Reyhan xanımla deyişmə (III)

Reyhan xanımla deyişmə (III)
Müəllif: Şair Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 73-74

  
Reyhan xanım
Gəl sana söyləyim, Şair Məhəmməd,
Gəzər ikən gördüm bir əjdahanı.
Hər nəyi görəndə çəkir kamına,
Zəbanı, dəndanı, yoxdur dəhanı.

Məhəmməd
Al cavabın verim, İreyhan xanım,
Mən də axtarırdım o əjdahanı.
Gəzirdi cahanı sərgərdan canım,
Gəldi güzarıma dəllək dükanı.

Reyhan xanım
Gah göydən endirir, gah çəkir yerdən.
Heyvandan, insandan cəmi bəşərdən.
Hərdənbir uruhu çıxanda sərdən,
Uçur balü pərsiz, gəzir cahanı.

Məhəmməd
Tutanda fiəni, qırxanda başı,
Bir əldə ülgücü, bir əldə başı.
Qayırıb ustası, çəkib nəqqaşı,
Dəllək dükanında varaq aynanı.

Reyhan xanım
İreyhanam, baxdım hər nizamına,
Hərdən gedib pünhan olur damına,
Görsə əjdahanı çəkir kamına,
Görən varmı belə sirri-nihanı?

Məhəmməd
Xaliqi-ləmyəzəl bir pərvərdigar
Özü eləməsin həmdəm gülə xar!
Yazıq Məhəmmədəm, intizarım var,
Arzulardım görəm mən İreyhanı.