Rekonstruksiya
Müəllif: Mikayıl Müşfiq

 
Tozu dumana qatdıq, dumanı toza qatdıq,
Ortabab kəndliləri çəkdik kolxoza qatdıq.
Yürüdük, qarşımızda əyildi qarlı dağlar,
Yürüdük, aramızdan silinsin qolçomaqlar.
Yürüdük, arxamızca şaxələndi sementlər,
Dəyişməzmi bu halda bütün temperamentlər?!
Yürüdük avtolarla; elektriklərlə biz,
Yürüdük, sayəmizdə qucaqlaşdı dağ, dəniz,
Yürüdük, üstümüzdən çəkildi hər qaraltı,
Yürüdük, tunellərlə doldu dağların altı.
Yürüdük, küçələrdə hürküşdü çəlik atlar.
Yürüdük, üfüqləri qızartdı plakatlar.
Yürüdük, ənginlərə çəkdik dəmir dirəklər.
Dirəklərdə tutuşdu, yandı qızıl ürəklər.
Yürüdük, çöllər boyu raylar axdı, uzandı,
Türksib yollarında yatan ellər oyandı.
Yürüdük, hər zərrəmiz oldu bizim avtomat,
Bu yürüşə Amerka özü belə qaldı mat!