Riştədir cismim ki, dövri-çərx vermiş tab ona
Riştədir cismim ki, dövri-çərx vermiş tab ona Müəllif: Məhəmməd Füzuli |
Riştədir cismim ki, dövri-çərx vermiş tab ona,
Mərdümi-çeşmim düzər hərdəm düri-sirab ona.
Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün,
Necə yetsin qədr ilə xurşidi-aləmtab ona?
Dürd dərdidir səfabəxşi-hərifi-bəzmi-eşq,
Saqiya, çox etmə təklifi-şəraba-nab ona.
Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın,
Daş olur, əlbəttə, gər baş əyməsə mehrab ona.
Çeşmini əhli-nəzər qəsdinə təyin eyləyən
Nazü qəmzəndən mühəyya eyləmiş əsbab ona.
Tərləmiş rüxsar ilə xublar açarlar könlümü,
Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona.
Silki-əhli-halə çəkmiş zahidi əşki-riya
Mis kimi kim, sim qədrin bildirər simab ona.
Ey Füzuli, qalmamış qövğayi-Məcnundan əsər,
Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona.