Camal Qocamanoğlunun da yaradıcılığında digər Göyçə şairləri kimi vətən həsrəti, yurd nisgili başlıca motivlərdən biridir. O, həsrət qaldığı Göyçə mahalının dağlarına sığınmaq istəyir, xəyallarında o yerlərdən imdad istəyir:

Kaş çiskin olaydım, ya duman, ya çən,
Çökəydim qoynuna olaydım həmdəm.
Saçıma köksündə düşəydi ağ dən,
Bilərdim arzuma çatmışam, dağlar.

Şeirlərinin birində müəllif qocalığa böyük dəyər verir, özünün də qocaldığını qeyd edir və təbii ki, qocalmaq da istəmir. Amma bu qaçılmazdır:

Qocalıq olubdu ucuzdan-ucuz,
Bazardan alınmır, nə də satılmır.
Cavanlıq ömürdə gövhərdi, ləldi,
Heç vaxt unudulmur, heç vaxt atılmır.

Müəllif çağdaş ədəbiyyatımızda çox da dəbdə olmayan təmsil də yazmış və həmin obrazlarda haqsızlıqları, ədalətsizlikləri oxuculara çatdırmağa çalışmışdır.
Yazılmış bəzi hekayələr göründüyü kimi real həyatda onun və doğmalarının başına gələnlərdir. Belə ki, mərhum qardaşına həsr etdiyi “Bir ailənin faciəsi” adlı hekayə doğrudan da çox təsirlidir:

Bir vətəndən, bir obadan, bir eldən,
Yanan çırağımız söndü də getdi.
Bir tayfadan, bir nəsildən, bir kökdən,
Yolundan, yarımçıq döndü də getdi.

Bir ata ananın, bacı qardaşın,
Bir körpə balanın, ömür yoldaşın.
Bir yayla baharın, payızla qışın,
O xoş gələcəyi soldu da getdi.

Soldu bağça-bağın açan gülləri,
Dayandı leysanı, coşan selləri.
Qırıldı sazının incə telləri,
Eləcə çanaqda çaldı da getdi.

Qaldı xoş amalı, qaldı hörməti,
Qaldı gözümüzdə boyu qaməti.
Bir körpə qəlbində ata həsrəti,
Silinməz yaddaşda qaldı da getdi.

Camal müəllimin qələm nümunələrini alqışlayanlarla yanaşı, tənqidi yanaşanların da olacağı labüddür. Çünki kitabda çap olunan ayrı-ayrı şeir və hekayələrdə qüsurlar da vardır.
Camal müəllim, fərq etməz ki, necə yazırsan, hansı janrda yazırsan. Əsas odur ki, şeirlərinizdə düşündürücü fikirlər, oxucuda maraq doğuran məqamlar az deyil. Sizə xoş gələcəkli günlər və yaradıcılıq uğurları arzulayıram.