Ruhum bu can mülkünü tərk edib gedən kimi
Ruhum bu can mülkünü tərk edib gedən kimi Müəllif: Xaqani Şirvani Tərcümə edən: Ələkbər Ziyatay |
Ruhum bu can mulkünü tərk edib gedən kimi –
Rahatlığın pərisi atıb getdi qəlbimi.
Bizi barışdıracaq nəfəs idi arada,
Baş alıb, ortalıqdan bir anda çıxdı o da.
Qalmışdı təkcə kölgəm, o da getdi aradan,
Artıq adım, nişanım silinmişdir dünyadan.
Evimin dörd divarı baca kimi söküldü,
Astanası dağıldı, səqfı yerə töküldü.
Könlüm nərd oyununda düşmüşdür şeşxanaya,
Qanlı göz yaşım gərək on yeddini sanaya.
Duzlu su gözlərimdən axdıqca hey torpağa,
Ayağımın altını döndərmişdir duzlağa.
Fələk mənim qəlbimi nişana aldı, atdı,
Atdığı ox işləyib sümüyə, cana çatdı.
Dünən gecə ahıma hədəf etdim göyləri,
Qanlı bulud bir anda çulğaladı hər yeri.
Ürəyimin başında bir kədər tutdu məskən,
Deyəsən, getməyəcək o heç zaman bu yerdən.
Gəlib, çatdı dostumdan məktub gətirən o quş,
O quş ki, səhər-səhər öz yuvasından uçmuş.
Lakin, o gördü əsla ayağa qalxmadım mən,
Qəzəblə endi yerə, kədərlə qalxdı yerdən.
Bir əjdaha yatırdı ayağımın altında,
Buna görə ayağa dura bilmədim onda.
Ayağımın üstünə qoyulmuşdu dəmir dağ,
Ayağı dağ altında olan qalxar nə sayaq?
Xaqaninin ayağı açıq olsaydı, əlbət,
Qalxardı, öz yerindən göstərərdi o hörmət.
Zöhhak ilanlarıyla sarınmışdır ayağım,
Onunçundur gözümdən mirvari yağdırmağım.
Ayağıma sarılmış iki əfi ilandan,
Tavadakı balıq tək qovrulur qəlb, yanır can.
Ah çəkərkən, təndir tək alovlanar bədənim,
Odlu ilan tək çıxar alov ağzımdan mənim.
Sataşdıqca gözümə keşikcisi məhbəsin,
Qəlbimin yaraları qovr edir həzin-həzin.
Bir quduz it zindanda keşikcim olmuş mənim,
Ağlar gözümdən şirin yuxum qovulmuş mənim.
Sudan qorxar, deyərlər, quduz it qapmış insan,
Bununçundur ki, mən də qorxuram göz yaşımdan.
Ürəyimin odundan göz yaşım olmuş buxar,
Çəkdiyim soyuq ahdan qışa dönür hər bahar.
Nar danəsinə bənzər tökdüyüm göz yaşından,
Üzüm olur hər gecə şəfəq kimi al-əlvan.
Qıçımı zəncir kəsib, topuğumdan qan axır,
Elə bil yağış seli iri novdandan axır.
Bəlkə ahımdan dəmir qızararaq əriyir,
Onunçün də səslənib dəmir "ələman" deyir?!
Bu dəmir xalxalımı açmaq istəyən zaman,
Zınqrov kimi məndən ucaldı nalə, fəğan.
Zəifləmiş vücudum bənzər ipək bir telə,
Bu nazik ipək tel də qüssədən gəlmiş dilə.
Divarlar seyr elədi mənim solğun rəngimi,
Onların da üzləri oldu zəfəran kimi.
Göyə fəvvarə vurdu ürəyimdən axan qan,
Öz yolunda palçığa batıb, qaldı kəhkəşan.
Tikanlığın içində çırpınan bülbüləm mən,
Ümidimi kəsmişəm gülüstanın gülündən.
İnsaf, mürüvvət gülü qalmamışkən dünyada,
Etdiyim bu haraydan, bu nalədən nə fayda?..
Ciyərimin qanından ciyərim doymuş deyə,
Mədəmin meyli yoxdur nə suya, nə çörəyə.
Can burda məhv olurkən, nəyə gərəkdir bədən'?
Ölürkən ev sahibi, tapılarmı ev güdən?
Torpaqdan ev tikənlər axırda torpaq oldu,
Tikdikləri saraylar, kaşanələr uçuldu.
Sel coşdu, dalğalandı, yaman tufan qopardı,
O, tək paltarı deyil, dərzini də apardı.
Bir qəssab dükanıdır bu fələk ilk çağından,
Qan axır damcı-damcı qəssabın bıçağından.
Bir yan quzu cəmdəyi, bir yanda var tərəzi,
Nə köklük, nə arıqlıq düşündürür bir kəsi.
Yağlı, ucuz bir tikə mənimsəmis hər alçaq,
Mənim tikəm həm arıq, həm də bahadır ancaq.
Dükanda döş, qabırğa, ürəkdir dəyən gözə,
İstədiyi tikəni qəssab vermir heç kəsə.
Abır-həya gedincə qorxu qalxır ortadan,
Nəyin dərdini çəkər sürüsü batmış çoban?
Çıxıb getdi, şəhərdən uzaqlaşdı karivan,
Gözətci də bac alıb, çəkildi, getdi yoldan.
Dəvə palçıqda yanmış ildırım zərbəsindən,
Türkmən azad edilmiş dəvənin vergisindən.
Arzulardım həyatda sədaqət, düzgün ilqar,
Ümidlərim puç oldu, vəfasız çıxdı dildar.
Dad çəkdim fərasətsiz, anlamaz böyüklərdən,
Böyük qəmlər bu kiçik könlümü ctdi məskən.
Zəni edirdim dünyada var vəfalı adamlar,
Yarım vəfasız çıxdı, səhvimi etdim iqrar.
Yusifin də başına bəlalar açdı dövran,
Qardaşlar arasında baş verən bir nifaqdan.
Bir ilin məhsuludur mənim gündəlik qəmim,
Uzun illər boyunca qəm olacaq həmdəmim.
Budur, yenə törətmiş yaşıl yelkənli fələk,
Fırtınalar qoparan, gəmi qıran bir külək.
Yox, bu tufan yaranmış qəza buyruğu ilə,
Qoy dünyada möminlər yaşasın bundan belə.
Xilas olum deyə mən, bir qüdrətli hökmdar,
Çalışır var gücüylə, artıq nə möhnətim var.
Xaqanini öldürsə şah, onun sarayından,
Qisasını alar bir şah nişanlı hökmran.