Reyhan xanımla deyişmə (I)
Reyhan xanımla deyişmə (I) Müəllif: Şair Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 69-71 |
Reyhan xanım
De bismillah, əcəm oğlu,
Gəlirsən, meydana gəl.
Heç kimsədən yoxdu bakım,
Durmuşam mərdana, gəl.
Bir əlimdə tiği-bürran,
Bir əlimdə zəhri-cam;
İçirrəm əcəl şərbətin,
Boyaram al qana, gəl.
Məhəmməd
Bir o qədər laf eləmə,
Danışma əfsana, gəl.
Sözlərini bənzədərəm
Həcv ilə hədyana, gəl.
Mən görürəm, sən görübsən
Toğlu-çəpiş davası;
Hünərin var, bu meydanda
Cavab ver aslana, gəl.
Reyhan xanım
Ağam mana badə verib,
Nuşəndərnuş içmişəm;
Olmuşam adam sərrafı,
Yaxşı-yaman seçmişəm;
Harda aşıq, şair görsəm,
Bəndə salıb keçmişəm;
Kəndinə gümanın varsa,
Gizlənmə pünhana, gəl.
Məhəmməd
Təbim coşdu, həddən aşdı,
Mən də girdim meydana;
Var əlimdə üryan qılınc,
Gərək çalam düşmana.
Bağladacam qollarını,
Saldıracam zindana;
Əhvalına aləm yansın,
Səs düşsün hər yana, gəl.
Reyhan xanım
Nə ki, şair-şüəra var
Eşidiblər avazım;
Meydanıma gələn yoxdu,
Gərəkdi namə yazım.
Həm camalda, həm kamalda
Yoxdu mənim əvəzim;
Cəsarətin varsa əgər.
Meydani-Reyhana gəl!
Məhəmməd
Məhəmmədəm, sən çağırdın,
Mən də gəldim cəngəha;
Var mətahım dürrü gövhər,
Ləlü mərcan çox baha.
Qəni düşman qarşısında
Oluram bir əjdaha;
Nəfəs salıb bağrın yarram,
Göndərrəm şan-şana, gəl!